Məhkəmə qərarları › İş №2-2(103)-276/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-276/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-276/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 mart tarixli, e-2-2(113)-1123/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini Cavabdeh 2050-ci il 21 dekabr tarixədək icarəyə verməyi, sonuncu aylıq 900 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 2022-ci il 1 dekabr tarixli xəbərdarlıq və 2023-cü il 23 yanvar tarixli pretenziya məktublarında icarəyəverən icarəçidən 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən istifadəsindəki sahədən çıxmasını, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini və icarə haqqı ödənişinin hesablanıb ödənilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və cavabdehdən 2020-ci il 21 dekabr tarixindən 2023-cü il 21 mart tarixinədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh icarə müqaviləsinin tələblərinə əməl etməyərək müəyyən olunmuş icarə haqqını vaxtında və müəyyən olunmuş məbləğdə ödəməmişdir. 2022-ci il 23 may tarixində iddiaçı məktubla (poçt vasitəsi ilə) cavabdehə müraciət edərək onunla 2020-ci il 21 dekabr tarixində notarial qaydada bağlanmış icarə müqaviləsinin 5 və 8-ci bəndlərinin tələblərini pozduğunu, icarə haqqını ödəmədiyini bildirmişdir. Bundan başqa, icarəyə verilmiş sahədən xeyli artıq sahə də qanunsuz olaraq istifadə olunduğu üçün icarə haqqı ödənilməklə ünvan 1 ünvanında yerləşən, 212 kv.m sahəni 1 ay müddətinə boşaldaraq ona təhvil verilməsini xahiş etmişdir. Xəbərdarlıq məktubunu cavabdeh iki aydan artıqdır ki, alsa da ötən müddət ərzində ödənişlər edilməmiş və əlavə zəbt olunmuş sahəni boşaltmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 mart tarixli, e-2-2(113)-1123/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehdən 2020-ci il 21 dekabr tarixindən 2023-cü il 21 mart tarixinədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı məbləğinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini cavabdehə 2050-ci il 21 dekabr tarixinədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icarə haqqının ödənilməsini təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icarə haqqının ödənilməsindən yayınmışdır. Nəticədə iddiaçı cavabdehə xəbərdarlıq və pretenziya məktubları ilə müraciət edərək, ondan 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən istifadəsindəki sahədən çıxmasını, qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini və icarə haqqı ödənişinin hesablanıb ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən obyekti cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 2020-ci il 21 dekabr tarixindən 2023-cü il 21 mart tarixinədək 27 ay üzrə ödənilməmiş 24.300 manat (27 ay x 900 manat (aylıq icarə haqqı məbləği) = 24.300 manat) icarə haqqı borcu yaranmışdır. Cavabdeh tərəfindən icarə haqqının ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin müəyyən olunmuş hallarına əsasən həmin məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqlarını ödəmədiyindən və bu hallar işin materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslıdır. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh bağlanmış icarə müqaviləsi üzrə icarə haqlarını ödəməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur ki, bu hal 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin ləğv edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsi ləğv edilməli və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia tələbi təmin edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 421.1, 421.2, 442, 448.1 və 700.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, MPM-in 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəf iş üçün əhəmiyyətli olan sübutları məhkəməyə təqdim etməyərək, işin birtərəfli qaydada aparılmasına və qərəzli qətnamə qəbul edilməsinə şərait yaratmışlar. X5 Əmirov arasında aparılan məhkəmə çəkişməsi barədə məlumat verməmişlər. Həmin yerə görə iki icarə müqaviləsi olmasını qeyd etməmişlər. Baxmayaraq icarə müqavilələri eyni yerədir, hər ikisinə görə pul tələb etmişlər. Həmin yerə ilk icarə müqaviləsi Məhəbbət Əliyevlə bağlanmışdır və həmin müqavilə qüvvədədir. Hazırda qeyd olunan qeyri-yaşayış sahəsi Məhəbbət Əliyevin istifadəsindədir. Yəni bu istifadə qanunidir. Məhəbbət Əliyev qeyri-yaşayış sahəsindən qanuni əsasla istifadə edir və icarə haqqını tam olaraq, yəni istifadə etdiyi bu günə kimi ödəmişdir. Məhəbbət Əıiyev icarə haqqını tam olaraq ödəmişdir. İcarədə olan qeyri yaşayış sahəsi eynidir. Bir qeyri yaşayış sahəsinə görə iki dəfə ödəniş edilməsi əsassızdır. Ümumiyyətlə Cavabdehlə İddiaçı arasında bağlanmış icarə müqaviləsi formal olaraq bağlanmışdır. Formal müqaviləyə görə ödəniş edilməsi qəbul edilmişdir. Məhəbbət Əliyevin barəsində olan digər mülki işdə bunu iddiaçı tərəf özləri də etiraf etmişlər. Ancaq hazırki işə baxılarkən ümumiyyətlə bu barədə məlumat verməmişlər

10. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 13 iyul tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 mart tarixli, e-2-2(113)-1123/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçının cavabdehə qarşı 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli 2- 2(103)-575/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 mart tarixli, e-2-2(113)-1123/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddianın 9.900 manat icarə haqqı borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməsi, qətnamənin 14.400 manat icarə haqqı borcunun tutulması və cavabdehin icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi, tərəflər arasında 2020-ci il 21 dekabr tarixində bağlanmış, notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə istinad etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edilən icarə müqaviləsinin etibarsız əqd olduğuna, formal bağlandığına, əslində icarəçinin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Əliyev Məhəbbət (bundan sonra “M.Əliyev”) adlı şəxs olduğuna, həmin şəxslə 2019-cu ildə bağlanmış müqavilənin hal-hazırda da qüvvədə olduğuna istinad etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin bu dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Tərəflərin izahatları və apellyasiya instansiyası mərhələsində cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı M.Əliyevin cavabdehə qarşı qaldırdığı iddia üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2023-cü il 5 aprel tarixli qətnaməsində qeyd edilmiş izahatlara (qanuni qüvvəyə minməmiş) əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446,6 kv.m hissəsi 2019-cu il 21 dekabr tarixdə bağlanmış icarə müqaviləsi əsasında M.Əliyevə icarəyə verilsə də, 2020-ci il 21 dekabr tarixdə tərəflərin razılığı ilə qeyri-yaşayış sahəsinin 212 kv.m hissəsi ilə bağlı cavabdeh ilə müqavilə bağlanmışdır. Qətnamədən görünür ki, üçüncü şəxs M.Əliyevin oğlu E.Əliyev Sabunçu rayon Məhkəməsində şahid qismində dindirilərək atası yaşlı olduğu üçün sənədləşmə dalınca çox gəlib gedə bilmədiyindən atasının işçisi olmuş cavabdehlə 2 ayrı-ayrı icarə müqaviləsi bağlanılması barədə razılaşma olduğunu göstərmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili də izahatında göstərmişdir ki, Cavabdeh X1 işçisi olmuş, M.Əliyevin VÖEN olmadığı üçün müqaviləni onun tapşırığı ilə Cavabdeh bağlasa da, faktiki olaraq obyektdə M.Əliyev fəaliyyət göstərmişdir. Bundan əlavə həm bu müqavilənin mövcudluğu barədə məlumatlı olan M.Əliyev (izahatlara əsasən cavabdehlə müqavilənin onun razılığı və tapşırığı ilə bağlandığı nəzərə alınarsa), həm də cavabdeh MM-nin 354.2- ci maddəsində nəzərdə tutulmuş bir illik müddət ərzində bu əqdin etibarsız hesab edilməsi ilə bağlı qarşı tərəfə iradə ifadəsi bildirməmiş, bununla da əqdi mübahisələndirmək üçün bir illik kəsici müddət 2021-ci ilin dekabr ayında bitmişdir. Apellyasiya instansiyası mərhələsində cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş qəbzlərə əsasən müəyyən edilmişdir ki, 2020-ci il 21 dekabr tarixli müqavilə üzrə ödəmə şərtli poçt vasitəsi ilə 9.900 manat ödəniş olunmuşdur (2022-ci il 31 may tarixində M.Əliyev tərəfindən 1.800 manat, 2022-ci il 2 iyun tarixində cavabdeh tərəfindən 1.800 manat, 2022-ci il 4 avqust tarixində cavabdeh tərəfindən 2.700 manat, 2022-ci il 15 oktyabr tarixində cavabdeh tərəfindən 1.800 manat, 2022-ci il 28 dekabr tarixində M.Əliyev tərəfindən 1.800 manat). Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasları barədə məlumatsız olduğundan (bildirişlər geri qayıtdığından) apellyasiya instansiyası mərhələsində təqdim edilmiş qəbzlər məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. İddiaçının nümayəndəsi poçt vasitəsilə həyata keçirilmiş bu ödənişlər barədə məhkəmə iclasından əvvəl məlumatları olmadığını, lakin həmin ödənişlərin həyata keçirildiyini qəbul edərək cavabdehin ümumi borcundan 9.900 manatın çıxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edilənləri, cavabdehin icarə müqaviləsi üzrə öhdəliyini lazımı qaydada yerinə yetirmədiyini, müqavilə bağlandıqdan sonra 2023-cü il 21 mart tarixinədək 27 ay üçün cəmi 24.300 manat icarə haqqı ödəməli olduğu halda iddiaçıya 9.900 manat ödənişdən artıq ödəniş həyata keçirildiyinə dair sübut təqdim edə bilmədiyini, müqavilə iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulmasına görə birtərəfli qaydada ləğv edildiyi halda hal-hazıradək icarəyə götürülmüş sahənin geri qaytarılmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia 9.900 manat icarə haqqı borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməli, qətnamə 14.400 manat icarə haqqı borcunun tutulması və cavahdehin icarə sahəsindən çıxarılması hissəsində qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.4, 337.1, 337.2, 354.2, 385.1, 386.1, 442, 700.1 və 705-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(102)-622/2023 tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli, 2- 2(103)-575/2023 nömrəli qətnaməsi qismən-cavabdehin icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən, icarə sahəsindən çıxarılması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1. İddiaçı iddia ərizəsində cavabdehin, ona məxsus əşyalar ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən həmin tələb tam təmin edilmiş və cavabdehin sözügedən ünvanda yerləşən 623,2 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. 15.2. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, qeyri yaşayış sahəsinin 212 kv.m hissəsi cavabdehin icarəsinə verilmişdir. 15.3. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində, işin müəyyən olunmuş həmin halına əsasən, cavabdehin məhz icarə müqaviləsi üzrə 212 kv.m icarə sahəsindən deyil, bütövlükdə həmin ünvanda yerləşən 623,2 kv.m sahədən çıxarılmasına dair iddia tələbinin əsaslı olub-olmaması, habelə birinci instansiya məhkəməsinin həmin tələb üzrə nəticəsinin qanuni olub-olmaması üzrə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır. 15.4. Qətnamənin əsaslandırıcı hissəsində, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin icarə sahəsindən çıxarılması hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanması barədə mövqeyini bildirmiş, bununla belə qətnaməsinin nəticə hissəsində «qətnamə cavabdehin ....ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlansın» nəticəsinə gəlmişdir. 15.5.Qətnamənin əsaslandırıcı hissəsində, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin icarə sahəsindən çıxarılması hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanması barədə mövqeyini bildirmiş, bununla belə qətnaməsinin nəticə hissəsində «qətnamə cavabdehin ....ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlansın» nəticəsinə gəlmişdir. 15.6 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansyası məhkəməsinin cavabdehin icarə sahəsindən çıxarılması tələbinə aid hissədə, qətnaməsinin əsaslandırıcı və nəticə hissələrində gəldiyi nəticələr bir-biri ilə uyğunluq təşkil etmədiyindən, MPM-nin 217, 220.4, 220.5, 392.1.5 və 392.1.6-cı maddələrinin tələbləri pozulmuşdur (mətni üçün bax bu qərarın 33-cü bəndi)

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, gələcəkdə qətnamənin icrası ilə bağlı problemlər yarana bilər. xx.xx.2019-cu ildə Əliyev Məhəbbət ilə müqavilə bağlanılıb, hazırda qüvvədədir. Məhkəmədə bildiriblər ki, Cavabdehlə bağlanan müqavilə formal xarakter daşıyır, vergi işlərinin aparılması üçün bağlanmışdır. Cavabdeh hazırda mübahisləndirilən yerdə yeri yoxdur.

18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayəti əssasızdır. İkinci müqavilə əsaslıdır, ilk müqavilə əsassızdır. İlk müqavilə bağlanandan sonra tərəf cavabdehə bildirmişdir ki, həmin şəxsin VÖEN-i yoxdur, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Cavabdehlə müqavilə bağlanılıb. İkinci müqavilədə 212 kv.metr qeyd edilib ki, vergidə problem yaranmasın. Həmçinin, Əliyev Məhəbbətlə bağlanan müqavilə ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə qalmasını xahiş edir. 623 kv.metr ümumi əmlakın sahəsidir.

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.

Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması” hissəsində dəyişdirilməlidir.

24. Belə ki, tərəflər arasında imzalanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsində qeyd edilir ki, “İcarəyə verən” ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 212 kv.m hissəni icarəyə verir.

25. Göründüyü kimi, tərəflər arasında imzalanmış müqaviləyə əsasən tərəflər icarəyəverənin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 212 kv.m sahəsinin icarəyə verilməsi ilə bağlı razılığa gəlmişlər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında icarə müqaviləsi ləğv edildiyindən icarəyə verilən qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmalı olması barədə düzgün nəticəyə gəlsə də cavabdehi müqavilədə göstərilən hissədən deyil, bötövlükdə 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarmaqla düzgün olmayan nəticəyə gəlmişdir.

27. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 30 mart 2023-cü il tarixli, e-2-2(113)-1123/2023 saylı qətnaməsi “Cavabdeh, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması” hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsinin 212 kv.m sahəsindən çıxarılmalıdır.

28. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 30 mart 2023-cü il tarixli, e-2-2(113)-1123/2023 saylı qətnaməsi “Cavabdeh, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması” hissəsində dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsinin 212 kv.m sahəsindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar