Məhkəmə qərarları › İş №2-2(103)-263/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-263/2020

11.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-263/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və qalıq borcun qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e- 2-2(82)-339/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli 538 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdeh tərəfindən ödənilməmiş qalıq borc qismində, ƏDV daxil, 186.035,26 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında xx xxxxxx 2014-cü il tarixdə 538 saylı müqavilə əsasında ƏDV daxil ümumi dəyəri 471.133,88 manat dəyərində tibbi avadanlıqlar və ləvazimatların alınmasına dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə təhvil verilmiş tibbi mallar ilk faktura xx xxxxxx 2014-cü il tarixli HG № 826561 saylı elektron vergi hesab-fakturası əsasında 235.566,94 manat qısa müddətdə cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Növbəti dəfə verilən tibbi malların dəyəri üzrə cavabdeh tərəfindən xx xxxxxxxx 2015-ci il tarixli HJ № 814264 saylı elektron vergi hesab-fakturaya əsasən hər hansı bir ödəniş həyata keçirilməmiş, cavabdehin ƏDV daxil 186.035,26 manat məbləğində borc bu günə qədər ödənilməmişdir. Dəfələrlə müəssisəyə yazılı pretenziya və xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfdən müqavilə üzrə alınmış avadanlıqların dəyəri ödənilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-339/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, naməlum səbəblərdən axırıncı iki il cavabdeh şirkətin səlahiyyətli şəxsləri öz obyektlərini tərk edərək iddiaçının yazılı və şifahi sorğularına cavab verməmiş, borcun qalan hissəsini ödəməkdən boyun qaçırmışdır. Tibbi avadanlıqlar onlar tərəfindən götürülmüş «atıağacda» yerləşən pansionatla birlikdə satılmış, ancaq onlar nəzərə almamışlar ki, şirkətin məsul işçisi və baş həkimi Çingiz Hacıyev xx xxxxxxxx 2016-cı il tarixində 308879,308880 saylı qaimə-fakturalara imza etməklə, qalıq borcu etiraf etmişdir. Təəssüf olsun ki, məhkəmə gedişində hakim qiyabi qətnamə çıxarsa da, sonradan dəqiq araşdırma aparmamış və nəzərə almamışdır ki, həqiqətən də həmin avadanlıqlar hal-hazırda cavabdeh tərəfindən topdansatış qiyməti ilə qeyd etdiyi müalicə müəssisə ilə birlikdə satılmışdır. Hakim bu amilləri nəzərə almayaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir (Daha sonra Mülki Məcəllənin 374.2, 380.1, 380.2 və MPM-in 385-ci maddələrinə istinadən şikayətin təmin edilməsi xahiş edilir). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 şikayətin dəlilləri ilə razılaşmamış, tibbi avadanlıqlar sonuncu partiyası iddiaçının məxaric qaiməsi 2015-ci ilin iyun ayında cavabdehə təqdim edildiyini, iddiaçı tərəfindən isə 2019-cu ilin yanvar ayında iddia qaldırıldığını, belə olan halda, üç illik iddia müddətinin ötürüldüyünü bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki iş materaillarında olan, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 538 nömrəli alqı-satqı müqaviləsinin: -1-2-ci bəndlərinə əsasən satıcı (iddiaçı) ümumi dəyəri ƏDV daxil 471.133,88 manat məbləğində tibbi avadanlıq və ləvazimatlarla (mallarla) alıcını (cavabdehi) təchiz edəcək - 3.1-ci bəndlərinə əsasən alıcı satıcıdan ümumi məbləğin 50 faizini, avans zəmanəti aldıqdan sonra, 10 bank günü müddətində avans kimi, qalan məbləği isə malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra 10 bank günü müddətində müvafiq olaraq 50 faiz ödəniləcək. İşdən görünür ki, İddiaçı MMC tərəfindən aşağıdakı anbar məxaric qaimələri ilə müqavilədə nəzərdə tutulan tibbi avadanlıqlar və ləvazimatlar cavabdehə təhvil verilmişdir. - xx.xx.2015-ci il tarixli 11449 nömrəli; -xx.xx.2015-ci il tarixli 11592 nömrəli, -xx.xx.2015-ci il tarixli 11884 nömrəli -xx.xx.2015-ci il tarixli 12152 nömrəli. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan, habelə, tərəflərin nümayəndələrinin izahatlarına əsasən malların qeyd olunan tarixlərdə cavabdehə təhvil verildiyi və ona məxsus tibb müəssisində quraşdırıldığı işin mübahisələndirilməyən hallarını təşkil edir. İddia ərizəsindən, eləcə də iş materiallarının 48-cu vərəqində olan hesab fakturadan görünür ki, iddiaçı tərəfindən ƏDV daxil, ümumilikdə 421.602,20 manat məbləğində mallara dair ilkin hesab-faktura cavabdehə xx.xx.2014-cü ilə il tarixdə (№538) təqdim edilmişdir. Daha sonra, cavabdeh qismən, xx.xx.2014 tarixli HG № 826561 saylı elektron vergi hesab-fakturası əsasında 235.566,94 manat ödəniş edildikdən, iddiaçı tərəfindən qalıq borca dair xx.xx.2015-ci il tarixdə (№565) 186.035,26 manat məbləğində hesab-faktura təqdim edilmişdir. Lakin iş materiallarının 51-52-ci vərəqlərinə əsasən müəyyən olunur ki, iddiaçının həmin 186.035,26 manat qalıq borcun ödənilməsi tələbi ilə cavabdehə ünvanladığı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli pretenziya məktubları heç bir nəticə verməmiş, yalnız 2019-cu ilin yanvar ayında məhkəmədə həmin pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia qaldırmışdır. Belə olan halda isə tərəflər arasındakı alqı-satqı müqaviləsinin qeyd olunan 3.1-cü maddəsinin şərti baxımından (təhvil-təslimdən sonra, 10 bank günü ərzində ödənilməli olduğu tarixdən, hətta müddətin başlanğıcını həmin qalıq borca dair xx.xx.2015-ci il tarixdə (№565) hesab faktura verildiyi tarixdən hesablansa belə iddia müddəti keçmiş olur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə tərəfindən iş materialları hərətərfli tədqiq olunaraq iddiaçı tərəfindən qanunla müəyyən olunan üç illik iddia müddətinin buraxıldığı aşkar orlunmuş və iddiaçının iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmaqla, iddia rədd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunidir. Çünki, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayətinin, həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Eyni zamanda, məhkəmə kollegiysı cavabdehin apellyasiya şikayətində istinad etdiyi və həmin şikayətinə əlavə etdiyi – sonradan, artıq təhvil verilmiş mallara dair xx xxxxxxxx 2016-cı il tarixdə (№308879,) təkrarən qaimə-faktura tərtib olunması, cavabdeh tərəfindən borcun etiraf edici hərəkətləri kimi qiymətləndirilə bilməz. Ən azından ona görə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini nəzərədə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyənləşdirilmiş forma üzrə verilsin. İş materiallarından isə görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olan borcun etirafı barədə yazılı razılaşma mövcud deyil. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticəni işin sübutlarla müəyyən edilən hallarına və mülki qanunvericilyin tələblərinə uyğundur. Ona görə də MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, qətnamə iddiaçının formal xarakterli dəlilləri həmin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu mənada, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-339/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-339/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar