Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-273/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4125/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 24.05.2021-ci il tarixə qeyd olunan borc məbləğindən, Dövlət büdcəsinə ödənilməmiş 15213,73 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 24000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)-4125/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 24.05.2021-ci il tarixli qərar əsasında tələb edilən borc cavabdeh tərəfindən 13 avqust 2021-ci il tarixli 79962505 saylı mədaxil qəbzinə əsasən ödənilmişdir. Lakin sonradan iş materiallarına yeni vergi borcu məlumatı əlavə olunaraq cavabdehin 169572,56 manat vergi borcu olması qeyd edilmişdir. Lakin belə bir borcla əlaqədar vergi tərəfindən heç bir siyahıya alma qərarı olmamış, maliyyə sanksiyası və faiz borcunun əsasları mübahisə predmeti olmamış, maliyyə sanksiyası və faizlərə görə əmlakın siyahıya alnmasını hüquqi əsasları təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 24.05.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 24.05.2021-ci il tarixə yaranan 15213,73 manat borcuna görə 24000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 31.05.2021-ci il tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 04.06.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmış və borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 24.05.2021-ci il tarixli **********7 saylı qərar çıxarmışdır. Qərar əsasında Cavabdeh MMC-yə məxsus 24000 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə 31.05.2021-ci il tarixli **********7 saylı protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 24000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin elektron sistemindən çıxarılmış Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh MMC tərəfindən 16.08.2021-ci il tarixdə vergi borcu üzrə 15213 manat pul vəsaiti ödənilmişdir. Bununla belə həm şəxsi hesab vərəqəsindən, həm də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17 sentyabr 2021-ci il tarixli **********077400 saylı məktubundan görünür ki, cavabdehin 17.09.2021-ci il tarixə dövlət büdcəsinə maliyyə sanksiyası üzrə 100 manat və faiz üzrə 168106,2 manat borcu vardır. Bununla belə nə vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 24.05.2021-ci il tarixli Qərarda, nə əmlakı siyahıya alınması barədə 31.05.2021-ci il tarixli **********7 saylı Protokolda, nə də iddia ərizəsində 15213,73 manat borcun təyinatı, yəni məhz vergi, yaxud faiz borcu olması konkret göstərilməmişdir. Ona görə də, cavabdeh tərəfindən 15213 manat məbləğində vergi borcu ödənilsə də, 168106,2 manat faiz borcunun mövcudluğu halında iddia rədd edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4125/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-273/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-273/2022
29.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver