Məhkəmə qərarları › İş №2-2(103)-262/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-262/2022

22.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-262/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-366/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 145,8 kv.m-dən ibarət zirzəmi sahəsinin **********37156 abonentinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən itirilmiş enerji sərfiyyatına görə hesablanmış 3376,80 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli e-2-2(113)-366/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Nümayəndə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 145.8 kv.m-dən ibarət zirzəmi X1 mülkiyyətindədir. İcarəyə verən X4 ilə icarəçi Nümayəndə arasında 10 mart 2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 145.8 kv.mdən ibarət zirzəmini icarəçiyə icarəyə vermişdir. İcarəçi Nümayəndə həmin qeyri-yaşayış sahəsini pul dəyişmə məntəqəsi kimi işlətmişdir. Pul dəyişmə məntəqəsi ilə cavabdeh "xxxx" ASC arasında 16.06.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və 14 oktyabr 2020-ci il tarixli 008105 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən elektrik sayğacının alt örtük qapağının möhürünün yerində olmadığı aşkar edilmiş və elektrik sayğacının alt qapaq möhürünün (plomb) yenidən möhürlənməsi tələb olunmuşdur. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin akt komissiyasının 16.10.2020-ci il tarixli icra vərəqinə əsasən, istehlakçı ilə yenidən hesablaşma aparılaraq, 37520 kvts əlavə sərfiyyat (3376,80 manat borc) hesablanmış və iddiaçıdan tələb olunmuşdur. İddiaçı bildirir ki, icarəyə götürülmüş obyektin elektrik sayğacı obyektdən kənarda yerləşir. Bu səbəbdən həmin elektrik sayğacında baş verən qüsura görə o, məsuliyyət daşımır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 145,8 kv.m-dən olan zirzəmi X3 məxsusdur. Buna görə də, Nümayəndə iddia tələbini irəli sürmək üçün səlahiyyətli şəxs deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 425.2, 442-ci və Mülki Prosessual Məcəllənin 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, məhkəmə araşdırması zamanı Nümayəndə ilə "xxxx" ASC arasında müqavilə bağlanması, **********37156 abonent üzrə qeydiyyata alınması, 14 oktyabr 2020-ci il tarixli elektrik sayğacına baxış zamanı tərtib edilmiş 008105 saylı aktın onun barəsində olması öz təsdiqini tapmadığına, iddiaçının cavabdehdən borcun silinməsini tələb etmək hüququnun olması müəyyən edilmədiyinə görə iddiaçının akt üzrə hesablanmış borcun silinməsi tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmuş və qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsi mülkiyyətçi Aliyə Qasımova ilə deyil, icarə müqaviləsi bağlandıqdan sonra bağlanmış və abonent kimi “pul dəyişmə məntəqəsi” qeyd edilmişdir. İddiaçı ilə mülkiyyətçi Aliyə Qasımova arasında bağlanmış 10 mart 2020-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndində də göstərilmişdir ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və s) istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilir. Həmin pul dəyişmə məntəqəsinin Nümayəndə tərəfindən idarə edilməsi və elektrik enerjisinin istehlakına görə borcların sonuncudan tələb edilməsi işin mübahisəsiz halıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 1.1-ci bəndində isə təsbit olunmuşdur ki, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi qanunverici elektrik enerjisinin dəyərinin mülkiyyətçi tərəfindən deyil, məhz istehlakçı tərəfindən ödənilməsini nəzərdə tutmuşdur. Hazırki işdə də yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, elektrik enerjisinin istehlakçısı Nümayəndədur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ vardır. Eyni zamanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Eyni zamanda iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-366/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 145,8 kv.m-dən ibarət zərzəmi sahəsinin **********37156 abonentinə hesablanmış 3376,80 manat borc məbləği silinsin və 15 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Nümayəndə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar