Məhkəmə qərarları › İş №2-2(103)-274/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-274/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-274/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının (BOKT) Cavabdeh MMC-yə qarşı “kredit borcun tutulması və tutmanın əmlaklara yönəldilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 257/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib müəyyən e t d i: İddiaçı QSC BOKT cavabdeh Poverful” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 18.850,19 manat məbləğində faiz borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, tələbin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, “Cavabdeh-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərinəd mülkiyyət hüququnun tanınması və müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxxx 2017-ci il tarixli, S-107 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Həmin Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 18.850,19 manat məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx” ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 29Z/08 saylı kredit müqaviləsinə əsasən yaranmış, borc İddiaçı QSC BOKT-un idarəetməsinə keçdikdən sonra, borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə xx.xx.2019-cu il tarixinə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə ümumi borcu 18.850,19 manat təşkil etmişdir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-257/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməməsi haqqında yeni qətnamə çıxarımasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, 1-ci əsas Azərbaycan Beynəlxalq Bank ASC ilə bağlanılmış xx xxxxxx 2008ci il tarixli kredit müqaviləsinin əsli məhkəməyə təqdim edilməmişdir, həmin müqaviləyə görə MMC tərəfindən götürülmüş 475 min kredit faiz borcu xx xxxxxx 2010-cu il tarixinə qədər ödənilmişdir və MMC-nin həmin kredit müqaviləsinə görə geciməyə görə 18850.19 manat borc barədə məlumatı olmamışdır. Əgər həmin borc mövcud olsaydı borc halhazıra qədər mübahisələnərdir. 2-ci əsas müqaviləyə əlavə olunan arayış hissədən məlum olur ki kredit müqaviləsinin bitmə tarixi xx xxxxxx 2010-ci il tarixdir. Bu müddətdə kredit müqaviləsinin 3.1-ci bəndində öz əksini tapmışdır. Bu müddətdə müqavilənin sazişin 15.1ci bədi ilə öhdəliklərin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddətidir və həmin müddət bitdikdən sonra mülki qanunvericiliyə əsasən iddia müddətləıri tətbiq edilir. Daha sonra, cavabdeh Mülki Məcəllənin 372.1-372.3-cü maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli qərarına istinadən iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X3 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia müddətinin axımının kredit üzrə tələbin xx xxxxxx 2017-ci il tarixdə təhvil-təslim akt əsasında “xxxx” ASC-dən İddiaçı QSC BOKT-a keçən vaxtdan hesablanmalı olduğunu, belə olan halda iddia müddətinin keçmədyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işin digər materiallarına ( o cümlədən, işə əlavə olunmuş kredit sazişinə və s.) əsasən müəyyən olunur ki, Cavabdeh MMC ilə “xxxx” ASC arasında: - xx xxxxxx 2008-ci il tarixində 29Z/08 №-li kredit müqaviləsi (sazişi) bağlanmış və həmin müqaviləyə əsasən MMC-yə, borcalan tərəfindən xx xxxxxx 2017-ci il tarixinədək zəmanət məktubu verilməklə, zəmanətin istifadə olunmamış balnsıına illik 5% və kreditin istifadə edilmiş hissəsinə hər gün üçün illik 18 % hesablanmaqla, 2 ay müddətində qeydşərtsiz qaytarılması şərti ilə 475.000,00 manat məbləğində kredit verilmişdir (Kredit sazişinin 2.1, 3.1, 4.1, və 5.2-ci bəndləri). İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, kredit müqaviləsi üzrə əsas borc ödənilmiş və hazırda iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi 18.850,19 manat məbləğində pul vəsaiti faiz mələğidir. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etməmiş, onun elektron kabineti mövcud olmamış, ünvanına göndərilmiş bütün məhkəmə bildirişləri geri qayıtmış, qətnamə onun iştirakı olmadan çıxarılmışdır. Cavabdehin qanuni təmsilçisi (rəhbəri) Əbdüləli Allahverdi tərəfindən imzalanmış apellyasiya şikayətinin dəlillərindən, habelə olun məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizəsndən görünür ki, mübahisələndirilən xx xxxxxx 2008-ci il tarixli 29Z/08 saylı kredit müqaviləsi üzrə iddia müddətinin keçdiyini mübahisələndirərək, Mülki Məcəllənin 373.1-373.2-ci maddələrinə istinadən iddia müddətinin tətbiq olunmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdeh iddia müddətinin tətbiq olunması və iddianın rədd olunması barədə ərizəsində haqlıdır. Belə ki, 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşə əlavə olunmuş xx xxxxxx 2008-ci il tarixdə 29Z/08 №-li kredit müqaviləsindən (sazişindən) görünür ki, borcalan tərəfindən xx.xx.2010-cu il tarixinədək zəmanət məktubu verilməklə, kreditin qaytarılması üçün müddət - 2 (iki) ay müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 373.2-ci və 377.2-ci maddələri baxımından, borcalanın zəmanət məktubu nəzərə alındıqda belə, kredit müqaviləsinin icra müddəti - xx.xx.2010-cu il tarixini keçmir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən əasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşə əlavə olunmuş İddiaçı ASC BOKT tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxx 2017-ci il tarixli, S-107 saylı təhvil-təslim aktınının 6-cı bəndindən (habelə, xx.xx.2019-cu il iarixli maliyyə arayışından) görünür ki, borcalanın zəmanət məktubu üzrə 475.000,00 manat əsas borcun məbləği xx.xx.2010-cu il tarixində bağlanmış, faiz borcundan 24.691,47 USD müştəri tərəfindən ödənilmiş, nəticədə müştərinin 18850,19 USD faiz borcu qalmışdır. Qeyd edilənlərdən, eləcə də, işin digər materiallrına, habelə, tərəflərin hazırkı məhkəmə iclasında iştirak edən nümayəndələinin izahatlarına əsasən müəyyən olunur ki, 2010-cu ilin noyabr ayının 17-dən sonra cavabdeh tərəfindən borcunu etiraf edən hər hansı hərəkətləri, o cümlədən, ödənişləri mövcud olmamışdır. Belə olan halda, xx xxxxxx 2008-ci il tarixli 29Z/08 №-li kredit müqaviləsi üzrə Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinə müvafiq hesablanan üç illik iddia müddəti, tələb hüququ “xxxx” ASC-dən İddiaçı QSC BOKT-a keçənə qədər artıq keçmişdir. Belə olan halda, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbtinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə də gəstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansya məhkəməsinin ləğv edilməsini əsaslandıran dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-257/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-257/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı QSC bank olmayan kredit təşkilatının iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar