Məhkəmə qərarları › İş №2-2(103)-282/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-282/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-282/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, e-2-2(113)-1185/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 mart 2019-cu il tarixli, AZTX/438 saylı icarə müqaviləsinə əsasən istifadə üçün təhvil verilmiş icarə obyektlərinə görə 272391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276612,53 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05 mart 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən” - “xxxx” MMC müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) həmin müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçi - Cavabdeh MMC-yə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə götərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsi və həmin icarə müqaviləsinin əlavələrinə əsasən icarəçinin istifadəsinə verilmiş icarə obyektlərinin istifadəsinə görə göndərilmiş aylıq hesab-fakturaların bir çoxu bu günə qədər icarəçi tərəfindən tam ödənilməmişdir. Belə ki, icarəçi tərəfindən ilk 3 ay və daha sonra 5ci aylar üçün icarə haqqı tam ödənilmişdir, lakin müqavilə bağlanıldıqdan sonra 4-cü ayda yəni, 03 iyul 2019-cu il tarixdə AHC-004 saylı e-qaimə göndərilməsinə baxmayaraq icarə haqqı tam ödənilməmiş və 21093,60 manat borc hal – hazıra kimi ödənilməmiş qalmışdır. Bundan əlavə, 06.09.2019-cu il tarixdən 69929,54 manat, 07.10.2019-cu il tarixdən 68005,13 manat, 07.11.2019-cu ildən 68193,76 manat, 30.11.2019-cu ildən 42647,41 manat, 30.12.2019-cu ildən isə 2521,97 manat borc hal – hazıra kimi ödənilməmiş qalır. Tərəflər arasında bağlanan AZTX/438 saylı, 05.03.2019-cu il tarixli icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən icarə haqqı aylıq ödənilir. Həmin müqavilənin 4.3 və 4.4-cü maddələrinə əsasən icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01 % gecikmə faizi hesablanır. Beləliklə, hər e-qaimənin göndərildiyi tarixdən 5 iş günü keçdikdən sonra hər gecikdirilmiş gün üçün 0.01 % həcmində cərimə hesablanması üçün müddət başlayır. Beləliklə, icarəçi Cavabdeh MMC icarə müqaviləsi əsasında “xxxx” MMC-dən istifadə üçün təhvil aldığı icarə obyektlərinə görə 272391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276612,53 manat məbləğində ödənilməmiş borcu var. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1185/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 272391,41 manat məbləğində əsas borc və 2000 manat cərimə olmaqla, ümumilikdə 274391,41 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işlərin görülməsi ilə bağlı 6 ədəd təhvil-təslim aktları təqdim etmiş və görülən işlərin ümumi dəyərinin 432.102,39 manat (ƏDV-li) təşkil etdiyi görünür. 05.03.2019-cu il tarixli AZTX/438 saylı icarə müqaviləsinin 4.4-cü maddəsinə əsasən xidmətlərə görə ödəmələr İcarəyə verənin təqdim etdiyi düzgün və əsaslandırılmış hesab-fakturanın İcarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 iş günü ərzində həyata keçirilir. Eyni zamanda görülən işlərlə bağlı elektron qaimələr təqdim edilmişdir. Qeyd edilən işlərlə bağlı cavabdeh tərəfindən 302.007,53 manat (ƏDV-li) ödəniş edilmişdir. Bunlara baxmayaraq məhkəmə iddiaçı tərəfindən təqdim olunan daha 4 ədəd elektron qaiməni əsas götürərək əsassız qətnamə qəbul etmişdir. Halbuki, bu elektron qaimələrlə göstərilən məbləğlər üzrə işlərin görülməsini təsdiq edən hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadə Qaydaları”na əsasən elekton qaimə - elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Bu sənəd heç də işlərin görülməsi faktını təsdiq edən sənəd deyil. Nəzərə alınmalıdır ki, elektron qaiməni yalnız onu göndərən tərəf ləğv edə və ya dəyişdirə bilər. Habelə qaimə qarşı tərəfə göndərildikdən sonra 5 gün müddətində təsdiqlənməzsə avtomatik sistem tərəfindən təsdiqlənir. Bütün bu göstərilənlər bir daha sübut edir ki, göndərilən elektron qaimələr işlərin görülməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Bundan əlavə qeyd olunan halların müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət versələr də məhkəmə tərəfindən qəbul edilməmişdir. Baxmayaraq ki, ekspertiza qarşısında qoyulan suallardan biri məhz icarə haqqına görə ödənilən və ödənilməyən hissəsinin müəyyən edilməsi olmuşdur. Sənədlərdən də göründüyü kimi, işlərin təhvil təslim aktlarına əsasən məbləğ 432.102,39 manat, həmin işlərə görə ödəmələr ümumilikdə 302.007,53 manat (ƏDV-li) təşkil etmişdir. Aradakı fərq 130.094,86 manat təşkil etsə də məhkəmənin qərarı ilə cavabdehdən 272.391,41 manat məbləğində pulun əsas borc kimi tutulması qət edilmişdir. İddiaçı tərəf cərimə ilə bağlı iddia ərizəsində göstərilən rəqəmlərdə qeyri-düzgün hesablamalar aparmışdır. Belə ki, iddia ərizəsində ilkin olaraq AHC-004 saylı elektron qaimənin 03.07.2019-cu il tarixdə göndərildiyi göstərilmiş, buna görə faiz hesablanması həmin tarixdən 5 gün sonra həyata keçirilmişdir. Eləcə də həmin qaydada digər qaimələr üzrə cərimələr hesablanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələrdən isə görünür ki, adıçəkilən elektron qaimənin 03.07.2019-cu il tarixdə deyil, 23.08.2019-cu il tarixdə göndərildiyi məlum olur. Eynilə müvafiq olaraq cədvəldəki 2-ci sırada olan qaimənin 06.09.2019-cu il tarixdə deyil, 12.11.2019-cu il tarixdə, 3-cü sıradakı qaimənin 07.10.2019-cu il tarixdə deyil, 12.11.2019cu il tarixdə, 4-cü sıradakı qaimənin 07.11.2019-cu il tarixdə deyil 27.01.2020-ci il tarixdə, 5-ci sıradakı qaimənin 30.11.2019-cu il tarixdə deyil, 16.01.2020-ci il tarixdə, 6-cı sıradakı qaimənin 30.12.2019-cu il tarixdə deyil, 16.01.2020-ci il tarixdə göndərildiyi açıq aşkar görünür. Bütün bunlara baxmayaraq məhkəmə heç bir əsas olmadan və əsaslandırmadan cərimə məbləği təyin etmişdir. Halbuki, məhkəmə mühasibatiıq ekspertizasının keçirilməsinə dair vəsatətləri təmin olunsa idi daha düzgün və ədalətli rəqəm ortaya çıxa bilərdi. Çünki həmin vəsatətdə ekspert qarşısında qoyulan suallardan biri məhz iddiaçı tərəfindən cərimənin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi ilə bağlı olmuşdur. Məhkəmə vəsatətlərini təmin etmədiyindən, cərimə də göründüyü kimi düzgün hesablanmadığından hazırda mübahisə edilən qətnamənin qət etdi hissəsində müəyyən olunmayan əsaslarla hesablanmış cərimə məbləğinin (2000 manatın) cavabdehdən tutulması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, işlərin görülməsi ilə əlaqədar 6 akt, 10 qaimə var. Akkordun sonuncu aktı imzalamaqdan imtina etməsi səbəbindən sonuncu akt imzalanmamışdır. İmeyl vasitəsilə taym şiti təsdiq ediblər. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və kommersiya işinin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında 05.03.2019-cu il tarixli AZTX/438 saylı İcarə müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən “İcarəyə verən” (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (Cavabdeh” MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür (2.1). Müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. İddiaçı tərəfindən cavabdehə 10 elektron qaimə göndərilmişdir. 12.04.2019-cu il tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaiməyə əsasən 23933,41 manat (20282.55 manat, 3650.86 manat ƏDV), 10.05.2019-cu il tarixli, EAAU seriyalı, 249010 saylı elektron qaiməyə əsasən 63001,53 manat (53391.13 manat, 9610.40 manat ƏDV), 20.06.2019-cu il tarixli, EAAW seriyalı, 063660 saylı saylı elektron qaiməyə əsasən 84682,80 manat (71765.09 manat, 12917.72 manat ƏDV), 23.08.2019-cu il tarixli EAAY seriyalı, 875309 saylı elektron qaiməyə əsasən 72846,48 manat (61734.30 manat, 11112.17 manat ƏDV), 12.11.2019-cu il tarixli EBAC seriyalı, 326721 saylı elektron qaiməyə əsasən 73636,86 manat (62404.12 manat, 11232.74 manat ƏDV), 12.11.2019-cu il tarixli EBAC seriyalı, 332281 saylı elektron qaiməyə əsasən 69929,54 manat (59262.32 manat, 10667.22 manat ƏDV), 12.11.2019-cu il tarixli EBAC seriyalı, 334657 saylı elektron qaiməyə əsasən 68005,14 manat (57631.47 manat, 10373.66 manat ƏDV), 16.01.2020-ci il tarixli, EBAF seriyalı, 103079 saylı elektron qaiməyə əsasən 42647,41 manat (36141.87 manat, 6505.54 manat ƏDV), 16.01.2020-ci il tarixli, EBAF seriyalı, 101558 saylı elektron qaiməyə əsasən 2522,01 manat (2137.30, 384.71 manat ƏDV) və 27.01.2020-cu il tarixli EBAF seriyalı, 493268 saylı elektron qaiməyə əsasən 68193,75 manat (57791.32 manat, 10402.44 manat ƏDV) pulun ödənilməsi xahiş edilmişdir. Həmçinin tərəflər arasında görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təsliminə dair 6 ədəd akt tərtib edilmişdir. Həmin aktlara əsasən görülmüş işlərin dəyəri aşağıdakı qaydada müəyyən edilmişdir. 06.05.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 63001,55 manat (53.391,14 manat əsas, 9610,41 manat ƏDV), 04.06.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 84682,81 manat (71.765,09 manat əsas, 12.917,72 manat ƏDV), 03.07.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 72846,49 manat (61.734,32 manat əsas, 11.112,18 manat ƏDV), 05.08.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 73636,87 manat (62404,13 manat əsas, 11.232,74 manat ƏDV), 05.09.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 69929,54 manat (59.262,32 manat əsas, 10.667,22 manat ƏDV) və 07.10.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 68005,13 manat (57.631,47 manat əsas, 10.373,66 manat ƏDV). Cavabdeh təhvil-təslim aktlarına əsasən müəyyən edilən 432.102,39 manat borcu qəbul edir və qeyd edir ki, ödəniş tapşırıqlarına əsasən 302.007,53 manat ödəniş həyata keçirilmiş və 130.094.86 manat borcu qalmışdır. Yəni tərəflər arasında əsas borca dair olan mübahisə 4 elektron qaimə ilə bağlıdır. Bunlar 12.04.2019-cu il tarixli, EAAT seriyalı, 044941 saylı, 16.01.2020-ci il tarixli, EBAF seriyalı, 103079 saylı, 16.01.2020-ci il tarixli, EBAF seriyalı, 101558 saylı və 27.01.2020-cu il tarixli EBAF seriyalı, 493268 saylı elektron qaimələrdir. Ödənişlərə nəzər yetirdikdə görünür ki, ödənişlərin əksəriyyəti cavabdehin qəbul etdiyi elektron qaimələr üzrə olsa da iki ödəniş cavabdehin qəbul etmədiyi və aktlardan əvvəl aprel ayında göndərilmiş elektron qaimə üzrə olmuşdur. Belə ki, 12.04.2019-cu il tarixdə 7349.76 manat EAAT seriyalı, 044941 saylı elektron qaiməyə əsasən ödənilmişdir. Bundan başqa 16.04.2019-cu il tarixdə 3650,86 manat ƏDV məbləği ödənilmişdir. 12.04.2019-cu il tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaimə üzrə cəmi 23933,41 manat (20282.55 manat, 3650.86 manat ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən isə əsas borc üzrə qismən, ƏDV borcu üzrə isə tam ödəniş həyata keçirilmişdir. 20.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə həmin ödənişləri araşdıracağını, texniki səhv ola biləcəyini, aprel ayında olan ödənişi dəqiqləşdirəcəyini bildirmiş, lakin sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 4.4-cü bəndində qeyd edilir ki, xidmətlərə görə ödəmələr İcarəyə verənin təqdim etdiyi düzgün və əsaslandırılmış hesab-fakturanın İcarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 iş günü ərzində həyata keçirilir. İş materiallarında olan elektron qaimələrdən də görünür ki, iddiaçı tərəfindən cavabdehə əsaslandırılmış formada elektron qaimələr göndərilmiş, sonra borcun ödənilməməsi səbəbindən 30.01.2020-ci il tarixli pretenziya məktubu ünvanlanmış, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən nə elektron qaimələrə, nə də pretenziya məktubuna hər hansı etiraz edilməmiş, cavabdehin qəbul etmədiyi elektron qaimələr üzrə isə qismən ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi əsas məbləğin hesablanması ilə bağlı hər hansı hesablama aparmadan iddia tələbini həmin hissədə tam təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, elektron qaimə fakturalar üzrə ümumi borc məbləği 569.398,93 manat təşkil edir. Ödəniş tapşırıqları üzrə isə ödənilmiş məbləğ 302.094,86 manat təşkil edir. Ödənilməmiş borc məbləği isə 267.391,4 manat (569.398,93 manat - 302.094,86 manat) təşkil edir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 427.3, 429.1.3, 442, 448.1 və 700-cü maddələrini tətbiq etməklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qətnamə icarə haqqı üzrə əsas borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən 267.391,4 manat tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında imzalanmış müqaviləsinin 4.10-cu bəndində borcun vaxtında ödənilmədiyi halda cərimə məbləğinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi cərimə məbləğinin tutulması hissəsində mülki məcəllənin 462, 467-ci maddələrini tətbiq edərək düzgün nəticəyə gəldiyindən həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya həmin dəlilləri sadəcə olaraq borcun ödənilməsindən yayınmaq kimi qiymətləndirir. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh elektron qaimələrin qəbulundan imtina etməmiş, əsaslı olmadığını iddia etdiyi elektron qaimələrin bəziləri üzrə ödəniş həyata keçirmişdir. Sonradan məhkəmə prosesində əsas və cərimə borcunun hesablanması üçün ekspertiza keçirilməsini tələb etməsi (hazırkı halda xüsusi bilik tələb olunan hər hansı hesablama mövcud deyil), cərimə məbləğlərinin səhv tarixlərdən hesablanması barədə dəlilləri əsaslı deyil. Kollegiya apelyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Belə ki, iddiaçı tərəfindən cərimə məbləği düzgün hesablanmamış olsa belə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 462 və 467-ci maddələrini tətbiq etməklə cərimə borcunu kifayət qədər azaltmışdır ki, bu isə müqavilə üzrə nəzərdə tutulmuş ümumi borc məbləğinin 5 faizindən aşağıdır. Kollegiya həmçinin hesab edir ki, apellyasiya şiakyətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdehdən 267.391,40 manat tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli e-2-2(113)-1185/2020 saylı qətnaməsi qismən, 272391,41 manat əsas borcun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 267.391,40 (iki yüz altmış yeddi min üç yüz doxsan bir manat qırx qəpik) manat tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar