Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-274/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, işgüzar ədətlər, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun və hüquqi yardım xərclərinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 01 yanvar 2022-ci il tarixdə RP220101AX saylı icarə müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyə verən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 2.1-ci bəndinə görə, aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir; 2.2-c bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir, icarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır; 2.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və ya hesablaşma hesabına köçürür.
3. Müqavilənin 3.4.6-cı bəndinə əsasən, iskələlərin quraşdırılması nəzərdə tutulmuş sahələri icarə verənin quraşdırma heyətinə vaxtında və tam olaraq təhvil vermək icarəçinin vəzifəsidir.
4. Müqavilənin 4.1-ci bəndinə görə, əmlakın təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir; 4.2-ci bəndinə əsasən, təhvil-təslim aktında əmlakın cari təmir vəziyyəti, əmlakların siyahısı və dəyəri (ölçü, qiymət, həcm və s.) öz əksini tapır. Əmlak icarəyə verənə təhvil verildiyi vəziyyətdə geri qaytarılmalıdır.
5. Müqavilə hər iki tərəfin direktorunun imzaları və tərəflərin möhürləri ilə təsdiq olunmuşdur.
6. İcarə müqaviləsinə 01 yanvar 2022-ci il tarixli Əlavə 1-də (razılaşma protokolu) tərəflər, ƏDV xaric dirək 1.20-1.50-1.70-3.35 m-in 1 ədədinin icarə haqqı qiymətini 0,80 manat, dirək 3.85-4.00-4.50 m-in 1 ədədinin icarə haqqı qiymətini 1.00 manat, dirək 5.70-6.00 m-in 1 ədədinin icarə haqqı qiymətini 1.50 manat, “çiloz”un 1 ədədinin icarə haqqı qiymətini 0,20 manat razılaşdırmışlar.
7. İcarə müqaviləsinə 28 mart 2022-ci il tarixli Əlavə 2-də (razılaşma protokolu) tərəflər, ƏDV xaric ayaqaltı iskələnin (H tipli sadə) 1 kavdrat metrinin icarə haqqı qiymətini 0,80 manat, ayaqaltı taxtanın 1 kub metrinin icarə haqqı qiymətini 120 manat razılaşdırmışlar.
8. İcarə müqaviləsinə uyğun olaraq malların təhvil-təslimi haqqında 18 iyun 2022-ci il tarixli 02 nömrəli akta əsasən, 265 ayaqaltı iskələ sistemi, 56 ədəd iskələ ayaq hissə, 50 ədəd iskələ qısa qol, 100 ədəd iskələ uzun qol, 60 ədəd taxta 5x15 3 m (1.35 kub metr) mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmiş, Cavabdeh də aktı imza və hüquqi şəxsin möhürü ilə təsdiq etməklə malların ona təhvil verildiyini təsdiqləmişdir.
9. Bərdə şəhərində yerləşən “DOST” və Peşə hazırlığı mərkəzi”nin tikintidə istifadə edilmək üçün icarəyə verilən ayaqaltı metal dirək, ona aid hissələr üzrə hesabata görə, icarəyə götürülən malların dəyəri cəmi 27 830,11 manat (ƏDV daxil), Bakı şəhəri, Nərimanov rayonunda yerləşən otel tikintisinə icarəyə verilən ayaqaltılar üzrə hesabata əsasən icarəyə götürülən malların dəyəri cəmi 6943,03 (ƏDV daxil) manat təşkil edir (baxın: qətnaməyə əlavə nömrə 1).
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə-faktura” altsistemindən çıxarışlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş mallara görə 26 933,3 manat məbləğində elektron-qaimə faktura təqdim edilmişdir (baxın: qətnaməyə əlavə nömrə 2).
11. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına əsas borc üzrə 29 mart 2024-cü il tarixdə 4006,90 manat, 26 dekabr 2022-ci ildə 3220,80 manat, 26 oktyabr 2022-ci ildə 2000 manat, 29 iyul 2022-ci ildə 2329,61 manat, 24 iyun 2022-ci ildə 2276,68 manat, 25 may 2022-ci ildə 3000 manat, 28 fevral 2022-ci ildə 5990,85 manat olmaqla, cəmi 22 824,84 manat, ƏDV borcu üzrə 28 fevral 2022-ci il tarixindən 24 dekabr 2022-ci il tarixədək, 29 mart 2024-cü il tarixlərdə cəmi 4108,46 manat, ümumilikdə (22 824,84 + 4108,46) 26 993,30 manat ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış PR220101AX saylı 01 yanvar 2022-ci il tarixli icarə müqaviləsi əsasında yaranmış 11 068,83 manat borcun, hüquqi yardım üçün vəkilə ödənilən 300 manatın, 124 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirərək özünə məxsus əmlakları müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmiş, lakin cavabdeh öhdəliyini tam və lazımınca yerinə yetirməmişdir. Cavabdehin hazırda ümumi borcu 11 068,68 manat müəyyən edilmişdir. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edilərək, müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliyini icra etməmişdir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilmişdir.
15. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin azaldılması barədə” tədqdim etmiş, cavabdehdən onun özünün də etiraf etdiyi, yəni 30 sentyabr 2023-cü il tarixədək yaranmış 7779,85 manat borcun, 01 oktyabr 2023-cü ilindən 31 mart 2024-cü il tarixədək hər ay 418 manat olmaqla 6 ay ərzində hesablanmış 2508 manat icarə haqqının və ona hesablanmış 451 manat ƏDV borcunun, yəni cəmi (2024-cü ilin iyun ayında ödənilmiş 1500 manat nəzərə alınmaqla) 9238 (10 738,85 - 1500) manat borcun və çəkilmiş məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Ərizə onunla əsaslandırmışdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi hesabata əsasən, 30 sentyabr 2023-cü il tarixə iddiaçıya icarə haqqından 7779,85 manat (ƏDV daxil) borcu olmuşdur. Bundan başqa, apardıqları hesablamalara əsasən cavabdehin 30 sentyabr 2023-cü il tarixdən sonra, yəni 01 oktyabr 2023-cü ildən 31 mart 2024-cü il tarixədək hər ay 418 manatdan hesablanmaqla 6 ay ərzində icarə haqqından əlavə olaraq 2508 manat, 451 manat isə ƏDV borcu, cəmi (7779,85 + 2508 + 451 = 10 738,85) 10738,85 manat borcu yaranmışdır. Həmin borcdan cavabdeh 2024-cü ilin iyun ayında 1500 manat ödəmiş və son olaraq 9238 manat (ƏDV daxil) borcu qalmışdır. İddia tələbi isə 11 068,68 manat olmuşdur. Göründüyü kimi iddia tələbi ilə faktiki borc arasında 329,83 manat fərq yaranmışdır ki, bu da hesablamada olan texniki səhv ilə bağlı olmuşdur.
17. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizədə cavabdehin icarə müqaviləsi üzrə ƏDV daxil cəmi 34 773,15 manat borcu olduğunu, həmin borcdan 26 993,30 manat ödəniş etdiyini, qalıq borcunun 7779,85 manat təşkil etdiyini qeyd etmişdir.
18. Birinci instansiya məhkəməsində işə baxılarkən tərəflər arasında mübahisənin danışıqlar yolu ilə edilməsi məqsədi ilə 10 iyun 2024-cü il tarixli “Barışıq sazişi” tərtib edilmiş, lakin saziş yalnız cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır.
19. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, 2022-ci ilin iyun ayından başlayaraq 2023-cü ilin sentyarbr ayına qədər cavabdehin Nərimanov rayonunda otel tikintisində istifadə etdiyi avadanlıqla bağlı müvafiq hesabatları məhkəməyə təqdim etmişdir. Hesabatda ümumi aylar üzrə hesablanmış icarə borc məbləği tərəflər arasında baş vermiş münasibətləri qismən əks etdirir, müqavilə üzrə hesablanan borc məbləğini qismən ehtiva edir. Ödənişlərlə bağlı məhkəməyə təqdim edilmiş sübutları qəbul edirlər. Həqiqətən də qeyd edilən ödənişlər müvafiq bank hesabları vasitəsilə həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş hesabatlarda öz əksini tapmayan hal budur ki, qarşı tərəf öz icarəsində avadanlığı istifadə edir və istifadə etdiyi müddət üçün icarə haqqını hesablayırlar. Ancaq icarə avadanlığının onlarda olduğu, lakin istifadə etmədikləri müddət üçün icarə haqqı hesablamırlar. Halbuki tərəflər arasındakı müqavilədə belə bir hal nəzərdə tutulmamışdır ki, tərəf avadanlıqdan istifadə etmədiyi halda icarə haqqını ödəməkdən azaddır. Cavabdeh tərəfindən təqdim edilmiş hesabatlara əsasən borc məbləğini 2023-cü ilin sentyabr ayının 30-na kimi qəbul edir, lakin hesabatlarda 2023-cü il oktyabr ayından müvafiq barışıq sazişi imzalandığı tarixə kimi olan müddəti hesablamışdır. Avadanlıq tərəflə danışıqlar aparılan anda 2024-cü ildə də icarəçinin sahibliyində olmuşdur. Həmçinin danışıqlar aparılan zaman tərəf 1500 manat ödəniş etmişdir. Son aylarda icarə haqqı davamlı olaraq 418 manat olmuşdur. Hər ay hesabat tərtib edib qarşı tərəfə imzalatmışlar. Lakin 2023-cü ilin oktyabrından sonra cavabdeh qəbul etmədiyi üçün onların təqdim etdikləri aktı imzalamamış və birtərəfli akt olduğu üçün onlar da müvafiq aktı məhkəməyə təqdim etməmişlər. Onlar ödəniş olunduqda e-qaimə vurmuş, ödəniş olunmadıqda e-qaimə vurmamışlar. 2023-cü ilin oktyabrda akt tərtib edildikdən sonra cavabdeh aktı qəbul etmədiyi üçün onlar e-qaiməni vurmamışlar. Avadanlığın götürülməsi barədə təhvil-təslim aktı yoxdur. Barışıq sizşini onlar tərtib etmişlər, ancaq qarşı tərəf nalayiq söz işlətdiyi üçün həmin söz rəhbərliyə qədər çatmış və rəhbərlik razılıq verməmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək bildirmişdir ki, 10 iyun 2024-cü ildə barışıq sazişini qarşı tərəf hazırlamış, barışıq sazişi əsas borc məbləği yazılan 11 068,83 manat hissəsinə nəzər yetirilmədən imzalanmışdır. Onlar tərəflər arasında razılaşdırılmış 5000 manat məbləğdən savayı başqa borc məbləğinın nəzərə alınmayacağını düşünmüşlər. Lakin hazırda iddiaçı tərəf borcu razılaşdırılan məbləğdə deyil, iddia ərizəsində göstərilən məbləğdə tələb edir. Onlar 6279,85 manat məbləğ borcu qəbul edirlər. İddiaçının qeyd etdiyi 7 ay ilə əlaqədar onlara heç bir akt tərtib edilib təqdim edilməmişdir. 2023-cü ilin sentyabr ayının 30-na kimi görülən iş qurtardıqda rəsmi formada qarşı tərəfə avadanlıqları gəlib götürmələri barədə məlumat verilmişdir. Belə ki, şifahi formada telefon danışıqları ilə iddiaçı tərəfə məlumat vermişlər. Barışıq sazişi bağlanan ərəfədə iddiaçının nümayəndələri ilə danışdıqda da sonuncular telefon danişıqlarını qəbul etmişlər. Rəsmi qaydada yazılı formada qarşı tərəfə müraciət olunmamış, telefonla 2023-cü ildə oktyabr ayında əlaqə saxlamışlar, tərəflər arasında etibar, inam olub və gəlib götürəcəklərini gözləmişlər. Əvvəlki ödənişlər elektron qaimələr əsasında olmuşdur. Müraciət etdikdən sonra iddiaçı tərəf nə gəlib özləri apardı, nə də onların aparmaqlarını tələb etmədilər. İcarə avadanlıqlarını təhvil verilmə tarixi dəqiq yadında deyil, lakin avadanlığı onlar təhvil verməmiş, iddiaç tərəf özləri gəlib aparmışlar. 7 ay müddəti ilə bağlı onlara hesabat təqdim edilməmişdir. İcarə müqaviləsi bağlanılan zaman avadanlığı onlar özləri gedib götürməmiş, iddiaçı tərəf özü gətirib onlara vermişdir.
21. Birinci instansiya məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 6279,85 manat əsas borc, 300 manat vəkil xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,80 manat, yəni cəmi 6664,65 manatın tutularaq İddiaçınə ödənilməsi qət olunmuşdur.
22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
22.1. Tərəflərin izahatlarından göründüyü kimi 30 sentyabr 2023-cü il tarixədək yaranmış borcun 7779,85 manat təşkil etməsi, cavabdeh tərəfindən məhkəmə prosesi gedişində 1500 manat ödəniş edilməsi və 6279,85 manat borcun qalması işin mübahisəsiz hallarıdır. 22.2. Sadalanan sübutlardan da məlum olduğu kimi icarə müqaviləsi üzrə tərəflər arasında formalaşmış işgüzar münasibətlər icarəyə götürülən mallar üzrə hesablanan icarə dəyəri haqqında aktlar, həmin aktlara dair elektron qaimələr tərtib edilməklə ödənişlər həyata keçirilmişdir. 22.3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində 01 oktyabr 2023cü ildən 31 mart 2024-cü il tarixədək hər ay 418 manat olmaqla 6 ay ərzində hesablanmış 2508 manat icarə haqqının və ona hesablanmış 451 manat ƏDV borcunun ödənilməsini tələb etsə də, həmin vaxtlarda icarəyə götürülən mallar üzrə hesablanan icarə dəyəri haqqında aktları, həmin aktların cavabdehə təqdim edilməsini təsdiq edən sənədləri, elektron qaimələri məhkəməyə təqdim etməmişdir. Hətta iddiaçının nümayəndəsi elektron qaimələrin tərtib olunub göndərilmədiyini özü təsdiq etmişdir. Bütün bunlar cavabdehin nümayəndəsinin dediklərinin, yəni aralarında olan inam və etibara əsasən 2023-cü ilin oktyabr ayında telefon vasitəsi ilə iddiaçı tərəfə icarəyə verilmiş malların götürülməsi barədə məlumat verdiklərinin həqiqətən baş verdiyini, daha inandıcı olduğunu göstərir. 22.4. Çünki tərəflər arasında formalaşan işgüzar adətdən də aydın olur ki, icarəyə verilən mallar üzrə hər ay hesabat tərtib edilərək elektron qaimələr göndərilmiş və müvafiq ödənişlər olunmuşdur. Cavabdeh 2023-cü ilin oktyabr ayından hesabatları imzalamadığı, ödənişlər etmədiyi halda iddiaçının ona ödəniş üçün müraciət etməsini, hesabatları təqdim etməsini təsdiq edən sübutlar mövcud deyildir. Həmçinin iddiaçının nümayəndəsinin də etiraf etdiyi kimi barışıq sazişinin iddiaçı tərəfindən tərtib olunaraq cavabdehə göndərilməsi, sonradan tərəflər arasında yaranmış mübahisəyə görə iddiaçı tərəfindən imzalanmaması tərəflərin yaxın münasibətlərinin, bir-birlərinə qarşı inam və etibarının olduğunu, sonradan münasibətlərin pozulmasına görə razılaşmayaraq məhkəmədə tələb irəli sürdüyünü təsdiq edir. 22.5. Məhkəmə tədqiq edilmiş sübutları, qanunvericilik normalarını, tərəflər arasındakı formalaşmış işgüzar adəti, mübahisədən əvvəlki və sonrakı münasibətlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin iddianı qismən qəbul etdiyini, işin mübahisəsiz hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunaraq, PR220101AX saylı 01 yanvar 2022-ci il tarixli icarə müqaviləsi üzrə 6279,85 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 442-ci, 446-cı, 448-ci, 684.1-ci, 700.1-ci, 700.3-cü, 700.5-ci maddələrinə istinad etmişdir.
24. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, tərəflər arasında mübahisəni tənzimləyən müqavilə olduğu halda, məhkəmənin işgüzar münasibətlərə istinad etməsinin əsassız olduğunu irəli sürmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
26. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
29. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
30. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
31. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
36. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
38. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
39. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
40. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
41. Maddə 700.3. Əgər Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
42. Maddə 700.5. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddiaçının iddiası qismən təmin olunsa da, cavabdeh qətnamədən şikayət verməmiş, iddiaçının nümayəndəsi isə qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin qismən təmin olunması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
Məhkəmə kollegiyasının mövqeyi
52. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
53. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
54. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
55. İşin faktiki hallarından görünür ki, iddiaçı, tərəflər arasında bağlanmış icarə müqaviləsinə istinadla cavabdeh tərəfindən ödənilməyən icarə haqqını tələb edir; cavabdeh isə iddianı qismən qəbul edir, lakin icarə predmetindən faktiki olaraq istiadə edilməyən müddətə görə ödəniş etməkdən imtina edir.
56. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı, icarə müqaviləsi üzrə aylıq icarə haqqını tələb edərkən, icarə predmetinin cavabdehin istifadəsində olmasını sübut etməlidir; cavabdeh isə iddiaçıya icarə predmetindən artıq istifadə etmədiyini və onun götürülməsi barədə məlumat verdiyini sübut etmək vəzifəsi daşıyır.
57. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və işgüzar münasibətlərin birgə təhlilindən görünür ki, icarə predmeti cavabdehin istifadəsində olmuş və o, icarə predmetinin götürülməsi barədə iddiaçıya xəbər verdiyini sübuta yetirə bilməmişdir.
58. Hazırkı mübahisə və iddiaçının apellyasiya şikayətinin dəlilləri tərəflər arasında işgüzar münasibətlərlə bağlı olduğundan kollegiya bu institutla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
59. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.
60. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 35, 36).
61. Konstitusiya Məhkəməsinin Plenumu da öz qərarında qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).
62. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə4 qiymət verilməsi zəruridir.
63. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
64. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, müqavilənin predmeti icarə obyektinin təhvil verilməsindən, eləcə də həmin obyektin
1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 quraşdırılmasından və sökülməsindən ibarətdir (§ 1). Tərəflərin qarşılıqlı şəkildə icarə predmetinin təhvil-təslim edilməsi barədə öhdəliyi də müqavilədə müəyyən olunmuşdur (§ 5). Eyni zamanda tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, aylıq icarə haqqı ilə bağlı təhvil-təslim aktı tərtib edilmiş və iddiaçı müvafiq elektronqaimə fakturaları cavabdehə təqdim etmiş, lakin 2023-cü il oktyabr ayından bu münasibətlər dayanmışdır.
65. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, cavabdehin icarə predmetinin təhvil vermək və icarə predmetinin iddiaçı tərəfindən götürülməsinə, həmçinin sökülməsinə şərait yaratmaq öhdəlikləri olmuşdur. Belə olan halda cavabdeh, iddiaçıya icarə predmetlərinin götürlməsi və sökülməsi ilə bağlı xəbər verib-verməməsini, eləcə də şərait yaratdığını sübuta yetirməlidir.
66. Cavabdeh bununla bağlı iddiaçıya telefon vasitəsilə şifahi xəbərdarlıq etdiyini irəli sürsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir.
67. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 43, 44).
68. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı icarə müqaviləsinə görə, 01 oktyabr 2023-cü ildən 31 mart 2024-cü il tarixədək hər ay 418 manatdan hesablanmaqla 6 ay ərzində icarə haqqından əlavə olaraq 2508 manat və 451 manat ƏDV borcunu tələb etməkdə haqlı olmuşdur; buna görə də qətnamə müvafiq hissədə ləğv olunaraq həmin iddia tələbi təmin edilməlidir.
69. Kollegiya, apellyasiya şikayəti vermək üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləğini onun özünə aid etməyi məqsədəuyğun sayır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6699/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04 dekabr 2024-cü il tarixli qətnaməsi “01 oktyabr 2023-cü il tarixindən 31 mart 2024-cü il tarixədək hər ay 418 manat olmaqla 6 ay ərzində hesablanmış 2508 manat icarə haqqının və ona hesablanmış 451 manat ƏDV borcunun cavabdehdən tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbi təmin edilsin. 01 oktyabr 2023-cü il tarixindən 31 mart 2024-cü il tarixədək hesablanmış 2508 manat icarə haqqı və ona hesablanmış 451 manat ƏDV borcu qismində cəmi 2959 (iki min doqquz yüz əlli doqquz) manat "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Ziya Şirinov Leyla Əliyeva QƏTNAMƏYƏ ƏLAVƏ NÖMRƏ 1
Bərdə şəhərində yerləşən “DOST” və Peşə hazırlığı mərkəzinin tikintidə istifadə edilmək üçün icarəyə verilən ayaqaltı metal dirək, ona aid hissələr üzrə CƏDVƏL:
Müddətin Müddətin bitmə Məbləğ (ƏDV başlama vaxtı tarixi xaric) xx.xx.2022 xx.xx.2022 5990,85 xx.xx.2022 xx.xx.2022 5276,68 xx.xx.2022 xx.xx.2022 6329,61 xx.xx.2022 xx.xx.2022 1220,80 xx.xx.2022 xx.xx.2022 1220,80 xx.xx.2022 xx.xx.2022 1114,43 xx.xx.2022 xx.xx.2022 732,07 xx.xx.2022 xx.xx.2022 707,60 xx.xx.2022- xx.xx.2022 232 xx.xx.2022 (-) 760 Cəmi (ƏDV xaric) 23 584,84 ƏDV 4245,27 Cəmi (ƏDV Daxil) 27 830,11 QƏTNAMƏYƏ ƏLAVƏ NÖMRƏ 1
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən otel tikintisinə icarəyə verilən ayaqaltılar üzrə CƏDVƏL:
Hesabat nömrəsi Müddətin Müddətin Məbləğ (ƏDV başlama vaxtı bitmə tarixi xaric) PR736-2207N xx.xx.2022 xx.xx.2022 374 PR736-2207N xx.xx.2022 xx.xx.2022 144,77 PR736-2208N xx.xx.2022 xx.xx.2022 374 PR736-2209N xx.xx.2022 xx.xx.2022 374 PR736-2210N xx.xx.2022 xx.xx.2022 374 PR736-2211N xx.xx.2022 xx.xx.2022 374 PR736- 2212N xx.xx.2022 xx.xx.2022 374 PR736-2301N xx.xx.2023 xx.xx.2023 374 PR736-2302N xx.xx.2023 xx.xx.2023 374 PR736-2303N xx.xx.2023 xx.xx.2023 374 PR736-2304N xx.xx.2023 xx.xx.2023 374 PR736-2305N xx.xx.2023 xx.xx.2023 374 PR736-2306N xx.xx.2023 xx.xx.2023 374 PR736-2307N xx.xx.2023 xx.xx.2023 415,16 PR736-2308N xx.xx.2023 xx.xx.2023 418 PR736-2309N xx.xx.2023 xx.xx.2023 418 Cəmi (ƏDV xaric) 5883,93 ƏDV 1059,11 Cəmi (ƏDV Daxil) 6943,04 QƏTNAMƏYƏ ƏLAVƏ NÖMRƏ 2
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə-faktura” altsistemindən çıxarışların CƏDVƏLİ:
Qaimə Qaimə Nömrəsi Tarix Məbləğ (ƏDV Seriyası Daxil) EBBR 845986 xx.xx.2022 7069,2 EBBT 898738 xx.xx.2022 6226,48 EBBX 543976 xx.xx.2022 7468,94 EBBZ 401035 xx.xx.2022 1440,54 EBCD 173319 xx.xx.2022 1315,03 EBCB 401521 xx.xx.2022 1440,54 EBCG 360077 xx.xx.2022 863,84 EBCİ 598942 xx.xx.2023 834,97 EBCK 366837 xx.xx.2023 273,76 Cəmi 26 933,3