Məhkəmə qərarları › İş №2-2(103)-254/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-254/2025

13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-254/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-534/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “Roysi Bom MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində “X9 Məsuliyyətli Cəmiyyətinə dəymiş 44763,41 manat məbləğində maddi ziyanın, ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun və ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-534/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən vurulmuş zərərin əvəzi olaraq 42702 manat və mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 225 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-534/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən - MAN TGX 18440 markalı 99JM003 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində real olaraq zərər görmüş və dəyişdirilməyə ehtiyacı olan ehtiyat hissələri - Qabaq sağ fara korpusu, Kapotun ön hissəsi, Kapot, Dönmə göstəricisi (sarı), Sağ duman əleyhinə fara, Sağ faradan ibarət hissələrə dəymiş ziyanla bağlı hissədə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı halda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində MAN TGX 18440 markalı 99JM003 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində real olaraq zərər görmüş və dəyişdirilməyə ehtiyacı olan ehtiyat hissələri Qabaq sağ fara korpusu, Kapotun ön hissəsi, Kapot, Dönmə göstəricisi (sarı), Sağ duman əleyhinə fara, Sağ faradan ibarətdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, zərər aktında qeyd edilmiş kabina yastıqları və kabina yastığının birinin alt oturacağı (4, 5, 8, 13) kabinanın ön və arxa sağ və sol hissələrində yerləşir. Arxa kabina yastıqları toqquşma nöqtəsindən 2 (iki) metrdən artıq məsafədədir. Eyni qaydada ön sol kabina yastığı da toqquşma nöqtəsindən 2 (iki) metrdən artıq məsafədədir. Həmin ehtiyat hissələrinin təyinatı bilavasitə kabinanın amortizasiyasını təmin etməkdən ibarət olmaqla çox elastik rezindən ibarətdir. Bir sözlə həmin ehtiyat hissəsi gündə yüzlərcə dəfə yavaş və möhkəm olaraq əyilməklə və sirkələnməklə kabinanın amortizasiyasını təmin edir. Buna görə də hazırkı qəzadan həmin kabina yastıqları və kabina yastığının birinin alt oturacağının hər hansı bir zərər görməsi mümkün deyil. Bundan başqa zərər aktında qeyd edilmiş mühərrikin pəri və hidromufta kabinanın altında orta hissəsində yerləşməklə toqquşma nöqtəsindən 70 (yetmiş) santimetrdən artıq məsafədədir. Mühərrikin pəri və hidromuftadan əvvəl isə radiator yerləşir. Mühərrikin pəri və hidromuftaya zərər dəyməsi üçün mütləq şəkildə radiatorun zərbədən zərər görməsi və 20 (iyirmi) santimetrə qədər yerdəyişmə edərək içəriyə doğru sıxılması lazımdır. Yalnız belə olduğu təqdirdə mühərrikin pəri və hidromufta zədələnə bilər. Hazırkı halda isə zərər aktından da göründüyü kimi radiatora heç bir zərər dəyməmişdir. Belə olan halda mühərrikin pəri və hidromufta da zərər görə bilməzdi. Həmçinin mühərrikin pəri və hidromuftanın zərər görməsi üçün qeyd edilənlərdən əlavə toqquşma çox yüksək sürətin təsiri nəticəsində baş verməli və mühərrikin pəri və hidromuftaya qədər olan bütün ehtiyat hissələri sıradan çıxmalıdır ki, mühərrikin pəri və hidromufta da zədələnərək yararsız vəziyyətə düşsün. Əgər hidromufta zədələnsəydi bu zaman mühərrikin daxilində olan başqa ehtiyat hissələri də zədələnməli idi. Belə ki, hidromufta bilavasitə mühərrikin baş hissəsində yerləşməklə vala bağlanır və onun zərər görməsi yalnız çox yüksək sürətdən yaranan toqquşma nəticəsində ondan əvvəl yerləşən bütün ehtiyat hissələrinin sıradan çıxması nəticəsində ola bilərdi. Zərər aktında qeyd edilmiş yerləşdirmə qolu (karamisin) (6), kondisionerin radiatoru (32), kondisionerin müxtəlif boruları (24, 27, 28, 29, 37), kondisionerin filtr korpusu (33) və sairə digər xırda ehtiyat hissələrinin zərər görməsi qeyd edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sübut qismində tərəfindən və iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş şəkillərdən də görünür ki, kabinanın ön hissəsində yalnız kapron materialdan olan hissələrə zərər dəymişdir. Hətta şəkillərə diqqətlə baxılsa görünər ki, kapotun ön hissəsində MAN yazılmış qara rəngli kapronun bir hissəsi qırılsa da, onun altında ağ kaprondan olan hissə tamamilə sağ-salamat vəziyyətdədir. Belə olan halda məhz həmin hissənin altında yerləşən yuxarıda qeyd etdiyimiz ehtiyat hissələri necə zədələnə bilərdi ki, onların qarşısında yerləşən kapron hissə belə zədə almamışdır. Zərər aktında qeyd edilmiş radiator barmaqlığının (15) zədələnməsi üçün ondan əvvəldə yerləşən ehtiyat hissələrinin tamamının zədələnməsi lazımdır. Lakin baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sübut qismində tərəfindən və iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş şəkillərdən də görünür ki, kabinanın ön hissəsində kapotun altında olan ehtiyat hissələrinə belə zərər dəyməmişdir. Kapotun ön hissəsində MAN yazılmış qara rəngli kapronun bir hissəsi qırılsa da onun altında ağ kaprondan olan hissə tamamilə sağsalamat vəziyyətdədir. Belə olan halda həmin kaprondan 50 (əlli) santimetrə qədər arxada yerləşən radiator barmaqlığına necə zərər dəyə bilərdi. İddiaçının təqdim etdiyi zərər aktında göstərilmiş bir çox ehtiyat hissələrinin zərər görməsi üçün baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitələrinin çox yüksək sürətlə toqquşması tələb olunur. Nəqliyyat vasitələri isə çox yüksək sürətlə toqquşmuş olsaydı və iddiaçının tələb etdiyi ehtiyat hissələrinə zərər dəymiş olsaydı mütləq şəkildə nəqliyyat vasitəsinin ramasına da zərər dəyməli və hər hansı bir şəkildə deformasiyaya uğramalı idi. Lakin göründüyü kimi nəqliyyat vasitəsinin ramasına heç bir zərər dəyməmişdir. Sübut qismində tərəfindən təqdim edilmiş şəkillərdən də görünür ki, nəqliyyat vasitələrinin toqquşma anında sürəti o qədər cüzi olmuşdur ki, yalnız toqquşma nöqtəsində olan ehtiyat hissələri və kaprondan olan hissələr qismən zədə almışdır. Sübut qismində tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş şəkillərdən də görünür ki, zərər aktında göstərilmiş sol fara (36) isə ümumiyyətlə heç bir zərərə məruz qalmadığı halda zərər dəymiş ehtiyat hissəsi kimi zərər aktına daxil edilmişdir. Zərər aktında qeyd edilmiş usta xərclərinin dəyəri tamamilə şişirdilmiş və heç bir real əsası olmayan qiymətlərdən ibarətdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olaraq təqdim edilmiş sənədlər içərisində yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hansı hissəsinin zədələnməsi qeyd edilən sənəddə (səhifə 17) göstərilmişdir ki, MAN TGX 18440 markalı 99JM003 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq bamper, qabaq abrisovka, qabaq işıqlandırıcılar, sağ ayaqcıq və qabaq panel zədələnmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəməyə tərəfindən “Turbo.az” saytından çıxarışlar təqdim edilmiş və həmin çıxarışlardan da görünür ki, MAN TGX 18440 markalı, 2013-cü il buraxılışlı nəqliyyat vasitələrinin qiyməti 38000-45000 manat arasında dəyişir. Məhkəmə isə, təqdim etdiyi fotoşəkillərdən də göründüyü kimi, nəqliyyat vasitəsinin müəyyən bir hissəsinə dəymiş zərərin əvəzi olaraq 42702 manat məbləğində pul tutulması nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, cavabdeh iddiaçıya yeni nəqliyyat vasitəsi alıb verməlidir. Eləcə də məhkəmə qəbul etdiyi qətnaməsində iddiaçı ilə "xxxx" MMC arasındakı münasibətlərlə bağlı qaimə-fakturalara istinad etmiş, lakin həmin qaiməfakturaların hazırki mübahisəyə hansı formada aidiyyəti olmasını araşdırmamışdır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsində maddi normalar düzgün tətbiq edilməmiş, eləcə də prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, iddiaçı tərəfindən təqdim edilmiş zərər aktında zərər gördüyü üçün dəyişdirildiyi göstərilmiş ehtiyat hissələrinin, baş vermiş yol nəqliyyat hadisəsinin xarakteri, vəziyyəti və nəticəsi ilə uyğun gəlmədiyindən, şübhəli və mübahisəli məsələlərin araşdırılması, qanuni, əsaslı və ədalətli qətnamə çıxarılması üçün baş vermiş yol nəqliyyat hadisəsi zamanı hansı ehtiyat hissələrinin zədələnə bilməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi xahiş edilmişdir. Məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş, üstəlik qəbul etdiyi qətnamədə göstərmişdir ki, “cavabdehin nümayəndəsi də öz növbəsində birinci dəfə ekspertizanın təyin edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edilən zaman yeni qüsur aktını məhkəməyə təqdim edərək iddiaçıya məxsus nəqliyyat vasitəsinin 31 ehtiyat hissələrinə (və işçilik) 17428,60 manat məbləğində ziyan dəydiyini göstərmişdir.” Hansı ki, onlar həmin qüsur aktını, 31 adda ehtiyat hissəsinə ziyan dəyməsini qəbul etdiyi üçün deyil, sadəcə olaraq iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında qiymətlərin olduqca şişirdilmiş formada təqdim edildiyini sübut etmək üçün təqdim etmişdilər. Məhkəmə isə həmin halı səhv şərh etmiş və nəticədə əsassız olaraq baş vermiş yol nəqliyyat hadisəsi zamanı hansı ehtiyat hissələrinin zədələnə bilməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmişdir. Eləcə də məhkəmənin qeyd etdiyi kimi, birinci dəfə ekspertizanın təyin edilməsi barədə vəsatəti də onlar vermişdilər və həmin vəsatətdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində MAN markalı 99JM003 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hansı ehtiyat hissələrinə zərər dəyməsinin müəyyən edilməsi ilə bağlı da sual qoyulmasını xahiş etsələr də, məhkəmə ekspert qarşısında həmin sualı qoymamışdır. Eləcə də məhkəmə daha bir kobud səhvə yol verərək, ekspert tərəfindən müəyyən edilmiş amortizasiya aşınmasını belə nəzərə almamış, sanki iddia tələbini tam təmin etməyə çalışmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

6. Etiraz belə əsaslandırılmışdır ki, qəza nəticəsində iddiaçının rəhbərliyi zədələnmiş yük avtomobilinin təmir edilməsi üçün cavabdehə dəfələrlə təklif etmiş, lakin cavabdeh tərəfindən heç bir cavab gəlməmiş, ümumiyyətlə qəza nəticəsindən maraqlanmamışdır. Zərərin məbləği məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. Məhkəmə tərəfindən müəyyən edilmiş işin halları ondan ibarətdir ki, İddiaçınə (VÖEN: **********) məxsus ** JM *** qeydiyyat nişanlı MAN markalı yük avtomobili xx.xx.2023-cü il tarixdə Şuşa Füzuli-Əhmədbəyli yolunun 54-cü km-də (Xocavənd rayon böyük Tağlar kənd ərazisində) hərəkətdə olarkən Cavabdehnə (VÖEN: **********) məxsus ** AC *** qeydiyyat nişanlı Hyundaı Bekolatr markalı ekskavator tərəfindən zərər vurulmuşdur. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə xx.xx.2023-ci il tarixli qüsur aktı təqdim olunmuşdur. Həmin akta əsasən iddiaçıya məxsus nəqliyyat vasitəsinin 39 ehtiyat hissələrinə (və işçilik) 44.763,41 manat məbləğində ziyan dəydiyi qeyd olunmuşdur. Nəqliyyat vasitəsi iddiaçının özü tərəfindən təmir şirkətində təmir olunaraq, təmir şirkətinin iddiaçıya təqdim etdyini e-qaimələr (həmin e-qaimələrdə qüsur aktında göstərilən ehtiyyat hissələri göstərilmişdir) üzrə ödənişini həyata keçirmişdir. Cavabdehin nümayəndəsi də öz növbəsində birinci dəfə ekspertizanın təyin edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edilən zaman yeni qüsur aktını məhkəməyə təqdim edərək iddiaçıya məxsus nəqliyyat vasitəsinin 31 ehtiyat hissələrinə (və işçilik) 17428,60 manat məbləğində ziyan dəydiyini göstərmişdir. Lakin, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdehin nümayəndəsi həmin rəy ilə razılaşmayaraq bildirmişdir ki, nəqliyyat vasitəsinin cəmi 6 ehtiyyat hissəsinə zərər dəymişdir (Halbuki özünun məhkəməyə təqdim etdiyi qüsur aktında 31 ehtiyat hissəsi göstərilmişdir). Beləliklə, cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyan faktını deyil, ziyanın məbləğini, zərər dəymiş ehtiyat hissələrinin sayını mübahisələndirmişdir.

22. İşin faktiki halları inzibati tənbeh vermə haqqında qərar, qüsur aktları, ekspert rəyi, fotoşəkillər və digər sübutlarla təsdiqlənmişdir.

23. Qətnamənin tələbin təmin edilən hissəsini mübahisələndirən cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, maşının 6 ehtiyat hissələrinin zərər vurulmasını qəbul edir. Digər ehtiyat hissələrinə zərər vurulmayıb.

24. 22.10.2023-cü il tarixli, EBCH692180 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindənn iddiaçıya 13390,46 manat dəyərində və eyni tarixli EBCH691950 saylı eqaiməyə əsasən isə16112,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCİ270760 saylı e-qaimə üzrə 15260,34 manat məbləğində ödəniş edilməsinə dair qaimələr tərtib edilmişdir.

25. 24.10.2023-cü il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən EBCH692180 və EBCH691950 saylı e-qaimələr üzrə "xxxx" MMC-yə 25000 manat və xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən isə EBCİ270760 saylı e-qaimə üzrə 12935 manat məbləğində ödəniş edilmişdir.

26. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2024-cü il tarixli, 9/1502 saylı rəyinə əsasən Nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı, ağ rəngli, mühərrikin iş həcmi 10518 sm3 olan, “MAN TGX 18.440” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci üzrə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 42702 manat, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 33652,00 manat; -təmir- bərpa işlərinin qiyməti - 9050,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27175,00 manat, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 18125,00 manat; -təmirbərpa işlərinin qiyməti - 9050,00 manat. Qeyd: ehtiyat hissələrinə 18% ƏDV əlavə edilməklə hesablanmışdır. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı, ağ rəngli, mühərrikin iş həcmi 10518 sm3 olan. ‘ MAN TGX 18.440” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci üzrə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 42702 manat, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 33652.00 manat; -təmir- bərpa işlərinin qiyməti - 9050,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27175,00 manat, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 18125,00 m -təmir- bərpa işlərinin qiyməti - 9050,00 manat Qeyd: ehtiyat hissələrinə 18% ƏDV əlavə edilməklə hesablandığı qeyd olunmuşdur.

27. Qeyd edilən sübutlarla, işdə olan şəkillər, disklə iddiaçının avtomobilinə 39 doqquz adda ehtiyat hissələrinə cavabdeh tərəfindən zərər vurulması, onların məbləği təsdiq olunmuşdur. Bundan başqa cavabdehin təqdim etdiyi qüsur aktında 31 adda ehtiyat hissələrinə zərər vurulması qəbul edilmişdir. Apellyasiya şikayətində bu inkar edilmiş və mövqe belə əsaslandırılmışdır ki, iddiaçının şişirtdiyi ehtiyat hissələri və məbləğlərinin düzgünlüyünün yoxlanılması üçün 31 adda ehtiyat hissələri barədə qüsur aktı təqdim edilmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin bu arqumentini qəbul etmir. Belə ki, iddiaçının təqdim etdiyi qüsur aktında 39 adda ehtiyat hissələrinə zərər dəyməsi əks olunmuşdur. Lakin cavabdehin təqdim etdiyi qüsur aktında 31 adda ehtiyat hissələrinə zərər dəyməsi göstərilmişdir. Əgər cavabdehin dəlili doğrudursa onda qüsur aktında 39 adda ehtiyat hissələri qeyd edilməli idi. Cavabdehin təqdim etdiyi qüsur aktında iddiaçının qüsur aktına görə tərtib edilməsi görünmür. Cavabdeh ekspertiza barədə verdiyi vəsatətdə bu dəlili irəli sürməmişdir.

29. Cavabdeh şikayətdə qeyd edir ki, hazırkı halda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində MAN TGX 18440 markalı 99JM003 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində real olaraq zərər görmüş və dəyişdirilməyə ehtiyacı olan ehtiyat hissələri Qabaq sağ fara korpusu, Kapotun ön hissəsi, Kapot, Dönmə göstəricisi (sarı), Sağ duman əleyhinə fara, Sağ faradan ibarətdir.

30. İşdə olan yol nəqliyyat hadisəsinə dair materiallara əlavə olunan yol nəqliyyat hadisəsi nəticəsində dəyən zərəri əks etdirən və Xocavənd RPŞ-nin DYP-nin YPX-nin inspektoru T.Atayev tərəfindən tərtib edilərək imzalanmış sənəddə (işin 34-cü səhifəsində) MAN TGX 18440 markalı 99JM003 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq bamper, qabaq abuzsovka, sağ qabaq işıqlandırıcılar, sağ ayaqlıq, qabaq panel kimi ehtiyat hissələrinə zərər dəyməsi qeyd olunmuşdur. Göründüyü kimi cavabdehin şikayətdə qeyd etdiyi ehtiyat hissələrinə zərər vurulması qeyd edilən sənədlə təsdiqini tapmır.

31. İşdən görünür ki, 2023-cü ilin iyun ayından sentyabr ayına qədər cavabdeh şikayətdə etiraf etdiyi hissədə ödəniş etməyə dair heç bir hərəkət etməmiş, pretenziya məktubundan sonra da bu istiqamətdə heç bir hərəkət etməmişdir. Ona görə iddia qaldırmamışdan qabaq iddiaçı məcbur olub maşını təmir etdirib və pulu cavabdehdən tələb edib. Bu səbəbdən məhkəmə ekspertiza təyin edərkən cavabdehin hansı ehtiyat hissələrinə zərər dəyməsi barədə sualını ekspert qarşısında qoymayıb. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-534/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar