Məhkəmə qərarları › İş №2-2(103)-257/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-257/2022

18.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-257/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh ”AccessBank” QSC-nin nümayəndələri Nümayəndə2 və X1 iştirakı ilə İddiaçı kredit müqaviləsi üzrə faiz subsidiyasının verilməsi üçün müraciət etmək öhdəliyinin qoyulması və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4510/2021 nömrəli iş üzrə 29 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankı və X4) məhkəməyə müraciət edərək, aralarında 22.02.2019-cu il tarixdə bağlanmış 002L**********07 nömrəli kredit müqaviləsi əsasında verilmiş kreditin Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış fəaliyyət sahələri üzrə verilmiş kredit olmasının müəyyən edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.07.2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydasına (2 nömrəli Əlavə)” əsasən ona bu kredit müqaviləsi üzrə faiz subsidiyasının verilə bilməsi üçün X2 müraciət etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin qanunsuz hərəkətləri səbəbilə ona dəyən maddi zərər üçün 3.500 manat, mənəvi zərər üçün 3.000 manat, dövlət rüsumu üçün 30 manat, hüquqi xidmət xərcləri üçün 500 manat, cəmi 6.830 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.11.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya biznes krediti verdiyi halda kredit müqaviləsinə bunu yazmayaraq, verilmiş krediti iddiaçının VÖEN-ə bağlı bank hesabına deyil, şəxsi hesabına köçürərək, vergi qanunvericiliyini pozmuş olan cavabdeh bankın bu pozuntularına baxmayaraq, “həmin kredit iddiaçıya pandemiyadan zərər çəkmiş sahibkarlıq fəaliyyəti sahələri üzrə verilməmişdir” etirazına dair heç bir sübut tələb etmədən Məhkəmənin qətnamə qəbul etməsi işi təfsilatlı araşdırmadığını sübut etdiyi kimi, həm də həmin qətnamənin əsaslı və ədalətli olmadığını təsdiq edir. Bundan başqa, Məhkəmə iddiaçının pandemiyadan zərər çəkmiş sektorlarda fəaliyyət göstərdiyinə dair sübutlara da məhəl verməmişdir. Belə ki, Məhkəməyə sübut kimi təqdim etdiyi izahat və onun fəaliyyət sahələrini göstərən sənədlər də təsdiq edir ki, iddiaçı pandemiyadan zərərçəkmiş fəaliyyət sektorlarında çalışır. Belə olan halda, əgər ona verilmiş kredit biznes kreditidirsə (məhkəmə bu faktı qəbul edir) və o, pandemiyadan zərər çəkmiş fəaliyyət sektorlarında çalışırsa, həmin kreditin pandemiyadan zərər çəkməmiş fəaliyyət sektorları üzrə verildiyini sübut etmək vəzifəsinin bunu irəli sürən cavabdehin üzərinə düşməsi normal olan deyilmi? Məhz qarşı sübut kimi Məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olur ki, o, 93290 - İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət; 85600 - təhsil sahəsində yardımçı fəaliyyət; 65120 - sığortanın sair növləri; 16240 - taxta taraların istehsalı kimi qeydiyyata alınmış əsas fəaliyyət sahələri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məlum bu krediti 93290 - İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət; 85600 - Təhsil sahəsində yardımçı fəaliyyət ilə bağlı biznesini inkişaf etdirmək üçün almışdır. Lakin bütün dünyanı vəlvələyə salan Covid-19 pandemiyası səbəbilə bu iki sektor, həm istirahət və əyləncə sektoru, həm də təhsil sektoru məcburiyyətdən tam qapandı. Bu durum onun biznes planlarını da alt-üst etdi və biznes layihələri (sərgilərin təşkili, istirahət və əyləncə proqramlarının (turların) təşkili, xarici tələbələrin ölkəyə gətirilməsi və sair kimi layihələr) başlamadan dayandı. Lakin buna baxmayaraq aldığı krediti hər dəfə faizi ilə birlikdə cavabdeh Banka vicdanlı kredit ödəyicisi kimi geri ödəyirdi. Bunu da bildirir ki, 93290 - İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyəti; 85600 - Təhsil sahəsində yardımçı fəaliyyət; 16240 - taxta taraların istehsalı fəaliyyəti kimi sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektləri hesab olunub. Məhz Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı Qaydaları bunu təsdiq edir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 22.02.2019-cu il tarixli 002L**********7 nömrəli kredit razılaşması bağlanmış, kredit razılaşması əsasında iddiaçıya 36 ay müddətə aylıq faiz dərəcəsi 1,9167% olmaqla 50.000 manat məbləğdə fərdi mikro kredit növündə kredit verilmişdir. İddiaçı həmin kredit üzrə faizlərin subsidiyalaşdırılması məqsədilə cavabdehə müraciət etmiş, lakin bank tərəfindən verilmiş kreditin fiziki şəxslərə istehlak məqsədilə verilmiş kredit olması əsas göstərilərək müraciətin X2 göndərilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” 09.07.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş (2 nömrəli əlavə) “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın: 3.1. Faiz subsidiyası fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir; 4.1. Sahibkarlıq subyektləri faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarlıq subyekti üzrə bu Qaydanın 3-cü hissəsindəki şərtlər nəzərə alınmaqla kredit təhlili aparır və həmin şərtlərə uyğun olan sahibkarlıq subyektlərinin sənədlərini 10 iş günü ərzində Fonda təqdim edir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır və onların dəlillərini əsassız sayır. Belə ki, iddiaçıya mübahisəli kreditin məhz pandemiyadan zərər çəkmiş fəaliyyət növü üzrə verilməsi halı sonuncu tərəfindən sübuta yetirilmir. Fərdi sahibkar iddiaçının Dövlət Vergi Xidmətində qeydiyyata alınmış fəaliyyət növlərindən üçünün (“İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət”, “Təhsil sahəsində yardımçı fəaliyyət” və “Taxta taraların istehsalı”) pandemiyadan zərərçəkmiş fəaliyyət növü olması iş materialları ilə öz təsdiqini tapsa da, kreditin məhz həmin fəaliyyət növlərindən biri üzrə verilməsini təsdiq edən sübutlar Məhkəməyə təqdim olunmamışdır. Əksinə, iddiaçının cavabdehə ünvanladığı 03.09.2020-ci il tarixli elektron müraciətdən göründüyü kimi, iddiaçı tikinti texnikasını almaq məqsədilə kredit götürülməsi üçün banka müraciət etdiyini bildirmiş, başqa sözlə, faktiki olaraq mübahisəli kreditin pandemiyadan zərər çəkmiş həmin sahələr üzrə götürülmədiyini təsdiq etmişdir. İddiaçının 24.01.2019-cu il tarixli Kredit üçün ərizəsində də “Fəaliyyət altsektoru”nun qarşısında “Rent (Frontal yükləyici)” sözləri qeyd olunmuşdur. “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na əsasən isə sahibkarların kreditləri üzrə faiz subsidiyası yalnız o zaman verilir ki, kreditlər zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyekti tərəfindən həmin fəaliyyət növləri üzrə alınmış olsun. Sahibkarlıq subyektinin bu məqsədlə faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciətindən sonra kredit təşkilatı bu Qaydadakı şərtlər nəzərə alınmaqla kredit təhlili aparır və onun məhz həmin şərtlərə uyğun olan, yəni fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan və həmin fəaliyyət növləri üzrə manatla kredit alan sahibkarlıq subyektlərinin sənədlərini X3 təqdim etmək öhdəliyi yaranır. Bu mənada, cavabdeh yalnız iddiaçıya verilmiş kredit Qaydanın şərtlərinə uyğun gəldiyi halda onun sənədlərini Fonda təqdim etmək öhdəliyi daşıyardı. İddiaçının aldığı mübahisəli kredit isə bu şərtlərə uyğun olmadığından, cavabdehin Qaydanın 4.1-ci bəndi ilə nəzərdə tutulan öhdəliyi yaranmamışdır. Yaranmayan öhdəliyin isə pozulması halından söz edilə bilməz. Odur ki, şikayətin iddiaçının bu krediti 93290 - İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət; 85600 - Təhsil sahəsində yardımçı fəaliyyət ilə bağlı biznesini inkişaf etdirmək üçün alması barədə dəlili əsaslı deyil. Çünki, bu dəlilin, o cümlədən şikayətin bütövlükdə əsaslı sayılması üçün mübahisəli kredit sırf istirahət və əyləncələrin təşkili yaxud təhsil sahəsində yardımçı fəaliyyətin həyata keçirilməsi məqsədilə götürülməli idi, belə bir hal isə iş üzrə müəyyən olunmur, iddiaçı da bununla bağlı heç bir konkret mötəbər sübuta istinad etmir. İddianın “kredit müqaviləsi üzrə faiz subsidiyasının verilə bilməsi üçün X2 müraciət etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmunda başlıca tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər (maddi zərər üçün 3.500 manat, mənəvi zərər üçün 3.000 manat, hüquqi xidmət xərcləri üçün 500 manatın ödənilməsi) də, belə bir hüquqi zərurət artıq qalmadığı üçün, müzakirəyə lüzum görülmədən rədd edilməlidir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4510/2021 nömrəli iş üzrə 29 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar