Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-266/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı “Azər-Türk Bank" ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" İctimai Birliyi və “Təbib LTD" MMC-yə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-192/2021 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 ASC cavabdehlər Cavabdeh1, "xxxx" İctimai Birliyi və “TƏBİB LTD" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər "xxxx" MMC-dən və "xxxx" İctimai Birliyindən İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 193.064,09 ABŞ dolları əsas, 8222,55 ABŞ dolları faiz, 11611,59 ABŞ dolları əsas borc məbləğinə hesablanmış illik beş faiz, cəmi 212898,23 ABŞ dolları pulun tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X2 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan Əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, ipoteka predmeti açıq hərrac vasitəsilə satılsın və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X2 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-192/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" MMC və "xxxx" İB-dən müştərək qaydada 161.761,54 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu, illik 5% hesablanmaqla 8.088,78 ABŞ dolları məbləğində faiz borcunun "xxxx" ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumunun "xxxx" MMC, "xxxx" İB, Cavabdeh1 Qüdərt oğlundan müştərək qayadada "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 Qüdərt oğlundan, "xxxx" MMC və "xxxx" İBdən müştərək qaydada 25 avqust 2021-ci il tarixli, 9/3803 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manat, 12 fevral 2021-ci il tarixli, 9/5221 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manatın tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə və məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq ödənilməli olan 500 manatın Cavabdeh1 Qüdərt oğlundan, "xxxx" MMC və "xxxx" İB-dən müştərək qayadada tutlaraq Əmlak Ekspert Mərkəzi MMC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X2 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan Əmlak kompleksinə yönəldilməsi, əmlakın açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılsı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması, ipoteka predmetinə tutma yönəldildikdə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X2 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan əmlak kompleksinin likvid dəyərinin əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 2.500.000 manat məbləğində müəyyən edilməsi, daşınmaz əmlakın satışından əldə edilmiş vəsaitin hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-192/2021 nömrəli qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı, kredit hesabından çıxarış və digər zəruri sənədlər təqdim olunmuş, məhkəmə araşdırması zamanı faiz borc məbləği məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən də tam olaraq təsdiqini tapmışdır. Lakin yaranmış mübahisəyə hüquqi qiymət verilməsinə gəldikdə məhkəmə cavabdeh tərəfindən çıxış edərək məhkəməyə ayrı ayrı baxış iclaslarında iki dəfə təqdim olunmuş tələb artırma ərizələrini nəzərə almayaraq bankın tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin etsə də, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin etsə də, sadəcə ilkin 12 fevral 2021-ci il tarixli, 9/5221 saylı ekspertin rəyində olan məbləğə istinad etmişdir və işin məhkəmədə baxıldığı bu uzun müddətli dövr ərzində artan faizlərə görə verilən tələb artırma ərizələrini nəzərə almamışdır. Hazırda mübahisələndirilən qətnamədən də aydın olur ki, məhkəmə öz qətnaməsini səhvən 12 fevral 2021-ci il tarixli, 9/5221 saylı ekspert rəyinin ekspert rəyinin üzərində qurmuşdur. Lakin 25 avqust 2021-ci il tarixli, 9/3803 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 204.384,94 ABŞ dolları təşkil edir. Beləliklə, 25 avqust 2021- ci il tarixli ekspert rəyi Bankın son iddia tələbi ilə üstüstə düşdüyündən görünür ki, Bank tərəfindən kredit borcunun hesablanması düzgün hesablanıb. Məhkəmə əsas borcun 12 fevral 2021-ci il tarixli, 9/5221 saylı ekspert rəyinə istinad edərək 161.761,54 ABŞ dolları olduğu qənaətinə gəlsə də, təkrar mühasibatlıq ekspertizası əsasında 25 avqust 2021-ci il tarixli, 9/3803 saylı eksert rəyində xx.xx.2021-ci il tarixə olan əsas borcun 204.384,94 ABŞ dolları təşkil edilməsi barədə ekspertin gəldiyi nəticəsinin düzgün olmamasını qətnamədə əsaslandırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.Cavadov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş edi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehlər "xxxx" İctimai Birliyi və “Təbib LTD" MMC-yə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “Azər-Türk Bank" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-192/2021 saylı qətnaməsi qismən- kredit borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdehlər "xxxx" MMC və "xxxx" İB-dən müştərək qaydada iddiaçı “Azər-Türk Bank" ASC-nin xeyrinə 193064,09 ABŞ dolları əsas borc, 11611,59 ABŞ dolları illik 5% ilə faiz borcu tutulmalı, iddia kredit borcunun tutulmasına dair qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə kredit borcunun (əsas və faiz borcunun) tutulması hissəsində hissəsində mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin Yasamal Filialı ilə “borcalan” Cavabdeh3 LTD MMC arasında imzalanmış 28 avqust 2015-ci il tarixli №1 kredit müqaviləsinə əsasən bank borcalana dövriyyə vəsaiti olaraq 24 ay müddətinə nağd və qeyri-nağd şəkildə istifadə olunmaqla 600.000 ABŞ dolları məbləğində və ya bu miqdara ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açmışdır. Kredit müqaviləsinə xx.xx.2018-ci il tarixdə edilmiş 2 saylı əlavəyə əsasən həmin tarixə olan qalıq borcun məbləğinin 352711,61 ABŞ dolları olduğu müəyyən edilmiş və müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmaqla həmin əlavə əsasında yeni ödəniş qrafiki müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən "xxxx" İB borcalan tərəfindən 352711,61 ABŞ dolları borcun, ona hesablanmış faizlərin, xərclərin ödənilməsinə müştərək qaydada məsuliyyət daşıdığına dair zəmanət vermişdir. İşdəki xx.xx.2017-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X2 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin və ipotekaya tutma yönəldilməsi barədə bildirişin dövlət reyestrində qeydə alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi təyin edilmiş, "xxxx" MMC-nin ekspert rəyinə əsasən əmlak kompleksinin likvid dəyəri 2.500.000 manat müəyyən edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən kredit borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizaları keçirilmiş, hər iki ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2021-ci il tarixli, 9/5221 saylı rəyinə əsasən, xx.xx.2015-ci il tarixli, 01 saylı kredit xətti müqaviləsi, həmin müqavilə üzrə 01 və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla Cavabdeh3 LTD MMC-nin xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 171.521,15 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 173.354,46 ABŞ dolları məbləğində müəyyən edilmişdir (xx.xx.2020-ci il tarixə əsas borc üzrə 161.761,54 ABŞ dolları, faiz borcu üzrə 9.759,61 ABŞ dolları. xx.xx.2020-ci il tarixə əsas borc üzrə 161.761,54 ABŞ dolları, faiz borcu üzrə 11.592,91 ABŞ dolları). Eyni zamanda iş üzrə əlavə məhkəmə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2021-ci il tarixli, 9/3803 saylı rəyinə əsasən, Cavabdeh3 LTD MMC-nin xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 222.736,64 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 207.024,91 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixə (qərardadın tarixinə) banka olan əsas və faiz borcu 205.515,14 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən, xx.xx.2020- ci il tarixə əsas borc üzrə 210.062,85 ABŞ dolları, faiz borcu üzrə 12.673,79 ABŞ dolları (illik 12%-lə). xx.xx.2021-ci il tarixə əsas borc üzrə 204.384,94 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 12%lə), faiz borcu üzrə 2.639,97 ABŞ dolları (illik 5%-lə). xx.xx.2021- ci il tarixə əsas borc üzrə 204.384,94 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 1.130,20 ABŞ dolları (illik 5%-lə). 01 saylı kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci şərti üzrə. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 LTD MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair kredit hesabatından çıxarış, cari hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, 01 saylı kredit xətti müqaviləsi, həmin müqavilə üzrə 01 və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla müqavilə dövründə razılaşdırılmış faiz dərəcəsi ilə, müqavilə müddətindən sonra illik 5%-lə hesablanmaqla Cavabdeh3 LTD MMC-nin xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 171.521,15 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 154.427,61 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixə (qərardadın tarixinə) banka olan əsas və faiz borcu 152.614,91 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2020-ci il tarixə: əsas borc üzrə 161.761,54 ABŞ dolları, faiz borcu üzrə 9.759,61 ABŞ dolları (illik 12%-lə). xx.xx.2021-ci il tarixə: əsas borc üzrə 152.458,35 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik12%-lə), faiz borcu üzrə 1.969,25 ABŞ dolları (illik 5%-lə). xx.xx.2021-ci il tarixə: əsas borc üzrə 152.445,53 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 169,38 ABŞ dolları (illik 5%-lə). Kredit müqaviləsinin 2.2-ci bəndində qeyd edilmişdir ki, kreditdən istifadəyə görə müddətli ssudalar üzrə illik 14 faiz ödənilməsini borcalan öhdəsinə götürmüşdür. Faizlərin ödənilmə müddəti hər ayın sonuncu iş günü və ya istifadə edilmiş kredit məbləğinin faktiki bağlanma günü. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə 2 saylı Əlavə üzrə tərtib edilmiş ödəniş qrafiki ilə faizlərin hər ayın 28-də ödənilməsi və aylıq ödənilməli olan faiz məbləği razılaşdırıldığından müəyyən olunur ki, tərəflərin iradə ifadəsi faizlərin ödənişinin kredit müqaviləsinin 2.2.-ci bəndində nəzərdə tutulmuş qaydada deyil, aralarında imzalanmış qrafik üzrə həyata keçirilməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Birinci instansiya məhkəməsi cavabdehlərdən tutulmalı olan əsas borc məbləğini müəyyən edərkən əlavə ekspertiza rəyini deyil, 12 fevral 2021-ci il tarixli, 9/5221 saylı rəyinə ekspert rəyini nəzərə almış, lakin hakimin hansı səbəbdən əlavə ekspertizanın rəyi ilə razılaşmadığı və əvvəlki rəyin əsas götürüldüyü, əgər 12 fevral 2021-ci il tarixli ekespert rəyi ilə razılaşmışdısa hansı səbəbdən iş üzrə əlavə ekspertiza təyin edildiyi qətnamədə əsaslandırılmamışdır. Ekspert rəyi də sübutlardan biri olduğundan prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə hər hansı ekspert rəyi ilə hansı səbəbdən razılaşmadığını əsaslandırmağa borcludur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kredit borcunun tutulması hissəsində iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdehlərin kredit borcunun məbləği müəyyənləşdirilərkən birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspert rəyləri əsas götürülə bilməz. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə tərtib edilmiş sonuncu ödəniş qrafikinə əsasən həmin tarixə olan borc qalığının 352711,61 ABŞ dolları olduğu hər iki tərəfin imzası ilə təsdiq edildiyindən bu hal işin mübahisəsiz halı kimi qəbul edilməli və iş üzrə ekspertiza təyin edilərkən cavabdehlərin həmin tarixdən sonra həyata keçirdikləri ödənişlər nəzərə alınmaqla qeyd edilən qrafik üzrə borc qalığı olubolmadığı müəyyənləşdirilməli idi. Hazırkı halda isə 12 fevral 2021-ci il tarixli ekspert rəyində cavabdehlərin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərə olan qalıq kredit borcunun məbləği 254031,06 ABŞ dolları, 25 avqust 2021-ci il tarixli ekspert rəyində isə xx.xx.2018-ci il tarixə 348534,85 ABŞ dolları, xx.xx.2018-ci il tarixə 346288,82 ABŞ dolları göstərilmişdir ki, bu da işin hallarına uyğun deyil. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsinin vəsatəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2021-ci il tarixli, 9/1807 sayl eksert rəyinə əsasən, 02 saylı əlavə imzalandığı tarixdən həmin əlavəyə əsasən müəyyən edilmiş 352711,61 ABŞ dolları borc qalığı üzrə Cavabdeh3 LTD MMC-nin xx.xx.2020-ci il tarixə (öhdəliyin icra müddəti bitdiyi tarixə) banka olan əsas borcunun 214644,41 ABŞ dolları, faiz borcunun 12950,21 ABŞ dolları olduğu müəyyən edilmişdir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən sonra cavabdeh tərəfindən kredit borcu üzrə 24.146,31 ABŞ dolları ödəniş edilmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Məhkəmə kollegiyası istinad edilən normaları və 13 may 2021-ci il tarixli, 9/1807 sayl ekspert rəyində qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh3 LTD MMC-nin xx.xx.2020-ci il tarixə banka olan əsas borcunun 214 644.41 ABŞ dolları, faiz borcunun 12 950.21 ABŞ dolları olması müəyyən edilərək xx.xx.2020-ci il tarixdən sonra cavabdeh tərəfindən 24.146,31 ABŞ dolları ödəniş edildiyi və həmin məbləğin MM-nin 432.4-cü maddədə nəzərdə tutulmuş qaydada silinməli olduğu nəzərə alınarsa faiz borcunun tam ödənildiyi, əsas borc qalığının isə 203448,31 ABŞ dolları olduğu müəyyən olunur. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı cavabdehlərdən cəmi 193.064,09 ABŞ dolları əsas borcun tutulmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, kreditdən istifadə üçün müqavilə üzrə hesablanmış faiz borcu isə tam ödənildiyindən həmin hissədə iddia rədd edilməlidir. Mülki Məcəllənin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, pul öhdəliyinin icrası gecikdirildiyindən əsas borc məbləğinə illik beş faizlə tələb edilən 11611,59 ABŞ dolları pulun cavabdehlərdən tutulması hissəsində də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3.-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə qeyd edilən normaya əsasən hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən ödənilməli olan 200 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “Azər-Türk Bank" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-192/2021 saylı qətnaməsi qismən- kredit borcunun tutulması hissəsində ləğv edilməli, cavabdehlər "xxxx" MMC və "xxxx" İB-dən müştərək qaydada iddiaçı “Azər- Türk Bank" ASC-nin xeyrinə 193064,09 ABŞ dolları əsas borc, 11611,59 ABŞ dolları illik 5% ilə faiz borcu, cəmi 204675,68 ABŞ dolları tutulmalı, iddia kredit borcunun tutulmasına dair qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “Azər-Türk Bank" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-192/2021 saylı qətnaməsi qismən- kredit borcunun tutulması hissəsində ləğv edilsin. Cavabdehlər "xxxx" MMC və "xxxx" İB-dən müştərək qaydada iddiaçı “Azər-Türk Bank" ASC-nin xeyrinə 193064,09 ABŞ dolları əsas borc, 11611,59 ABŞ dolları illik 5% ilə faiz borcu, cəmi 204675,68 ABŞ dolları tutulsun. İddia kredit borcunun tutulmasına dair qalan hissədə rədd edilsin. İşə apellyasiya qaydasında baxılarkən ödənilməli olan 200 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-266/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-266/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver