Məhkəmə qərarları › İş №2-2(103)-258/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-258/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-258/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqavilsi üzrə qalıq borcun və xərclərin tutulması barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4137/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2021-ci il tarixli 21/010 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, ümumi sahəsi 34.20 kv.m. təşkil edən ofis sahəsini ƏDV xaric 615,60 AZN aylıq icarə haqqı, ƏDV xaric 171 AZN aylıq təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 68.40 AZN aylıq mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 855 AZN aylıq haqla cavabdehə icarəyə vermişdir.

2. 31 mart 2021-ci il tarixli, 1 nömrəli əlavə razılaşmaya əsasən 01 aprel 2021-ci il tarixindən etibarən qeyri-yaşayış sahəsinin sahəsi dəyişdirilərək, binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.30 kv.m. təşkil edən ofis sahəsi, ödəniləcək aylıq ödəniş haqları isə ƏDV xaric 1.193,40 AZN aylıq icarə haqqı, ƏDV xaric 331,50 AZN aylıq təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 132.60 AZN aylıq mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1,657.50 AZN müəyyən edilmişdir.

3. 10 iyun 2021-ci il tarixli, 2 nömrəli Əlavə Razılaşmaya əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yeri 10 iyun 2021-ci il tarixindən ƏDV xaric 40.00 AZN məbləğində aylıq duracaq haqqı ilə cavabdehin istifadəsinə verilmişdir.

4. 16 iyun 2021-ci il tarixli, 3 nömrəli Əlavə Razılaşmaya əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yeri 16 iyun 2021-ci il tarixindən ƏDV xaric 40.00 AZN məbləğində aylıq duracaq haqqı ilə cavabdehin istifadəsinə verilmişdir.

5. 12 aprel 2022-ci il tarixli Xitam Razılaşmasından görünür ki, xx.xx.2021-ci il tarixli 21/010 saylı Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 12 aprel 2022-ci il tarixdən xitam verilmişdir.

6. Xitam Razılaşmasının 5-ci bəndinə əsasən cavabdehin xitam tarixinə İcarə Müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 9.911,25 AZN təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, ümumi sahəsi 34.20 kv.m. təşkil edən ofis sahəsinin, o cümlədən binanın yerüstü/açıq avtoduracağında 2 (iki) ədəd avtoduracaq yerinin icarəyə verilməsi haqqında 15 yanvar 2021-ci il tarixli, 21/010 nömrəli müqavilə üzrə xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 9,911.25 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın da daxil olduğu 119,11 manatı məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 10.030,36 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, ümumi sahəsi 34.20 kv.m. təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 15 yanvar 2021-ci il tarixli, 21/010 nömrəli müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq Başlama Tarixi kimi göstərilmiş 18 yanvar 2021-ci il tarixindən etibarən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 615,60 AZN aylıq İcarə Haqqı, ƏDV xaric 171 AZN aylıq təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 68,40 AZN aylıq mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 855 AZN aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə Müqaviləsinə dəyişikliklər edilməsinə dair tərəflər arasında imzalanmış 31 mart 2021-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşmaya əsasən İcarə Müddətinin 01 aprel 2021-ci il tarixindən etibarən İcarəyə Verilən Əmlak(lar) qismində çıxış edən qeyri-yaşayış sahəsi dəyişdirilərək, binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.30 kv.m. təşkil edən ofis sahəsi müəyyən edilmişdir. Müvafiq ofis sahəsinə görə cavabdeh tərəfindən ödəniləcək aylıq ödəniş haqları isə ƏDV xaric 1.193,40 AZN aylıq icarə haqqı, ƏDV xaric 331,50 AZN aylıq təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 132.60 AZN aylıq mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1.657,50 AZN olmaqla razılaşdırılmışdır. Həmçinin icarə müqaviləsinə əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 10 iyun 2021-ci il tarixli, 2 nömrəli Əlavə Razılaşmaya əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yeri 10 iyun 2021-ci il tarixindən etibarən ödənişli əsaslar ilə cavabdehin istifadəsinə verilmişdir. Müvafiq avtoduracaq yerinin müqabilində 2 nömrəli Əlavənin 2-ci bəndinə əsasən cavabdeh tərəfindən ƏDV xaric 40 AZN məbləğində aylıq duracaq haqqının ödənişi nəzərdə tutulmuşdur. Əlavə olaraq icarə müqaviləsinə əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 16 iyun 2021-ci il tarixli, 3 №-li Əlavə Razılaşmaya əsasən binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yeri 16 iyun 2021-ci il tarixindən etibarən ödənişli əsaslar ilə cavabdehin istifadəsinə verilmiş və 3 nömrəli Əlavənin 2-ci bəndinə əsasən ƏDV xaric 40.00 AZN məbləğində aylıq duracaq haqqının ödənişi razılaşdırılmışdır. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh İcarəyə Verilən Əmlak(lar)da İcarə müddəti, o cümlədən Artırılmış icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və müqavilənin 3.3-cü bəndində qeyd edilməmiş və Cavabdeh tərəfindən istifadə edilən digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.6-cı bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə cavabdehə aid edilən xərclər İcarə müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə müqaviləsinin 3.9-cu bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari ayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 2 (iki) iş günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesabfaktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 7.2-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, iddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (19 oktyabr 2021-ci il tarixində FMG-01/21/517 nömrəli bildiriş və 12 noyabr 2021-ci il tarixində FMG01/21/576 nömrəli pretenziya bildirişi təqdim edilib) cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. İcarə Müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 12 aprel 2022-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 12 aprel 2022-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlak(lar)ın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 5-ci bəndinə əsasən cavabdehin xitam tarixinə icarə müqaviləsi üzrə İddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 9.911,25 AZN təşkil edir. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq icarə müqaviləsinə xitam verilməsi cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 30 noyabr 2022-ci il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında iddiaçı tərəfindən FMG-02/22/369 nömrəli pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən 1 il 3 aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4137/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqaviləyə əlavələrin, xitam razılaşmasının təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, ofis sahəsini cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmış, iddiaçı tərəfindən ofis sahəsi cavabdehə verilmiş, cavabdeh ƏDV daxil 9,911.25 AZN məbləğində icarə haqqı borcunu ödəməmişdir. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında borcun ödənildiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4137/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən razılaşdırılmış məbləğin tərəfimizdən ödənildiyi faktını qeyd etməmişdir. Belə ki, bizim aramızda bağlanmış 13 iyun 2023-cü il tarixli barışıq sazişinin 1.4-cü bəndinə əsasən Cavabdeh MMC olaraq tərəfimizdən İddiaçı MMC-yə ödənilməli olan sazişin 1.3-cü bəndində göstərilmiş ƏDV daxil 9.912,79 manat borc məbləğinin ƏDV daxil 1.912,79 manatlıq hissəsinin ödənişinin güzəşt edilməsinə dair razılığa gəlmək niyyətində olmuş, sazişin 2.1-ci bəndinə əsasən sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlamış, 2.2-ci bəndinə əsasən isə Cavabdeh MMC olaraq biz bu sazişin 1.3-cü bəndində göstərilən ƏDV daxil 9.172,79 manat iddia tələbi dəyəri ilə sazişin 1.4-cü bəndinə əsasən güzəşt edilməsinə dair razılığa gəldiyimiz ƏDV daxil 1.912,79 manatlıq məbləğ arasında yaranmış ƏDV daxil 8.000 manat məbləğindəki fərqi ödəmək öhdəliyini daşımış, İddiaçı MMC-nin isə hazırkı saziş ilə razılaşdırılmış şərtlər əsasında ödənişin icra olunacağı təqdirdə bu sazişin 1.4-cü bəndində göstərilmiş borc məbləğinə dair tələbdən imtina edəcəyi barədə razılığa gəlmişlər. Lakin qeyd olunan məbləğ İddiaçı MMC-yə ödənilsə də, iddiaçı aramızda bağlanmış barışıq sazişinin 4.5- ci maddəsinin tələblərini pozaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, sazişin 4.5-ci bəndinə əsasən biz tərəflər təsdiq etmişik ki, hazırkı sazişin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə sazişin predmeti üzrə birimizə qarşı heç bir iddiamız qalmayacaqdır. Lakin iddiaçı sazişin 3.3-cü bəndində nəzərdə tutulmuş hüququndan sui-istifadə edərək məhkəməyə müraciət etmişdir. Diqqətinizə çatdırıram ki, sazişdə qeyd olunmuş 8.000 manat məbləğində pul tərəfimizdən iddiaçıya ödənilmişdir. Lakin həmin dövrdə şirkətimizin hesablarına başqa mübahisələrlə əlaqədar olaraq həbs qoyulduğuna görə ödəniş rəsmi qaydada həyata keçirilməmişdir. Yəni hal-hazırda bizim iddiaçıya heç bir borcumuz yoxdur və iddiaçı qarşısında öhdəlik daşımırıq.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi A.Rəcəbova əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddə-borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4137/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 21/010 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilə 12 aprel 2022ci il tarixli Xitam Razılaşmasından görünür ki, xx.xx.2021-ci il tarixli 21/010 saylı Qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 12 aprel 2022-ci il tarixdə yazılı saziş tərtib edilməklə ləğv edilmiş, icarə müqaviləsi ləğv edilərkən cavabdeh iddiaçıya olan ƏDV daxil 9.911,25 AZN borcu ödəməyi üzərinə götürmüşdür.

19. Cavabdeh borcun məbləğini mübahisələndirmir. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayəti belə əsaslandırılır ki, qeyd edilən borc iddiaçıya nağd qaydada ödənilmiş, lakin ödəniş rəsmiləşdirilməmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olduğu sübutlarla təsdiq edildiyindən, MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halı sübut etməli olduğu halda bu barədə sübut təqdim edə bilmədiyindən iddianın təmin edilməsi barədə məhkəmənin mövqeyi əsaslıdır. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual pozuntuya yol verilməmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4137/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4137/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar