Məhkəmə qərarları › İş №2-2(103)-27/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-27/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-27/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-394/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 286949 manat məbləğində əsas borcun, 172169 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-394/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil3 isə apellyasiya şikayətinə etiraz etdi. Digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, fiziki şəxs kimi Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən “xxxx” ASC-yə məxsus un dəyirmanında un istehsalı və satışı ilə məşğul olur. Cavabdeh1 ondan müxtəlif vaxtlarda un almış və əvəzində 2015-ci ilin dekabr ayınadək pul ödəməli idi. Lakin bu günə kimi həmin puldan 286949 manat ona ödənilməmişdir. Borcun etirafı barədə cavabdeh şirkət tərəfindən ona rəsmi sənəd də təqdim edilmişdir. Lakin cavabdeh şirkət ona olan borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar olaraq əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirmiş, danışıqların heç bir nəticəsi olmamış, cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh ona qaytarmalı olan 286949 manat məbləğində pulu əsassız özündə saxlamaqla ona daha çox zərər vurmuşdur. Belə ki, 286949 manat məbləğində pulu Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya bilərdi. Belə olan halda artıq 4 il müddət ərzində minimum 15 % olmaqla həmin məbləğdən 43042 manat 1 ilə, 4 il = 172169 manat gəlir əldə edəcəkdi. Cavabdeh bu qanunsuz hərəkətləri ilə ona olan borcunu ödəmədiyindən əldə edə biləcəyi gəlirdən də məhrum etmişdir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, bildirir ki, qanunvericiliyin tələblərinə əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı məşğul olan hüquq subyektləri arasında olan ticarət əlaqələri müvafiq müqavilələr ilə rəsmiləşdirilməli, həmin müqavilələrdə tərəflərin öhdəlikləri və hüquqları sadalanmalı, mal dövriyyəsini əks etdirən mədaxil-məxaric qəbzləri və təhvil-təslim aktları mövcud olmalıdır. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən qeyd edilənlərlə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh1 iddiaçı ilə un məhsulu ilə bağlı alqı-satqı və digər hər hansı bir müqavilə münasibəti olmamış və şirkətin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. Həmçinin Cavabdeh2 şirkətdə hər hansı bir vəzifə tutmur və həmin dövrdə də tutmamışdır. O, şirkətin səhmdarı Əflatun Mahmudovun oğludur və o, həmin sənədlərdəki imzanın ona məxsus olmadığını bildirir. Cavabdeh2 Cavabdeh1 əməkdaşı deyil, şirkətin onunla hər hansı münasibəti olmamış, o şirkəti hər hansı orqanda təmsil etməmiş, bununla bağlı ona səlahiyyət verilməmişdir. Bu səbəbdən Cavabdeh2 tərəfindən şirkətin adından hər hansı borcun etiraf edilməsi haqqında sənədin imzalanması sübut kimi qəbul edilə bilməz. Məktub və üzləşmə aktlarının hansı şəraitdə, kim tərəfindən və hansı möhürdən istifadə edilməklə, imzalanmaqla tərtib edilməsindən məlumatları yoxdur. Hətta həmin etiraf məktubları mötəbər olsa belə, iddiaçı ilə cavabdeh arasında şifahi müqavilənin bağlanması, qiymətlərlə bağlı razılaşmalar, malların çeşidi, sifarişli olması, həcmi ilə bağlı danışıqların olması sübuta yetirilməli, malların kimə təqdim edilməsinə aydınlıq gətirilməmişdir. Borcun etiraf olunması barədə üzləşmə aktı və digər sənəd olduğu halda belə Mülki Məcəllənin 570 və 882-ci maddələrinə əsasən malların təhvil verilməsi barədə qaimə və digər sənədlər də mövcud olmalıdır ki, iddiaçı belə bir sənədinin olmadığını göstərir. Cavabdeh1 nə İddiaçı adlı şəxsi, nə də “xxxx” MMC adlı şirkəti tanımır, onlarla heç vaxt şifahi müqavilə bağlamayıb, onlarla heç vaxt ünsiyyəti olmayıb, onlara heç vaxt mal sifariş verməyib və heç vaxt borcu olmayıb. Məhkəməyə sübut kimi təqdim edilmiş məktubların birində Cavabdeh1 İddiaçı, digərində “xxxx” MMCyə borcunun olduğu göstərilir. Bu faktın özü də borcun olmasının mümkünsüz olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, kollegiya qeyd edir ki, ilk olaraq tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərin olub-olmaması araşdırılmalıdır. Çünki iddiaçı müqavilənin şifahi qaydada bağlanmasını bildirir, Cavabdeh1 isə ümumiyyətlə müqavilənin bağlanmamasına istinad edir. Mülki Məcəllənin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslinin 1-ci paraqrafında daşınar əşyaların alqı-satqı müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyildir. Bu isə onu deməyə imkan verir ki, daşınar əşyaların alqı-satqı müqaviləsi şifahi formada da bağlanıla bilər. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh1 adından olan xx.xx.2015-ci il tarixli 192 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixə İddiaçı aldığı una görə 387494 manat borcu vardır. Manatın devalvasiya riskini nəzərə alaraq borc məbləğini ABŞ dollarına çevirərək 369042 ABŞ dolları qəbul edir və borcu ABŞ dolları ilə qaytarmağı öz öhdəsinə götürür. Məktubun sonunda “Mahmudov” soyadı qeyd edilmiş və qarşısında imza edilmiş, həmçinin üzərinə Cavabdeh1 yazılmış möhür vurulmuşdur. Cavabdeh1 adından “xxxx” MMC-nin direktoru İddiaçı adına olan xx.xx.2016-cı il tarixli 80 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh1 2015-2016-cı illər üzrə müəssisədən aldığı una görə xx.xx.2016-cı il tarixə olan borcu 267450 manat təşkil edir, borca etiraz etmirlər və ödənilməsini öhdələrinə götürürlər. Məktubun sonunda “Cavabdeh2 Əflatu oğlu” ad-soyadı qeyd edilmiş və qarşısında imza edilmişdir. Cavabdeh1 adından olan xx.xx.2016-cı il tarixli 181 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixə İddiaçı aldığı una görə olan borcu 286949 manat təşkil edir. Məktubun sonunda “Cavabdeh2” ad-soyadı qeyd edilmiş və qarşısında imza edilmiş, həmçinin üzərinə Cavabdeh1 yazılmış möhür vurulmuşdur. xx.xx.2018-ci il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixə Cavabdeh1 iddiaçıya 107500 manat məbləğində borcu vardır. Aktın aşağı sağ hissəsində “Cavabdeh2” ad-soyadı qeyd edilmiş və aşağısında imza edilmiş, həmçinin üzərinə Cavabdeh1 yazılmış möhür vurulmuşdur. Eyni zamanda aktın aşağı sol hissəsində “f/ş İddiaçı” soyadı qeyd edilmiş, lakin imza edilməmişdir. Bu sənədlərlə bağlı Cavabdeh1 nümayəndəsi bildirir ki, həmin məktublarda və aktda göstərilən Cavabdeh2 şirkətdə hər hansı bir vəzifə tutmur və həmin dövrdə də tutmamışdır. Həmin sənədlərdəki möhür əksləri isə Cavabdeh1nə məxsus möhürlə vurulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sənədlərin məhkəmə-texniki və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 24698 saylı ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixli 181 nömrəli, xx.xx.2015-ci il tarixli 192 nömrəli sənədlərdə, xx.xx.2018-ci il tarixli üzləşmə aktında olan möhür əkslərinin relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu və həmin sənədlərdə olan möhür əkslərinin Cavabdeh1 ekspertizaya təqdim edilmiş möhürünün eksperimental əks nümunələri ilə eyniyyət təşkil etmədiyi müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 24891 saylı ekspert rəyinə əsasən xx xxxxxxxx 2016-cı il tarixli 80 nömrəli məktubun sonunda “Cavabdeh2 Əflatu oğlu” yazılarının qarşısındakı imza və xx xxxxxx 2015-ci il tarixli 192 nömrəli məktubun sonunda “Mahmudov” soyadı qarşısındakı imza Cavabdeh2 tərəfindən icra olunmuş, xx xxxxxx 2016-cı il tarixli 181 nömrəli məktubun sonunda “Cavabdeh2” yazılarının qarşısındakı imza və xx xxxx 2018-ci il tarixli üzləşmə aktının aşağı hissəsində “Cavabdeh2” yazılarının aşağısındakı imza isə başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2019-cu il tarixli 24698 saylı ekspert rəyi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili bildirir ki, ekspertizaya Cavabdeh1 hazırda istifadə olunan möhürün nümunələri təqdim olunmuşdur. Halbuki tədqiq olunan sənədlərdəki illərdə istifadə olunan möhürün nümunələri təqdim olunmalı idi. Qeyd olunan sənədlərin təqdim edilməsi vəzifəsi cavabdehin nümayəndəsinə həvalə edilmiş, lakin cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin illərə aid sənədlər artıq Cavabdeh1ndə mövcud deyildir. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh1 Nizamnaməsinə edilmiş xx xxxx 2014-cü il tarixli ********** qeydiyyat nömrəli dəyişikliyin surəti Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi) tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin dəyişiklikdə isə Cavabdeh1 möhürü əks olunmuşdur. İddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında Cavabdeh1 Nizamnaməsinə edilmiş xx xxxx 2014-cü il tarixli dəyişikliyin əsli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən götürülmüş və iş üzrə əlavə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 5/977 saylı ekspert rəyində göstərilmişdir ki, xx xxxxxx 2016-cı il tarixli 181 nömrəli, xx xxxxxx 2015-ci il tarixli 192 nömrəli məktubların, xx xxxx 2018-ci il tarixli üzləşmə aktın üzərilərində olan möhür əksi relyef klişedən sənədlərin üzərilərinə birbaşa vurulmuşdur. xx xxxxxx 2016-cı il tarixli 181 nömrəli məktubun və xx xxxx 2018-ci il tarixli üzləşmə aktın üzərilərində olan “Azərbaycan Respublikası Bakı şəhəri, Qaradağ rayonu Cavabdeh1” məzmunlu möhür əksi eyni məzmunlu sərbəst əks nümunəsi ilə eynilik təşkil edirlər. xx xxxxxx 2015-ci il tarixli 195 nömrəli məktubun üzərində olan “Azərbaycan Respublikası Bakı şəhəri, Qaradağ rayonu Cavabdeh1” məzmunlu möhür əksi eyni məzmunlu sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. Beləliklə, ekspert rəyi ilə müəyyən olundu ki, xx xxxxxx 2016-cı il tarixli 181 nömrəli məktubun və xx xxxx 2018-ci il tarixli üzləşmə aktının üzərində olan möhür əksləri Cavabdeh1nə həmin tarixlərdə məxsus olan möhürlə vurulmuşdur. Üzləşmə aktı ilə bağlı iddiaçının nümayəndəsi bildirir ki, həmin akt cavabdeh tərəfindən tərtib olunaraq onlara təqdim edilmiş, lakin iddiaçı həmin aktda göstərilənlərlə razılaşmamış və ona görə də, imzalamaqdan imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında şifahi alqısatqı müqaviləsi bağlanılmışdır. Belə ki, xx xxxxxx 2016-cı il tarixli 181 nömrəli məktubda möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı işdə də iddiaçı tərəfindən təqdim olunmuş xx xxxxxx 2016-cı il tarixli 181 nömrəli məktubda olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan xx xxxxxx 2016-cı il tarixli 181 nömrəli məktubda olan möhür əksinin Cavabdeh1 səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə həmin məktubdakı imzanın səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin məktub imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi aktda göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış məktubu qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq aktı, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir. Bu isə onu qeyd etməyə əsas verir ki, xx xxxxxx 2016-cı il tarixli 181 nömrəli məktub Cavabdeh1 səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlənmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq şifahi alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Belə ki, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixli 181 nömrəli məktubda etiraf etdiyi və ödənilməsini öz üzərinə götürdüyü 286949 manat məbləğində pul vəsaitinin ödənilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən həmin məbləğdə borcun Cavabdeh1 tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin iddia tam əsaslıdır. İddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh1 dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən borcun xx xxxxxx 2015-ci ildə qaytarılmalı olmasına istinad etmişdir. Həmin tarixdən hesabladıqda müqavilə tələbləri üzrə 3 illik iddia müddəti xx xxxxxx 2018-ci ildə başa çatır. Lakin yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, Cavabdeh1 iddiaçıya xx xxxxxx 2016-cı il tarixdə məktub göndərərək, iddiaçıdan aldığı una görə 286949 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Mülki Məcəllənin 380-ci maddəsində isə təsbit olunmuşdur ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2018-ci il tarixli qərarında da göstərilmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göründüyü kimi cavabdehin iddiaçıya borcun etirafını nəzərdə tutan məktub göndərməsi ilə iddia müddətinin axımı xx xxxxxx 2016-cı il tarixdə kəsilmiş və həmin tarixdən 3 illik iddia müddəti yenidən başlamışdır. Hazırki iddia isə xx xxx 2019-cu ildə irəli sürülmüşdür. Göründüyü kimi iddiaçı iddia müddətinin qurtarmasına 7 ay qalmış hazırki iddianı irəli sürmüş, bununla da onun tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Malların təhvil verilməsi barədə qaimə və digər sənədlərin təqdim edilməməsi ilə bağlı cavabdehin dəlilləri də əsassızdır. Belə ki, hazırki mübahisənin predmeti iddiaçının fəaliyyətinin mühasibat uçotu qaydaları və vergi qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılmasından deyil, alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsindən ibarətdir. Bu növ iddialar üzrə işin hallarının yalnız müəyyən sübutetmə vasitələri (maliyyə və vergi sənədləri) ilə təsdiq olunmasını müəyyən edən və digər sübutların təqdim edilməsini istisna edən qanun və ya digər normativ hüquqi akt isə mövcud deyildir. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tələbi digər Cavabdeh2 münasibətdə iddia təmin edilə bilməz. Çünki o, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə ümumiyyətlə tərəf olmamışdır. İş materiallarında olan etirafedici məktublar isə onun tərəfindən imzalansa da, o, imzasını məhz Cavabdeh1nə məxsus möhürlə təsdiq etməklə, həmin hərəkətləri fiziki şəxs kimi öz adından deyil, məhz Cavabdeh1 adından həyata keçirtmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin cavabdehə aid hissədə iddia rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, 172169 manat məbləğində əldən çıxmış faydanın tutulması barədə tələblər də rədd edilməlidir. Belə ki, iddiaçı həmin tələbləri Mülki Məcəllənin 449-cu maddəsinə əsasən irəli sürmüşdür. Eyni zamanda kollegiya qeyd edir ki, həmin iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi də çıxış edə bilər. Həmin maddələrin tətbiq edilməsi üçün isə ilk növbədə pul öhdəliyinin icrası müddəti konkret müəyyən olunmalıdır ki, onun hansı müddətdə gecikdirilməsinin hesablanması mümkün olsun. İddiaçı cavabdehin xx xxxxxx 2015-ci il tarixdə pulu ödəməli olduğuna istinad etmiş, lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 isə ümumiyyətlə tərəflər arasında alqı-satqı münasibətlərinin olmasını inkar edir. İş materiallarında olan iddiaçı tərəfindən həmin cavabdehə ünvanlanmış pretenziya məktubu iddiaçıya geri qaytarılmış, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli etirafedici məktubda isə pul öhdəliyinin icra müddəti qeyd olunmamışdır. Göründüyü kimi hazırki işdə öhdəliklərin icrası müddətinin müəyyən olunması qeyrimümkündür. Bu baxımdan kollegiya hesab edir ki, hazırki işdə pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 449.1 və ya 445.7-ci maddələrinin tətbiq edilməsi mümkün deyil və ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş əldən çıxmış faydanın tutulması barədə tələblər rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri Cavabdeh1nə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-394/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1ndən 286949 manat məbləğində pul vəsaiti və dövlət rüsumları kimi ödənilmiş cəmi 45 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 248,04 manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar