Məhkəmə qərarları › İş №2-2(103)-270/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-270/2024

09.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-270/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Türkiyə Respublikasının “X19 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X19” Nümayəndəliyinə qarşı kommersiya işi Açar söz: sərnişin daşıma müqaviləsi, maddi zərər Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Türkiyə Respublikasının “X19 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X19” Nümayəndəliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X3, X1) X4) maddi zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3801/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" MMC tərəfindən sərnişinlər X7, X3, X1) X4 üçün xx.xx.2023-cü il tarixdə Avropaya səyahət turu təşkil edilmiş, bu məqsədlə “X19” şirkətindən Bakı-İstanbul-Roma və Milan-İstanbul-Bakı reysləri üçün uçuş biletləri əldə edilmişdir. xx.xx.2023-cü il tarixində turistlər Bakı-İstanbul reysindən istifadə etmiş, İstanbul-Roma reysi ilə uçmaq istərkən “X19” şirkətinin əməkdaşı 3 sərnişini təyyarəyə buraxmamış, əsas kimi göstərmişdir ki, sərnişinlər vizanı Almaniya səfirliyindən aldıqlarından ilk öncə Almaniyaya səfər etməlidirlər. Bundan sonra iddiaçı sərnişinlərin bu problemini həll etmək üçün İstanbul- Münxen reysi üzrə bilet əldə etmiş və sərnişinlər xx.xx.2023-cü ildə bu reysdən istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə sərnişinlər Milan-İstanbul-Bakı reysi üzrə dönüş biletlərindən istifadə etmək istərkən biletlər saytda aktiv olduğu halda “X19” şirkətinin əməkdaşı bildirmişdir ki, gediş bileindən istifadə edilmədiyi üçün geri dönüş biletindən istifadə edilə bilməz. Bundan sonra iddiaçı turistlər üçün yeni biletlər əldə etmişlər.

2. Almaniya Federativ Respublikası tərəfindən Aynur Sadıxovaya, İradə Həsənovaya, Fidan Həsənovaya və Şəfiqə Həsənovaya verilmiş vizalardan görünür ki, verilmiş vizalar Şengen C tipli vizalar olmuş və Aynur Sadıxovaya verilmiş vizanın müddəti xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək, İradə Həsənovaya, Fidan Həsənovaya və Şəfiqə Həsənovaya verilmiş vizaların müddəti xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədəkdir.

4. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin mədaxil qəbzlərindən və elektron biletlərdən görünür ki, "xxxx" MMC turistlər üçün “X19” şirkətinin uçuş biletlərini "xxxx" MMC-dən əldə etmiş Bakı-İstanbul-Roma və Milan-İstanbul-Bakı aviabiletinin 1 nəfər üçün dəyəri 1.282,27, 4 turist üçün 5129,08 manat olmuşdur.

5. X15 tərəfindən verilmiş elektron biletlərdən və "xxxx" MMC-nin mədaxil qəbzlərinin kötüyündən görünür ki, xx.xx.2023-cü il tarixdə əldə edilmiş İstanbul-Münxen reysi üçün uçuş biletinin 1 sərnişin üçün dəyəri 530,80 manat, 4 sərnişin üçün 2132,2 manat təşkil etmişdir.

6. Trenitalia Tper tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli elektron biletdən görünür ki, xx.xx.2023-cü il tarixdə Bolonya (İtaliya) şəhərindən Rimini şəhərinə qatar biletinin ümumi dəyəri bir sərnişin üçün 10,80 Avro, 4 nəfər üçün 43,20 Avro təşkil etmişdir.

7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Milan-Bakı reysi olan aviabilet üçün 1 sərnişin tərəfindən 1.882,58 manat, 4 nəfər üçün 7530,32 manat ödəniş edilmişdir. 8 İddiaçı MMC tərəfindən Türkiyə Respublikasının “X19 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X19” Nümayəndəliyinə ünvanlanmış pretenziya məktubuna əsasən cavabdehdən borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı MMC, Sadikova Aynur və Həsənova İradə tərəfindən imzalanmış bəyannamədən görünür ki, 18 mart 2023-cü il tarixdə həyata keçirilən Bakı-İstanbul-Roma və xx.xx.2023-cü il tarixdə həyata keçirilən Milan–İstanbul-Bakı uçuşları ilə bağlı (X19na aid biletlər və yaranan digər xərclər) dəymiş 8850 manat zərərin ödənilməsini (zərərin 7530 manat hissəsini yeni alınan Milan-Bakı biletlərinin dəyəri təşkil edir) İddiaçı MMC üzərinə götürmüşdür. Bu şərtlə ki, gələcəkdə məhkəmə iddiası qaldırıldığı zaman iştirakları tələb edilərsə, gəlib iştirak edilməsiniə zəmanət versinlər və qaldırılacaq iddiaya əsasən, X19 tərəfindən tələb üzrə qaytarılacaq məbləğin, tam şəkildə "xxxx" MMC-nin hesabına keçirilməsinə etiraz etməyəcəklərini yazılı şəkildə təsdiq etsinlər. Gələcəkdə məhkəmə prosesi X19nın nümayəndəsi tərəfindən Milan-Bakı uçuşuna buraxılmama səbəbinin İstanbul-Roma biletləri üzərində sərnişinlər tərəfindən edilən dəyişikliklər olması təsdiq edilərsə, ödədikləri 7530 manat "xxxx" MMC-nin rəhbərinin və ya MMC-nin özünün hesabına geri qaytaracaqlarını imzaları ilə təsdiqləsinlər. Bəyannamə MMC-nin direktoru, sərnişinlərdən Sadikova Aynur və Həsənova İradə tərəfindən imzalanmış və Həsənova Şəfiqə və Həsənova Fidan tərəfindən isə imzalanmamışdır.

10. Elektron iş materiallana İddiaçı MMC tərəfindən 12 saylə vəkil büosuna 1200 manat və 10 saylı Mediasiya Təşkilatına 210 manat ödənilməsinə dair bank tərəfindən təsdiq edilmiş ödəniş tapşırıqları əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı MMC cavabdeh Türkiyə Respublikasının “X19 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X19” Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə dəymiş ümumilikdə 15.000 manat məbləğində maddi zərərin cavabdeh "X19" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 yanvar 2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Aynur Sadıxova, İradə Həsənova, Fidan Həsənova və Şəfiqə Həsənova adlı şəxslərə Avropaya səyahət turu təşkil edilərək, "X19" şirkətindən Bakı- İstanbul-Roma və Milan-İstanbul-Bakı uçuş biletləri alınmışdır. Lakin "X19" şirkətinin səlahiyyətli nümayəndələrinin qanunsuz hərəkətləri nəticəsində sözügedən uçuşlar qismən baş tutmamışdır. Belə ki, yuxarıda adı çəkilən şəxslər 18 mart 2023-cü il tarixində (saat 13:45-16:00) Bakı-İstanbul Tk333 saylı səfərlərini başa vurduqdan sonra, həmin tarixdə İstanbul-Roma (saat18:05-18:40) Tk1863 saylı səfərləri subyektiv səbəbdən (təyyarəyə gecikmələri ilə əlaqədar) baş tutmamış, daha sonra, yeni uçuş biletləri almışlar (bilet nömrələri: **********166 aynur sadikhova, **********167 irada hasanova, **********168 fidan hasanova, **********169 shafiga hasanova) və 18 mart 2023-cü il tarixdə Tk1361 saylı səfərlərini həyata keçirmək üçün A1B (turistlərin bildirdiyi) qapısına yaxınlaşmışlar, lakin orada özünü "X19" şirkətinin nümayəndəsi kimi təqdim edən şəxs onlara bildirmişdir ki, onları təyyarəyə buraxa bilməzlər, ona görə ki, onlar vizanı Almaniya səfirliyindən almışlar və ilk olaraq, yalnız Almaniya Respublikasına səfər edə bilərlər. Daha sonra, onlar şirkət olaraq yaranmış bu problemi həll etmək məqsədi ilə yenidən İstanbul-Münxen biletlərini (bilet nömrələri: 624 ********** sadikhova aynur, 624 ********** hasanova irada, 624 ********** hasanova fidan, 624 ********** hasanova shafiga) aldılar və adı çəkilən şəxslər sonuncu biletlər üzrə səfərlərini (PC1019 19 mart 2023-cü il, 09:45-10:35, X17 Limanı) həyata keçirdilər. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində +**********23 və +********** nömrələri ilə “X19” şirkətinin çağrı mərkəzi ilə əlaqə saxladılar, sonuncunun əməkdaşı bildirdi ki, dönüş (yəni 26 mart 2023-cü ildə) biletlərində bir problem yoxdur, sadəcə olaraq, həmin tarixədək turistlər özləri “X19” şirkətinin hava limanındakı deskinə yaxınlaşıb 26 mart tarixində uçuş reysindən istifadə edəcəklərini və biletləri təsdiqlətməlidirlər. 19 mart 2023-cü il tarixində, Bakı saatı ilə 14:00-15:00 arası turistlər Münxen hava limanında “X19” şirkətinin deskinə yaxınlaşıb təsdiqlətmişlər və sonuncunun əməkdaşları bildirmişlər ki, 26 mart 2023-cü il tarixdə Milan şəhərindən 06:50-də uçuşlarının baş tutacağını bildirmişlər. Qeyd olunan məlumatları turistlər iddiaçıya “WhatsApp” tətbiqi üzərindən səs yazısı ilə bildirmişlər. Daha sonra, 26 mart tarixində turistlər Milan şəhərində yerləşən hava limanına gələrək, Milan-İstanbul uçuşlarını həyata keçirmək istəmişlər. Lakin “X19” şirkətinin əməkdaşı bildirmişdir ki, onlar (turistlər) gediş uçuşunu (İstanbul-Roma 18 mart 2023, saat 18:05-18:40 Tk1863 saylı səfərini) istifadə etmədikləri üçün geri dönüş biletlərini istifadə edə bilməzlər. Burada bir halı nəzərə çatdırmaq istəyirlər ki, İddiaçı MMC-nin direktoru Əli Məhərrəmov “X19” şirkətinin rəsmi internet səhifəsindən biletləri yoxlamış və sözügedən 4 biletin saytda aktiv olduğu aşkar olunmuşdur, hətta, oturacaq nömrələri də müəyyən olunaraq saytda qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, İddiaçı MMC şirkəti məcbur olaraq, turistlər üçün yenidən biletlər (bilet nömrələri: **********836 hasanova shafiga, **********834 hasanova fidan, **********837 sadikhova aynur, **********835 hasanova irada) almışdır. Beləliklə, nəzərə çatdırmaq istəyir ki, 18 mart 2023-cü il tarixdə Tk1361 saylı uçuşun viza ilə əlaqədar həyata keçirilməsinə şərait yaradılmadığı üçün digər biletlərdə də problemlər yarandı, turistlər həm Roma şəhərindəki səyahət planından kənara çıxmaq məcburiyyətində qaldılar. İddiaçı MMC tərəfindən Almaniya Respublikasının Azərbaycandakı səfirliyinə müraciət olunmuş, qeyd olunan hadisə barədə məlumat verilmiş və səfirlikdən bildirilmişdir ki, vizanı Almaniya səfirliyindən alınmış olması ilk olaraq, yalnız Almaniya Respublikasına səfər edə biləcəkləri anlamına gəlmir və öz istəklərinə uyğun olaraq, ilk istədikləri digər Avropa ölkəsinə səfər edə bilərlər.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3801/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir.

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Türkiyə Respublikasının “X19 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X19” Nümayəndəliyi ilə sərnişinlər Aynur Sadıxova, İradə Həsənova, Fidan Həsənova və Şəfiqə Həsənova arasında hava nəqliyyatı ilə sərnişin daşınması müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən X19 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X19” Nümayəndəliyi sərnişinlərin xx.xx.2023-cü il tarixdə Bakı- İstanbul-Roma və xx.xx.2023-cü il tarixdə Milan-İstanbul-Bakı marşrutu üzrə aviadaşınmasını həyata keçirməyi öhdəsinə götürmüşdür.

15. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, hazırkı iddia tələbi Türkiyə Respublikasının “X19 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X19” Nümayəndəliyi ilə sərnişinlər Aynur Sadıxova, İradə Həsənova, Fidan Həsənova və Şəfiqə Həsənova arasında bağlanmış sərnişin daşınma müqavilələrindən irəli gəlir və İddiaçı MMC həmin müqavilə üzrə tərəf qismində çıxış etmir.

16. Bununla yanaşı İddiaçı MMC hazırkı tələbi irəli sürmək hüququ təsdiq etmək üçün istinad etdiyi bəyannaməyə münasibətdə məhkəmə qeyd etmişdir ki, bəyannamənin məzmunu kifayət qədər aydın olmadığından həmin sənəd əsasında cavabdehlə sərnişinlər arasında bağlanmış sərnişin daşınma müqavilələri üzrə sərnişinlərə dəymiş zərərin əvəzini tələb etmək hüququnun İddiaçı MMC-yə ötürülüb-ötürülməməsi, eləcə də ötürüldüyü təqdirdə zərərin hansı hissəsinə münasibətdə ötürülməsi dair əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. Məhkəmə sözügedən bəyannamə ilə bağlı qeyd etmişdir ki, birincisi, həmin sənəd sərnişinlərindən ikisi Sadikova Aynur və Həsənova İradə tərəfindən imzalanmış, yəni bəyannamə əsasında yalnız sözügedən iki şəxsin cavabdehə qarşı tələb hüququ İddiaçı MMC-yə ötürülə bilərdi. İkincisi, bəyannamə İddiaçı MMC tərəfindən sərnişinlərə dəymiş 8850 manat zərərin ödənilməsi barədə tərtib edilmiş, yəni həmin bəyannamə əsasında dəymiş zərərin əvəzini tələb etmək hüququnun yalnız İddiaçı MMC tərəfindən ödənilmiş məbləğə münasibətdə ötürülməsi ehtimal edilir. Sənəddə İddiaçı MMC tərəfindən ödənilmiş 8850 manat məbləğində pulun 7530 manat hissəsinin Milan- Bakı biletlərinin dəyəri olması göstərilsə də, pulun qalan hissəsinin sərnişinlərin hansı xərclərin əvəzi olaraq ödənildiyi göstərilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında sərnişinlərə ödənilmiş pulun qalan 1320 manat hissəsinin Münxendən İtaliyaya qatar biletlərinin dəyərinin olmasını qeyd etmişdir.

17. Beləliklə, məhkəmə qeyd etmişdir ki, “bəyannamə” əsasında yalnız Aynur Sadikova və İradə Həsənovaya aid Milan-Bakı biletlərinin dəyərinin (3765 manat) və İddiaçı MMC tərəfindən qarşılanmış digər xərclərinin (660 manat (1320:4nəfərx2 nəfər) ) əvəzinin cavabdehdən tələb etmək hüquqlarının İddiaçı MMC-yə ötürülməsini ehtimal etmək olar. İddiaçı MMC-yə ötürülməsi ehtimal edilən həmin tələbə münasibətdə əvvəla qeyd edilməlidir ki, Aynur Sadikova və X9-Bakı biletlərini almaqla əlavə xərc çəkməsinə zərurət həmin sərnişinlərin cavabdeh “X19” tərəfindən Milan-İstanbul reysinə buraxılmaması nəticəsində yaranmışdır.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, sərnişinlərlə bağlanmış sərnişin daşınma müqaviləsinin şərtlərində (“X19” A.O-nun (Anonim Ortaklığı) “Sərnişin və baqajın daşınması üzrə” Ümumi şərtləri) daşıyıcı tərəfindən uçuş kuponlarının yalnız biletdə göstərilən yola düşmə gediş yerindəki ardıcıllıqla qəbul edilməsi, uçuş kuponlarından göstərilən ardıcıllıqla istifadə edilmədikdə isə biletin etibarlılığını itirməsi və istifadə edilə bilməməsi nəzərdə tutulmuşdur.

19. X10 və İradə Həsənovanın çəkdiyi və əvəzi İddiaçı MMC tərəfindən ödənilmiş digər xərclərinə (1320:4nəfərx2 nəfər=660 manat) dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, artıq qeyd edildiyi kimi bəyannamədən və iddia ərizəsindən MMC tərəfindən qarşılanmış həmin xərclərin nədən ibarət olması aydın olmasa da, iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin xərclərin Almaniya Federativ Respublikasından İtaliya Respublikasına qatar biletlərinin dəyərindən ibarət olmasını göstərmişdir. Halbuki iddiaçı sərnişinlər tərəfindən həmin xərclərin həqiqətən də çəkilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəməyə yalnız sərnişinlərin 10,80 avro dəyərində Bolonyadan Rimiyə qatar biletləri təqdim edilmişdir ki, həmin biletlərin də sərnişinlərin İstanbul-Roma reysinə buraxılmaması ilə bağlı satın alındığı iş materiallarına əsasən müəyyən edilmir.

20. Tələbin qalan hissələrinə (digər iki sərnişin - Fidan Həsənova və Şəfiqə Həsənovaya dəymiş zərər, eləcə də Aynur Sadikova və X2Roma, İstanbul-Münxen, Milan- İstanbul-Bakı biletlərinin dəyərinin əvəzinin ödənilməsi) münasibətdə məhkəmə qeyd etmişdir ki, sərnişinlər Fidan Həsənova və Şəfiqə Həsənova bəyannaməni imzalamadığından, eləcə də Aynur Sadikova və X2-Roma, İstanbul-Münxen, Milan- İstanbul-Bakı biletlərinin dəyərinin də MMC tərəfindən qarşılanması və həmin hissədə də tələbin MMC-yə ötürülməsi bəyannamədə qeyd edilmədiyindən İddiaçı MMC-nin iddia irəli sürməyə dair subyektiv hüququnun mövcud olmaması açıq-aşkardır.

21. Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC sərnişinlərin adına alınmış İstanbul-Münxen biletlərinin dəyərinin əvəzi olaraq 2123,2 manat məbləğində pul vəsaitinin ödənilməsini cavabdeh Türkiyə Respublikasının “X19 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X19” Nümayəndəliyindən tələb etmək hüququna malik olmasını həmin biletlərin onun vəsaiti hesabına alınması ilə əsaslandırsa da, əvvəla sözügedən biletlərin məhz MMC-nin vəsaiti hesabına alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, ikincisi, sözügedən biletlərin iddiaçı tərəfindən alınması ehtimal edilsə belə, həmin hal İddiaçı MMC-yə tərəf olmadığı, yəni onun üçün hüquq və öhdəliklər yaratmayan müqaviləyə əsaslanaraq tələb irəli sürmək hüququ vermir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3801/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində İddiaçı MMC-nin hazırkı tələbi irəli sürmək hüququ təsdiq etmək üçün istinad etdiyi bəyannaməyə münasibətdə qeyd edir ki, bəyannamənin məzmunu kifayət qədər aydın olmadığından həmin sənəd əsasında cavabdehlə sərnişinlər arasında bağlanmış sərnişin daşınma müqavilələri üzrə sərnişinlərə dəymiş zərərin əvəzini tələb etmək hüququnun İddiaçı MMC-yə ötürülüb-ötürülməməsi, eləcə də ötürüldüyü təqdirdə zərərin hansı hissəsinə münasibətdə ötürülməsi dair əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. Halbuki, bəyannamədə konkret hansı dəymiş zərərlər üzrə sözügedən məbləğlərin adı çəkilən şəxslərə ödənilməsini qeyd olunmuşdur. Digər tərəfdən məhkəmə “bəyannamə” əsasında yalnız Aynur Sadikova və İradə Həsənovaya aid Milan-Bakı biletlərinin dəyərinin (3765 manat) və İddiaçı MMC tərəfindən qarşılanmış digər xərclərinin (660 manat (1320:4nəfərx2 nəfər) ) əvəzinin cavabdehdən tələb etmək hüquqlarının İddiaçı MMC-yə ötürülməsini ehtimal etmək olduğu qənaətinə gəlsə də, X10 və İradə Həsənovanın çəkdiyi və əvəzi İddiaçı MMC tərəfindən ödənilmiş digər xərclərinə(1320:4nəfərx2 nəfər=660 manat) dair hissəsinə münasibətdə qeyd edir ki, artıq qeyd edildiyi kimi bəyannamədən və iddia ərizəsindən MMC tərəfindən qarşılanmış həmin xərclərin nədən ibarət olması aydın olmasını vurğulamışdır. İddia ərizəsində, ona verilmiş əlavədə, həmçinin məhkəmə proseslərində həmin məbləğlərin nədən ibarət olması müəyyən edilmişdir. Əlavə olaraq, deyək ki, sözügedən bəyannamə əsasında ödənilmiş məbləğlər sonradan məcburiyyət qarşısında alınmış biletlərə sərf edilmiş ümumi məbləğlərdən çoxluq təşkil edir, o zaman, məhkəmə həmin hissədə ən azından biletlərə (İstanbul-Münxen və Milan-İ lubnatṡ-Bakı biletlərinə ümumilikdə (1882*4+510*4=9568AZN) və yol-nəqliyyat (Qatar və taksi xərcləri) 176 (bir yüz yetmiş altı) AZN xərc çəkmişdir., 1200 (bir min iki yüz) AZN hüquqi yardıma görə, 210 (iki yüz on) AZN mediasiya xərclərinə görə çəkilmiş xərclərin əvəzinin ödənilməsi hissəsində iddia tələbini təmin etməli idi. Əlavə olaraq, adı çəkilən şəxslər “bəyannamə” əsasında məhkəmə iclasında şahid kimi ifadə verəcəklərini öhdələrinə götürsələr də, son anda (məhkəmənin baxış iclasında) onların şəxsi işləri ilə əlaqədar bu mümkün olmamışdır. Lakin, bununla əlaqədar sözügedən “bəyannamə”nin imzalanması və pulun verilməsini əks etdirən video görüntülər məhkəməyə təqdim edilməsinə, həmçinin məhkəmənin həmin görüntüləri izləməsinə baxmayaraq, həmin görüntülərin sübut kimi qəbul edilməməsi qənaətinə gəlmiş və bu barədə öz qətnaməsində ümumiyyətlə hər hansı qeyd verməmişdir. Şahid Qasımov Kənan Vəkil oğlunun məhkəmədə verdiyi ifadəsində adıçəkilən sərnişinlərə bilet satışını həyata keçirməsi yadında olmadığını qeyd etmiş, halbuki, şahid əlavə olaraq, vurğulamışdır ki, “Aviadesk” turizm agentliyini İddiaçı MMC ilə əməkdaşlıq edir. İddiaçı MMC onların subagentləridir, İddiaçı MMC onlara ödəniş edir, onlar da biletləri alırlar, yəni, bu proses ümumi şəkildə baş verir. Misal üçün, həftə ərzində 40 bilet satışı həyata keçirilibsə, həmin 40 biletin ödənişini iddiaçı bir dəfəlik qaydada “Aviadesk” turizm agentliyinə ödəyir. Şahid Qasımov Kənan Vəkil oğlunun məhz adı çəkilən sərnişinlərə bilet satışının xatırlamaması normaldır. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi yazılı sübutlar və etiraz ərizəsinin əsaslandırılmasına münasibətdə bildirmiək istəyirik ki, həmin məlumatlar və əsaslandırmalar yalnız mülahizələrdən ibarətdir və konkret hansı hala görə cavabdehin adı çəkilən şəxslərin daşınmasını qadağan edilməsi və ya onlara buna görə sonradan hər hansı bir problem yaradacaq (cərimə və s.) tədbirlərin mövcu olduğuna dəlalət edən sübut təqdim etməmişdir. Əlavə olaraq, məhkəmə öz qətnaməsində cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sübutlara qiymət vermiş, lakin, tərəfimizdən təqdim edilmiş sübutları göz ardında buraxmışdır. Belə ki, tərəfimizdən Almaniya Federativ Respublikasının rəsmi elektron poçt ünvanı vasitəsilə onlara hazırki iş üzrə əhəmiyyət kəsb edən və həqiqətə nail olmasına dəlalət edən suallar verilmiş, onlar isə, konret olaraq, Almaniya Federativ Respublikasının səfirliyindən alınmış şenqen vizası ilə İtaliya Respublikasına giriş edilməsinin məqsədə uyğun olduğunu və buna hər hansı bir qadağanın olmadığını qeyd etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçının qanuni nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

24. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

25. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş İ.Həsənova və A.Sadıxova məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişlər.

26. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 842.1-ci maddəsinə görə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2-ci maddə-sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 846.2-ci maddə-daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: 846.2.1. daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; 846.2.2. əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək. 848-ci maddə-sərnişin bu Məcəllənin 846-cı maddəsinə əsasən pretenziyaları daşıyıcıya müqavilədə nəzərdə tutulan daşımanın qurtarmasından ən geci bir ay keçənədək verməlidir. Müddət keçdikdən sonra sərnişin pretenziyaları yalnız həmin müddəti öz təqsiri olmadan gözləyə bilmədiyi halda verə bilər. Daşıyıcı sərnişinin pretenziyalarını qəbul etmədikdə onlar daşımanın qurtarmasından altı ay keçənədək ödənilir, bir şərtlə ki, məhkəmə qaydasında bundan da tez ödənilmiş olmasın. 849.1-ci maddə-əgər daşıyıcının ayrı-ayrı və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər və ya beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə və konvensiyalara görə zərərin əvəzinin ödənilməsi hüququ yalnız müəyyən şərtlər və ya məhdudiyyətlər olduqda əmələ gəlirsə və ya həyata keçirilə bilirsə, yaxud müəyyən şərtlər olduqda istisna edilirsə, daşıyıcı sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə yetirdiyi halda istinad edə bilər. 849.2-ci maddə-bütün digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya əsasən öz məsuliyyətini daşımanın dəyərinin üç misli ilə məhdudlaşdıra bilər, bu şərtlə ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmasın və ya sərnişin üçün yaranmış zərərə görə daşıyıcı yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri nəticəsində məsuliyyət daşısın.

443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

1114.1-ci maddə-başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1-ci maddə-bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.2. turist – turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) 90 günədək müvəqqəti olan fiziki şəxs. 1.1.13. turagent – turizm xidmətlərinin və ya turoperatorlar tərəfindən hazırlanmış turizm zərfinin satışını həyata keçirən və ya bu sahədə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs; 1.1.14. turizm zərfi – müəyyən müddət üçün və müəyyən qiymət əsasında turoperator tərəfindən formalaşdırılan, iki və daha çox turizm xidmətini özündə birləşdirən turizm məhsulu; 1.1.15. tur – xüsusi proqram əsasında müəyyən müddətdə təşkil olunan turizm məqsədli səfərlər; 8.1-ci maddə-turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir.

xx.xx.1985-ci il tarixli Şengen sazişinin tətbiqinə dair xx.xx.1990-cı il tarixli Konvensiya 5-ci maddə-3 aydan az müddətə qalmaq üçün həmin maddədə müəyyən edilmiş şərtlərə əməl edən üçüncü ölkə vətəndaşının üzv dövlətin ərazisinə girişinə icazə verilə bilər. 12-ci maddə-qısa müddətli viza üzv dövlətlərin diplomatik və konsulluq qurumları tərəfindən verilir və müvafiq olaraq üzv dövlətlərin 17-ci maddədə nəzərdə tutulan səlahiyyətli qurumları tərəfindən verilir. Bu tip vizanı vermək üçün səlahiyyətli üzv dövlət prinsipcə əsas səfər ediləcək üzv dövlətdir. Əgər bu müəyyənləşdirilə bilinmirsə, viza prinsipcə ilk giriş edilən üzv dövlətin diplomatik və ya konsulluq qurumları tərəfindən verilir. 26-cı maddə-1.b) daşıyıcı hava yaxud su yolu ilə daşınan əcnəbilərin üzv dövlətlərin ərazisinə daxil olmaq üçün zəruri olan səyahət sənədlərinə malik olmalarını təmin etmək üçün bütün lazımı tədbirləri görməyə məcburdur.2. Üzv dövlətlər xx.xx.1967-ci il tarixli X18 ilə əlavələr edilən xx.xx.1951-ci il tarixli “Qaçqınların statusu haqqında” Cenevrə Konvensiyasına daxil olmaları nəticəsində yaranan öhdəlikləri əsas götürməklə onların konstitusiya qanunlarına uyğun olaraq üçüncü ölkələrdən hava yaxud su yolu ilə zəruri səyahət sənədlərinə malik olmayan əcnəbiləri onların ərazisinə gətirən daşıyıcılara cərimələr tətbiq etməyi öhdələrinə götürürlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 440.1-ci maddə- Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0.2-ci maddə- xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işə baxmağa haqlıdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

26. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

27. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3801/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırkı mübahisə cavabdehlə iddiaçının turizm zərfi satdığı müştərilər arasında bağlanmış sərnişin daşıma müqaviləsindən irəli gəlir. İddiaçı "xxxx" MMC (turagent) iddia edir ki, cavabdeh Türkiyə Respublikasının “X19 X13 Sözleşmesi” Şirkətinin öz öhdəliyini pozaraq iddiaçı tərəfindən turizm zərfi satılmış turistlərin əldə etdikləri biletlər üzrə daşımanın həyata keçirilməsindən əsassız imtina etmiş, nəticədə həm turstlərə, həm turistlər üçün əlavə xərc çəkərək yeni uçuş biletlərini əldə etmiş iddiaçıya maddi və mənəvi ziyan dəymişdir.

29. "xxxx" MMC-nin turislərin yeni biletlərin əldə edilməsi üçün çəkdikləri xərclərlə bağlı onlara 8850 manat ödəməsi iş materiallarına əlavə edilmiş “Bəyannamə” adlı sənəd və ödəniş edilərkən çəkilmiş videogörüntü ilə təsdiq olunur.

30. İddiaçı iddia ərizəsində və xx.xx.2023-cü il tarixdə təqdim edilmiş iddia ərizəsinə əlavədə cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin ümumilikdə 15.000 manat olduğunu göstərmişdir. Zərərin tərkibi aşağıdakı kimi göstərilmişdir: -İcra edilməmiş reyslərə görə-3846 manat; -Əlavə alınan biletlərə görə 9568 manat; -Qatar və taksi xərclərinə görə-176 manat; -Hüquqi yardıma görə 1200 manat; -Mediasiya xərci 210 manat. İddiaçı hava nəqliyyatı təşkilatı olaraq cavabdehin sərnişinlərə vurduğu zərərin əvəzini ödədiyindən həmin məbləği MM-nin 1114.1-ci maddəsinə əsasən reqres qaydada cavabdehdən tələb edir.

29. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh xarici hüquqi şəxs olduğundan ilk öncə Azərbaycan Respublikası məhkəməsinin mübahisəyə baxmasına səlahiyyəti olubolmadığı yoxlanılmalıdır. İşdən görünür ki, cavabdeh şirkətin Azərbaycan Respublikasında Nümayəndəliyi olduğundan MPM-nin 443.0.2-ci maddəsinə əsasən Bakı Kommersiya Məhkəməsi işə baxmağa səlahiyyətli olmuşdur. Mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılması ilə bağlı tərəflər arasında mübahisə yoxdur.

30. İddiaçının sübyektiv hüququ ilə bağlı məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda mübahisə sərnişin daşıma müqaviləsindən irəli gəldiyindən və bu müqavilənin tərəfləri sərnişinlərlə və daşıyıcı şirkət olduğundan yalnız sərnişinlər öhdəliyini icra etməmiş daşıyıcıdan vurulmuş maddi zərəri tələb etmək hüququna malikdir. Sərnişinlərin bu hüququ iddiaçıya reqres qaydada yalnız daşıyıcının yerinə zərərin əvəzini ödədiyi məbləğdə keçə bilər. İddiaçı tərəfindən təqdim edilmiş “Bəyannamə” adlı sənədə əsasən (sərnişinlərdən ikisi- Sadikova Aynur və Həsənova İradə tərəfindən imzalanmış) sərnişinlərə ödənilmiş məbləğ yalnız 8850 manat olmuşdur. Buna görə də, sərnişinlərə dəymiş ziyanın məbləği bundan artıq olmuş olsa belə, iddiaçının geriyə tələb (reqres) hüququ bu məbləğdən artıq ola bilməz.

31. Eyni zamanda qeyd edilməlidir ki, iddia sərnişinlərin özləri tərəfindən qaldırılmış və cavabdehin öz öhdəliyini təqsirli şəkildə icra etmədiyi təsdiq edilmiş olsaydı dəymiş maddi ziyan yalnız uçuşlar baş tutmadığına görə çəkilmiş əlavə xərclərdən ibarət ola bilərdi. Bu xərclərlə yanaşı eyni zamanda turistlərin səyahət üçün əldə etdikləri uçuş biletlərinin dəyərinin cavabdehdən tələb edilməsi ümumiyyətlə əsassızdır.

32. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni eyni zamanda aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir.

33. İşin mübahisəsiz halıdır ki, iddiaçıdan turizm zərfi almış sərnişinlərdən üç nəfərində tək girişlik qısa müddət ərzində Avropa ölkəsində qalma hüququ verən C növlü Şengen vizası olmuş, sərnişinlərin ilk səfər edəcəkləri ölkə İtaliya olduğu halda viza iddiaçının tövsiyyəsi ilə Almaniya səfirliyindən əldə edilmişdir.

34. Şengen sazişinin tətbiqinə dair xx.xx.1990-cı il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Almaniya Səfirliyinin saytında hansı hallarda viza üçün Almaniya Səfirliyinə müraciət edilməli olduğu qeyd edilmişdir: - yalnız Almaniyaya səfər edirsiniz və ya, - siz müxtəlif ölkələrə səfər edəcəksiniz lakin səfərin müddətinə və məqsədinə görə Almaniya əsas səfər edəcəyiniz ölkə olacaqdır və ya, - əsas səfər məqsədi yoxdur və siz ilk əvvəl Almaniyaya səfər edəcəksiniz.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıdan tur zərfi almış sərnişinlər onların uçduqları ölkəyə (İtaliya) giriş hüququ verən səyahət sənədlərinə malik olub-olmamalarını yoxlayan “X19” Şirkətinin əməkdaşına Almaniyanın ilk səfər edəcəkləri və ya əsas səfər edəcəkləri ölkə olduğuna dair sənədləri təqdim edə bilməmişlər. Belə olan halda müəyyən olunur ki, həmin sərnişinlərin Almaniya Səfirliyindən əldə etdikləri viza ilk səfər ölkəsi kimi İtaliyaya giriş hüququ verməmişdir.

36. Belə olan halda Şengen sazişinin tətbiqinə dair xx.xx.1990-cı il tarixli Konvensiyanın tələbləri pozulduğu üçün daşıyıcı şirkətin sərnişinlərin İtaliyaya uçuşunu həyata keçirməsi Konvensiya üzvü olan dövlət tərəfindən cavabdehə qarşı cərimə tətbiq edilməsinə əsas ola biləcəyi üçün cavabdehin hərəkətlərinda pozuntu olmamışdır.

37. Sərnişinlərlə bağlanmış daşıma müqaviləsinin tərkib hissəsi olan (işin mübahisəsiz halıdır ki, sərnişin daşıyıcı şirkətdən bilet əldə edərkən həmin qaydaları da qəbul etmiş olur) “X19” A.O-nun (Anonim Ortaklığı) “Sərnişin və baqajın daşınması üzrə” Ümumi şərtlərinin 1-ci maddəsinə əsasən “Daşıyıcı” dedikdə bileti verən aviadaşıyıcı və ya sərnişini və/və ya onun baqajını daşıyan və ya daşımağı öhdəsinə götürən aviadaşıyıcılardan hər biri, “Səlahiyyətli agent” dedikdə isə daşıyıcı tərəfindən hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin satışı ilə bağlı daşıyıcını təmsil etmək səlahiyyətinə malik olan və icazə verildiyi təqdirdə digər daşıyıcılar da daxil olmaqla, daşıma xidmətlərini satan sərnişin satışı agentliyi başa düşülür.

38. Daşıma şərtlərinin 8.1-ci maddəsinə əsasən ümumiyyətlə sərnişin əvvəlki reyslərdə 8-ci və 12-ci maddələrin tələblərini pozarsa və uçuşa icazə verilməsinin daşıyıcıdan gözlənilməsi mümkün olmayan hallar yaranarsa, daşıyıcı öz mülahizəsinə əsasan sərnişini öz reyslərinə qəbul elməkdən imtina etmək hüququna malikdir. Daşıyıcı belə hallarda sərnişinə bilet satmayacaq. Sərnişin bu qadağa qərarının olmasına baxmayaraq hər hansı bir səkildə bilet alıb reysə qəbul edildikdə, biletin etibarlı olması va qaydalara uyğun hazırlanması şərti itə yalnız bilet üçün ödənilmiş rüsum ona qaytarılacaq və sərnişinin başqa heç bir kompensasiya almaq hüququ olmayacaq.

39. Daşıyıcı bundan əlavə təhlükəsizlik səbəbi ilə və ya öz mülahizəsinə gorə, aşağıdakı və ya oxşar hallarda sərnişin və ya sərnişin baqajını daşımaqdan imtina edə bilər: - 8.1.1. Əgər bu cür imtina yola düşmə, təyinat və ya tranzit ölkəsi və ya dövlətlərin hər hansı qüvvədə olan qanununa, qaydasına və ya qərarlarına riayət etmək üçün zəruri olarsa.

40. Daşıma şərtlərinin 14.1-ci maddəsinə əsasən sərnişin çıxış və təyinat ölkələrinin və ya onların uçduqları ölkələrin qanunlarına, əsasnamələrinə, qaydalarına, əmrlərinə, tələblərinə və səyahət tələblərinə, eləcə də Daşıyıcı Qaydalarına va təlimatlarına əməl etmək üçün məsuliyyət daşıyır. Bu qanunlara, qaydalara, əmrlərə, tələblərə və şərtlərə əməl olunması və ya vizanın və ya lazımi sənədlərin alınmasına görə yazılı olubolmamasında asılı olmayaraq, daşıyıcının hər hansı personalı və ya agentliyi tərəfindən göstərilən yardım və verilən məlumatlara və ya sərnişinin viza və ya digər sənədləri ala bilməməsinə və ya bu qanunlara, əsasnamələrə, əmrlərə, tələblərə, şərtlərə, qaydalara və tapşırıqlara sərnişinin əməl etməməsindən irəli gələn nəticələrə görə daşıyıcı məsuliyyət daşımır.

41. 14.2-ci maddəsinə əsasən sərnişin müvafiq ölkələrin qanunlarına, qaydalarına, əmrlərinə, tələblərinə uyğun olaraq tələb olunan bütün çıxış, giriş, sağlamlıq və digər məsələlərlə bağlı sənədləri təqdim etməyə məcburdur. Daşıyıcı qanunlara, qaydalara, əmrlərə, tələblərə və şərtlərə uyğun olmayan və ya sənədləri bu qaydalara uyğun gəlməyən və ya daşıyıcıya həmin sənədlərin surətini çıxarıb saxlamağa icazə verməyən sərnişini daşımaqdan imtina etmək hüququnu və ya bu səbəbdən ona hər hansı zərər dəydiyi təqdirdə zərəri Sərnişinə yönəltmək hüququnu özündə saxlayır.

42. Daşıma şərtlərinin 14.3-cü maddəsinə əsasən sərnişinin təyinat ölkəsi və ya tranzit ölkəsi olmasından asılı olmayaraq hər hansı ölkədə qəbul edilməməsi səbəbindən Daşıyıcıdan Sərnişin, yenidən səyahətin başlanğıc nöqtəsinə və ya başqa yerə aparması dövlət qərarı və ya qanunla tələb olunarsa, Sərnişin müvafiq gediş haqqını ödəməlidir. Daşıyıcı daşımanın istifadə olunmamış hissəsi üçün Sərnişin tərəfindən ödənilmiş pulu və ya Sərnişinin Daşıyıcıda olan hər hansı pul və ya debitor borcunu daşıma haqqı kimi istifadə edə və ya əvəzi kimi saxlaya bilər. Ölkəyə girişə icazə verilmədiyi və ya Sərnişinin ölkədən çıxarıldığı yerlərə qədər daşınması üçun Daşıyıcının aldığı rüsum Daşıyıcı tərəfindən geri qaytarılmır.

43. Daşıma şərtlərinin 14.4-cü maddəsinə əsasən sərnişinin müvafiq ölkələrin qanunlarına, qaydalarına, qaydalarına, əmrlərinə, tələblərinə və səyahət şərtlərinə əməl etməməsi və ya tələb olunan sənədləri təqdim etməməsi səbəbindən Daşıyıcıdan hər hansı cəriməni ödəməsi və ya verməsi və ya har hansı xərcləri ödəməsi tələb olunarsa, Sərnişin bu qayda ilə Daşıyıcıya qarşı hesablanmış, Daşıyıcı tərəfindən ödənilmiş və ya verilmiş məbləği və ya çəkilmiş hər hansı xərci dərhal Daşıyıcıya ödəməlidir. Daşıyıcı daşımanın istifadə olunmamış hissəsi üçün Sərnişin tərəfindən ödənilmiş pulu və ya Sərnişinin Daşıyıcıda olan har hansı pul və ya debitor borcunu həmin daşıma haqqı kimi istifada edə və ya əvəzi kimi saxlaya bilər.

44. Daşıma şərtlərinin 16.3-cü maddəsinə əsasən Konvensiyanın tətbiq edilibedilməməsindən asılı olmayaraq, yuxarıda göstərilən müddəalara zidd olmamaq şərtilə: - 16.3.3. Daşıyıcı Qanunun tələblərinin və ya Hökumət qərarlarının, tələblərinin və ya şərtlərinin icrası nəticəsində dəyən hər hansı zərərə görə, eyni qayda ilə Sərnişinin onlara tam əməl etməməsi nəticəsində dəyən zərərə görə məsuliyyət daşımır. - 16.3.5. Daşıyıcının məsuliyyəti, məsuliyyət həddini aşmamaq şərti ilə sübut edilmiş faktiki zərərin məbləği ilə məhdudlaşır. Daşıyıcı hər hansı digər dolayı zərərə görə məsuliyyət daşımır.

45. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin əməkdaşı tərəfindən iddiaçıdan uçuş bileti əldə etmiş sərnişinlərin daşınmasından onların İtaliyaya giriş hüququ verən vizaya malik olmamaları əsası ilə imtina edilməsi Şengen sazişinin tətbiqinə dair Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olmuş və daşıma müqaviləsinin tərkib hissəsi olan “X19” A.O-nun (Anonim Ortaklığı) “Sərnişin və baqajın daşınması üzrə” Ümumi Qaydalarında cavabdehin sərnişinin qeyd edilən əsasla daşınmasından imtina hüququ nəzərdə tutulmaqla bu imtinaya görə maddi məsuliyyəti istisna olunmuşdur.

46. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sərnişinlərin dönüş biletlərindən istifadə edə bilməməsi də Hava Yolları Şirkətinin Ümumi Qaydalarına uyğun olmuşdur. Daşıma şərtlərinin 3.3-cü bəndinə əsasən X5 yalnız biletdə göstərilən yola düşmə gediş yerindəki ardıcıllıqla qəbul edəcək. 3.3.2-ci bənddə qeyd edilir ki, beynəlxalq Bilet kuponlarda göstərilən yola düşmə gediş nöqtəsindən razılaşdırılmış dayanacaqlar daxil olmaqla, səyahətin təyinat nöqtəsinə qədər daşınma üçün etibarlıdır. Uçuş və ya baqaj kuponları yalnız müvafiq ardıcıllıqla istifadə edilə bilər. Kuponlar göstərilən ardıcıllıqla istifadə edilmədikdə, bilet etibarlılığını itirir və istifadə edilə bilməz. Hazırkı halda iddiaçıların ilk dəfə iddiaçıdan tur zərfi çərçivəsində əldə etdikləri biletlər ayrı-ayrı uçuş kuponlarından ibarət vahid beynəlxalq bilet olduğundan əvvəlki uçuş kuponlarından istifadə edilmədiyi üçün sonrakı biletlər qaydala görə etibarsız hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar yoxdur.

47. MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırkı halda iddia rədd edildiyindən iddiaçının çəkdiyi hüquqi xidmət xərci və mediasiya xərcinin cavabdehdən tutulması barədə tələblər də məhkəmə tərəfindən rədd edilmişdir.

48. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3801/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3801/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar