Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-268/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3816/2023 nömrəli qərardadından iddiaçı "xxxx" MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MTK Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən hesablanmış 111.359,97 manat məbləğində su borcunun silinməsi, 2011-2022-ci illər ərzində adambaşı 5 m3 hesablamaqla "xxxx" MTKnın Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasına su borcunun yenidən hesablanması, hesablanmış su borcunun 2011-2022-ci illər ərzində "xxxx" MTKnın ödədiyi məbləğlə əvəzləşməsi, "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi və 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin, habelə 62 (altmış iki) manat MTT ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh ASC-dən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3816/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın Cavabdeh ASC-yə qarşı borcun silinməsi, yenidən hesablanması və ödənişlərlə əvəzləşdirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3816/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" MTK-nın Cavabdeh ASC-yə qarşı "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi hissəsində iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı "xxxx" MTK şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli e-2-2(113)-3816/2023 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə uyğun olaraq eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İşin hallarından da görünür ki, hazırkı iş üzrə iddia tələblərindən biri Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsindən ibarətdir, iş üzrə Cavabdeh ASC təbii inhisar subyektdir və hazırkı tələb tərəflər arasında mövcud müqavilə münasibətlərindən irəli gələn mülki xarakterli tələb deyildir. Odur ki, qeyd edilən mübahisə Cavabdeh ASC-nin dövlət tərəfindən ona verilmiş səlahiyyətlər daxilində həyata keçirdiyi publik hüquq sahəsinə aid fəaliyyətindən irəli gəldiyindən bu tələbə kommersiya mübahisəsi kimi baxıla bilməz. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi hissəsində hazırkı mübahisə təbii inhisar subyektinin ümumi (publik) hüquq sahəsindəki hərəkətsizliyindən irəli gəldiyindən həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə iş üzrə icraata xitam verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3816/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-268/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-268/2024
30.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver