Məhkəmə qərarları › İş №2-2(103)-277/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-277/2025

19.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-277/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: : borc müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7145/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli yazılı iltizama görə, cavabdeh iddiaçıdan 77000 manat pulu götürdüyünü və həmin məbləği ona 2022-ci ilin yanvar və fevral aylarında qaytaracağını öhdəsinə götürmüşdür (göstərilən sənədin əslinə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında baxış keçirilmişdir).

2. İddiaçı tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə edilmiş ödənişlər barədə cədvəldən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixə qədər ümumilikdə 28000 manat vəsait ödənilmişdir.

3. İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclaslarında verdikləri izahatlarında həmin siyahıda göstərilənlərdən əlavə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə də iddiaçıya 2000 manat ödənildiyini təsdiq etmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 49000 manat əsas borcun, 12375 manat faiz məbləğinin, cəmi 61375 manat pul vəsaitinin, habelə vəkil xidmətinə görə 320 manat, məhkəməyə iddia verilməsinə görə 274,15 manat və müvəqqəti təminat tədbiri seçilməsi məsələsinə baxılmaq üçün ödənilmiş 27,42 manat dövlət rüsumunun, etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 638,82 manat məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin oktyabr ayında Cavabdeh biznesinə kömək üçün iddiaçıdan 77000 manat borc almışdır. Borcun qaytarılma müddəti müəyyən edilməmişdi. Yəni iddiaçı nə vaxt istəsə, cavabdeh pulu qaytarmalı idi. Eyni zamanda o pulun onda qaldığı müddətdə əldə etdiyi qazancından iddiaçıya pay verməli idi. İlk aylar cavabdeh bir neçə ay qazancından iddiaçıya pul vermiş, bir müddət sonra koronavirus pandemiyası ilə əlaqədar qazanc olmadığı üçün pul verilməsi dayandırılmışdır. İddiaçı buna görə heç nə tələb etməmiş, daha sonra cavabdehin pulu qaytarmaqdan yayındığını düşünüb pulu qaytarmasını tələb etmişdir. 2021-ci ilin iyun ayının 11-də cavabdeh iddiaçının cib dəftərçəsində ona 77000 manat borcunun olduğunu və həmin borcu 2022-ci ilin yanvar-fevral aylarında qaytaracağını öhdəsinə götürdüyü barədə yazılı iltizam verib imzası ilə təsdiq etmişdir. Bundan sonra cavabdeh iddiaçıdan birlikdə işləməyi davam etdirməyi və birlikdə gəlir əldə etməyə davam etmələrini xahiş etmişdir. Ceyhun adlı şəxsi ona qardaşı kimi tanıtmış, borcu hissə-hissə qaytaracağını və qazancından pay verəcəyini bildirmişdir. İddiaçı bu təkliflə razılaşmasa da, cavabdeh 2021-ci ilin dekabr ayından başlayaraq ona bəzən iki ayda bir dəfə 1000 manatdan 2000 manata qədər pul vermiş, həmin pulun hansı hissəsinin borc, hansının isə qazancdan pay olduğu açıqlanmamışdır. İddiaçı bu ödənişləri borc kimi qəbul edir. Beləliklə cavabdeh 2021-ci ilin dekabr ayından 2023-cü ilin may ayına kimi cavabdehə 28000 manat pul qaytarmış, 49000 manat borcu qalmışdır. Cavabdeh 2023-cü ili may ayından sonra heç bir ödəniş etməmiş, müxtəlif bəhanələrlə bundan yayınmışdır.

6. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş 77000 manat mayanın, habelə vəkil xidmətinə görə 320 manat, məhkəməyə iddia verilməsinə görə 321,15 manat və müvəqqəti təminat tədbiri seçilməsi məsələsinə baxılmaq üçün ödənilmiş 27,42 manat dövlət rüsumunun, etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 685,82 manat məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7145/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 47000 manat məbləğində pul, 231 manat dövlət rüsumu, 320 manat vəkil xərci, ümumilikdə 47551 (qırx yeddi min beş yüz əlli bir) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qalan məhkəmə xərclərinin (454,82 manat dövlət rüsumu) İddiaçı özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə hər iki tərəf fərdi sahibkardır və bir müddət birgə biznes fəaliyyətləri olmuşdur. Belə ki, iddia ərizəsindən, iddiaçının, habelə cavabdehin nümayəndəsinin izahatlarından məlum olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 2019-cu ildə 77000 manat vəsait ödənilmiş, həmin vəsait iddiaçı tərəfindən cavabdehə birgə qazanc əldə edilməsi məqsədilə verilmiş, ödənilən vəsaitlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlər də edilmişdir. İddiaçı həmin razılaşmanın tələbləri cavabdeh tərəfindən pozulduğu üçün 2021-ci il tarixdə tərəflər arasında olan şifahi razılaşmadan birtərəfli qaydada imtina edərək 77000 manat pulun bütünlüklə geri qaytarılmasını cavabdehdən tələb etmiş, cavabdeh həmin vəsaiti 2022-ci ilin yanvar və fevral aylarında tam həcmdə qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə edilmiş ödənişlər barədə cədvəldən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər ümumilikdə 28000 manat vəsait ödənilmiş, iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclaslarında verdikləri izahatlarında həmin siyahıda göstərilənlərdən əlavə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya əlavə olaraq 2000 manat ödənildiyini təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh qalıq borcun hazırda 18400 manat olmasını iddia etsə də, tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli aktı imza etdikdən sonra iddiaçının qaytarılmasını etiraf etdiyi ödənişlərdən əlavə ödənişlər edildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan 77000 manat vəsaitdən 30000 manat qaytarıldığı nəzərə alınmaqla qalan 47000 manat (77000 manat – 30000 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın faktiki əsasını təşkil edən müqaviləyə biznes ortaqları olmuş sahibkarlar arasında korporativ hüquq münasibətləri çərçivəsində bağlanmış və Mülki Məcəllədə nəzərdə tutulmuş hər hansı müqavilə növünə uyğun gəlməyən müqavilə kimi hüquqi qiymət vermişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, 47000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106.3, 385.1, 390.1, 399.1, 428.4, 442-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7145/2024 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin edilmiş hissəsində dəyişdirmədən saxlamaqla, cavabdehdən əlavə olaraq 12375 manat faiz məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, özgəsinin pul vəsatini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin bu tələbini pozmuşdur. İddiaçı ilkin olaraq cavabdehdən 49000 manat borc qalığını tələb edərkən 12375 manat faiz məbləğinin ödənilməsini də tələb etmişdir. İddia tələbini artırıb 77000 manat mayanın qaytarılmasını tələb etdikdə isə ona görə faiz məbləğini tələb etməmişdir ki, belə vəziyyətdə faiz tələb edilə bilməzdi. İşə baxan hakim tutulan məbləği borc qalığı kimi qiymətləndirirdisə, onda həmin məbləğə görə faiz məbləğinin tutulmasını da təmin etməli idi. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Hazırki işdə maddi hüquq normalarının tətbiqində və şəhr edilməsində yol verilmiş səhvlər və düzgün olmayan yozumlar nəticəsində kifayət qədər qanuni və əsaslı olmayan natamam qətnamə çıxarılmışdır.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla bağlı olaraq cavabdeh yalnız qaytarmadığı məbləğə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İşdən isə görünür ki, cavabdeh iddiaçıya müxtəlif vaxtlarda ümumi olaraq 58600 manat pul qaytarmış, 18400 manat isə ödənilməmiş borc qalmışdır. Cavabdeh qaytarılan vəsaitlərlə bağlı dəqiq məlumatlar vermiş, iddiaçının bu ödənişləri etiraf etdiyini də sübut etmişdir. Lakin işə baxan məhkəmə işin bu hallarını dəqiq və ətraflı araşdırmamış, həmin hallara dair maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşə baxan məhkəmə maddi hüquq norması kimi Mülki Məcəllənin 386-cı maddəsinin tələbini də ozmuşdur. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və Məcəllədə nəzərdə tutulan digər hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı ilə cavabdeh arasında verilən pula görə əlavə qazanc, xeyir verilməsinə dair hər hansı müqavilə öhdəliyi yoxdur. İşə baxan məhkəmə işin bu halını nəzərə almamış, cavabdehin ödədiyi məbləğləri nəzərə almamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İşə baxan məhkəmə cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda pullar ödənilməsini nəzərə almamış, cavabdehin təqdim etdiyi şahidlərin dindirilməsini təmin etməmiş,bununla da çəkişmə prinsipini pozmuşdur. Nəticədə işə baxan məhkəmə iddiaçının tələbləri ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Əksinə, iddiaçı özü etiraf etmişdir ki, ona müxtəlif vaxtlarda cavabdeh tərəfindən pullar ödənilmiş, müəyyən şəxslər vasitəsilə göndərilmişdir. İddiaçı bunu telefon yazışmalarında da etiraf etmişdir. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin ona tələb etdiyi məbləğdə borcunun olduğunu sübut etməmişdir. Sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu vəzifəsini yeri nə yetirməmiş, məhkəmə isə MPM-nin 77-ci maddəsinin tələbini pozaraq iddia tələbini sübut olmadan təmin etmişdir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bununla bağlı olaraq bildiririk ki, işə baxan məhkəmə tələbin əsaslı olub-olmamasını hərtərəfli araşdırmamış, işin faktiki hallarını müəyyən etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdeh tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7145/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1-ci instansiya məhkəməsində icraat zamanı bildirir ki, ”2019-cu ildə cavabdehin ondan 77000 manat pulu borc almasını, həmin vəsaitdən fərdi sahibkar kimi istifadə edib qazanc əldə edəcəyini, əldə edəcəyi qazancdan ona da vəsait ödəniləcəyini bildirmiş, o həmin təkliflə razılaşmış, cavabdeh bir müddət ona qazanc adı ilə müxtəlif məbləğlərdə vəsaitlər ödəmişdir. Lakin daha sonra cavabdeh ona hər hansı qazanc ödəməyi dayandırmış, bu səbəbdən o, cavabdehdən 77000 manat pulun birdəfəlik qaytarılmasını tələb etmiş, cavabdehə pulun qaytarılacağı ilə bağlı notarial qaydada müqavilə bağlanmasını təklif etmiş, cavabdeh bunun əvəzində öz əli ilə iddiaçıya məxsus olan kitabçaya borc kimi aldığı 77000 manat pulun hamısını 2022-ci ilin yanvar və fevral ayında qaytarmağı üzərinə götürməsi ilə bağlı qeyd yazmışdır. Həmin iltizamdan sonra cavabdeh ona ümumilikdə 30000 manat pul qaytarmış, qalan 47000 manat pulu qaytarmamışdır. Bu səbəbdən ilkin olaraq həmin 47000 manat pulun qaytarılması barədə iddia ərizəsi vermiş, daha sonra ödənilmiş həmin 30000 manat pulun qazanc kimi qiymətləndirilməli olduğu üçün 77000 manat əsas vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, 2019-cu ildə 77000 manat pul verilmiş, hazırda həmin tarixdən 5 il keçmişdir. Bu müddət ərzində pulun dəyəri düşdüyü üçün iltizamdan sonra qaytarılmış 30000 manat pul qazanc adı ilə ödənilmiş vəsaitlər kimi qiymətləndirilməlidir. Tələbin həcminin artırılması barədə ərizə verdikdən sonra cavabdehdən əlavə olaraq 12375 manat faiz borcunun tutulması ilə bağlı tələbini müdafiə etmir.”

23. İddiaçının apellyasiya şikayəti verərək cavabdehdən əlavə olaraq 12375 manat faiz məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1-ci instansiya məhkəməsində icraat zamanı 12375 manat faiz borcunun tutulması ilə bağlı tələbini müdafiə etməməsi, sonradan qətnamə qət edildikdən sonra həmin faiz borcunun tutulmasını tələb etməsi əsaslı ola bilməz. Çünki, işə baxan 1-ci instansiya məhkəməsi işə iddiaçının müdafiə etdiyi tələbə münasibətdə baxmış və müvafiq tələb üzrə qətnamə qət etmişdir. Məhkəmə qətnaməsi qət edildikdən sonra iddiaçının fikrini dəyişməsi və yenidən 12375 manat faiz borcunun tutulması ilə bağlı tələbini müdafiə edərək tələb etməsi 1-ci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz.

24. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “İddiaçı cavabdehin ona tələb etdiyi məbləğdə borcunun olduğunu sübut etməmişdir. Sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu vəzifəsini yerinə yetirməmiş, məhkəmə isə MPM-nin 77-ci maddəsinin tələbini pozaraq iddia tələbini sübut olmadan təmin etmişdir.” kimi əsaslandırması tamamilə əsassızdır. Çünki, 1-ci instasniya məhkəməsində işə baxılarkən məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddia tələbini 18400 manat məbləğində qəbul etdiklərini nəzərə alıb iddianın qalan hissədə rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh 2019-cu ildə iddiaçıdan 77000 manat borc pul götürmüşdür. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (AR Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsi).

25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7145/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar