Məhkəmə qərarları › İş №2-2(103)-276/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-276/2025

13.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-276/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh "X14" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 iştirakı ilə, İddiaçı “X12 ve X13 Ticaret Limited” Şirkətinin cavabdehlər X3 və Cavabdeh1 MMCyə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X12 ve X13 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla) qarşı “zərərin ödənilməsi” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7756/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “X12 ve X13 Ticaret Limited” Şirkəti (bundan sonra – iddiaçı) cavabdehlər X3 və Cavabdeh1 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyanın əvəzi olaraq 34391,66 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7756/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı “X12 ve X13 Ticaret Limited” Şirkəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7756/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il Qərarında yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün eyni zamanda iki şərt ödənilməlidir – 1) Sahibin yüksək təhlükə mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olması 2) Maddi şərt, yəni sahibin yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olma, onunla bağlımənfəətin olması və ondan yararlanma. Birinci instansiya məhkəməsi hesab edir ki, hazırki iş üzrə əsl cavabdeh, zərərin əvəzini ödəməli olan şəxs “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobili yol vərəqəsi əsasında qisa müddətli (4 günlük) icarə münasibətləri əsasında idarə edən əcnəbi şəxsdir. Birinci instansiya məhkəməsinin mövqeyindən belə aydın olur ki, əcnəbi Samun Hossaini avtomobili qısa bir müddətə icarəyə götürməklə həmin avtomobil üzərində hakimiyyətə malik olmuş, ondan faydalanmış, mənfəət götürmüşdür. Təbii ki, bu Konstitusiya Məhkəməsinin imperativ hüquqi mövqeyinə tamamilə ziddir. “Təhlükə məsuliyyəti” prinsipinin subyekti yüksək təhlükə mənbəyinin qanuni əsaslarla sahibi və istifadəçisidir, dörd gün müddətinə avtomobildən fiziki olaraq istifadə edən şəxs-icarəçi həmin subyekt ola bilməz. Birmənalı olaraq aydındır ki, “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobili üzərində hakimiyyətə (sərəncam hüququna) mülkiyyətçi - X3 və "xxxx" MMC malikdir, ondan faydalanan, yararlanan şəxs X3 və "xxxx" MMC-dir, mənfəəti, gəliri X3 və "xxxx" MMC götürür. Heç təsadüfi deyildir ki, Samun Hossaini adlıBanqladeş Respublikası vətəndaşı avtomobili icarəyə əvəzli qaydada, yəni gündəlik haqq ödəməklə götürmüşdür, başqa sözlə avtomobildən maddi mənfəət "xxxx" MMC əldə etmişdir, yenə də heç təsadüfi deyildir ki, “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobilin özünə dəymiş ziyana görə sığorta (kasko) ödənişi də məhz ondan faydalanan, üzərində hakimiyyətə malik şəxslərə (cavabdehlərə) ödənilmişdir. Əgər həqiqətən də birinci instansiya məhkəməsi düşündüyü kimi, yüksək təhlükə mənbəyinə münasibətdə maddi şərt, yəni sahibin yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olma, onunla bağlımənfəətin olması və ondan yararlanma Samun Hossaini adlıBanqladeş Respublikası vətəndaşına aid idisə, onda avtomobilə vurulmuş maddi ziyan - sığorta ödənişi məhz onun özünə ödənilərdi. Maraqlıdır ki, birinci instansiya məhkəməsi Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il qərarına ümumiyyətlə istinad etməmişdir. Halbuki, iddia tələbi də məhz Konstitusiya Məhkəməsinin məlum mövqeyi ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X3 ilə "xxxx" MMC-nin arasındakı hüquqi münasibətləri də araşdırmamış, qətnamədə yalnız etibarnamənin olması qeydini yazmaqla kifayətlənmişdir. Halbuki, tərəflər arasındakı mülki münasibət müəyyən olunmalı, avtomobilin "xxxx" MMC-yə hansı hüquqi əsasla (hansı müqavilə əsasında) verilməsi, Mətanət Novruzovanın avtomobilə hansı marağının olması araşdırılmalı idi. Nəzərə alınmalıdır ki, X3 "xxxx" MMC-yə verdiyi xx.xx.2021-ci il tarixli etibarnamə məhdud xarakterli hüququn ötürülməsi olmuş, etibarnamədə etibar edilənə verilmiş səalhiyyət yalnız “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi ilə bağlı olmuşdur. Belə olan halda həmin avtomobilə dair səlahiyyətsiz şəxsin bağladığı icarə müqaviləsi və verilmiş “yol vərəqəsi”nin hüquqi qüvvəsi, yaratdığı hüquqi nəticəyə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməli idi. Eyni zamanda nəzərə alınmalıdır ki,“X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobil xarici vətəndaş tərəfindən xx.xx.2024-cü il tarixli “yol vərəqəsi” əsasında idarə olunmuşdur. Qeyd olunmalıdır ki, “yol vərəqəsi” hazırki halda avtomobil idarə edilməsi üçün nəzərdə tutulmuş ciddi hesabat sənədi hesab edilə bilməz. Belə ki, “yol vərəqəsi” işəgötürənlə işçi arasındakı münasibətləri tənzimləyir və bu zaman avtomobilin işçi tərəfindən idarə edilməsi səlahiyyəti verir. Heç təsadüfi deyildir ki, “yol vərəqəsi”nin verilməsi ilə bağlı məsələlər xx.xx.1999-cu il tarixli “Şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqinin (forma № YV -1) forma və rekvizitləri və onlardan istifadə qaydaları” və xx.xx.2001-ci il tarixli “ YÜK AVTONƏQLİYYATİ ÜÇÜN YOL VƏRƏQİ” (FORMA № YV2) FORMA VƏ REKVİZİTLƏRİ VƏ ONLARDAN İSTİFADƏ QAYDALARİ” ilə tənzimlənir ki, burada da söhbət yalnız yük avtomobillərinin və sərnişindaşıma ilə bağlı avtomobillərin işəgötürənlər tərəfindən yola, marşrut xəttinə buraxılmasından gedir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri görə avtomobilin digər şəxslər tərəfindən idarə edilməsi üçün etibarnamənin verilməsini şərtləndirir. Eyni zamanda o da qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin Xİİİ. bəndinə görə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Hazırki halda “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobilin Samun Hossaini adlı Banqladeş Respublikası vətəndaşının qanuni sahibliyində olması üçün həmin avtomobilin təkrar dövlət qeydiyyatından keçirilməsi məcburidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı cavabdeh "X14" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən etiraz daxil olmuşdur.

6. Etiraz belə əsaslandırılmışdır ki, əvvəla cavabdehlərdən X3 qanunun tələbinə əsasən “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobillə bağlı "xxxx" MMC-yə müvafiq etibarnamə vermişdir. Onun baş vermiş hadisə ilə bağlılığı və məsuliyyəti mövcud deyildir. Digər tərəfdən, iddia ərizəsində də, qeyd edildiyi kimi, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobillə “X12 VE YAPİ MALZEMELERİ DİŞ İCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialının adına qeydə alınmış “Mercedes Benz GLS 400D” markalı, **-YU-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Ruhan Adilbəyli tərəfindən xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda da, qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Banqladeş Respublikası vətəndaşı Hossain Samun idarə etdiyi “Kia” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edərək Arzu restoranının qarşısındakı işıqfordan sola geriyə dönmə edərək Mərdəkan qəsəbəsi istiqamətindən Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olan X8 idarə etdiyi “Mersedes” markalı, ** YU *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq Mersedes markalı avtomobilin ona çırpılmasına səbəb olmuşdur. Qərardan o da, görünür ki, araşdırma zamanı Banqladeş Respublikasının vətəndaşı Hossain Samun tərcüməçinin iştirakı ilə alınan izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikasına öz dostları ilə gəzməyə gəlmişdir. xx.xx.2024-cü il tarixdə Xətai rayonunda yerləşən Rentcardan “Kia” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında icarəyə götürmüşdür. O, hadisə baş verən tarixdə dostları ilə birlikdə Şüvəlan qəsəbəsində dənizə gəlmişlər və təxminən saat 18 radələrindən onlar naviqator vasitəsi ilə geriyə yaşadıqları Grand hotelinə gedirmişlər. Onlar hərəkətdə olan zaman naviqator sola dönməyi bildirmişdir və o işıqfordan sola dönmüşdür. Elə həmin an qəza baş vermişdir. Dostları Arif və Musa xəsarət almışlar. xx.xx.2024-cü il tarixli qərar ilə, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə, “Kia” markalı ** FU *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Banqladeş Respublikası vətəndaşı Hossain Samunın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə qərarın surətinin icra olunması üçün Xəzər RPİ-nin X16 Şöbəsinə göndərilməsinə qərar verilmişdir. Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Hossain Samun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlər əsasında da, müəyyən edilir ki, yol-nəqliyyat hadisəsini Banqladeş Respublikasının vətəndaşı Hossain Samun törətmişdir. O, yol-nəqliyyat hadisəsini törətdiyi “Kia” markal, ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşınına dair "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli avtomobilin icarə müqaviləsini bağlamış və ona müvafiq yol vərəqəsi verilmişdir. Yəni, o avtomaşını idarə edərkən və yol-nəqliyyat hadisəsini törədərkən avtomaşının qanuni sahibi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il qərarında qeyd edilmişdir ki, “Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.” İddiaçı hazırki iddianı "xxxx" MMC-yə və X1 qarşı deyil, yol-nəqliyyat hadisəsini törətmiş şəxsə qarşı verə bilərdi.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən cavabdeh "X14" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

8. İddiaçı, cavabdeh X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X12 ve X13 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

12. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

14. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

15. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. İşin hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00-da yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə cavabdeh M.Novruzovanın mülkiyyətində olan nəqliyyat vasitəsi ilə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi toqquşmuşdur. Baş vermiş hadisəyə görə cavabdeh M.Novruzovanın mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş Samun Hossain inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Cavabdeh M.Novruzova tərəfindən mülkiyyətində olan 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər etibarnamə (etibarnaməyə əsasən nəqliyyat vasitəsinə dair səlahiyyətlər başqa şəxsə verilə bilər) verilmiş, sonuncu tərəfindən Samun Hossain arasında bağlanmış avtomobilin icarə müqaviləsinə görə 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Samun Hossainin xx.xx.2024-cü il tarixinə qədər icarəsinə verilmiş, habelə cavabdeh MMC tərəfindən Samun Hossainə nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixədək idarə edilməsi ilə bağlı 31 avqust 2024-cü il tarixli yol vərəqəsi verilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Samun Hossainin qanuni sahiblik və istifadəsində olmuş, sonuncu nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmişdir.

22. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxslərə qarşı verildiyi üçün iddia təmin edilə bilməz.

23. Məhkəmə kollegiyası məhkəmənin yuxarıda qeyd edilən əsaslandırması ilə razılaşaraq hesab edir ki, hazırkı iddia tələbi iddiaya cavab verməli olmayan şəxslərə qarşı verildiyi üçün iddia təmin edilə bilməz.

24. Belə ki, cavabdeh M.Novruzova tərəfindən cavabdeh MMC-yə “X17 Minik” markalı 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər etibarnamə verilmiş, etibarnaməyə əsasən nəqliyyat vasitəsinə dair səlahiyyətlər başqa şəxsə verilə bilər. “Car Service” Agency ilə Samun Hossain arasında bağlanmış avtomobilin icarə müqaviləsinə görə 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sonuncunun xx.xx.2024-cü il tarixinə qədər icarəsinə verilmişdir. Müqavilənin “avtomobili idarə etmək üçün etibarnamə” adlanan 1.1-ci hissəsində başlanğıc tarixi xx.xx.2024-cü il, avtomobilin idarə edilməsi üçün etibarnamənin son tarixi isə xx.xx.2024-cü il olaraq göstərilmişdir. Cavabdeh1 MMC tərəfindən verilmiş 31 avqust 2024-cü il tarixli yol vərəqəsinə əsasən 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixədək sürücülük hüququ olan Samun Hossain tərəfindən idarə edilməsinə icazə verilmişdir.

25. Göründüyü kimi cavabdeh MMC yüksək təhlükə mənbəyininin idarə edilməsi səlahiyyətini Samun Hossain adlı xarici vətəndaşa etibar etmişdir. Bu müqavilə və yol vərəqəsi ilə təsdiqini tapmışdır.

26. Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Hossain Samun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il qərarında qeyd edilmişdir ki, “Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.”

28. Yuxarıda qeyd edilənlər əsasında da, müəyyən edilir ki, yol-nəqliyyat hadisəsini Banqladeş Respublikasının vətəndaşı Hossain Samun törətmişdir. O, yol-nəqliyyat hadisəsini törətdiyi “Kia” markal, ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşınına dair "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli avtomobilin icarə müqaviləsini bağlamış və ona müvafiq yol vərəqəsi verilmişdir. Yəni, o avtomaşını idarə edərkən və yol-nəqliyyat hadisəsini törədərkən avtomaşının qanuni sahibi olmuşdur.

29. İddiaçının bildirdiyi kimi sürücü icarəçi olmamış, mmc tərəfindən sürücüyə nəqliyyat vasitəsinin idarə edilməsi səlahiyyəti verilmişdir. Ona görə sürücü qanuni sahib hesab edilməlidir.

30. İddiaçı hazırki iddianı "xxxx" MMC-yə və X1 qarşı deyil, yol-nəqliyyat hadisəsini törətmiş şəxsə qarşı verməli idi. qeyd edilənlərdən aydın olur ki, avtomobili idarə edən və təqsirli olan sürücü qanuni sahib olduğuna görə mmc və mülkiyyətçi delikt məsuliyyəti daşımırlar. Ona görə iddia əsaslı olaraq rədd edilmişdir.

31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı “X12 ve X13 Ticaret Limited” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7756/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar