Məhkəmə qərarları › İş №2-2(103)-264/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-264/2023

15.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-264/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçı barəsində (**********00000 abonent koduna) hesablanmış 38451,10 manat borcun silinməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-6304/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2022-ci il tarixli, AMX-3007/22 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, cavabdeh iddiaçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər.

2. xx.xx.2022-ci il tarixli ******* saylı və ******* saylı “Qaz sayğacı”nın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Salyan rayonunda yerləşən, iddiaçıya məxsus obyektdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın işləməməsi müəyyən edilərək, sayğac xəttən açılmış, Dövlət yoxlamasına göndərilmiş və müvəqqəti olaraq G400 markalı 80102837 nömrəli sayğac ilə qaz xətti bərpa olunmuşdur.

3. xx.xx.2022-ci il tarixli SS seriyalı 29/1640-01699 saylı “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktın surətindən görünür ki, Dövlət yoxlamasına aparılmış iddiaçıya məxsus qaz xəttinə quraşdırılmış G400 markalı 80081092 nömrəli turbin tipli “ELSTER” qaz sayğacı xx.xx.2022-ci il tarixində xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində ötürücü mexanizmin sıradan çıxması, hesablayıcı mexanizmin işləməməsi aşkar olunmuşdur.

4. 52001034 nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” Aktın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 174778 kub.metr müəyyən edilmişdir.

5. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2022-ci ilin avqust ayına 38451,16 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçı barəsində (**********00000 abonent koduna) hesablanmış 38451.10 manat cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* və ******* saylı akt tərtib edilmişdir. Həmin aktlar əsasında iddiaçının sayğacı cavabdeh tərəfindən çıxarılaraq götürülmüşdür. Bundan sonra cavabdeh tərəfindən qanusuz və əsassız olaraq guya cavabdeh tərəfindən 174778 kub.metr qazın sərf edildiyi hesablanmış və nəticədə iddiaçıya 38451,10 manat (174778*0.22) məbləğində cərimə hesablanmışdır. Belə ki, cavabdeh SOCAR**********31791640X01699 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Salyan rayon xidmət sahəsinin iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G400 markalı, 80081092 nömrəli trubin tipli “Elster” qaz sayğacı xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasında sayğacın yoxlanılması haqqında SS seriyalı 29/1640-01699 saylı akt tərtib edilmişdir. Adıçəkilən aktda yoxlamanın nəticəsi olaraq ötürücü mexanizmin sıradan çıxması hesablayıcı mexanizmin işləməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamağın mümkün olmadığı qeyd edilmişdir. Daha sonra cavabdeh tərəfindən guya iddiaçı tərəfindən 174778 kub.metr qazın sərf edildiyi qənaətinə gələrək iddiaçı 38451.10 manat cərimə edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən iddiaçıda aparılmış yoxlamalar qanunsuz və əsassız olduğundan həmin yoxlamalar nəticəsində hesablanmış 38451,10 manat məbləğində cərimə də qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıda aparılmış yoxlamanın özü qanunsuz şəkildə aparılmışdır. Yəni cavabdeh tərəfindən aparılmış yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Cavabdeh tərəfindən aparılmış yoxlamalar nəticəsində əsassız olaraq hesablanmış cərimə məbləğinin silinməsi ilə bağlı cavabdehə pretenzya məktubu ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən ünvanlanmış məktuba hər hansı formada cavab verilməmişdir. Bundan sonra mübahisənin məhkəmədən kənar Mediasiya prosesi tətbiq edilməklə həll edilməsinə dair cavabdehə mediasiya təklifi göndərilməsinə baxmayaraq, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Odur ki, hazırda mübahisənin məhkəmə yolu ilə həll edilməsi məqsədi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

8. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh SOCAR**********31791640X01699 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Salyan rayon xidmət sahəsinin iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G400 markalı, 80081092 nömrəli trubin tipli “Elster” qaz sayğacı xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmış, 05 avqust 2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasında sayğacın yoxlanılması haqqında SS seriyalı 29/1640-01699 saylı akt tərtib edilmişdir. Sayğacı laboratoriyaya göndərdiyi zaman iddiaçı tərəfindən 174778 kub.metr qazın sərf edildiyi müəyyən olunmuşdur. Sayğacın mexanikası ilə elektron hissəsində ziddiyyət olub, elektron hissə işləmədiyi üçün elektron hissə ilə mexaniki hissə fərqi hesablanmışdır. Hesab edir ki, iddiaçıya hesablanmış borc qanuni olaraq hesablanmış borcdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6304/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir.

10. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasına aparılmış, sayğaca baxış keçirilmiş və yoxlamanın nəticəsində ötürücü mexanizmin sıradan çıxması, hesablayıcı mexanizmin işləməməsi aşkar olunaraq xx.xx.2022-ci il tarixli SS seriyalı 29/1640-01699 saylı Qeyriəhali qaz sayğacının yoxlanması haqqında akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyan 174778 kub.metr müəyyən edilərək, cavabdeh tərəfindən iddiaçıya 38451,16 manat (174778 x 0,22 manat) borc hesablanmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya hesabladığı borc məbləğinin (38451,16 manat) iddiada tələb olunan məbləğdən (38451.10 manat) artıq olması müəyyən olunsa da, verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3- cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6304/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin X3 İstismar İdarəsinin İmişli Xidməti Sahəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının işləmə prinsipində nasazlıqlar olduğu üçün yoxlanılmış və qaz sayğacında olan nasazlığın yerində aradan qaldırılması mümkün olmadığı üçün 08 iyul 2022-ci il tarixində qaz xəttindən çıxarılaraq laboratoriyaya göndərilmişdir və müəssisənin qaz xətti üzərinə müvəqqəti olaraq G-400 markalı, 80102837 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı Cavabdeh İB-nin Meterologiya Departamentində yoxlamadan keçirilmiş və yoxlama zamanı sayğacın ötürücü mexanizminin sıradan çıxması və hesablayıcı mexanizminin işləməməsi, qaz sayğacının arxiv göstəricilərinə əsasən sayğacın 174778 m3 (14699099 m3 – 14051772 m3 =647327 m3 x 0,27 m3 = 174778 m3 x 0,22 manat = 38451,16 manat) qaz sərfini qeydə almaması müəyyən edilmiş və hesabat aparılaraq qüvvədə olan təbii qazın tarif dəyərinə əsasən hesablanaraq 38451,10 manat iddiaçının hesabına işlənmiş və hesablanmış borcun ödənilməsi üçün iddiaçıya elektron qaimə-faktura təqdim edilmişdir. Məhkəmə əsassız olaraq sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, Cavabdeh İB-nin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, sayğacın ötürücü mexanizminin sıradan çıxması və hesablayıcı mexanizminin işləməməsi qeydə alınmayan qaz sərfi arxiv məlumatlarına əsasən hesablanaraq iddiaçının hesabına işlənmişdir. Bakı Kommersiya Məhkəməsi qaz sayğacının ötürücü mexanizminin sıradan çıxması və hesablayıcı mexanizminin işləməməsi səbəbindən qeydə alınmayan qaz sərfinin hesablanmasını nəzərə almamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

15. Tətbiq edilən hüquq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununu: 3-cü maddəsinin 5-ci hissəsi-sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 5-1-ci -qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2- Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 20-ci maddə-müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.2-ci maddəsi- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6304/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının qaz təchizatı sisteminə baxış keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından yoxlama nəticəsində tərtib edilmiş aktın nəticələri etibarsızdır.

19. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2021-ci ildən edilmiş dəyişikliyə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarətin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilməli olduğu qeyd edildiyindən iddiaçının qaz sayğacı qurğusu müayinə edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət edilməsinə ehtiyac olmadığına dair mülahizə əsassızdır.

20. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 6304/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6304/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar