Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-266/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan xxxx ASC-nə qarşı “125/14 saylı, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin və ipoteka müqaviləsinin qeydiyyata alınması barədə AA seriyalı, 117602 nömrəli çıxarışın ləğv edilməsi” nə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-189/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim İmran Burcayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 125/14 saylı, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin və ipoteka müqaviləsinin qeydiyyata alınması barədə AA seriyalı, 117602 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC “xxxx” ASC-dən kredit götürülməsi üçün müraciət etmiş və “Toyota Camry minik” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılıq əldə edilmişdir. Qeyd olunan avtomobil ipoteka ilə yüklü edilmiş, bu barədə AA seriyalı, 117602 nömrəli çıxarış alınmışdır. Lakin sonradan kreditin götürülməsindən imtina etdikləri üçün prosedur yekunlaşmamış və bank tərəfindən onlara bildirilmişdir ki, Azərbaycan Respubulikası DİN-nin BDYPİ Qeydiyyat İmtahan Şöbəsinə məktub göndərəcəklər. Lakin bir müddət əvvəl onlara məlum olmuşdur ki, “Toyota Camry minik” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda da ipoteka ilə yüklüdür. Bununla bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək ipoteka müqaviləsinin verilməsini tələb etmişlər. İpoteka müqaviləsi onlarda olmadığı üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ Qeydiyyat İmtahan Şöbəsinə müraciət etsələr də, 5 ildən çox vaxt keçdiyi üçün arxivin yandırıldığı bildirilmişdir. Hazırda kredit müqaviləsi olmadığı, borc olmadığı halda iddiaçıya məxsus nəqliyyat vasitəsi girovda qalmaqdadır. Həmin avtomobilə mülkiyyət hüquqları məhdudlaşdırılmaqla, sərəncam vermək hüquqlarından istifadə edə bilmirlər. Göründüyü kimi tərəflər arasında müqavilə rəsmiləşdirilməmiş və öhdəliklər yaranmamışdır. İddiaçının öhdəliyi olmadığı halda mülkiyyətində olan avtomobil girovdadır. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən 125/14 saylı, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin və ipoteka müqaviləsinin qeydiyyata alınması barədə AA seriyalı, 117602 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-189/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən ləğv prosesində olan xxxx ASC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-189/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin heç bir mötəbər sübuta istinad etmədən iddianı təmin etməsi hüququn təbiətinə və ümumi prinsiplərinə ziddiyyət təşkil edir. Məhkəmə yalnız ehtimallara əsaslanaraq iddianı təmin edərək iş üzrə səhv nəticəyə gəlmiş və bankın mənafeyinə zərər vurmuşdur. Belə ki, iddiaçı iddianın əsasını təşkil edən ipoteka müqaviləsini məhkəməyə təqdim edə bilməmiş, nəticədə işin obyektiv araşdırılmasına əngəl törətmişdir. Qeyd olunan ipoteka müqaviləsi təqdim edilmədiyindən bank tərəfindən də işin mahiyyəti üzrə araşdırılması mümkün olmamışdır. Məhkəmənin, iddiaçının bank qarşısında öhdəliyinin olmadığını əsas gətirərək ipoteka müqaviləsinə xitam verməsi də anlaşılan deyil. Çünki qeyd olunan ipoteka predmeti üçüncü şəxslərin xeyrinə bank qarşısında yüklü edilə bilərdi. Müvafiq ipoteka müqaviləsinin və digər sübutların məhkəməyə təqdim edilməməsi qeyd olunan nüansların araşdırılmasını qeyri-mümkün etmiş və nəticədə məhkəmə səhv nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxılan zaman məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh LPO “xxxx” ASC ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-189/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı 117602 nömrəli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC-yə məxsus “Toyota Camry minik” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil 125/14 saylı, xx xxxxxx 2014- cü il tarixli ipoteka müqaviləsinə əsasən “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı MMC-nin adına hər hansı kredit müqaviləsi mövcud deyildir. İş materiallarından məlum olur ki, İddiaçı MMC Əmanətlərin Sığortalanması Fonduna xx xxxxxxx 2019-cu il tarixli pretenziya məktubu ünvanlayaraq göstərmişdir ki, İddiaçı MMC “xxxx” ASC-dən kredit götürülməsi üçün müraciət etmiş, “Toyota Camry” minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılıq əldə edilmişdir. Qeyd olunan avtomobil ipoteka ilə yüklü edilmiş, bu barədə AA seriyalı, 117602 nömrəli çıxarış alınmışdır. Lakin sonradan kreditin götürülməsindən imtina edildiyi üçün prosedur yekunlaşmamış və bank tərəfindən bildirilmişdir ki, Azərbaycan Respbulikası DİN-nin BDYPİ Qeydiyyat İmtahan Şöbəsinə məktub göndərəcəklər. Lakin bir müddət əvvəl onlara məlum olmuşdur ki, “Toyota Camry minik” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ipoteka ilə yüklüdür. Hazırda kredit müqaviləsi olmadığı, borc olmadığı halda İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsi girovda qalmaqdadır. Mülkiyyət hüquqları məhdudlaşdırılmaqla, sərəncam vermək hüquqlarından istifadə edə bilmirlər. Cavabdehin üzərinə düşən əhdəliyi yerinə yetirməsi, əks halda müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı MMC-yə məxus “Toyota Camry minik” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil 125/14 saylı, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən kredit öhdəliyinin təminatı olaraq “xxxx” ASC-nin qarşısında ipoteka ilə yüklü edilsə də, tərəflər arasında razılaşdırılmış kredit müqaviləsinin bağlandığı və iddiaçıya kredit verildiyi sübut edilmir. Cavabdeh tərəf buna etiraz etsə də İddiaçı MMC-nin “xxxx” ASC-dən kredit götürməsi və ödənilməmiş kredit borcu olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında 125/14 saylı, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsinin bağlandığı sübut edilmədiyindən həmin müqavilənin ləğv edilməli olduğuna dair iddiaçının tələbi əsaslıdır. Hazırda cavabdehin hüquqi mövqeyini məhkəmələrdə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu müdafiə etsə də, iddianın qaldırılmasına əsas olmuş hüquqi münasibətlər İddiaçı MMC ilə “xxxx” ASC arasında bağlanmış 125/14 saylı, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən irəli gəldiyindən iş üzrə cavabdeh qismində LPO xxxx ASC cəlb edilməli idi. Birinci instansiya məhkəməsi iddia tələbinə düzgün hüquqi qiymət versə də, iddia tələbinin əsl olmayan cavabdehə qarşı Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəldiyini nəzərə almamış, əsl olmayan cavabdehi əsl cavabdeh ləğv prosesində olan “xxxx” ASC ilə əvəz etməmişdir. Yol verilmiş bu prosessual pozuntu apellyasiya mərhələsində aradan qaldırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddiaçının razılığı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan “xxxx” ASC ilə əvəz etmişdir. İddianın əsl olmayan cavabdehə qarşı təmin edilməsi məhkəmə qətnaməsinin ləğvinə əsasən verən prosessual pozuntu olduğundan məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 189/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Ləğv prosesində olan xxxx ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-189/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək tərəflər arasında bağlanmış 125/14 saylı xx.xx.2014-cü il tarixli İddiaçı MMC-nin mülkiyyətində olan “Toyota Camry minik” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsi, həmin ipoteka müqaviləsinin dövlət qeydiyyatı və bu qeydiyyat barədə çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-266/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-266/2020
10.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver