Məhkəmə qərarları › İş №2-2(103)-270/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-270/2021

08.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-270/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı MMC cavabdeh “xxxx” QSC-yə qarşı “iddiaçıya məxsus yüklərin göndərilməsinə süni maneələrin aradan qaldırılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommkrsiya Məhkəməsinin e-2-2(113)-4090/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh “xxxx” QSC-yə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus yüklərin göndərilməsinə heç bir hüquqi əsası olmadan yaradılmış süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı, iddia təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, 43436781, 44659118, 54545892, 44415321 və 54432943 saylı vaqonlarda olan İddiaçı MMC-yə məxsus yüklərin “xxxx” QSC-nin Baş Ələt stansiyasında saxlanılmasının qadağan olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4090/2020 saylı xx.xx.2020-ci tarixli qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmənin, iddiaçının əvvəlki yük daşımaları zamanı gecikmələrə görə borcu yaranmış və həmin borc məbləği ödənilmədiyindən iddiaçıya məxsus vaqonlar cavabdeh tərəfindən buraxılmamışdır”,-qənaətinə gəlməsi əsassızdır. Belə ki, əvvəla iddiaçının əslində cavabdehə borcu yoxdur və buna görə də cavabdeh müvafiq borcun tələbi ilə uzun müddət keçməsinə baxmayaraq müraciət etməmişdir. Əksinə, iddiaçı tərəfindən süni şəkildə hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə artıq məhkəməyə müraciət olunmuşdur. Bundan başqa və ən əsası, qanunvericilikdə yalnız daşıyıcı ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Hazırkı halda isə heç cavabdeh özü belə iddiaçının ona daşıma və ya digər xərclərin kompensasiyasına görə borcunun olduğunu nəinki yazılı, heç şifahi formada da tələb etmir. Həmçinin, iddia olunan borc tələbi ilə yükün dəyəri arasında külli miqdarda məbləğ fərqi mövcuddur. İddiaçıya süni hesablanmış borc 9376,53 manat olsa da, təkcə 14659118 saylı vaqonda 101 kub taxta vardır ki, onun da hazırda real bazar dəyəriən aşağı qiymətlə hesablandıqda 25250 manat təşkil edir. Belə olan halda isə, hətta vaqonların borcun müqabilində girovuna zərurət olarsa belə, məhkəmə mübahisəsi gedən dövr ərzində onlardan yalnız biri saxlanılmaqla da, qalanları buraxıla bilərdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.8-ci, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157-ci maddsinin müddəalarından görünür ki, iddianı təmin etmə tədbiri, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə görülür. Konkret halda, iddiaçı cavabdehə qarşı iddia tələbində iddiaçıya məxsus yüklərin göndərilməsinə heç bir hüquqi əsası olmadan cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini tələb etmiş, iddianı təmin etmə tədbiri barədə ərizəsində isə 43436781, 44659118, 54545892, 44415321 və 54432943 saylı vaqonlarda olan, iddiaçıya məxsus yüklərin cavabdeh QSC-nin Baş Ələt stansiyasında saxlanılmasının qadağan olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunmasını nəticə etibarı ilə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun sayır. Çünki, iddiaçının ərizəsi təmin ediləcəyi təqdirdə, əslində iddiaçı işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı çıxarılanadək, faktiki olaraq iddia tələbində nəzərdə tutduğu istəyinə nail olmış olur. Belə olan halda, görülməsini tələb etdiyi iddianı təmin etmə tədbirinin onun iddia tələbinə mütənasibliyindən söhbət gedə bilməz. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli Qərarında da, məhz, Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddiaçının görülməsini tələb etdiyi iddianı təmin etmə tədbiri isə Konstitusiya Məhkəməsinin qərarında qeyd olunan meyarlara cavab vermir. Ən azından, ona görə ki, iddia ərizəsinin təmin olunacağı və cavabdeh tərəfindən qeyd olunan vaqonlarda olan iddiaçıya məxsus yüklərin cavabdeh tərəfindən göndərilməsinə yaradılmış süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilərsə, həmin qətnamənin icra olunmasında hər hansı bir əngəl mövcud olmur və hər hansı çətinliyin yaranması da ağlabatan görünmür. Bütün bunlar isə konkret halda, iddianı təmini tədbiri kimi, mübahisələndirilən vaqonlarda olan yüklərin saxlanılmasının cavabdehə qadağan edilməsi barədə iddianı təmini tədbirinin görülməsi zərurətini istisna edir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4090/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərarad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4090/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar