Məhkəmə qərarları › İş №2-2(103)-259/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-259/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-259/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4544/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 03.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 79662 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.12.2021-ci il tarixli 2-2(113)-4544/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, 2018-ci ilin mart ayında Cavabdeh 79662 ABŞ dolları məbləğində qurudulmuş qarğıdalı məhsullarını satmaq üçün vermiş, Cavabdeh isə öz növbəsində həmin məhsulları satıb 79662 ABŞ dolları məbləğində vəsaiti ona geri qaytarmağı öhdəsinə götürmüşdür. Mövcud olan etibarlı münasibətlər fonunda cavabdehlə arasında əvvəllər heç bir problem yaşanmamışdır. O, həmişə cavabdehə müəyyən məhsulları vermiş, cavabdeh isə öz növbəsində məhsulları sataraq ödənişi ona şəxsən təqdim etmişdir. Lakin son hadisə zamanı onun etibarından sui-istifadə edərək məhsulu satmış və heç bir vəsait geri qaytarmamışdır. Nəticədə ona külli miqdarda ziyan dəymişdir. Cavabdehin borcun etirafı haqqında 02 aprel 2018-ci il tarixli iltizamı ilə cavabdeh ona olan borcunu etiraf etmiş və nəticədə həmin məbləği 01 may 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında alqı-satqı ilə bağlı kommersiya münasibəti olub, lakin cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş məhsullara iddiaçıya olan borcu tam ödəyib, hazırda iddiaçıya hər hansı borcu mövcud deyil. İddia tələbinin əsaslı olmasını və məhsulların alınmasını təsdiq edən sənədlər yoxdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəki izahatlar isə təzyiq altında verilib. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. Həmin müqavilə üzrə borcun yaranması isə 02 aprel 2018-ci il tarixli “borcun etirafı haqqında iltizam” adlı sənədlə təsdiq olunur. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 02 aprel 2018-ci il tarixli “borcun etirafı haqqında iltizam” adlı sənəd imzalanmışdır. Həmin iltizamda göstərilmişdir ki, Cavabdeh İddiaçı 02 aprel 2018-ci il tarixə 79.662 ABŞ dolları məbləğində ödənilməsini gecikdirdiyi borcu vardır. Xahişi əsasında bu borcun qaytarılması üçün 2018-ci ilin may ayının 01 tarixinə qədər ona möhlət verilmişdir. O, da öhdəsinə götürmüşdür ki, ən geci 01 may 2018-ci il tarixə qədər qeyd olunan borcu, ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə tam məbləğdə ödəyəcəkdir. Bu müddətdə borcunu tam ödəməzsə, qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və mülki məsuliyyət daşıdığını, habelə öhdəliyi vaxtında yerinə yetirməməyə görə borc verənə dəyən ziyanı, əlavə hesablanan faizləri, məhkəmə xərclərini ödəməyə borclu olduğunu başa düşür və qəbul edir. Qəbul edir ki, bu iltizamı verdikdən sonra onun borcunun məbləğini və yaranma əsasını gələcəkdə mübahisələndirməyi tamamilə əsassız olacaqdır. Eyni zamanda həmin iltizamda Cavabdeh tərəfindən əlyazısı ilə, yuxarıda göstərilən pulu mayın 31-yə qədər (1,7 kursla) verəcəyi barədə qeyd yazılmışdır. Göründüyü kimi həmin iltizam mahiyyət etibarı ilə mövcud borcun etirafı haqqında müqabilədir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinin tələblərinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd olunan maddədən görünür ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarlı hesab edilməsi üçün onun hansı münasibətlərdən əmələ gəldiyini əhəmiyyəti yoxdur və yalnız onun formasına riayət edilməsi tələb olunur. Tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilə də yazılı şəkildə tərtib olunmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmçinin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış və iddiaçı həm Mülki Məcəllənin 598.3-cü, həm də 882.1-ci maddələrinə əsasən cavabdehdən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddianı əsaslı olması cavabdehin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəki izahatı ilə deyil, qismən cavabdehin izahatı (tərəflər arasında alqı-satqı münasibətlərinin olması hissəsində) və tərəflərin imzaladığı 02 aprel 2018-ci il tarixli “borcun etirafı haqqında iltizam” adlı sənədlə təsdiq olunur. Eyni zamanda, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli iltizamın üzərində 02.04.2018-ci il tarixi göstərildiyi halda, iddiaçı cavabdeh barəsində qanunauyğun tədbirlər görülməsi haqqında ərizə ilə yalnız 18.10.2018-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və həmin idarədə araşdırma məhz həmin tarixdən başlamışdır. Göründüyü kimi həmin iltizam Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı verilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4544/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 03.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar