Məhkəmə qərarları › İş №2-2(103)-271/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-271/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-271/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1015/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1015/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi haqqında» iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə təqdim edilmiş, şikayət HŞ-332 daxil olma nömrəsi ilə qeydə alınmış və məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşıdırb hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası tərəfindən prosessual qanunuvericiliyin qeyd olunan tələbləri qaydasında cavabdehin apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliyin tələbləri qaydasında verilməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsidir və iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının iddia ərizəsi və ona əlavə etdiyi sənədlər onun tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə verilmişdir. MPM-in qüvvədə olan 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunun qeyd olunan imperativ tələbindən də göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin də məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Ən azından, Məcəllənin sözügedən norması - kommersiya mübahisələri üzrə iddia ərizəsinin, şikayətin və digər sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Lakin iş materiallarından görünür ki, cavabdeh qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini məhkəməyə elektron kabinet vasitəsilə göndərməmişdir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin qeyd olunan (MPM-in 10- 1.3-cü maddəsinin) imperativ tələbinə diqqət yetirməmiş və cavabdehin apellyasiya şikayətini MPM-in 152.1.1-ci maddəsinin tələbi qaydasında geri qaytarmalı olduğu halda, birbaşa işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, MPM-in 364-cü maddəsinin tələbində nəzərdə tutulur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən buraxılmış qeyd olunan prosessual pozuntunu nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)- 1015/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar