Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-263/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı səhmlərin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4843/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. “Qiymətli kağızların alqı satqısı” haqqında 06 dekabr 2001-ci il tarixli, 1633 nömrəli müqaviləyə əsasən "xxxx" Sement ATSC üzrə (indiki Holcim ASC) 186 ədəd səhm İddiaçı tərəfindən həmin müqavilə üzrə etibarnamə əsasında Şahid Mirzəağa oğlu tərəfindən təmsil edilən "xxxx" Sement ATSC-yə satılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı aid səhmlərin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildən 2000-ci ilə qədər Qaradağ sement zavodunda işləmişdir. Orada işlədiyi müddət ərzində xəstələnib 3-cü qrup əlil olmuşdur. Yeganə oğlu da, 1-ci qrup ömürlük əlildir. 1999-cu ildə işlədiyi zavod özəlləşdirilərək Qaradağ Sement ATSC-yə çevrilmişdir. Bununla əlaqədar olaraq o, bir cox zavodun işçiləri kimi həmin müəssisənin səhmdarı olmuş və 01 ədəd səhm payı olmuşdur. 1999-cu ilin oktyabr ayından etibarən İsveçrənin “Holderbank” şirkəti zavodda fəaliyyətə başladı. Elə ilk gündən etibarən zavodun işçiləri sıxışdırılmağa başlandı. İlk növbədə Həmkarlar Komitəsinin işinə zərbə vuruldu. Nümayəndələri olan Ağaməmməd Zalova iclaslarda iştirak etmək qadağan oldu. Zavoda yeni təyin olunmuş həmkarlar komitəsinin sədri X2 tərəfindən məlumat verildi ki, verilmiş səhmlərin gələcəyi yoxdur, onlar qiymətdən düşərək batıb gedəcək və belə olan vəziyyətdə səhmləri yalnız Səmdar Cəmiyyətin rəhbərliyinə və onların müəyyən etdiyi qiymətə satmaq olar. Həmin vaxtlarda kütləvi şəkildə işdən çıxarmağa başladılar. İşsiz qalmış səhmdarlar zavod nümayəndəsinin sözlərinə inanaraq əllərində olanı da qorxusu altında çarəsiz qalıb səhmlərini Səhmdar Cəmiyyətin qoyduğu şərtlərlə satmağa başladılar. Həmkarlıq Komitəsinin sədri Ə.Ələkbərov latın qrafikasında yazılan mətnləri oxuya bilmədiyindən sui-istifadə etmişdir. Əslində isə həmin səhmlər paketinin nominal dəyəri 3360 manat təşkil edir. Göstərilən səhmlərdən gələn gəlir bir ildə təqribən 4000 manat təşkil edir və getdikcə artmaqdadır. Göründüyü kimi Səhmdar Cəmiyyətin üzvləri həmin səhmlərin gəlir gətirəcəyini bilərək səhmdarları aldatmaqla onların sahib olduğu səhmləri bu yolla ələ keçirmişlər.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4843/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi, İddiaçı özünə aid olan səhmləri alqı-satqı müqaviləsi əsasında "xxxx" Sement ATSC-yə (indiki “Holcim (Azərbaycan)” ASC) satmışdır. Qeyd edilmiş alqı-satqı müqaviləsi də, iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal-hazırda da, qüvvədədir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyildir. Ona görə də, iddia təmin edilə bilməz.
6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə işə baxılarkən AR MM-in 157-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin məhkəmə baxışı zamanı işə tam, hətrəfəli və obyektiv baxılmadığından məcəllənin tələbi nəzərə alınmamışdır. Həmin Məcəllənin 157.5-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası MM-in 567-ci maddəsinə istinad etmişdir. Halbuki, iddiaçı işdə olan xx.xx.2001-ci il tarixli 1633 nömrəli qiymətli kağızların alqı-satqısı haqqında müqavildən xəbərsiz olduğunu, imzasının saxtalaşdırıldığını bildirmişdir. Qeyd edilən müqavilə məhkəmə baxışı zamanı aşkar edilmişdir. İddiaçı da imzasına bu müqavilədə “alıcı” kimi göstərilmiş Şahid tərəfindən saxtalaşdırıldığını bildirmiş və göstərmişdir ki, o heç bir zaman 186 səhmlər etibarnamə əsasında Şahid satmamışdır. 186 səhmdar İddiaçı etibarnamə verməmişdir və bu barədə ona aid imza (imzalar) saxtalaşdırılmışdır. İddiaçı ümumiyyətlə latın qrafasında yazıb oxumağı bacarmır. Kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmə bu tələbə hüquqi qiymət verməmişdir. Məhkəmə istinad etdiyi xx.xx.2001-ci il tarixli 1633 saylı müqaviləni hansı şəraitdə və necə tərtib edildiyinə həmin müavilə bağlanarkən qanunvericilik qaydasında alqı-satqı müqaviləsini ehtiva edən maddi normalara əməl edilib-edilməməsinə hüquqi qiymət verilməmişdir. Məhkəmə işə baxarkən AR MPM-in 53-cü maddəsinin tələbini pozmuşdur. Həmin maddədə iddianın dəyişdirilməsindən bəhs edilir. Lakin işə baxılarkən iddiaçının mülkiyyət hüquqlarının məhz "xxxx" Sement ATSC-nin adından çıxış edən Şahid Mirzəağa oğlku tərəfindən pozulduğu nəzərə alınmamışdır. İddiaçı hesab etmişdir ki, onun səhmi ASC-yə verildiyindən ondan tələb edilməlidir. Çünki mübahisənin əsil mahiyətini açan xx.xx.2001-ci il tarixli 1633 nömrəli müqavilədən iddiaçı tam xəbərsiz olmuş və 186 səhmi etibarnamə əsasında “alıcı” hesab edilən Şahid Mirzəağa oğluna satmamışdır. Belə olan halda iddiaçı MM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəyişdirilməsini irəli sürə bilərdi. Belə ki, həmin maddədə göstərilir ki, “Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcminin artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın” Bundan başqa MPM-in 54-cü maddəsində əsl olmayan tərəfin əvəz edilməsi göstərilmişdir.Həmin maddənin məzmununa görə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsində göstərilir ki, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İşin faktiki halları göstərir ki, işə baxarkən qanunvericiliyin bu tələblərindən istifadə edilməsi üçün iddiaçıya hüquqi yardım göstərilməmişdir. İşin faktiki hallarına istinad edərək hesab edir ki, hakim işə baxarkən Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və hüquqi qiymət verilməmişdir. Belə ki, işin halları göstərir ki, işə obyektiv, hərtəfəli və tam şəkildə baxılıb ədalətli qərar qəbul edilməsini nəsası kimi sənədlərdə, xüsusilə, məhkəmə gedişində aşkar edilmiş Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində saxlanılan xx.xx.2001-ci il tarixli 1633 nömrəli qiymətli kağızların alqı-satqısı haqqında müqavilədəki imzaların həqiqiliyinin yoxlanılmasıdır. Bu məqsədlə ekspertiza keçirilməmişdir və cavabdehin özünü qanundan üstün tutması, qanuni göstəriş və tələblərə əməledilməməsi məhkəmə tərəfindən araşdırılıb hüquqi qiymət verilməmiş və yalnız cavaderhin gətirdiyi əsassız arqumentinə istinad edilmişdir. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan halları sübut etməmiş, səhmlərin alınmasını və müvafiq müqavilədə “alıcı” kimi göstərilmiş və hazırda cavabdeh təşkilatda işləyən Şahid Mirzəağa oğlunun məhkəmədə iştirakı təmin edilməmişdir. Halbuki iddia ərizəsində səhmdarların mülkiyyət hüququnun pozulmasının bilavasitə təşkilatçısı olmuş Şahid adı göstərilmişdir. Məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Belə ki, yuxarıda qeyd edilmiş xx.xx.2001-ci il tarixli 1633 nömrəli qiymətli kağızların alqı-satqısı haqqında müqaviləyə hüquqi qiymət verilməmişdir. Həmin müqavilə də satışı kimi göstərilmiş iş üzrə İddiaçı İİİ qrup əlil olmaqla latın qrafikasında yazıboxumağı bilmir, habelə bu müqavilənin saxta olduğunu və müqaviləyə imza etmədiyini, habelə 186 səhmin ona etibar edilməsinin absurd fikir olmaqla inandırıcı olmadığını göstərmişdir. Həmin müqavilənin notarial qaydada təsdiq edilməməsi şübhələr doğurur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4843/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı “Holcim (Azərbaycan)” ASC-yə qarşı “səhmlərin geri qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İddiaçı qeyd edir ki, o, vaxtilə şirkətin səhmdarı olmuşdur və daha sonra özünə məxsus səhmləri satmışdır. Qanunvericiliyə əsasən səhmlər səhmdarın mülkiyyətidir, o, öz səhmlərini istədiyi qiymət müqabilində satmaq hüququna malikdir. Səhmlərin satılmasına və səhmlərin qiymətinin müəyyən edilməsinə şirkət müdaxilə etmir. Buna görə də, cavabdeh iddiaçının səhmlərini almamış, iddiaçının bu barədə iddia ərziəsində qeyd olunanlar əsaslı sübutlarla təsdiq olunmur.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. - 99.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. -337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. -337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. - 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, qiymətli kağızların alqısatqısı” haqqında 06 dekabr 2001-ci il tarixli, 1633 nömrəli müqaviləyə əsasən "xxxx" Sement ATSC-nin (indiki Holcim ASC) üzrə 186 ədəd səhmi İddiaçı tərəfindən "xxxx" Sement ATSC-yə satılmışdır. Hazırda iddiaçı ona məxsus olan səhmləri satarkən Şahid Mirzəağa oğlu tərəfindən aldadıldığını, ona divident veriləcəyinin bildirildiyini, latın qrafikasında oxuya bilmədiyindən imzaladığı müqavilənin məzmununu başa düşmədiyini əsas göstərərək, ona məxsus olmuş səhmləri geri tələb edir.
17. Kollegiya əvvəla qeyd edir ki, mülkiyyət hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (əşyanın qaytarılması, əşyaya mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və s) cavabdehin adına müvafiq qeydiyyatın aparılması üçün əsas olmuş əqdin etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılmalıdır. Əks yanaşma, eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan sui-istifadə edilməsinə rəvac verər, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olardı.
18. Hazırkı halda iddiaçı səhmlərin geri qaytarılması barədə iddiasının faktiki əsası kimi cavabdeh ilə aralarında səhmlərin alqı-satqı müqaviləsi bağlanarkən aldadılmasına, yəni tərəflər arasında bağlanmış müqavilənin etibarsız olmasına istinad etmiş, bununla da iddiaçı belə bir tələb irəli sürməsə də, faktiki olaraq alqı-satqı müqaviləsinin etibarlılığını mübahisələndirmişdir. Bununla bağlı əvvəla qeyd edilməlidir ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas qismində istinad etdiyi faktiki halları, yəni mübahisəli əqddə qarşı tərəfi təmsil edən şəxs olmuş Ələsgər Ələkbərov tərəfindən aldadıldığını sübuta yetirə bilməmişdir.
19. İkincisi, mübahisəli əqdin aldatma nəticəsində bağlanması fərz edilsə belə, iddiaçı hazırkı iddianı müqavilə bağlandığı və belə olan halda hüquqlarının pozulmasını bilməli olduğu vaxtdan 23 il sonra qaldırmaqla mübahisələndirilən əqdlərin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürmüşdür.
20. Üçüncüsü, məhkəmə kollegiyası alqı-satqı müqaviləsindəki imzanın onun tərəfindən icra edilməməsi və alqı-satqı müqaviləsindən məlumatlı olmaması barədə iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, əvvəla, yuxarıda da qeyd edildiyi kimi iddiaçı iddia ərizəsində tələbinin faktiki əsası kimi ona məxsus olmuş səhmlərə dair ATSC ilə aralarında alqı-satqı müqaviləsinin bağlanması zamanı aldadılmasına istinad etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin iclas protokollarından da göründüyü kimi iddiaçı tərəf məhkəmədə verdiyi izahatında da dəfələrlə (o cümlədən Milli Depozit Mərkəzinə cavab məktubu alındıqdan sonra) ona məxsus olmuş səhmlərin tərəfindən satılmasını, səhmlərə görə pul almasını təsdiq etmiş, lakin latin qrafikasında oxuya bilmədiyindən müqavilənin məzmununu başa düşməməsini, müqavilə bağlanarkən ona divident veriləcəyinin vəd edilməsini, yəni mübahisəli müqaviləni bağlayarkən aldadılmasını bildirmişdir.
21. Bununla bağlı qeyd edilməlidir ki, anqlo-sakson (ümumi) hüququndan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
22. Odur ki, iddiaçının iddia ərizəsində ilkin olaraq ona məxsus olmuş səhmlərə dair ATSC ilə aralarında alqı-satqı müqaviləsinin bağlanması zamanı aldadılmasına istinad etdiyi halda apellyasiya şikayətində müqavilənin bağlanması faktını ümumiyyətlə inkar etməsi və müqavilədəki imzanın həqiqiliyini mübahisələndirməsi estoppel prinsipi ilə uzlaşmayan ziddiyyətli davranış kimi qiymətləndirilməlidir.
23. Birinci instansiya məhkəməsi tərəfindən MPM-in 53-54-cü maddələrində nəzərdə tutulmuş prosessual hüquqlarının həyata keçirilməsi, yəni Ələsgər Ələkbərovun cavabdeh qismində işə cəlb edilməsi üçün şərait yaradılmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının qaytarılmasını tələb etdiyi səhmlər mübahisəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılmış, iddiaçının hazırda cavabdeh qismində işə cəlb edilməli olmasını iddia etdiyi Ələsgər Ələkbərov isə həmin müqavilənin bağlanması zamanı cavabdehi təmsil etmiş, yəni mübahisəli müqavilə üzrə tərəf olmamışdır. Odur ki, iddianın Ələsgər Ələkbərova qarşı yönəldilməli olması, lakin məhkəmənin iddiaçı tərəfə yardım göstərməməsi səbəbindən həmin şəxsin cavabdeh qismində işə cəlb edilməməsi barədə iddiaçının dəlilləri də əsassız olmaqla qətnamənin ləğvi üçün əsas vermir.
24. Odur ki, kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-4843/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov