Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-271/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilk iddiaçının nümayəndəsi vəkil Nümayəndə, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı «X2 ve Sanayi Tic.”xxxx” Şirkətinin cavabdeh «X1” MMC-yə qarşı “borcun və gecikməyə görə faiz məbləğinin ödənilməsi tələbinə dair» ilkin iddia tələbi, eyni zamanda, ikincinin birinciyə qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» qarşılıqlı iddia tələbi üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2340/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı «X1” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «X2 ve Sanayi Tic.”xxxx” Şirkəti cavabdeh «X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 135.000 avro əsas borcun, həmçinin, öhdəliyin gecikmə faizi olaraq 6.750 avro olmaqla, ümumilikdə 141.750 avro məbləğinin ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, eləcə də, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə i qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddianın əsaslarına görə tərəflər arasında mal və materialların təqdim olunması ilə bağlı kommersiya münasibətləri mövcud olmuş, fəaliyyət nəticəsində cavabdehin 135.000 avro məbləğində iddiaçıya borcu yaranmış, bu səbəbdən tərəflər arasında xx.xx.2019-cu il tarixdə borc müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.2-ci maddəsinə görə cavabdehin iddiaçıya olan borcu 135.000 avro təşkil edir. Lakin, aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh hər hansı ödəniş icra edilməmişdir. Cavabdehə, öhdəliklərini icra etmədiyinə görə çoxsaylı müraciətlər və yazılı pretenziya məktubu cavabsız və nəticəsiz qalmışdır. Müqavilə ilə ödəmənin gecikdtirilməsinə beş faiz müəyyənləşdirilmişdir. Həmin borc məbləğinin beş faizi isə 6750 avro təşkil edir. Eyni zamanda, məhkəmədə işə baxılarkən «X1” MMC «X2 ve Sanayi Tic.”xxxx” Şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli borc müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, müqavilə «X1” MMC tərəfindən imzalandıqdan sonra «X2 ve Sanayi Tic.”xxxx” Şirkətinə göndərilmiş, sonuncu sonradan müqavilənin natamam olmasını əsas gətirərək «X1” MMC ilə müqaviləyə dair bir sıra dəyişikliklər edilməsini, bu səbəbdən də müqavilənin imzalamamağı qərara almışdır. Borc müqaviləsi həmin ticarət müqaviləsini pərdələmək məqsədi daşımışdır. Lakin şirkəti tərəfindən MMC-nin imzalayıb göndərdiyi müqavilənin nüsxəsi geri qaytarılmamışdır. Müqavilə borc müqaviləsi olaraq görülsə də, malların alqı-satqısının həyata keçirilməsini pərdələmək məqsədi daşımışdır. Belə ki, tərəflər malların göndərilməsi barədə razılığa gəlmiş və şirkət tərəfindən cəmiyyətə razılaşdırılmış malların bir qismi göndərilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Analogiya ilə yanaşı hüquqi şəxslərə arasındakı münasibətlərə də qanunvericiliyin bu müddəası aid edilməlidir. Şirkət iddia ərizəsində 135.000 avro məbləğində pul vəsaitinin cəmiyyətə verildiyini qeyd etsə də, borc pul məbləğinin cəmiyyətin hesabına köçürülməsi faktını sübut edən hər hansı maliyyəmühasibatlıq sənədləri (kassa məxaric orderi, pul köçürməsi barədə qəbz və s.) təqdim etməmişdir. Əgər qeyd olunan pul məbləği hesablaşma hesabı vasitəsi ilə deyil, gömrük vasitəsi ilə göndərilmişdirsə, bu faktı təsdiq edəcək gömrük bəyannaməsi təqdim etməli idi. İddiaçı qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, və 340.2-ci maddələrinə istinadən hesab edir ki. iddia tələbi təmin olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, «X1” MMC -dən 57.000,00 avro əsas borcun və faiz olaraq 2375 avro ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə tutularaq «X2 ve Sanayi Tic.”xxxx” Şirkətinə ödənilməsi, iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 12,56 manatı cəmiyyətdən tutularaq şirkətə ödənilməsi, qalan 17,44 manatının şirkətin özünə aid edilməsi, qalan hissədə ilkin iddianın, habelə qarşılıqlı iddianın rədd edilməsi və onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən qarşılıqlı iddiaçı «X1” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, şirkət iddia ərizəsində tərəflər arasında malların alqı-satqı münasibətlərinin olduğunu və qeyd olunan borc məbləğinin 2012-ci ilə aid olması ilə əsaslandırmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, cəmiyyətin adına şirkət tərəfindən müxtəlif adda mallar göndərilmiş, lakin şirkətin iddia tələbini irəli sürdüyü MMC xx xxxxxx 2018-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Bununla da MMC-yə yönəldilən borc məbləğinin əsassız olduğu bir daha sübut olunmuşdur. Məhkəmə araşdırılması zamanı borcun yaranma səbəbi olaraq 2012-ci ildə olan mal alqı-satqısı dayanırsa və həmin mal MMC-yə verilməmişdirsə, bu vəziyyətdə həmin malların ödənişinin cavabdehdən tələb olunması ədalətsiz və qanunsuzdur. Eyni zamanda, məhkəmə qətnaməsində qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, lakin həmin tarixdən 1 il keçdikdən sonra cəmiyyətə qarşı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə MMC tərəfindən imzalandıqdan sonra şirkətə göndərilmiş, sonradan cavabdeh müqavilənin natamam olmasını əsas gətirərək iddiaçı ilə müqaviləyə dair bir sıra dəyişikliklər edilməsini, bu səbəbdən də müqavilənin imzalamamağı qərara almışdır. Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Həmçinin müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Plenum Qərarına əsasən Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Yazılı formada müqavilənin bağlanması sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Halbuki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli müqavilə MMC tərəfindən imzalanıb qarşı tərəfə göndərilmiş, lakin cavabdeh tərəfindən müqaviləyə müəyyən dəyişikliklərin edilməsi zərurəti ilə imzalanmaması təklifi irəli sürülmüş, həmçinin iddiaçının imzalayıb göndərdiyi müqavilənin nüsxəsi geri qaytarılmamışdır. Həmin müqavilənin əldən götürülərək Türkiyə Respublikasına göndərilməsi faktı iddiaçı tərəfindən təsdiqlənir. Lakın həmin müqavilənin şirkəti tərəfindən imzalandıqdan sonra MMC-yə qaytarılması halı sübuta yetirilmir. Belə olan halda müqavilənin faktiki olaraq imzalanma tarixi və MMC-nin öhdəliyinin əmələ gəldiyi tarix bəlli deyildir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, ilkin iddiaçının nümayəndəsi vəkil Nümayəndə isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddiaçının iddia ərizəsindən və onun apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi onun tərəfindən mübahisələndirilir ki, xx.xx.2019-cu il tarixli borc müqaviləsi «X1” MMC tərəfindən imzaladıqdan sonra qarşı tərəf «X2 ve Sanayi Tic.”xxxx” şirkətinə göndərilmiş, lakin sonuncu həmin müqavilənin natamam olması əsası ilə həmin müqaviləni imzalamamış, nüsxəsini geri qaytarmamışdır. Birincisi, məhkəmə kollegiyası, qarşılıqlı iddiaçının qeyd olunan dəlilləri ilə əlaqədar onu qeyd edir ki, cəmiyyət ən azından öz təşəbbüsü ilə şirkət qarşısında ona 135.000 avro məbəlğində borcu olduğunu etiraf etmişdir. İkincisi, borc müqaviləsini imzalayıb, həm də müəssisənin möhürü ilə təsdiqləyib şirkətə göndərdiyini bildirsə də, bu göndərməni hansı formada həyata keçirdiyini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Konkret halda isə, şirkət cəmiyyyətə qarşı hazrkı iddia tələbindən də göründüyü kimi, cəmiyyət tərəfindən tərtib edilib təsdiq olunmuş borc müqaviləsini, analoji qaydada imzalayb öz möhürü ilə təsdiq etmiş və həmin müqavilənin nüsxəsini məhkəməyə təqdim etməklə (əsli ilə düzlüyü məhkəmə tərəfindən yoxlanılmışdır), onda cəmiyyətin borcu kimi təsbit olunan 135000 avro məbləğində pulun sonuncudan tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlar hər bir halda onu deməyə əsas verir ki, harada və hansı şəraitdə bağlanmasından asılı olmayaraq, hər iki tərəf sadə yazılı formada öz iradə ifadələrini bildirmiş və onu təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 351.3-cü maddəsi isə nəzərdə tutur ki, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qarşılıqlı iddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi ikinci bir dəlili ondan ibarətdir ki, borcun yaranma səbəbi 2012-ci ildə olan mal alqı-satqısı dayanır və mübahsələndirilən borc müqaviləsi ticarət müqaviləsini pərdələmək məqsədini daşımışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının həmin dəlili ilə də razılaşmayaraq onu qeyd edir ki, əvvəllər təsis olunana qədər cəmiyyətin təsisçisi və ya onun direktoru və yaxud onların etibar etdiyi digər şəxs arasında hansı öhdəliklərin mövcudluğundan asılı olmayraq hər bir halda, konkret halda tərəflər barışıqla xx.xx.2019-cu il tarixində hazırkı borc müqaviləsini bağlamaqla, aralarındakı borc pul münasibətlərinə aydınlıq gətirmiş və bu müqavilə ilə cavabdeh cəmiyyət iddiaçı şirkət qarşısında 135.000,00 avro məbləğində borcu olduğunu təsdiqləmişdir. Mülki Məcəllənin 881.2-ci madldəsi müəyyən edir ki, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayətnin Mülki Məcəllənin 405.1-ci və 407.2-ci maddələrinə istinadən xx.xx.2019-cu il tarixli borc müqaviləsinin bağlanmış hesab etmədiyini mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Mülki Məcəlləsinin 354.2-ci maddəsi isə nəzərədə tutur tutur ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Cəmiyyət tərəfindən isə borc müqaviləsinin bağlandığı xx.xx.2019-cu il tarixdən 1 il keçdikdən sonra (xx.xx.2020-ci il tarixində) onun etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırılmış, bununla da həmin müqaviləni mübahisələndirmək üçün qanunla müəyyən olunan 1 illik müddəti (kəsici müddət) ötürmüşdür. Beləliklə də müəyyən edilir ki, mübahisələndirilən borc müqaviləsi etibarlıdır. Həmin müqavilədən isə görünür ki, cəmiyyət şirkətə olan 135000 avro məbləğində borcunu xx.xx.2019-cu il tarixindən etibarən, hər növbəti ayın 20-dən 30-dək hissə-hissə 3000 avro məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Cəmiyyət isə müqavilədə nəzərədə tutulan həmin öhdəliyini yerinə yetirməmiş, 2019-cu ilin mart ayından məhkəmədə iddia qaldırılan 2020-ci ilin sentyabr ayına kimi 19 ay ərzində cəmi, şirkətə hər ay 3000 avro ödəməli olduğu borcunu ödəməmiş, nəticədə 57.000 (3000x19) avro məbləğində borcu yaranmış, bununla da müqavilə öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 445.7-ci maddəsi isə nəzərədə tutur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək 57000 avro məbəlğində borcun və ödəmənin gecikdirilməsinə görə illik 2375 avro məblğində illik faizin cavabdeh cəmiyyətdən onun xeyrinə tutulması, qalan hissədə ilkin iddiaın, habelə qarşılıqlı iddianın rədd olunması işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellysiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2340/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Qarşılıqlı iddiaçı «X1” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2340/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-271/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-271/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver