Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-265/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5661/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Şıx” Sanatoriyası Cavabdeh qarşı icarə obyektinin boşaldılması və s. tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Şıx” Sanatoriyasına qarşı qarşılıqlı iddia qaldıraraq, onun qanuni sahibkarlıq fəaliyyətinə maneə ola biləcək hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5661/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi və pretenziya məktubu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfə çatdırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 150.1.4, 150.1.6, 150.2, 152.1.6-ci maddəsinə istinad edərək, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə görə qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 151.3-cü maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Hazırki işin də halları ondan ibarətdir ki, qarşılıqlı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə verilmiş, Bakı Kommersiya Məhkəməsinin həmin ərizənin geri qaytarılması ilə bağlı qərardadı isə 5 gün müddətində deyil, bundan 1 ay 18 gün sonra, yəni 09 dekabr 2022-ci il tarixdə qəbul edilmişdir. Halbuki, qanunvericliyin yuxarıda qeyd olunan tələbinə əsasən məhkəmə qarşılıqlı iddia ərizəsini daxil olmasından yalnız 5 gün müddətində geri qaytara bilərdi. Bundan əlavə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5661/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-265/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-265/2023
31.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver