Məhkəmə qərarları › İş №2-2(103)-261/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-261/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-261/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3397/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 22 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 6646,76 manat əsas borc, 145,09 manat faiz borcu, 269,03 manat cərimə və kredit müqaviləsi üzrə 10 mart 2021 il tarixdən 20 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 36,9 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7097,78 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3397/2021 saylı 29.09.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 22 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6055,22 manat əsas borc, 145,09 manat faiz borcu, 269,03 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 27,69 manat faiz borcu, cəmi 6497,03 (altı min dörd yüz doxsan yeddi manat üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən ona verilmiş 10000 manat məbləğə görə faizlə birlikdə 10 ay ərzində 11145,83 manat ödənilməsi nəzərdə tutulmuşdur. 27.08.2020-ci il tarixdə bağlanmış sazişə əsasən isə həmin məbləğdən qalıq qalan 6981,83 manat ümumi məbləği yenidən 25% olmaqla kredit vermişdir. Nəticədə 27.08.2020-ci il tarixdə əlavə saziş əsasən 1116,62 manat əsassız olaraq faiz hesablanmışdır. Halbuki, qalıq qalan 6981,83 manat məbləğə bir dəfə faiz hesablanmışdır. Bank tərəfindən razılaşdırılmış 1 saylı ödəniş cədvəlinə əsasən 22.12.2019-cu il tarixdə nəzərdə tutulmuş 1208,33 manat məbləğin əvəzinə 1210 manat ödəmişdir. 22.01.2020-ci il tarixə nəzərdə tutulmuş 1187,50 manat məbləğin əvəzinə 1190 manat, 22.02.2020-ci il tarixə nəzərdə tutulmuş 1166,67 manat məbləğin əvəzinə 1170 manat ödəmişdir. Sonradan 2020-ci ilin mart ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən çalışdığı Sədərək ticarət mərkəzinin fəaliyyətini dayandırıldığı üçün ödəniş etmək imkanı olmamışdır. Sonradan ödənişində yaranan problemlərlə bağlı ona güzəşt olunması üçün kredit müqaviləsinə 27.08.2020-ci il tarixdə əlavə saziş bağlandı. Həmin sazişə əsasən borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 2 ay nəzərdə tutulmuşdur. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə maliyyə sektoruna dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVİD-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunmuşdur. Bank tərəfindən isə ona heç bir güzəşt olunmayıb. Belə ki, 27.08.2020-ci il tarixdə bağlanmış sazişə əsasən qalıq qalan 6981,83 manat ümumi məbləği yenidən 25% olmaqla kredit vermişdir. Nəticədə 2019-cu il tarixdə ona verilmiş 10000 manat məbləğə görə ödəyəcəyi 11145,83 manata əlavə olaraq 1116,62 manat əsassız olaraq vəsait hesablanmışdır. Bu barədə və əlavə ödədiyi vəsaitlərlə bağlı məhkəmədə məlumat versə də, verdiyi məlumatlar nəzərə alınmamış və vəsatəti üzrə qərardad qəbul edilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 22 noyabr 2019-cu il tarixli 24-MZ2-1-0-765-19 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borc alana 25 faizlə 10 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 22 noyabr 2019-cu il tarixli 24-MZ2-1-0-765-19(1) saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 10.03.2021-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə edilən əlavə saziş zaminlik müqavilələrinə də edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 6646,76 manat, faiz borcu 145,09 manat, cərimə 269,03 manat, kredit müqaviləsi üzrə 10 mart 2021-ci il tarixdən 20 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış borc 36,9 manat faiz borcu, cəmi borc isə 7097,78 manat təşkil edir. Cavabdeh1 iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Birinci instansiya məhkəməsi 08 sentyabr 2021-ci il tarixli maliyyə arayışına istinad edərək, əsas borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, faiz və cərimə borcun tutulması hissəsində iddianı tam təmin etmiş, gecikdirilmiş vaxt üçün illik 5 faizlə borcun tutulması hissəsində də iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462.1 və 445.7-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7). Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri qismən mövcuddur. Belə ki, hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 aprel 2022-ci il tarixli 9/1617 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, Cavabdeh1 İddiaçı ASC-nə kredit müqaviləsinin müddətinin bitdiyi 10.03.2021-ci il tarixə: əsas borc üzrə - 6524,44 manat, faiz borcu üzrə - 167,64 manat; 20.04.2021-ci il tarixə: əsas borc üzrə - 5700,23 manat, faiz borcu üzrə - 24,54 manat. 11.03.2022-ci il tarixə: əsas borc üzrə - 3879,32 manat, faiz borcu üzrə - 172,22 manat. Beləliklə, ekspert rəyindən və iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, müqavilə müddəti bitdiyi tarixə faiz borcu 167,64 manat təşkil edir. 19.03.2021-ci il tarixdə cavabdeh tərəfindən 1000 manat ödənilmiş və həmin məbləğin 175,8 manat hissəsi faiz borcuna aid edilmiş, bununla da, kredit müqaviləsi üzrə faiz borcu tam ödənilmişdir. Həmçinin, 20 aprel 2021-ci il tarixə illik 5%-lə hesablanan cəmi faiz borcu 24,54 manat təşkil etmiş, cavabdeh tərəfindən 23 aprel 2021-ci il və 20 may 2021-ci il tarixlərdə apardığı ödənişlərdən 26,92 manat və 19,60 manat faiz borcundan silinmişdir. Ödənilən həmin məbləğləri də mövcud 24,54 manat illik 5%-lə hesablanan faiz borcuna çıxdıqda müəyyən olunur ki, cavabdeh tərəfindən həmin tarixə olan faiz borcu tamamilə bağlanmış, hətta 21,98 manat artıq ödəniş qalmışdır (26,92 + 19,60 - 24,54 = 21,98). 21,98 manat məbləği də ekspert rəyinə əsasən hesablanan 3879,32 manat əsas borcdan çıxdıqda müəyyən olunur ki, cavabdehin əsas borcu 3857,32 manat təşkil edir. Dəbbə pulunun mövcudluğu isə təsdiq olunmur. Belə ki, iddiaçı 269,03 manat cərimə borcunun yarandığını bildirsə də, həmin hissədə öz tələblərini əsaslandırmamışdır (konkret hansı günlər üzrə hansı məbləğdə ödənişlərin gecikdirilməsi, gecikən günlər üzrə hesablanan cərimə məbləği, buna uyğun cərimə məbləğinin hesablanması və s.). Eyni zamanda yuxarıda qeyd olunan ekspert rəyində də cərimə borcunun mövcud olması ilə əlaqədar heç bir rəy verilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd olunur ki, 27.08.2020-ci il tarixli sazişlə kredit müqaviləsinin müddəti uzadılmış, ödənişlər üzrə 2 ay güzəşt müəyyən edilmiş, müqavilənin əlavə faizlərin hesablanması ilə bağlı 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv olunmuşdur. Eyni zamanda yeni ödəniş qrafiki tərtib olunarkən faiz və cərimə borcu nəzərə alınmamış və yalnız 6981,83 manat məbləğinə əsasən hesablama aparılmışdır. Göründüyü kimi həmin saziş bağlanarkən cavabdehin vəziyyəti ağırlaşdırılmamış və qanuna uyğun olmayan şərtlər müəyyən edilməmişdir. Ona görə də, həmin dəlillər əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi əsas borca aid hissədə dəyişdirilməli və yuxarıda qeyd olunan əsaslara görə faiz və dəbbə puluna aid hissədə ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməlidir. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3397/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.09.2021-ci il tarixli qətnaməsi əsas borca aid hissədə dəyişdirilsin, faiz və dəbbə puluna aid hissədə ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3857,32 manat əsas borc tutulsun. Faiz və dəbbə pulunun tutulması barədə iddia təmin edilməsin. Ekspertiza xərci olan 145 manatın 50%-i İddiaçı ASC-dən, qalan 50%-i isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar