Məhkəmə qərarları › İş №2-2(103)-269/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-269/2024

03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-269/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdehnə qarşı cavabdehdən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi, ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması, əldən çıxmış fayda kimi 36000 manat pulun, mənəvi ziyan kimi 10000 manat pulun tutularaq iddiaçılara ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4020/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçılar cavabdehə qarşı cavabdehdən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi, ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması, əldən çıxmış fayda kimi 36000 manat pulun, mənəvi ziyan kimi 10000 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4020/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi və obyektin ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, 3916 (üç min doqquz yüz on altı) manat məbləğində vurulmuş maddi ziyanın əvəzinin Cavabdehndən tutularaq iddiaçılar İddiaçı1 və X2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. İddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4020/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4020/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

5. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı1 adına Xətai rayon İcra hakimiyyəti başçısı tərəfindən xx.xx.2000-ci il tarixli, 424 nömrəli Sərəncam verilmiş və həmin Sərəncamla, Cavanşir küç. 36 saylı ünvanda İddiaçı1 3,5X6 m. ölçüdə yüngül konstruksiyadan ibarət məntəqə quraşdırılmasına icazə verilmişdir. Birinci instansiya məhkəməsi burada yüngül konstruksiyadan ibarət məntəqənin nədən ibarət olmasına ümumiyyətlə qiymət verməmişdir. İş üzrə digər iddiaçı X1 adına tikili ilə bağlı ümumiyyətlə heç bir sənəd mövcud deyildir. Birinci instansiya məhkəməsi X2 münasibətdə iddianı qismən təmin edərkən, yalnız onun digər iddiaçının “əri” statusuna malik olmasını əsas gətirmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Sərəncamla İddiaçı1 köşk və məntəqə fəaliyyətə başladığı tarixdən 10 gün müddətinə MKTB ilə icarə müqaviləsi bağlanılması barədə tapşırıq verilmiş və İddiaçı1 yüngül konstruksiyadan ibarət məntəqə quraşdırılmasına icazə verilsə də, həmin konstruksiyanın yerləşmə koordinatlarının, döngə nöqtələrinin əks olunduğu torpaq ayırma sənədləri məhkəməyə təqdim edilməmişdir. Bundan başqa qeyd edilən Sərəncamın da hazırda qüvvədə olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. İşdə İddiaçı1 qeyd edilən Sərəncamdan başqa, əmlak hüquqlarını təsdiq edən heç bir sənəd mövcud deyildir. Ekspert rəyindən də müəyyən edilir ki, ekspert yerə baxış keçirərkən sənədlərə deyil, iddiaçının sözlərinə əsasən, sonuncunun göstərdiyi yer üzrə tədqiqat aparmışdır. Beləliklə, birinci instansiya məhkəməsi aşağıda göstərilənləri araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 1.Xətai rayon İcra hakimiyyəti başçısı tərəfindən xx.xx.2000-ci il tarixli, 424 nömrəli Sərəncamının hazırda qüvvədə olub-olmaması (Qeyd etməliyik ki, iş üzrə xx.xx.2021-ci il tarixli arxiv arqayışında həmin Sərəncamın arxivdə saxlanıldığı və Sərəncamın digər iddiaçının adına keçirilmədiyi barədə məlumat olmadığı bildirilir); 2.Həmin Sərəncama dair torpaq ayırma sxem və eskiz sənədlərinin, habelə MKTB ilə icarə müqaviləsinin mövcudluğu;3.X9 məhkəmə iclasına dəvət edilərək, iddiaçının qeyd etdiyi yerə baxış zamanı, həmin yerin məhz Cavabdehnə ayrılmış torpaq sahəsinin daxilində yerləşdiyini hansı sənədlər əsasında və necə müəyyən etdiyinin aydınlaşdırlması. Birinci instansiya məhkəməsi iddiaçıların bildirdikləri tikiliyə hüquqlarının mövcudluğunu aydınlaşdırmadan və həmin tikilinin məhz cavabdeh "RS Construction” MMC-nin qanuni istifadəsinə verilmiş ərazidə yerləşməsini təsdiq edən sənədlər olmadan maddi zərərlə bağlı qeyd edilən maddi hüquq normalarının əsassız olaraq tətbiq etmişdir.

6. İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində izah edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Konvensiyasında, Avropa Məhkəməsinin Reqlamentində də mənəvi zərərin kompensasiyası meyarları nəzərdə tutulmur. Buna baxmayaraq, Avropa Məhkəməsi bu zaman “mənəvi zərərin qiymətləndirilməsini ədalət əsasında həyata keçirəcək”, “obyektiv qiymətləndirmənin əsas tutaraq”, “ ədalət prinsipini rəhbər tutaraq” və s. ifadələrdən yararlanır və mənəvi zərər tələblərini təmin edir. Avropa Məhkəməsinin presedent hüququnda, buna həm də fiziki ağrılar aid edilir. “Fiziki ağrılar”a çeşidli ağrılar, qan təziqinin pozulması, boğulma, ürək bulanması və s daxildir. “Mənəvi sarsıntılar”a neqativ emosiyalar, qorxu, alçalmaq, köməksizlik hissi, utanma, təşviş, həyəcan, ümidsizlik və s. aiddir. Nəzərə alınmalıdır ki, iddiaçılar öz qanuni istifadəsində olan qeyri-yaşayış sahəsindən 6-7 ildir ki, məhz cavabdehin qanunsuz hərəkətlərinə əsasən istifadə edə, gəlir götürə bilmirlər. Qeyd edilməlidir ki, cavabdehə tikinti işlərinin aparılmasına dair Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə xx.xx.2021-ci il tarixdə Tİ-54/21 saylı “Obyektin tikintisinə icazə vərəqəsi” ilə verilsə də, iş materiallarına əlavə edilmiş “google earth” proqramı vasitəsilə peykdən çəkilmiş fotoşəkillərdən görünür ki, iddiaçlara məxsus obyekt xx.xx.2021-xx.xx.2021-ci il tarixi aralığından dağdılmışdır. Başqa sözlə, cavabdeh MMC həmin ərazidə tikinti-söküntü işləri apararkən müvafiq icazə almamışdır. Həmçinin ən azından o nəzərə alınmalıdır ki, iddiaçılar ona məxsus obyektdən mülki iş üzrə icraatın birinci instansiya məhkəməsində baxıldığı 2 ildən bir qədər çox müddət ərzində və halhazırda da istifadə edə, ümumiyyətlə daxil ola bilmirlər. Ola bilməz ki, sahibkarlıq məqsədilə inşa edilmiş və istifadə edilmiş obyekt yarasız vəziyyətə salınsın, sahibkar oradan gəlir götürmək imkanlarından məhrum edilsin, lakin bu əldən çıxmış fayda kimi qiymətləndirilməsin. Necə ola bilər ki, Ali Məhkəmə tərəfindən hələ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(011)-1211/2022 saylı qətnaməsi prosessual əsaslarla ləğv edilərkən, məhz iddiaçıların sahibkarlıq fəaliyyəti, obyektin sahibkarlıq məqsədilə tikilməsi önə çəkilərək, iddia tələbinin məhkəmə aidiyyəti kimi kommersiya məhkəməsi kimi müəyyən olunur, lakin kommersiya məhkəməsi sahibkara qəsdən yaradılmış qanunsuz maneəyə görə onun gəlirlərdən məhrum olmasına hüquqi qiymət vermir, yalnız qətnamənin 29-cu bəndində 1 cümlə yazmaqla kifayətlənir?! Eyni zamanda keçən illər ərzində iddiaçlar tərəfindən cavabdehə, aidiyyəti orqanlara dəfələrlə müraciətlər olunmuş, şikayətlər edilmiş, lakin onların gözü qarşısında əmlak dağıdılmışdır. Birinci instansiya məhkəməsi şəxsə maddi ziyan vurlmasını, onlara məxsus əmlakdan istifadəyə bilərəkdən maneə yaradılmasını (qeyd edilən nüanslar məhkəmə tərəfindən bilavasitə yerli müayinə zamanı müəyyən edilmişdir) qəbul edir, qətnaməsində təsdiq edir, lakin bütün bunların şəxsə mənəvi ziyan (neqativ emosiyalar, qorxu, alçalmaq, köməksizlik hissi, utanma, təşviş, həyəcan, ümidsizlik kimi hisslərin yaranması) vurmaması barədə yekun nəticəyə gəlir ki, məhkəmənin bu mövqeyi anlaşılan deyildir. Birinci instansiya məhkəməsi ekspertiza xərclərini (məsrəfi) tərəflər arasında bərabər bölməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıların əmlakları illərdir ki, cavabdeh tərəfindən qanunsuz istismara məruz qalır, mülkiyyətdən maneəsiz istifadə məhdudlaşdırılır, vurulmuş zərərin məbləği müəyyən olunur və zərəri vuran şəxs müəyyən edilir, lakin baxmayaraq ki, iddiaçılar deliktə məruz qalırlar, həmin deliktin müəyyən olunması üçün hesablanmış məhkəmə xərci iddiaçılardan tutulur. Məhkəmə bir tərəfdən iddiaçıların sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasını, maneə yaradılmasını müəyyən edir, bunu qəbul edir, digər tərəfdən həmin sahibkarlıq fəaliyyətinin faktiki olaraq dayandırılması nəticəsində sahiubkara maddi ziyan dəyməsini, onun əldən çıxımış faydalarının olmasının sübut edilmədiyini bildirir. Bu isə işin halları ilə, məhkəmənin gəldiyi nəticənin uyğun olmamasıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

11. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan toppaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarana ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikinti sayılır.

12. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

13. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

14. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

15. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanın və ya yerli özünüidarə orqanın qərarına əsasən, qanunla müəyyən qaydada verilir.

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20-ci maddənin 1-ci bəndinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikinti layihələrinə və eləcə də, yerquruluşutəsərrüfat planlarına müvafiq surətdə istifadə edilməlidir.

17. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafıə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir.

18. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

19. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfinən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri qaytarılır.

20. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, tərəflərin apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, iş materiallarında olan Milli Arxiv İdarəsinin 16 saylı vəkil bürosunun vəkilinə ünvanladığı məktuba əlavə edilmiş Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000ci il tarixli 424 saylı sərəncamından görünür ki, ünvan 1 ünvanında İddiaçı1 müstəsna hal kimi (3,5x6) metr ölçüdə yüngül konstruksiyadan ibarət məntəqə quraşdırılmasına icazə verilməsi qərara alınmışdır.

27. Milli Arxiv İdarəsinin 16 saylı vəkil bürosunun vəkilinə ünvanladığı məktubdan görünür ki, Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 424 saylı sərəncamında və 2000-ci ilə dair digər sərəncamlarda vətəndaş İddiaçı1 ayrılmış məntəqənin vətəndaş X1 adına keçməsi barədə heç bir məlumat yoxdur.

28. İcraçı Bakı şəhər Ticarət və Xidmət Departamentinin sədri R.Hacıyev ilə sifarişçi X3 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, sifarişçinin yazılı müraciətinə əsasən icraçı etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı fəaliyyətinə xüsusi razılıq verilməsi üçün vacib olan sənədlərin hazırlanması üzrə xidmətlər göstərir. Sifarişçi isə satış fəaliyyətinə xüsusi razılıq alınması üçün nəzərdə tutulmuş sənədləri icraçıya təqdim edir.

29. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli N015162 saylı lisenziyadan görünür ki, X6 5 il müddətinə lisenziya verilmişdir.

30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri. Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsi, torpaq sahəsinin üzərində "RS Construction” MMC-nin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli N Tİ-54/21 saylı Obyektin Tikintisinə İcazə vərəqindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "RS Construction” MMC-nə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində tikinti işlərinin aparılmasına icazə verilmişdir.

32. Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli 10/2501 saylı rəyindən görünür ki, "RS Construction” MMC tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri nəticəsində ərazi hasarladığından həmin ünvanda yerləşən İddiaçı1 sahibliyində olan qeyri-yaşayış obyektinin giriş-çıxışına maneənin yaradıldığı müəyyən edilir. İddiaçı1 sahibliyində olan qeyri- yaşayış obyektinin girişçıxışına maneənin aradan qaldırılması üçün "Rs Construction” MMC tərəfindən aparılan tikinti işləri saxlanılmalı və əraziyə çəkilən hasar sökülməlidir. İddiaçı1 sahibliyində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmirtikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3916 manat məbləğində müəyyən edilir.

33. Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli 10/3148 saylı rəyinin nəticə hissəsində Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin 424 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanında tikintisinə icazə verilmiş və İddiaçı1 sahibliyində olan baxış zamanı təqdim olunmuş qeyri-yaşayış sahəsinin (obyekt) bütünlüklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən "RS Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına istifadə hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsi/torpaq sahəsi ünvanında yerləşən 1,2273 ha torpaq sahəsinin sərhədləri (koordinatları) daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin rəyin nəticə hissəsində Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin 424 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanında tikintisinə icazə verilmiş və İddiaçı1 sahibliyində olan baxış zamanı təqdim olunan qeyriyaşayış sahəsinin ünvan 1 saylı evin yaxınlığında məntəqənin Xətai İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmiş yerləşmə cizgisində (1-ci cild, səh.171) qeyd olunan ərazidə tikilməsi müəyyən edilmişdir.

34. İşin müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı1 ünvan 5 ünvanında Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 424 saylı sərəncamına əsasən, müstəsna hal kimi (3,5x6) metr ölçüdə yüngül konstruksiyadan ibarət məntəqə quraşdırılmasına icazə verilmişdir. İddiaçılar İddiaçı1 ilə İddiaçı2 ər-arvaddırlar və onlar göstərilən ərazidə tərəflərindən inşa edilmiş obyekti ərzaq mağazası olaraq istifadə etmişlər. Həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən cavabdeh "RS Construction” MMC-yə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. 2019-cu ildə mübahisəli ərazi cavabdehin mülkiyyətinə keçmişdir. 3 il əvvəl cavabdeh ərazidə tikintiyə başlamışdır. Bundan sonra tərəflər arasında mübahisə yaranmışdır.

35. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatları ilə müəyyən edilmişdir ki, cavabdeh "RS Construction” MMC tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri nəticəsində ərazi hasarladığından həmin ünvanda yerləşən İddiaçı1 sahibliyində olan qeyri-yaşayış obyektinin giriş-çıxışına maneə yaradılmış və qeyri-yaşayış obyektinin giriş-çıxışına maneənin aradan qaldırılması üçün "RS Construction” MMC tərəfindən aparılan tikinti işləri saxlanılmalı və əraziyə çəkilən hasar sökülməlidir.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X7rşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.

37. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” şikayət iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında “sosial kirayə müqaviləsi” (mənzilə dair kirayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. Bu baxımdan onun (Akimovanın) mənzilə dair olan iddiaları “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət”nin təşkil olunması üçün kifayət qədər əsaslıdır.

38. İşdən görünür ki, iş üzrə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olsa da, bu hüququn yaranmasından əvvəl iddiaçılara həmin torpaq sahəsində yüngül konstruksiyadan ibarət məntəqənin quraşdırılmasına icra hakimiyyəti tərəfindən icazə verilmişdir. İddiaçıların sahiblik və istifadə hüququ cavabdehin mülkiyyət hüququndan əvvəl yarandığından iddiaçıların iddia qaldırmaqda subyektiv hüququ olmuşdur.

39. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, sərəncam əsasında tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni iddiaçının tikinti üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, oradan istifadə etmək kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır.

41. Göründüyü kimi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçıların qanunsuz zəbt etməsi və özbaşına tikinti aparması faktları müəyyən edilməmişdir. Lakin əksinə cavabdeh tərəfindən iddiaçıların qeyri-yaşayış sahəsinin giriş çıxışına maneə yaradılması, dəmir hasarın tikilməsi, tikinti materiallarının yığılması iş materiallarında fotoşəkillər, ekspert rəyləri və digər sübutlarla təsdiq edilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçılar qeyri-yaşayış obyektini tikəndə torpaq sahəsi cavabdehin mülkiyyətinə verilməmişdi.

42. Cavabdeh apellyasiya şikayətində İddiaçı2 iddiaçı kimi subyektiv hüququnu mübahisələndirmişdir. İddiaçıların sahiblik və istifadə hüquqları uzun müddət mövcud olmuş, dövlət orqanları tərəfindən buna etiraz olunmamış, həmçinin bu hüquq birgə nikah dövründə yaranmışdır. Odur ki, İddiaçı2 birgə iddia qaldırmaqda subyektiv hüququ olmuşdur.

43. Cavabdehin növbəti dəlili iddiaçıların tikdiləri qeyri-yaşayış obyektinin koordinatları barədədir. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticəsində məlum olmuşdur ki, iddiaçıların inşa etdikləri obyekt icra hakimiyyəti tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi daxilində tikilmişdir.

44. Məhkəmə maddi zərərin vurulmasını və zərərin məbləğini düzgün müəyyən etsə də, mənəvi zərəri əsassız olaraq müəyyən etməmişdir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

46. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

47. Kollegiya, mənəvi zərərin tələbi ilə bağlı isə bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.

48. Hazırkı mənəvi zərərin ödənilməsi tələbinə də bu baxımdan yanaşaraq, Kollegiya, hesab edir ki, cavabdehin törətdiyi hüquqa zidd əməl nəticəsində iddiaçıların sahiblik və istifadə hüquqularının sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntulara məruz qalması, iddiaçıya maddi zərər dəyməsi faktları özü-özlüyündə onların psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur.

49. Kollegiya, mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

50. Bu baxımdan Kollegiya, iddiaçıların keçirdiyi mənəvi iztirab və sarsıntıları, maddi zərərin dəyməsini, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alaraq, hesab edir ki, iddianın mənəvi zərərlə bağlı tələbi qismən təmin edilməli və mənəvi zərərin məbləği 5000 manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

51. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmə tərəfindən iddianın mənəvi zərərin təmin edilməyən hissəsində işin faktiki halları düzgün müəyyən edilməmiş və nəticədə həmin hissədə yanlış nəticəyə gəlinmişdir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4020/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, iddianın mənəvi zərərin təmin edilməyən hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia mənəvi zərərin tutulması hissəsində qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərin əvəzi olaraq 5000 manat tutularaq iddiaçılara ödənilsin. İddiaçılar tərəfindən apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar