Məhkəmə qərarları › İş №2-2(103)-273/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-273/2025

04.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-273/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “M.Ə.Əfəndiyev adına X5” X3 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6956/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “M.Ə.Əfəndiyev adına X5” PHŞ (istehlakçı) ilə Cavabdeh İB (paylayıcı) arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, AMX2-2723 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti Azərbaycan Respublikası Tarif şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər bir m3 üçün 0,20 manat məbləğində müəyyən edilmişdir.

2. xx.xx.2022-ci il tarixli 2 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 6530,26 manat, xx.xx.2023-cü il tarixli 9 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 6109,76 manat, xx.xx.2023cü il tarixli 9 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023- cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 13055,76 manat, xx.xx.2023-cü il tarixli 32 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 10571,76 manat, xx.xx.2023-cü il tarixli 32 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 5586,51 manat, xx.xx.2023-cü il tarixli 30 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 2180,51 manat, xx.xx.2023-cü il tarixli 9 nömrəli hesabfakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 249,76 manat, xx.xx.2023-cü il tarixli 106 nömrəli hesabfakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 516,01 manat, xx.xx.2023-cü il tarixli 22 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 490,51 manat, xx.xx.2023-cü il tarixli 18 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 333,51 manat,xx.xx.2023-cü il tarixli 8 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 464,01 manat, xx.xx.2023-cü il tarixli 10 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin olan qalıq borcu 1513,51 manat təşkil edir.

3. MT2312 seriyalı, 00165321 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1158,75 manat, EBCL seriyalı, 671875 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3983,50 manat, EBCO seriyalı, 927003 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6109,75 manat, EBDB seriyalı, 869443 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6946 manat, EBDD seriyalı, 597217 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 3625,75 manat, EBDG seriyalı, 137642 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1960,75 manat, EBDH seriyalı, 833677 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 219,75 manat, EBDJ seriyalı, 948708 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 249,75 manat, EBDL seriyalı, 972473 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 266,25 manat, EBDO seriyalı, 231385 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 224,25 manat, EBDQ seriyalı, 661910 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 109,25 manat, EBDT seriyalı, 019139 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 354,75 manat məbləğdə xidmətlər Cavabdeh İB tərəfindən “M.Ə.Əfəndiyev adına X5” PHŞ-yə ödənilməsi üçün təqdim edilmişdir.

4. Cavabdeh İB tərəfindən tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında qeyd edilmişdir ki, “M.Ə.Əfəndiyev adına X5” PHŞ-nin xx.xx.2023- cü il tarixinə borc qalığı 138128,87 manat, xx.xx.2023-cü il tarixinə olan qalıq borcu 142.073,87 manat təşkil edir. Akt Cavabdeh İB-nin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı “M.Ə.Əfəndiyev adına X5” iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 138128,87 manat borcun silinməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 429 manat məbləğinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “M.Ə.Əfəndiyev adına X5” PHŞ Cavabdeh ilə qazın alqı-satqısı ilə bağlı xx.xx.2018-ci il tarixdə müqavilə bağlamışdır. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində cavabdeh qazdan istifadə ilə bağlı yaranmış borcu vaxtlı-vaxtında ödəmiş, bu barədə tərəflər arasında heç vaxt mübahisə yaranmamışdır. Cari ilin iyun ayında cavabdeh iddiaçıya üzləşmə aktı təqdim edərək 138128,87 manat borcun olduğunu bildirmişdir. Halbuki həmin dövrə qədər idddiaçıya göndərilən hesab-faktura və ya e-qaimələrdə belə borc barədə heç bir qeyd olmamışdır. Bu səbəbdən iddiaçı bununla razı olmamış və aktı imzalamaqdan imtina etmişdir. Daha sonra cavabdehə müvafiq borcun yaranma mənbəyi barədə rəsmi məktubla müraciət olunsa da, cavabdeh həmin məktuba da heç bir münasibət bildirməmişdir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən cavabdeh iddiaçıya verilmiş qazın dəyərini sayğac göstəricilərinə əsasən tam hesablamalı və iddiaçıya hesabı hər ay təqdim etməlidir. Müqavilənin 3.5-ci maddəsinə əsasən İddiaçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra cavabdeh tərəfindən səhv hesablanmış qazın dəyəri İddiaçıdan tutula bilməz. Sayğac göstəriciləri hər ödəniş dövrü üçün ayrıca aktlaşdırılır. Heç bir belə aktda iddiaçının yuxarıda göstərilmiş borcuna dair hər hansı qeyd yoxdur.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 6956/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair müqavilə imzalanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya təbii qaz satılmış, iddiaçı isə ona təqdim edilmiş bildirişlərə uyğun ödənişlər etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 2022 və 2023-cü illər üzrə hesab fakturalarda onun əvvəlki illər üzrə 138128,87 manat borcu olduğu qeyd edilməmişdir. Lakin sonradan cavabdeh tərəfindən akt tərtib edilərək xx.xx.2023-cü il tarixə kimi iddiaçının 138128,87 manat borcu olduğu qeyd edilmişdir. Nəzərə alınsa ki, iddiaçı xəstəxana olaraq uzun illərdir fəaliyyət göstərir, daim cavabdehdən təbii qaz alır, bu müddət ərzində bir neçə dəfə iddiaçının sayğacı dəyişilmiş, tərəflər arasında müqavilələr bağlanmışdır, bu zaman, müahisələdirilən borcun keçən müddət ərzində heç zaman tələb olunmadan, rəsmi sənədləşdirilmə aparılmadan birdənbirə iddiaçıdan tələb edilməsi sual doğurur ki, nə üçün bu borc indiyə qədər iddiaçıdan tələb edilməmiş, sayğaclar dəyişdirildikdə balansında göstərilməmiş, hesab-fakturalarda qeyd olunmamışdır. Halbuki qanunuvericiliyə əsasən cavabdeh, iddiaçı istehlak etdiyi qazın dəyərini tam ödədikdən sonra, özünün yol verdiyi səhvə görə düzgün hesablanmamış qazın dəyərini ödəməsini iddiaçıdan tələb edilə bilməz. Cavabdehin nümayəndəsi izahatında iddiaçının mübahisələndirdiyi borcunun 2002- 2003-cü illərdən yarandığını və kompyuter bazasında çıxdığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, borcun hansı əsasla yarandığını, bu ilə qədər nə üçün tələb olunmadığını, keçən müddət ərzində borc barədə sənədləşmə aparılmamasının səbəbini məntiqli şəkildə izah edə və əsaslandıra bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının 138128,87 manat əvvəlki illərdən borcunun olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, 138128,87 manat borc silinməlidir.

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçıya bugünədək hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət də bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı nəzərə almamışdır. Bildirir ki, iş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim etmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmiş və istifadə edilən qazın dəyəri mütəmadi olaraq iddiaçının qaz hesabına işlənmişdir. Lakin iddiaçı tərəfindən hesablanmış borc vaxtında və tam ödənilmədiyi üçün debitor borcu qalmışdır. Йeyd etmək istəyir ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş hesab fakturalar hazırda mübahisələndirilən məbləğin kodu üzrə deyildir. Belə ki, iddiaçının 080056 saylı ödəyici kodu altında iki abonent hesabı mövcuddur. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən istinad edilən hesab fakturalar mübahisələndirilən borcun hesablandığı abonent hesabına aid olmadığından (hesab nömrəsi: **********00000) orada 138128,87 manat qalıq borcun olması barədə məlumat əks olunmamışdır. Bu məlumat iddiaçının **********00010 nömrəli hesabında öz əksini tapmış və hər ay təqdim edilən hesab fakturalarda debitor borcun ödənilməsi tələb edilmişdir. Göründüyü kimi məhkəmə sırf qaz sayğacının göstəricilərinə əsasən hesablanmış borc məbləğinin silinməsini qət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayyəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. “Qaz təchizatı haqqında” Qanunun 13.8-ci maddəsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

16. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, M.Əfəndiyev adına 2 saylı Klinik Xəstəxanası (iddiaçı M.Ə.Əfəndiyev adına X5” X3 hüquqi sələfi) ilə Cavabdeh İB arasında xx.xx.2018-ci il tarixli qazın alqı-satqısı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qaz ilə təmin etmiş, iddiaçı isə hər ay təqdim edilən hesab-fakturalara əsasən qazdan istifadəyə görə hesablanmış borcları ödəmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 2022 və 2023-cü illər üzrə hesabfakturalarda onun əvvəlki illər üzrə 138128,87 manat borcu olduğu qeyd edilməmişdir.

22. 2024-cü ildə Azəriqaz” İB tərəfindən qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı tərtib edilərək təsdiq edilməsi üçün iddiaçıya təqdim edilmiş və həmin aktda iddiaçıya xx.xx.2023- cü il tarixinə borc qalığının 138128,87 manat, xx.xx.2023-cü il tarixinə olan qalıq borcunun 142.073,87 manat təşkil etdiyi göstərilmişdir.

23. Hazırda iddiaçı “M.Ə.Əfəndiyev adına “X5” PHŞ sözügedən aktda xx.xx.2023- cü il tarixinə qalıq borc kimi qeyd edilmiş 138128,87 manat məbləğində borcun silinməsini tələb edir.

24. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində 138128,87 manat məbləğində mübahisəli borcun 2022-2023-cü illərdə tərtib edilmiş hesab-fakturalarda öz əksinə tapmamasını həmin hesab-fakturaların iddiaçının adına olan **********00000 abonent hesabı üzrə təqdim edildiyi halda mübahisəli borcun digər abonent hesabı (**********00010 saylı) üzrə yaranması ilə izah etmişdir.

25. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 2002-2010-cu illləri əhatə edən iddiaçının hüquqi sələfi M.Ə.Əfəndiyev adına 2 saylı Klinik Xəstəxanasının adına olan abonent saldolarından aydın olur ki, mübahisəli borc 2009-cu ilin fevralında (bir ay ərzində) abonentə hesablanmış, lakin həmin saldoda borcun hesablanma əsası (sayğac göstəricisi, akt və s.) əks edilməmişdir. Odur ki, mübahisəli mübahisəli borc **********00010 abonent hesabı üzrə saldolarda öz əksini tapsa da, həmin borcun əsaslı olması iş materiallarına əsasən müəyyən edilmir.

26. Bununla yanaşı o da qeyd edilməlidir ki, cavabdeh mübahisəli borcla bağlı vaxtaşırı olaraq iddiaçıya hesab-fakturaların göndərildiyini iddia etsə də, həmin halı təsdiq edən sübutları təqdim edə bilməmişdir.

27. Digər tərəfdən **********00010 hesabı üzrə son abonent saldosundan görünür ki, abonent tərəfindən həmin kod üzrə təbii qazdan 2019-cu ildən sonra ümumiyyətlə istifadə edilməmişdir. Bu baxımdan iddiaçı tərəfindən uzun müddət ərzində mübahisəli abonent hesabı üzrə qazdan istifadə edilməməsi, eləcə də mübahisəli borcun hesablanmasından keçən 15 illik müddət ərzində 2 saylı klinik xəstəxanasının bazasında PHŞ yaradılması, yəni abonentin dəyişməsi, dəfələrlə abonentin qaz sayğacların dəyişdirilməsi kimi halları nəzərə aldıqda cavabdeh tərəfindən mübahisəli borcun həmin müddət ərzində iddiaçıdan rəsmi şəkildə tələb edilməməsi ağlabatan görünmür. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında da mübahisəli borcun 15 il ərzində iddiaçıdan (və onun hüquqi sələfindən) tələb edilməməsinin və borc barədə sənədləşdirmə aparılmamasının səbəblərini məntiqli şəkildə əsaslandıra və izah edə bilməmişdir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən hesablanmış 138128,87 manat məbləğində borcun silinməsi barədə düzgün nəticəyə gəlmişdir.

29. Apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6956/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar