Məhkəmə qərarları › İş №2-2(103)-256/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-256/2022

22.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-256/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4878/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 13343,25 (on üç min üç yüz qırx üç manat iyirmi beş qəpik) manat pulun və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli e-2-2(113)-4878/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən Nümayəndə verilmiş etibarnamədən görünür ki, cavabdehin nümayəndəsinin iddianı etiraf etmək səlahiyyəti yoxdur. Bunun üçün bu səlahiyyət ya mövcud etibarnamədə qeyd edilməli, ya da onun adına yeni etibarnamə rəsmiləşdirilməli və təqdim edilməli idi. Ümumiyyətlə, cavabdehin nümayəndəsi iddianı etiraf etmədiyi halda, məhkəmə qətnamədə iddianin etiraf edildiyini qeyd etmişdir. Bu halı məhkəmə zalındakı audio və video yazılarla da sübut etmək mümkündür. Həmçinin iş materiallarında olan sənədlər ciddi tədqiq edilməmiş, Hakim sadəcə tərəflərin ifadələrini dəyərləndirməklə kifayətlənmişdir. İş materiallarında mövcud olan elektron qaimələrin üzərində tərəflər arasında bağlanmış müqaviləyə istinad edilməmişdir. Həmin qaimələrin həmin müqaviləyə aidiyyatına münasibət bildirilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi müqavilənin əslini təqdim edilməsini dəfələrlə tələb etsə də, məhkəmə bu məsələyə heç bir münasibət bildirməmiş və sənədin əsli məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, tərəflər arasında 14.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan iddiaçı müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcı olan cavabdehin mülkiyyətinə verməyi, alıcı isə məbləği satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 13343,25 manat təşkil edir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində həmin məbləğdə borcun olduğunu təsdiq etmiş, lakin 200 manat mediasiya xərcinin onlardan tutulmasına etiraz etmişdir. Apellyasiya şikayətində isə cavabdeh iddiaya etiraz etmiş və öz etirazını şikayətində göstərilənlərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiyməti olan 13343,25 manat məbləğində pul vəsaitini satıcıya tam ödəməmişdir. Kollegiya qeyd edir ki, sonuncu fakt cavabdehin nümayəndəsi tərəfindən təsdiq edildiyinə görə işin mübahisəsiz halıdır. Eyni zamanda, cavabdehin nümayəndəsi həmin məbləğdə borcun olduğunu etiraf etməklə alqı-satqı müqaviləsinin bağlanmasını və malların təhvil verildiyini də etiraf etmiş olur. Ona görə də, yazılı müqavilənin təqdim edilib-edilməməsinin heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən 13343,25 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd olunur ki, həqiqətən də cavabdeh tərəfindən nümayəndəyə verilən etibarnamədə iddianın etiraf edilməsi ilə bağlı səlahiyyətin verilməsi xüsusi olaraq göstərilməmişdir. Bununla belə cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı deyil, iddiaçının istinad etdiyi məbləğdə borcun olması faktını etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində isə təsbit olunmuşdur ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı malların təhvil verilməsi və borcun məbləği ilə bağlı halları sübut etmə vəzifəsindən azad olunmuş və ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin qeyd olunur ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində 13343,25 manat əsas borcu etiraf etdiyi halda apellyasiya şikayətində bu hallara istinad edərək iddiaya etiraz etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4878/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar