Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-265/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 hüquqi varisi X3 qarşı kommersiya işi Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 hüquqi varisi X3 qarşı "kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2- 2(113)-2011/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarından görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC (borc alan qismində) arasında bağlanmış 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsinin 1-ci hissəsinə əsasən, borc verən borc alana 12 (on iki) ay müddətində (xx.xx.2022-ci il tarixədək) 17000 (on yeddi min) manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 15 (on beş) % ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3-cü hissəsinə əsasən, Kredit xətti Borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və Borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin Borc verənə təqdim edilməsindən sonra 10 (on) iş günü ərzində Borc verən tərəfindən açılır. Kredit xətti üzrə krediti hər birinin ödəniş müddəti 60 (altmış) gündən çox olmamaqla tranşlarla almaq üçün Borc alan Borc verənə tələb olunan məbləğ göstərilməklə yazılı müraciəti və "xxxx" MMC, "xxxx" MMC-yə verilən invoys sənədlərini təqdim edir. Bu Müqavilə üzrə kredit xəttinin 10 000 (on min) manat məbləğində olan hissəsi "xxxx" MMC-yə təqdim edilən və 7 000 (yeddi min) manat məbləğində olan hissəsi "xxxx" MMC-yə təqdim edilən invoys sənədləri üzrə istifadə edilir.
3. Öhdəliyin təminatı olaraq "xxxx" ASC (Bank qismində) ilə Cavabdeh2 (Zamin qismində) arasında 29 aprel 2021-ci il tarixli 0430/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
4. xx.xx.2021-ci il tarixli 005 nömrəli ərizədən görünür ki, "xxxx" MMC iddiaçıya müraciət edərək "xxxx" MMC-yə təqdim edilmiş EBBC 561432 seriya və nömrəli elektron qaimə üzrə ƏDV-siz məbləği təşkil edən 4559,2 manat məbləğdən 4000 manatlıq hissənin maliyyələşdirilməsini, müqavilə üzrə ödənilmə şərtinin 30 gün + 30 gün olmaqla xx.xx.2021-ci il tarixinədək olmasını xahiş etmişdir.
5. xx.xx.2023-cü il tarixə olan maliyyə arayışından görünür ki, ödənilmiş – əsas borc 803,31 manat, faizlər 216,5 manat, cərimə faizi 338,16 manat, ödənilməmiş – əsas borc 3196,69 manat, müqavilə müddətinə faizlər (15%) 0 manat, müqavilə müddətindən sonra faizlər (5%) 127,87 manat, cərimə faizi isə 383,61 manat təşkil edir.
6. 29 mart 2023-cü il tarixli 334960 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
7. 26 sentyabr 2023-cü il tarixli 2V-661 və 2V-662 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6365 ünvanında yerləşən ümumi sahəsi 215.6 kv.m olan bağ evi və yerləşdiyi 0,12 ha torpaq sahəsi və XTK**********1018 ban nömrəli, ******* mühərrik nömrəli, 10TL931 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras əmlakların üzərində X2 tam pay almaq hüququ tanınmışdır.
8. 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən, Borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün Müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə Borc verən tərəfindən Borc alana penya hesablana bilər.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3196,69 manat əsas borc, müqavilə müddətindən sonra illik 5 faizlə hesablanmaqla 127,87 manat və 383,6 manat cərimə məbləği olmaqla ümumilikdə 3708,17 manat məbləğində pulun və 60 manat mediasiya xərcinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 0430/K nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə invoysların maliyyələşdirilməsi elan edilmiş hesab faktura üzrə debitor borcların ödənişi məqsədilə kredit xəttindən istifadəyə görə 15% ödəmək şərtilə 12 ay müddətində 17000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Həmçinin kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh2 ilə iddiaçının Sabunçu filialı arasında 0430/Z nömrəli xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etməyinə baxmayaraq, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlərə 0430/K nömrəli xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsi üzrə borcun qaytarılması haqqında poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixli 22- 22622/222 saylı bildiriş, eyni zamanda həm poçt, həm də elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixli 6-2-22/2-2593/2023 saylı bildiriş göndərilərək xəbərdarlıq edilsə də, öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edilmiş, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi haqqında protokol verilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraat Cavabdeh2 hüquq varisi müəyyən olunanadək dayandırılmış, iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığı üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2011/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş, daha sonra X4 Cavabdeh2 prosessual hüquqi varisi qismində işə cəlb olunmuşdur.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, 0430/K saylı kredit müqaviləsi üzrə 2856 (iki min səkkiz yüz əlli altı) manat 89 (səksən doqquz) qəpik əsas borc, əsas borca illik 5%-lə hesablanmaqla 114 (yüz on dörd) manat 28 (iyirmi səkkiz) qəpik faiz borcu, 150 (yüz əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 3121 (üç min yüz iyirmi bir) manat 17 (on yeddi) qəpik məbləğində pul cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 prosessual hüquqi varisi X1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli 9/4385 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 0430/K nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 4000 manat, xx.xx.2023-cü il tarixə əsas borc 2856,89 manat, faiz borcu 114,28 manat (5%-lə) təşkil edir, cərimə borcu isə müəyyən edilmir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı cavabdehə 12 ay müddətində (xx.xx.2022-ci il tarixədək) 17000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 15% ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, kreditdən təyinatı üzrə istifadə etməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında faktiki kreditlərdən istifadə qaydası hər birinin ödəniş müddəti 60 gündən çox olmamaqla tranşlarla cavabdehin iddiaçıya tələb olunan məbləğ göstərilməklə yazılı müraciəti və "xxxx" MMC, "xxxx" MMC-yə verilən invoys sənədlərini təqdim etməsi, iddiaçının isə həmin invoys sənədini maliyyələşdirməsi formasında olmuşdur. Bu qaydada xx.xx.2021-ci il tarixdə cavabdeh "xxxx" MMC iddiaçıya "xxxx" MMC-yə olan öhdəliyi əsasında EBBC 561432 seriya və nömrəli invoysu təqdim etmiş, həmin invoys üzrə iddiaçı 4000 manat maliyyələşməni tətbiq etmişdir. Cavabdeh kredit məbləğini təşkil edən 4000 manat pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
16. Məhkəmə qeyd etmişdir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2021-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
17. Məhkəmə bildirmişdir ki, icraatın gedişində iddiaçı vəsatət təqdim edərək, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qərardadı ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin bank hesabından çıxarışdan ödəmələr üzrə silinmələrin bank tərəfindən “Loan principial repayment” – əsas borc və “Loan interest repayment” – faiz borcu üzrə aparıldığı görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4385 nömrəli ekspertiza rəyindən də görünür ki, hesabdan çıxarış məlumatlarından cərimənin hesablanması təsdiq olunmur. İddiaçının nümayəndəsinin qeyd etdiyi tarixlərdə aparılan silinmələrə nəzər salanda aydın olur ki, həmin silinmələr “Loan interest repayment” – faiz borcu üzrə aparılmışdır. Belə olan halda qeyd olunan məbləğlərin cərimə borcuna silinməsi ilə bağlı iddiaçının bildirdikləri əsassızdır.
18. İş materiallarına əlavə edilmiş sənədlərə və ekspert rəyinə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli 0430/K nömrəli kredit müqaviləsi üzrə borc məbləği 19 iyul 2023-cü il tarixli 9/4385 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmaqla 2856,89 manat əsas borc, 114,28 manat faiz (gecikdirilmiş əsas borca illik 5%-lə) borcu kimi müəyyən edilməlidir.
19. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, 29 aprel 2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsində və zaminlik müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, ayrı-ayrı kreditlər də kredit xətti müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də Cavabdeh2 adıçəkilən kredit xətti müqaviləsi üzrə ayrı-ayrı kreditlər üzrə digər cavabdeh "xxxx" MMC-nin iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyır.
20. Məhkəmə iddianın kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı hissəsində qeyd etmişdir ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyə qədər mərhələsində tələbi cavabsız qoymuşdur. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də xx.xx.2021-ci il tarixli 0430/K nömrəli kredit xətti müqaviləsi verilmiş 4000 manat kredit üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və təkrar mühasibatlıq ekspertizası təyin edilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2023- cü il tarixli ekspert rəyini əsas götürərək iddianı həmin qaydada təmin etmişdir. Baxmayaraq ki, xx.xx.2023-cü il tarixdə (elektron sistem vasitəsilə) iddiaçı tərəfindən vəsatət verilərək təkrar məhkəməmühasibatlıq ekspertizası keçirilməsi xahiş edilsə də, nəzərə alınmamış və rədd edilmişdir. Belə olan halda məhkəmə hesab edilir ki, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etməli və buna münasibətdə qətnamə qəbul etməli idi. Qanunvericiliyə və xx.xx.2021-ci il tarixli 0430/K saylı kredit xətt müqaviləsinin 3.6-cı maddəsinə əsasən borc öhdəliklərinin ödənilməsi ardıcıllığı - cərimə, faiz və əsas borc olmaqla yönəldilməsinə baxmayaraq, ekspert müqavilə və qanunvericilik üzrə silinmə ardıcılıqlarını nəzərə almamışdır. Halbuki məhkəmə iş materialları üzrə sübutlara obyektiv və tam baxdıqdan sonra müvafiq olaraq qiymət verir. Məhkəməyə iddiaçı tərəfindən təkrar mühasibatlıq ekspertizası təyin edilməsi üzrə vəsatət təqdim edilsə də, təmin edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
24. Cavabdehlərə kağız daşıyıcıda göndərilmiş məhkəmə bildirişləri ünvan düzgün olmadığına görə çatmamışdır. F.Rəhmanovanın mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilməsində baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
25. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya) əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya) əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
26. Qətnamə iddiaçı tərəfindən qismən – iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə kredit alana xx.xx.2021-ci il tarixədək 4000 manat kredit verilmiş, həmin kredit öhdəliyi üzrə bocalan tərəfindən cəmi 1357.97 manat ödəniş həyata keçirilmişdir.
29. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında qeyd edilir ki, iddiaçı bu ödənişin 803,31 manatını əsas borc, 216,50 manatını faiz borcu, 338,16 manatını cərimə borcu üzrə silmişdir.
30. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2011/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli 9/4385 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 0430/K nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 4000 manat, xx.xx.2023-cü il tarixə əsas borc 2856,89 manat, faiz borcu 114,28 manat (5%-lə) təşkil edir, cərimə borcu isə müəyyən edilmir.
31. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının apellyasiya şikayəti ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş hesabdan çıxarışda cərimə üzrə tutulmalar olduğu öz əksini tapmamışdır.
32. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, bank tərəfindən cavabdehdən yalnız “Loan interest repayment” – faiz borcu tutulmuş, cərimə borcunun tutulduğu təsdiq edilməmişdir. Buna görə iş üzrə verilmiş ekspert rəyi ilə məhkəmənin razılaşmaması və iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilməsi üçün qanuni əsas yoxdur.
33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2011/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.