Məhkəmə qərarları › İş №2-2(103)-260/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-260/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-260/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1123/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanılmış səyyar xidməti yerinə daşınması xidmətinin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli, 2 saylı müqavilə üzrə ödənilməmiş 11.300 manat məbləğində pul, əldən çıxmış fayda olaraq 28.000 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 39.330 manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1123/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən iddiaçının xeyrinə 1712,12 manat tutulmuş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1123/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissədələğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş materiallarına və işdəki sübutlara düzgün hüquqi qiymət verilməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən əməkdaşların səyyar xidmətlərin göstərilməsi məqsədi ilə İmişli “ASAN Həyat” kompleksindən bölgələrə daşınması xidmətinin göstərilməsi ilə bağlı kotirovka müsabiqəsi elan edilmişdir. Həmin müsabiqədə üç şirkət iştirak etmişdir və Cavabdeh MMC qalib gəlmişdir. Lakin Cavabdeh MMC-nin istifadəsində heç bir avtobus olmadığından daşınmanın həyata keçirilməsi üçün İddiaçı MMC-yə müraciət olunmuşdur. Daşınma məbləği ilk olaraq 16.575 manat məbləğində müəyyən olunmuş, cavabdeh həmin məbləğdən endirim olunmasını xahiş etmiş, cavabdehin xahişi nəzərə alınaraq ümumi məbləğdən 5275 manat endirim edilmiş və yekun məbləğ 11.300 manat razılaşdırılmışdır. Bundan sonra İddiaçı MMC ilə Cavabdeh MMC arasında səyyar xidməti yerinə daşınması xidmətinin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli, 2 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək İddiaçı MMC müəyyən olunmuş rayonlarda əməkdaşların İmişli rayonundan səyyar xidməti yerinə daşınmasını, müqavilənin 3-cü bəndinə əsasən isə Cavabdeh MMC isə bu xidmətlərin müqabilində daşınmanın dəyəri olan 11.300 manat məbləğində pul vəsaitini xx.xx.2019-cu il tarixdə ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə öhdəliklər xx.xx.2019-cu il tarixədək yerinə yetirilməsinə (xx.xx.2019-cu il tarixli aktla təsdiq olunur) baxmayaraq, Cavabdeh MMC tərəfindən müqavilə üzrə xx.xx.2019-cu il tarixdə ödənilməli olan 11.300 manat məbləğindəki ödənilməmişdir. Bu hal da, sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin Cavabdeh MMC tərəfindən yerinə yetirilməməsi deməkdir. Əldən çıxmış fayda tələbi ilə bağlı məhkəməyə təqdim edilmiş “Sabirabad TV QAES film Production” şirkətinin məktubu mötəbər sübut kimi nəzərə alınmamışdır. Həmin şirkətlə iddiaçı arasında olan yazışmalar apellyasiya şikayətinə əlavə edilmişdir. Məhkəmə əldən çıxmış fayda tələbi ilə bağlı əlavə sübutlar təqdim etməyi təklif etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1123/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mübahisələndirilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 20 gün ərzində sərnişin daşıma xidməti göstərilmişdir. İşdəki İddiaçı MMC-nin sərnişin daşıma üzrə iş icracısı Cavid Əliyev, səyyar xidmətə daşınan nümayəndə (əməkdaş) sərnişin (qrup rəhbəri) Emil İmanov və Ford tranzit mikro avtobusunun sürücüsü Arif Hüseynov tərəfindən imzalanmış xx xxxx 2019-cu il tarixli aktla təsdiq olunur ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin sifarişinə əsasən 14 nəfər sərnişin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək gündəlik İmişli rayonundan Biləsuvar rayonuna və geri İmişli rayonuna daşınmışdır, eyni zamanda həmin gündə digər əməkdaşları Biləsuvar rayonunun kənd və qəsəbələrində daşınması qüsursuz və fasiləsiz olaraq təmin edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında izahat verərək iddiaçı tərəfindən 20 günlük daşıma xidməti göstərildiyini mübahisələndirməmiş, lakin aralarında yazılı müqavilə olmadığını, gündəlik daşıma haqqının 83 manat olması barədə şifahi razılaşma əldə edildiyini göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə rəngli kserosurəti təqdim edilmiş x xxxx 2019-cu il tarixli 24 nömrəli müqavilənin 2-ci bəndinə əsasən iddiaçı 6 ay ərzində müəyyən olunmuş rayonlarda cavabdehin əməkdaşlarının qeyd olunmuş tarixlərdə İmişli rayonundan səyyar xidməti yerinə daşınması xidmətinin göstərilməsini öz öhdəsinə götürmüşdür. (xx.xx.2019-xx.xx.2019-27 gün müddətinə Biləsuvar rayonu; xx.xx.2019-xx.xx.2019 30 gün müddətinə Beyləqan rayonu; xx.xx.2019-xx.xx.2019-15 gün müddətinə Füzuli rayonuna; xx.xx.2019-xx.xx.2019-30 gün müddətinə Biləsuvar rayonuna; xx.xx.2019xx.xx.2019-15 gün müddətinə Zərdab rayonuna; xx.xx.2019-xx.xx.2019-15 gün müddətinə Saatlı rayonuna) Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ümumi məbləği və hesablaşma qaydası müqavilə üzrə ödənişlər bir dəfəlik ödənilir: 11.300 manat təşkil edir və sifarişçi tərəfindən ödəniş nəğd formada xx.xx.2019-ci il tarixdə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Hazırkı halda tərəflər arasında yazılı müqavilə bağlandığı və x xxxx 2019-cu il tarixli 24 nömrəli müqavilənin əslinin mövcud olduğu cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddiaçı tərəf müqavilənin əslini məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, tərəflər arasında daşıma xidməti göstərilməsi barədə yazılı müqavilənin mövcudluğu sübut edilmir. İddiaçının 25 saylı əmri daxili sənəd olduğundan tərəflər arasında yazılı müqavilənin tərtib edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı ilə “Urfan Marshal rent a car” adlı ünvanla email yazışmalarının cavabdehə aid olduğu sübut edilmədiyindən düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən işin hər hansı halını müəyyən edən sübut kimi nəzərə alınmamışdır. Belə olan halda cavabdeh tərəfindən göstərilmiş daşıma xidmətinin müddəti və xidmətin dəyəri haqqında işdə digər mötəbər sübutlar olmadığından cavabdehin etiraf etdiyi faktlar nəzərə alınmaqla iddia 20 gün üçün xidmət haqqının cavabdehdən tutulması hissəsində məhkəmə tərəfindən təmin edilməli, bir gün üçün xidmət haqqı cavabdehin etiraf etdiyi məbləğdə-83 manat müəyyən edilməli idi. Birinci instansiya məhkəməsi kserosurəti təqdim edilmiş müqaviləni sübut olaraq qəbul etməklə həmin müqavilədə qeyd edilmiş ümumi xidmət haqqı məbləğini müqavilə üzrə xidmət göstərilməli olan günlərin sayına bölməklə (11300:132) bir günlük xidmət haqqını 85,6 manat müəyyən etmiş və həmin məbləği faktiki xidmətin göstərildiyi günlərin sayına vuraraq cavabdehdən 1712,12 manat məbləğində borcun tutulması barədə nəticəyə gəlmişdir. Cavabdeh tərəf məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşdığından məhkəmə qətnaməyə iddianın təmin edildiyi hissədə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, cavabdehdən faktiki göstərilməyən daşıma xidmətinə görə xidmət haqqının tutulması barədə iddiaçının tələbinin qanuni əsası olmadığından iddia müqavilə üzrə 9587,88 manat borcun tutulması hissəsində düzgün olaraq rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının əldə çıxmış fayda tələbi ilə bağlı apellyasiya şikayətinə əlavə etdiyi sübutların (“Sabirabad TV QAES film Production” şirkəti ilə yazışmaların) birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olduğu halda təqdim edilmədiyindən MPM-nin 372.2-ci maddəsinə əsasən apellyasiya məhkəməsi tərəfindən qəbul edilmir. Məhkəmə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinin əsassız olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı əldən çıxmış fayda olaraq 28.000 manat pulun cavabdehdən tutulmasını tələb edir və bu tələbi onunla əsaslandırır ki, cavabdehlə müqavilə münasibətlərinə daxil olması ilə əlaqədar “Sabirabad TV QAES film Production” şirkəti ilə 28.000 manat dəyərində müqavilə bağlamaq imkanından məhrum olmuşdur. Bu tələblə bağlı iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi xx xxxx 2019-cu il tarixli “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı MMC-nin vəkili Vəkil1 ünvanlanmış məktubda qeyd edilmişdir ki, xxxxxxxxxxxxxxxxxxxx QAES film Production şirkəti Şəki şəhərində, Tovuz rayonunda, Gədəbəy rayonunda, Lerik rayonunda və Qusar rayonunda qısa metrajlı film çəkişləri ilə bağlı əməkdaşların və texniki avadanlıqların daşınması üçün avtobus və yük daşıma nəqliyyatı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək xidmət göstərilməsinə və sifarişə görə İddiaçı MMC şirkətinin əməkdaşı Cavid müəllimə xx.xx.2019-cu il tarixdə məlumat verildi ki, digər bir şirkətlə (Cavabdeh MMC) 6 aylıq müqavilə bağlanıldığı və sifariş götürüldüyü üçün xxxxxxxxxxxxxxxxxxxx QAES film Production şirkətinin sifarişini qəbul edə bilməyəcəklərini vurğuladılar. Ümumi məbləği 28.000 manat dəyərində olan sifarişdən İddiaçı MMC şirkəti imtina etmişdir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki qanunvericiliyə əsasən icranı gecikdirmiş borclunun gecikmə ilə bağlı vurduğu zərərə və ya mümkünsüz icraya görə kreditor qarşısında məsuliyyət daşıya bilər. Hazırkı halda cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi (iddiaçıya olan daşıma xidməti üzrə borcun ödənilməməsi) ilə iddiaçının “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağlamaq imkanından məhrum olması arasında səbəbli əlaqə olmadığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə daşıma xidməti göstəriləcəyi müddət ərzində digər şirkətlərin sifarişlərini qəbul edə bilməməsi nəticəsində itirdiyi gəlir əldən çıxmış fayda qismində cavabdehdən tutula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1123/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC –nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1123/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar