Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-271/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5734/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh QSC arasında bağlanmış reklam xidmətlərinin göstərilməsinə dair 15 sentyabr 2021-ci il tarixli AV/08/21 nömrəli müqaviləyə əsasən icraçı sifarişçinin reklam materialını bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə uyğun olaraq yerləşdirməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Tərəflər arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli reklam xidmətlərinin göstərilməsinə dair müqaviləyə 01 nömrəli Əlavəyə əsasən reklam yayımı üzrə ödəniləcək aylıq məbləğ ƏDV daxil olmaqla 10325 manat təşkil edir və göstərilənlər öncədən ödənilir. Əlavənin 1.2-ci bəndinə əsasən bu əlavə üzrə çap, montaj və adaptasiya xidmətləri üzrə ödəniləcək məbləğ 579 manat təşkil edir və göstərilən xidmətlərin dəyəri öncədən ödənilir.
3. AV/08/21 nöməli reklam xidmətlərinin göstərilməsinə dair müqaviləyə 18 yanvar 2022-ci il tarixli razılaşmaya əsasən AV/08/21 nömrəli müqavilənin xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavəsi iki tərəfin razılaşdırılması ilə ləğv edilir. Tərəflərin həmin Əlavə üzrə 1 fevral 2022-ci il tarixindən bütün öhdəliklərinə xitam verilir.
4. Tərəflər arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli reklam xidmətlərinin göstərilməsinə dair müqaviləyə 02 nömrəli 19 yanvar 2022-ci il tarixli Əlavəyə əsasən reklam yayımı üzrə ödəniləcək aylıq məbləğ ƏDV daxil olmaqla 5605 manat təşkil edir və göstərilən xidmətlərin dəyəri öncədən ödənilir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli AV08/21 saylı müqavilə əsasında yaranmış 11200 manat borcun və vəkil xidmətləri üçün vəkilə ödənilmiş 1000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və 11210 manat borc yaranmışdır. Bununla əlaqədə olaraq cavabdehə borcun ödənilməsinə dair məktub göndərilmiş və cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli AV08/21 saylı reklam xidmətlərinin göstərilməsinə dair müqavilənin 2 saylı Əlavəsi üzrə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər icra edilməmiş, tərəflər arasında razılaşdırılmış “X6” layihəsi üzrə reklamların yayımlanması həyata keçirilməmişdir. Bu barədə iddiaçıya yalnız şifahi şəkildə iradlar bildirilmiş, xx.xx.2022-ci il tarixdə isə irad məktubu göndərilmişdir.
8. Cavabdehin dəlillərinə dair iddiaçı bildirir ki, hazırkı borc tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AV08/21 saylı reklam xidmətlərinin göstərilməsinə dair müqavilənin 2 saylı Əlavəsindən irəli gəlir. Həmin Əlavə üzrə iddiaçıya ümumilikdə 11210 manat pul ödənilməlidir, lakin iddia ərizəsi tərtib edilərkən texniki səhvə yol verilərək həmin məbləğ 11200 manat göstərilmişdir. Bundan əlavə, tərəflər arasında razılaşdırılmış müqavilə üzrə xidmətlər vaxtında cavabdehin bildirdiyi kimi icra edilmirdisə, bu barədə onlara vaxtında məlumat verilməli idi, lakin onlara müqavilə üzrə xidmətlərin icra edilməməsi ilə bağlı hər hansı irad bildirilməmiş, tərəflərindən ödəniş tələb edildikdə, cavabdeh onlara xx.xx.2022-ci il tarixdə məktub ünvanlayaraq həmin xidmətlərin icra edilmədiyini bildirmiş, müqaviləyə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5734/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
10. Cavabdeh QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh QSC-yə yüksək keyfiyyətli reklam işi yayımlamalı idi. Lakin bu belə olmamış və İddiaçı MMC tərəfindən çox keyfiyətsiz iş icra olunmuşdur. Reklam posterinin şəkillənməsi çox aşağı səviyyədə icra olunmuşdur. Cavabdeh QSC nümayəndələri tərəfindən İddiaçı MMC-nin iş icraçıları ilə uzun müddət yazışmalar olub və nəhayət İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə məktub ünvanlayaraq həmin xidmətlərin layiqincə icra edilmədiyini bildirərək müqaviləyə xitam verəcəyini qeyd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X3 və iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə isə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
15. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
16. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
17. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
20. Belə ki, tərəflər arasında reklam xidməti müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
21. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
22. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
23. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
24. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
25. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.
26. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
27. Lakin kollegiya hesab edir ki, iddia tam təmin edilə bilməz. Çünki iddiaçı tərəfindən reklam xidməti tam olaraq həyata keçrilməmişdir.
28. Belə ki, tərəflər arasında bağlanmış reklam xidmətlərinin göstərilməsinə dair 15 sentyabr 2021-ci il tarixli AV/08/21 nömrəli müqaviləyə 02 nömrəli 19 yanvar 2022-ci il tarixli Əlavəyə əsasən reklam yayımları əlavədə göstərilən ünvanlarda xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətlərdə həyata keçirilməli idi.
29. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyindən verilmiş 10 noyabr 2022-ci il tarixli 03-07/454 nömrəli açıq məkanda müvafiq reklamların yayımlanması barədə məktubdan isə görünür ki, "xxxx" MMC-yə aid Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində və Xətai prospektində yerləşən monitor tipli reklam qurğularında xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində, "xxxx" MMC-yə aid Üzeyir Hacıbəyov-Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən monitor tipli reklam qurğusunda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində və X7-Həsənoğlu küçələrinin kəsişməsində yerləşən roller tipli reklam qurğusunda xx.xx.2022xx.xx.2022-ci il tarixlərində, "xxxx" MMC-yə aid Yusif Səfərov (“Port Baku” yaxınlığı) küçəsində yerləşən monitor tipli və X7 (“Gənclik” m/s yaxınlığı) küçəsində yerləşən roller tipli reklam qurğularında xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində “X6” layihəsi ilə bağlı reklamlar yayımlanmışdır.
30. Göründüyü kimi X7-Həsənoğlu küçələrinin kəsişməsində, Yusif Səfərov (“Port Baku” yaxınlığı) küçəsində və X7 (“Gənclik” m/s yaxınlığı) küçəsində reklam qurğularında reklam yayımları Əlavə 2-də göstərilən bütün müddət ərzində (01.02.22-31.03.22) həyata keçirilsə də, Üzeyir Hacıbəyov-Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən monitor tipli reklam qurğusunda Əlavə 2-də göstərilən müddətdən az, yəni 1 ay 10 gün ərzində (01.02.22-10.03.22), həmçinin Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində və Xətai prospektində yerləşən reklam qurğularında da Əlavə 2-də göstərilən müddətdən az, yəni cəmi 11 gün (01.02.22-11.02.22) reklam yayımları həyata keçirilmişdir.
31. Qeyd olunan müddətlərə və əlavə 2-də göstərilən ünvanlar üzrə aylıq endirimli qiymətlərə uyğun hesabladıqda isə müəyyən olunur ki, iddiaçı tərəfindən ümumilikdə cəmi 5819,9 manat dəyərində reklam yayımı xidməti həyata keçirilmişdir.
32. Belə ki, həmin məbləğ aşağıda göstərilən qaydada hesablanmalıdır:
33. Üzeyir Hacıbəyov-Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən monitor üzrə reklam - 1 ay üçün 1600 manat, 10 gün üçün 1600 / 30 x 10 = 533,3 ; 1 ay 10 gün üçün 1600 + 533,3 = 2133, manat;
34. Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən monitor üzrə reklam – 11 gün üçün - 800 / 30 x 11 = 293,3 manat;
35. Xətai prospektində yerləşən monitor üzrə reklam - 11 gün üçün - 800 / 30 x 11 = 293,3 manat;
36. Yusif Səfərov (“Port Baku” yaxınlığı) küçəsində yerləşən monitor üzrə reklam - bütün müddət üçün (01.02.22-31.03.22) – 800 x 2 ay = 1600 manat;
37. X7-Həsənoğlu küçələrinin kəsişməsində yerləşən monitor üzrə reklam - bütün müddət üçün (01.02.22-31.03.22) – 360 x 2 ay = 720 manat;
38. X7 (“Gənclik” m/s yaxınlığı) küçəsində yerləşən monitor üzrə reklam - bütün müddət üçün (01.02.22-31.03.22) – 390 x 2 ay = 780 manat;
39. Bütün ünvanlar üzrə cəmi reklam xidməti dəyəri 5819,9 manat (2133 + 293,3 + 293,3 + 1600 + 720 + 780 = 5819,9)
40. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 5819,9 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə iddia qismən əsaslıdır.
41. Qalan hissədə isə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən Əlavə 2-də göstərilən bütün müddət ərzində (01.02.22-31.03.22) reklamın yayılmasını təsdiq edən sübutlar təqdim edilməmiş və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 5380,1 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməli, yuxarıda qeyd olunan əsaslara görə həmin hissədə iddia təmin edilməməli, qətnamə 5819,9 manat məbləğində pul vəsaitinin tutulması hissəsində isə dəyişdirilmədən saxlanılmalıdır.
43. Həmçinin hər iki tərəfə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5734/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni 5380,1 manat pul məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə 5819,9 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn