Məhkəmə qərarları › İş №2-2(103)-26/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-26/2025

27.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-26/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X14 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5928/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı icra sənədi üzrə Cavabdeh yerinə ödənilmiş 602.000 (altı yüz iki min) manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5928/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-862/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ilkin olaraq "xxxx"-yə müraciət edilərək “bank qarantiyası”-nın verilməsi xahiş edilmişdir. Bankla aralarında olan razılaşmaya əsasən 850.000 dollar həcmində bank qarantiyasının verilməsi üçün həm Cavabdeh tərəfindən həm də "xxxx" MMC tərəfindən bank qarşısında əmlaklar girov qoyulmuşdur. Qəmər mmc-nin "xxxx"-yə müraciəti ilə Türkiyə Respublikasında yerləşən BS X19 Ticaret Ltd. Şti. Şirkətinə qarantiya olaraq təminat verilmişdir. Daha sonra BS X19 Ticaret Ltd. Şti. tərəfindən Türkiyə Respublikasında banka müraciət edilmiş və qarantiya təminat kimi göstərilib bankdan 850.000 dollar məbləğində kredit götürülmüşdür. Bank tərəfindən 850.000 dollar kredit verildikdən sonra həmin məbləğ üç tərəf arasında bölüşdürülərək "xxxx" MMC-nin sahibi X15 448.500 dollar, BS X19 Ticaret Ltd. Şti. şirkətinin sahibi Kerim Şengül 140.000 dollar, Məmədov Vüqar isə 211.500 dollar götürülmüşdür. Bunu təsdiq edən akt və hesablaşma Kerim Şengül, Cavabdeh və İlqar Məcidov tərəfindən imzalanaraq təsdiq edilmişdir. (Qoşmaya əlavə edilir). Daha sonra isə Kerim Şengülaldığı 140.000 dollar məbləğində pulu "xxxx" MMC-nin sahibi X6 qaytarılmışdır. Bundan sonra "xxxx" tərəfindən qarantiya müqaviləsi icra edilmiş və Türkiyə Respublikasında yerləşən şirkətə 850.000 dollar köçürülmə edilmişdir. Daha sonra Cavabdeh ilə "xxxx" arasında təminatlı kredit müqaviləsi bağlanılaraq qarantiya müqaviləsi həmin müqavilə ilə əvəzləşdirilmişdir. Bir müddət sonra "xxxx" ləğv prosesinə doğru getmiş və onun ləğvi prosesi başa çatdıqdan sonra ləğvedicisi tərəfindən Neapol V.N MMC-yə və Cavabdeh qarşı iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edərək bank qarantiyası olan 850.000 dollar məbləğində pulu cavabdehdən tələb etmişdir. Müvafiq məhkəmə araşdırılması getmiş və Cavabdeh tərəfindən qarantiyanın qüvvədən düşməsi, münasibətlərin sonradan aralarında bağlanılmış kredit müqaviləsi ilə tənzimlənməsi əsas gətirilmiş və apellyasiya instansiya məhkəməsi yeni müqavilə nəzərə alınaraq kredit müqaviləsi üzrə qətnamə qəbul edilərək Cavabdeh 722.000 manat pulun tutulması barədə qətnamə qəbul edilmişdir. Daha sonra Cavabdeh tərəfindən müvafiq olaraq 65.000 manat və 55.000 manat məbləğində ödənişlər edilərək qalıq borc 602.000 manat təşkil etmişdir. Bir neçə il sonra Neapol-V.N Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx"-nin ləğvedicisinə müraciət edilmiş və 602.000 manat borcun əvəzində öz mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsini tələbkarın mülkiyətinə vermişdir. AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış “torpaq sahəsinin bölgü sxemi”nə əsasən, qeyd olunan torpaq sahəsinin 300.0 kv.m hissəsi tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tələbkara təhvil verilmiş və ipoteka qoyan ("xxxx" MMC) həmin torpaq sahəsi üzrə DƏDRX-dən yeni çıxarış almışdır. ƏMDK yanında DƏDRX tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış sənədinə əsaəsən, "xxxx" MMC-nin mülkiyyətində olan 0.1753 ha torpaq sahəsi (xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli köhnə çıxarışa əsasən) 300.0 kv.m azaldılaraq 0.1453 ha həcmində qeydə alınmışdır. İşin hallarından da göründüyü kimi, xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsi və xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan "xxxx" MMC borclu Cavabdeh tələbkar "xxxx" ASC-nin ləğvedicisi ƏSF qarşısında olan 602.000 manat məbləğində borc öhdəliyinin müqabilində özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsini tələbkarın mülkiyyətinə vermişdir və borc bağlanılmışdır. Bundan sonra X15 "xxxx" MMC-nin tərəfindən girov olaraq qoyulmuş əmlakı və Cavabdeh tərəfindən götürdüyü 211.500 dollar məbləğində pulun təminatı olaraq girov qoyulmuş Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli mənzil (əvvəllər sonuncudan alınmış etibarnamə əsasında) girovdan azad etmiş daha sonra isə həmin əmlakı (minimal dəyəri 448.000 manat olan) satmışdır. Bütün bunlara yəni "xxxx" MMC-nin sahibi X3 həmin məbləğdən xx.xx.2015-ci il tarixində 448.500 dolları özünün götürməsinə, Kerim Şengül tərəfindən alınmış və daha sonra X6 qaytarılmış 140.000 dollarının ona verilməsinə və Cavabdeh tərəfindən götürdüyü borcun təminatı olaraq girov qoyulmuş minimal dəyəri 448.000 manat olan mənzilin X15 tərəfindən satılıb pulunun götürülməsinə baxmayaraq sonuncu tərəfindən əsassız şəkildə Cavabdeh qarşı iddia irəli sürülmüşdür. O, həmçinin 2019-cu il tarixindən 2021-ci il tarixinədək Cavabdeh girovda olan əmlakını kirayə verərək aylıq 2500 manat olmaqla həmin əmlakdan əlavə faydalar əldə etmişdir. Məhkəmə tərəfindən iddia təmin edilərkən yuxarıda qeyd olunanlar nəzərə alınmamışdır. İş üzrə keçirilən məhkəmə iclaslarında onun iştirakı üçün lazımi qaydada xəbərdarlıqlar təmin edilməmiş və məhkəmədə iştirak edib özünü müdafiə hüququndan qanunsuz olaraq məhrum edilib. Bundan əlavə olaraq hesab edir ki, iddiaçı tərəfindən ona qarşı irəli sürülən iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, 2016-cı il tarixində icra edilən qərardan sonra iddiaçı tərəfindən ona qarşı irəli sürülən iddia tələbi pul tələbinə dair olduğundan, qanunvericilikdə də həmin tələblər üzrə iddia müddəti 3 il təşkil etdiyindən hesab edir ki, iddia müddəti ötürülmüş hesab edilməlidir. İş məhkəmə tərəfindən icraata qəbul edilərkən iddiaçı tərəfindən dövlət rüsumunun az ödənilməsi nəzərə alınmamış, 892 manat rüsum ödənilməli olduğu halda təqribən 40 faiz az məbləğdə rüsum ödənilərək məhkəməyə iddia verilmişdir. Bu hallar da hakim tərəfindən nəzərə alınmayaraq tələm-tələsik, şablon mülahizələrə əsaslandırılaraq qətnamə qəbul edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən aidiyyət qaydaları da pozulmasına göz yumulmuşdur. Belə ki, iddiaçının ondan tələbi pul tələbinə dair iddia olmaqla tamamilə mülki xarakter daşıyır və kommersiya münasibəti təşkil etmədiyinə görə kommersiya məhkəməsinin deyil, rayon məhkəməsinin icraatında baxılmalı idi. Göründüyü kimi hakim tərəfindən bu və bu kimi bir çox faktlara göz yumulmuşdur. Cavabdeh tərəfindən götürülmüş öhdəlik tam icra edilməsinə ona düşən hissə ilə bağlı girova əmlak qoyulmasına və yeri gələrsə zəruri hərəkətlərin edilməsinə dair həmin əmlakla bağlı iddiaçıya müvafiq etibarnamə verilməsinə, həmin əmlakın iddiaçı tərəfindən satılıb pulunun götürülməsinə və iddiaçının pul götürülən zaman özünün 448.500 dollar pul götürməsinə və daha sonra türk şirkətindən 140.000 dollar pulu almasına baxmayaraq iddiaçı öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə həyata keçirməyərək cavabdehdən əsassız məbləğdə pulu tələb etmiş və məhkəmə həmin iddianı təmin etmişdir. Göründüyü kimi 2016-cı il tarixindən tələb hüququ yarandığı halda 5 il sonra məhkəməyə müraciət edilmişdir. Bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə əsasən iddia müddəti ötürülmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

6. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya şikayətində qeyd olunan mənzil mübahisəsi ilə hazırki işin subyekt dairəsi tamamilə fərqlidir. Belə ki, hazırki iş üzrə iddiaçı hüquqi şəxs - Neapol-V.N MMC olsa da qeyd olunan məsələdə etibarnamə əsasında mənzilin alqısatqısını həyata keçirən şəxs - fiziki şəxs X7r. Bu xüsusatları şifahi izahatlarımızda da məhkəməyə bildirmiş və qeyd olunan mübahisənin hazırki iddiaçı ilə heç bir hüquqi bağlılığının olmamasını (ayrı-ayrı şəxslər olmasını) dəfələrlə vurğulamışıq. Lakin bu arqumenti irəli sürməklə cavabdeh məhkəmə prosesinin gedişatını uzatmaq və vaxt qazanmağa çalışmaqdadır. İkinci xüsusat ondan ibarətdir ki, həmin mənzilin alqı-satqısı barədə ləğv olunmamış və ya etibarsız hesab edilməmiş, qüvvədə olan alqı-satqı müqaviləsi mövcuddur ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)- 7601/2024 saylı kommersiya işi üzrə (sədrlik edən hakim Ülkər Həsənova) ayrıca icraatda araşdırma aparılır. Lakin bu xüsusat məhkəmə kollegiyasından gizlədilmişdir. Belə ki, Cavabdeh X6 qarşı iddia qaldıraraq "Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 19, mənzil 19 ünvanında yerlaşən, ümumi sahəsi 136.6 kv/m, yaşayış sahəsi 100 kv/m olan 7 otaqlı daşınmaz əmlakın alqı-satqısı barəda xx.xx.2021-ci il tarixində 46 saylı notariat ofisinda X12 На bağlanılmış 4Ə-564 № müqavilənin etibarsız hesab edilmasi, alqı-satqı müqaviləsi asasında verilmiş çıxarışın ləğv edilmasi və bununla bağlı zəruri hərəkətlərin edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlili olan mənzil mübahiəsi üzrə digər məhkəmənin icraatında araşdırma aparılır. Üçüncüsü, cavabdeh mənzil mübahisəsinə dair iş üzrə verdiyi iddia ərizəsində hazırki iddianı tam şəkildə etiraf etmişdir. Cavabdeh həmin iddia ərizəsində qeyd edir ki, "işin hallarından göründüyü kimi, xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsi və xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan "xxxx" MMC borclu Cavabdeh tələbkar "xxxx" ASC-nin ləğvedicisi ƏSF qarşısında olan 602.000 manat məbləğində borc öhdəliyinin müqabilində özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsinin bir hissəsini tələbkarın mülkiyyətinə vermiş və Cavabdeh"borcunu" ödəmişdir". Bununla Cavabdeh iddiam açıq şəkildə etiraf etmişdir. İddia tələbi təqdim edilmiş sübutlar, qanuni qüvvəsini almış məhkəmə aktları, dövlət reyestrindən çıxarışlarla tam şəkildə sübuta yetirilməsi ilə yanaşı cavabdehin etirafı ilə də təsdiq edilir. Cavabdeh həmin mənzilin real bazar dəyərindən aşağı qiymətə satıldığını iddia edərək məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Əmlak real dəyərindən heç də daha ucuz qiymətə satılmayıb. Belə ki, Alqı-Satqı Müqaviləsinin tarixinə yaxın tarixdə Əmlaka bitişik (qonşu) mənzilin satışı, Əmlakın satış qiymətinə uyğun qiymətə həyata keçirilmişdir (əlavə olunur: Əmlakın sahəsi və satış qiymətini qonşu əmlakın (mənzilin) sahəsi və qiyməti ilə müqayisə edin). Bununla da sübut olunur ki, cavabdeh tərəfindən verilən ekspertiza barədə vəsatətlər işin gediatmı yubatmaq və vaxt qazanmaq məqsədi güdür. Cavabdeh xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bildiririk ki, iddiaçı ilə "xxxx" ASC arasında barışıq sazişi xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin barışıq sazişi Nizami rayon məhkəməsinin 8(007)-439/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiqlənmişdir. İddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, iddia müddətinin tətbiq barədə ərizə verilməsi iddianın etirafı kimi qiymətləndirilməlidir. Cavabdeh izahatlarında X6 verilən etibarnamənin əmlakın girov qoyulması məqsədilə verildiyini bildirir. Lakin etibarnamənin məzmunundan görünür ki, etibarnamədə İlqar Məcidova verilən səlahiyyətlər girov qoyulması üçün deyil, ümumi əmlakın idarə edilməsi üçün verilmişdir. Həmçinin əgər elə olsaydı girov qoyulması üçün verilən etibarnamə 1 dəfəlik proses olduğundan etibarnamənin də 1 dəfə verilməsi lazım idi. Lakin təqdim edilmiş etibarnamələrdən göründüyü kimi Cavabdeh Məcidov İlqara 2010-cu ildən etibarnamə vermiş və Məcidov İlqarın həmin mənzil barəsində 12 il ərzində sərəncam vermə hüququ olmuşdur. Həmçinin Cavabdehla yanaşı onun həyat yoldaşı X4 da Məcidov İlqara etibarnamələr vermiş və alqı-satqı prosesinə heç bir etirazının olmadığı barədə notariat ofisində ərizə vermişdir. Burdan da görünür ki, mənzil X6 məxsus olmuşdur. 3 ildən artıq müddət ərzində Cavabdeh buna heç bir münasibət bildirməməsi də buna bir sübutdur. Lakin cavabdeh bu xüsusatları hazırki borc predmeti ilə əlaqələndirərək görüntü yaratmağa çalışmaqdadır. Təqdim edilmiş sübutlarla bir daha təsdiq olunur ki, mənzil mübahisəsi ilə hazırki iddia tələbi tamamilə fərqli subyektlər arasında olan fərqli mübahiəslərdir və Bakı Kommersiya Məhkəməsində ayrıca icraatda araşdırılmaqdadır. Cavabdehin bunu məhkəmədən gizlədərək hadisələri və faktları təhrif olunmuş şəkildə təqdim etməsi isə görüntü yaratmaq və məhkəmə gedişatınm uzadılması məqsədi güdür.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, etirazın dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

13. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

14. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

15. Həmin Məcəllənin 540.1-cü maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

16. Həmin Məcəllənin 543-cü maddəsinə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Firmasına, "xxxx" MMC-yə, X8, X5, X13, X1, X9, Abdıyeva (Qasımova) Asiman İlham qızına və Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, daha sonra LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə barışıq sazişi imzalanmış, "xxxx" MMC ona məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsinin 0.03 ha hissəsini borclu Cavabdeh borcu əvəzində tələbkarın mülkiyyətinə verməyi, tələbkar isə həmin mülkiyyətinə verilmiş torpaq sahəsinin əvəzinə borclu Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə ləğv prosesində olan "xxxx" ASC-ə olan qalıq 602.000 manat məbləğində borcunu silməyi öhdəsinə götürmüşdür. Qeyd olunan barışıq sazişi məhkəmə qərardadı ilə xx.xx.2022-ci il tarixdə təsdiqlənmişdir.

22. Cavabdeh tərəfindən müvafiq olaraq 65.000 manat və 55.000 manat məbləğində ödənişlər edilərək qalıq borc 602.000 manat təşkil etmişdir. Bir neçə il sonra Neapol-V.N Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx"-nin ləğvedicisinə müraciət edilmiş və 602.000 manat borcun əvəzində öz mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsini tələbkarın mülkiyətinə vermişdir. AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış “torpaq sahəsinin bölgü sxemi”nə əsasən, qeyd olunan torpaq sahəsinin 300.0 kv.m hissəsi tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tələbkara təhvil verilmiş və ipoteka qoyan ("xxxx" MMC) həmin torpaq sahəsi üzrə DƏDRX-dən yeni çıxarış almışdır. ƏMDK yanında DƏDRX tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış sənədinə əsaəsən, "xxxx" MMC-nin mülkiyyətində olan 0.1753 ha torpaq sahəsi (xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli köhnə çıxarışa əsasən) 300.0 kv.m azaldılaraq 0.1453 ha həcmində qeydə alınmışdır.

23. İşin hallarından da göründüyü kimi, xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsi və xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan "xxxx" MMC borclu Cavabdeh tələbkar "xxxx" ASC-nin ləğvedicisi ƏSF qarşısında olan 602.000 manat məbləğində borc öhdəliyinin müqabilində özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsini tələbkarın mülkiyyətinə vermişdir və cavabdehin banka olan borcu bağlanılmışdır.

24. Barışıq sazişi imzalanandan sonra "xxxx" MMC-nin direktoru X15 tərəfindən girov olaraq qoyulmuş əmlakı və Cavabdeh tərəfindən götürdüyü 211.500 dollar məbləğində pulun təminatı olaraq ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli mənzil (əvvəllər cavabdehdən xx.xx.2019-cu il tarixdə alınmış etibarnamə əsasında) girovdan azad etmiş və həmin əmlakı (ipoteka predmeti olan və xx.xx.2016-cı il tarixli qətnamə ilə ilkin satış qiyməti 448.000 manat müəyyən edilmiş) xx.xx.2021-ci il tarixdə 260.000 manat dəyərində cavabdehin adından başqa şəxsə satmışdır. Etibarnamə xx.xx.2022-ci ilədək qüvvədə olmuşdur. İşdə olan ərizədən görünür ki, cavabdehin arvadı X4 notarial qaydada əmlakın satılmasına razılıq vermişdir.

25. İşdə çoxsaylı etibarnamələrdən görünür ki, cavabdeh və arvadı X4 ayrı-ayrılıqda müxtəlif tarixlərdə iddiaçının direktoru X6 ümumi əmlakın idarə edilməsi və sərəncam verilməsi barədə səlahiyyətləri vermişlər. Qeyd edilənlərdən aydın olur ki, cavabdehlə iddiaçının direktoru arasında sahibkarlıq sahəsində əməkdaşlıq olmuşdur.

26. Qeyd edilən hallar işdə olan çoxsaylı məhkəmə aktları, barışıq sazişi, alqı-satqı müqaviləsi, etibarnamə, çıxarışlar və digər sənədlərlə təsdiqlənmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan tərəflər arasında imzalanmış barışıq sazişi əsasında iddiaçı "xxxx" MMC Cavabdeh bank qarşısında olan öhdəliyini özünün əmlakı ilə onun əvəzinə icra etmişdir. Ona görə iddiaçı reqres qaydada cavabdehdən 602.000 manat pulun ona ödənilməsini tələb edir.

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı qarşısında borcun qaytarılması öhdəliyini icra etdiyi üçün öhdəliklərin əvəzləşdirilməsi qaydası tətbiq edilməli olduğundan hazırkı tələb təmin edilə bilməz. Belə ki, iddiaçının cavabdeh qarşısında satılan mənzilin dəyərinin qaytarılması öhdəliyi icra edilmədiyindən cavabdehin iddiaçıya olan borcu ilə həmin öhdəlik əvəzləşdirilməlidir (MM-in 540.1-ci maddəsinin mətni 15-ci bənddə qeyd olunmuşdur).

29. Yuxarıda sadalanan işin hallarından görünür ki, cavabdeh iddiaçı tərəfindən onun borcunun ödənilməsi müqabilində idarəsini etibar etdiyi mənzilin satılmasına razılıq vermişdir. İddiaçı cavabdehin mənzilini satdıqdan sonra əldə edilmiş pulu cavabdehə qaytarmamışdır. İddiaçı birinci instansiya məhkəməsinə mənzili satması barədə məlumat verməmişdir. İddiaçı belə bir razılaşmanın olmasını inkar etsə də, işin gedişatı və işin halları belə bir şifahi razılaşmanın olmasını göstərir. Həmçinin cavabdehin arvadının əmlakın satılmasına razılıq verməsi belə bir razılaşmanın baş verdiyini təsdiq edir.

30. Kollegiya hesab edir ki, tərəflərin belə bir razılaşması olmasaydı, öhdəliklərin əvəzləşdirilməsi qaydası hazırkı işə tətbiq edilə bilərdi. Öhdəliklərin əvəzləşdirilməsi qaydası cavabdehin ayrıca iddia tələbini irəli sürməsini şərtləndirmir.

31. Bundan başqa alqı-satqı müqaviləsindəki qiymətin qətnamə ilə müəyyən edilən ilkin satış qiymətindən iki dəfə aşağı olması onu deməyə əsas verir ki, cavabdehin satılmağa səlahiyyət versə də, belə qiymətlə satılmağa razılıq verməmişdir. Bu hal iddiaçının direktorunun vicdanlı rəftar etmədiyini göstərir.

32. Məhkəmə kollegiyası mübahisənin ədalətli həll edilməsi üçün Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli mənzilin satılan və hazırkı dövrlərdə bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə əmtəəşünaslıq ekspertizaları keçirmişdir. Belə ki, alqısatqı müqaviləsindəki qiymət real bazar qiymətini əks etdirmədiyinə görə öhdəliklərin əvəzləşdirilməsi tətbiq edilərkən cavabdehin adından başqa şəxsin adına özgəninkiləşdirilən mənzilin qiyməti alqı-satqı müqaviləsi deyil, ekspert rəyi ilə müəyyən edilən real bazar qiyməti əsas götürülməlidir. Sonuncu rəy ("xxxx" MMC-nin 13 fevral 2025-ci il tarixli ekspert rəyi) daha obyektiv və hərtərəfli olduğuna görə əsas götürülməlidir.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/2690-9/2743 saylı ekspertizanın keçirilməsindən imtina məktubundan görünür ki, tədqiqat obyekti təqdim edilmədiyindən tədqiqat aparılması mümkün olmamışdır.

34. Həmin mənzilin başqa şəxsin sahibliyində və mülkiyyətində olmasını nəzərə alan kollegiya özəl qurumdan rəy alınması qərarına gəlmişdir.

35. Kollegiyanın keçirdiyi ekspertiza əsasında daxil olan "xxxx" MMC-nin 12 sentyabr 2024cü il tarixli, 17/0859 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136.6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 saylı mənzilin 2021-ci il tarixə bazar dəyəri 421.000 manat, xx.xx.2024-cü il tarixə bazar dəyəri 525.000 manat təşkil edir. Həmin ərazidə oxşar yaşayış sahəsinin 1 kv.m orta bazar dəyəri 3843 manat, qeyri-yaşayış sahəsinin 1 kv.m orta bazar dəyəri isə 4832 manat təşkil edir.

36. Cavabdehin nümayəndəsinin təqdim etdiyi “Yeni Dövr” qiymətləndirmə mərkəzinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136.6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 saylı mənzilin 2021-ci il tarixə bazar dəyəri 505.000 manat, rəy verilən tarixə bazar dəyəri 655.700 manat təşkil edir.

37. Kollegiyanın keçirdiyi təkrar ekspertiza əsasında daxil olan "xxxx" MMC-nin 13 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136.6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 saylı mənzilin 2021-ci il tarixə bazar dəyəri 635.000 manat, rəy verilən tarixə bazar dəyəri 758.000 manat təşkil edir. Həmin ərazidə oxşar yaşayış sahəsinin 1 kv.m orta bazar dəyəri 2000-3000 manat, qeyri-yaşayış sahəsinin 1 kv.m orta bazar dəyəri isə 5000-6000 manat təşkil edir.

38. İddiaçının nümayəndəsi vəsatət verərək təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İlk iki rəy arasında fərq olduğundan məhkəmə kollegiyası təkrar ekspertiza keçirilmişdir. Məhkəmə qətnaməsi ilə ilkin satış qiymətinin müəyyən edilməsini, iş üzrə mənzilin qiyməti barədə 3 rəyin olmasını nəzərə alan kollegiya hesab edir ki, aralarında kəskin fərq olmadığına görə yeni rəyin alınması işin uzadılmasına səbəb olacaq. Ona görə də vəsatətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

39. Cavabdehin apellyasiya şikayətinin iştirakla bağlı dəlilləri ilə razılaşan kollegiya onlara münasibətdə aşağıdakıları qeyd edir.

40. İşdən görünür ki, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırma vəzifəsi məhkəmə tərəfindən natamam icra edilmişdir. Belə ki, cavabdeh hazırlıq mərhələsi barədə məlumatlandırılmasına və iştirak etməsinə baxmayaraq, məhkəmə sonuncu məhkəmə iclası barədə cavabdehə nə sms, nə ünvanına bildiriş göndərmişdir. Həmçinin cavabdehin elektron kabineti olmasına rəğmən, bildiriş kabinetə yüklənməmişdir. MPM-in 135-ci maddəsində nəzərdə tutulmuş prosessual imkanlardan lazımınca istifadə edilməmişdir. Məhkəmə tərəfə sms göndərilməsi və ya elektron kabinetlə məlumat verilməsi imkanlarından yararlanmamış, nəticədə cavabdeh məhkəmə iclası barədə xəbərsiz olmuş və məhkəmə iclasında iştirak etmək imkanından məhrum olmuşdur. Bu isə çəkişmə və bərabərlik prinsiplərinin pozulması deməkdir.

41. Bununla bağlı Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının birgə 2020-ci il 14 oktyabr tarixli qərardadında həmçinin göstərilmişdir ki, ...bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. ...Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəf məhkəmə iclasında iştirak etmək imkanına malik olduğu tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar).

42. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

44. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

45. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin keçməsi barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, işdən görünür ki, hazırlıq mərhələsində keçirilən proseslərdə cavabdeh iştirak edib və müddətin tətbiqi barədə ərizə təqdim etməyib.

46. İddiaçının etirazında alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən mübahisələndirildiyini qeyd etsə də, işdən görünür ki, cavabdeh iddia ərizəsinin geri qaytarılması barədə ərizə vermiş və məhkəmə ərizəni geri qaytarmışdır.

47. İddiaçının hüquqi şəxs və direktorun (X15) ayrı-ayrı tərəflər olmasını əsas gətirərək apellyasiya şikayətinə etiraz etmişdir. Halbuki direktor hüquqi şəxsin rəhbəri olmaqla ipoteka müqaviləsini imzalamış və cavabdehin əsas borcuna təminat vermişdir. Barışıq sazişi və digər sənədləşmələr də direktorun imzası ilə həyata keçirilmişdir. İşin hallarından görünür ki, direktor mənzili satarkən iddiaçı olan hüquqi şəxsin mənafeyini güdmüşdür. Qeyd edilənlərə əsasən iddiaçının etirazı əsassızdır.

48. Qeyd edilənlərdən aydın olur ki, birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə həmçinin tətbiq etməli olduğu normanı (MM-in 540.1-ci maddəsini) tətbiq etməyib. Bundan başqa məhkəmə cavabdehin iştirakını təmin etməyib (MPM-in 387.2.2-ci maddəsi).

49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5928/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilsin. İddia ərizəsinə görə ödənilən dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 1000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin bank hesabına (ABB kod 805562, VÖEN **********, Müxbir Hesab AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, h/h: AZ331İBAZ********************) ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar