Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-274/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər "xxxx" QSC, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2883/2021 nömrəli iş üzrə icraatın dayandırılması barədə 28 dekabr 2021-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraicət edərək, 12.04.2019-cu il tarixli RB/KM-1231 nömrəli kredit müqaviləsi üzrə kreditə görə 170.490,77 ABŞ dolları, faiz borcuna görə 3.536,22 ABŞ dolları, dəbbə borcuna görə 64.000 ABŞ dolları, cəmi 238.026,99 ABŞ dollarının, 01.10.2020-ci il tarixli RB/KM-1314 nömrəli kredit müqaviləsi üzrə kreditə görə 200.000 ABŞ dolları, faiz borcuna görə 7.348,38 ABŞ dolları, dəbbə borcuna görə 40.000 ABŞ dolları, cəmi 247.348,38 ABŞ dollarının, 19.10.2020-ci il tarixli RB/KM-1319 nömrəli kredit müqaviləsi üzrə kreditə görə 600.000 ABŞ dolları, faiz borcuna görə 22.500,14 ABŞ dolları, dəbbə borcuna görə 12.103,32 ABŞ dolları, cəmi 634.603,46 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28.12.2021-ci il tarixli qərardadı ilə iş, iddiaçı Cavabdeh3 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi və digər zaminlik müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mübahisə həll edilənə qədər dayandırılmışdır. Qərardadın əsaslarına görə, “İş materiallarından göründüyü kimi Cavabdeh3 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi və digər zaminlik müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və hazırda iş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatındadır. Göründüyü kimi hazırki iş üzrə mübahisənin həlli qeyd edilən digər iş üzrə mübahisənin həllindən asılıdır. Belə ki, iddiaçı tərəfindən borcun Cavabdeh3 tələb edilməsinə əsas olmuş zaminlik müqavilələri Cavabdeh3 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə icraat, həmin mübahisə həll edilənə kimi dayandırılmalıdır.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, qərardadda Cavabdeh3 İddiaçı ASC-yə, "xxxx" QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi və digər zaminlik müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mübahisə həll edilənə kimi dayandırması qeyd edilmişdir. Halbuki, həmin iş üzrə yalnız Cavabdeh3 aid mübahisə mövcuddur, yəni "xxxx" QSC üzrə kredit müqaviləsi mübahisələndirilmir. Bakı Kommersiya Məhkəməsinin 21.01.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır; 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli Qərarında göstərmişdir ki, “X1 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.” Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, həmin məhkəmə gəldiyi nəticəni “Göründüyü kimi hazırki iş üzrə mübahisənin həlli qeyd edilən digər iş üzrə mübahisənin həllindən asılıdır.” məzmunda əsaslandırsa da, mübahisənin həllinin qeyd edilən digər iş üzrə mübahisənin həllindən asılılığının nədən ibarət olmasını konkretləşdirməmişdir. Məhkəmə, həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırılan iddia zaminlik müqavilələrinin qanuniliyi ilə bağlı olsa da, 12.04.2019-cu il tarixli RB/KM-1231 nömrəli, 01.10.2020-ci il tarixli RB/KM-1314 nömrəli və 19.10.2020-ci il tarixli RB/KM-1319 nömrəli kredit müqavilələri üzrə borcun ödənilməsi tələblərinə dair hazırkı icraatın dayandırılması əsaslarını da qərardadında müzakirə etməmiş və hüquqi qiymət verməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, “... istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Konstitusiya Məhkəməsinin qərarı ilə verilən şərhdən çıxan nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisəli zaminlik müqavilələrinə istinad edilərək iddia verildiyi təqdirdə, iddianın necə əsaslandırılmasından asılı olmayaraq, həmin əqdin etibarlılığını özü müəyyən edə bilərdi və etməli idi. Başqa sözlə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırılan zaminlik müqavilələrinin qanunsuzluğu ilə bağlı iddianın faktiki əsasları, hazırkı mübahisə üzrə həmin hissədə iddiaya qarşı etirazın dəlilləri kimi irəli sürülə və məhkəmə tərəfindən hüquqi qiymət verilə bilərdi. Belə bir dəlillər bildirilmədikdə də zaminlik müqaviləsinin etibarlılığını müəyyən etmək hər bir halda məhkəmənin vəzifələrinə aid idi. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşır. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı faktiki cəhətdən əsassız, prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olduğu üçün, ləğv edilməli, icraat davam etdirilməli, şikayət qismən təmin olunmalıdır (MPM-in 398.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2883/2021 nömrəli iş üzrə iş üzrə icraatın dayandırılması barədə 28 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı ASC-nin şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-274/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-274/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver