Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-283/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi və iddiaçının (ləğvedicisinin etibarnaməsi üzrə) nümayəndəsi X2, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdehyə qarşı “kredit borcunun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-956/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 471.565,21 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 176 saylı kredit müqaviləsinə əsasən mal-material alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 1.000.000 manat məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı həmin müqavilənin 2.3, 9.2 və 6.1-ci bəndlərinə istinadən xx.xx.2014-cü il tarixinədək cavabdeh tərəfindən banka ümumilikdə 471.565,21 manat faiz borcu ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-956/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini cavabdeh onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə göstərilən həmin məbləği götürməmiş, müqavilə onun tərəfindən imza edilməmişdir. Məhkəmə araşdırmamışdır ki, 1.000.000 manat məbləğində pul vəsaitinin çıxarılıbçıxarılmamaq, kimə təhvil verilməsi aydınlaşdırılmamışdır. İddiaçı kredit müqaviləsi üzrə əsas məbləği deyil, ona hesablanmış 471.565,21 manat məbləğində faizi tələb edir. Müqavilənin şərtlərinə görə ilkin olaraq cərimə, sonra faiz, yerdə qalan vəsait isə əsas məbləğin ödənilməsinə yönəldilməli idi. Əsas borc yoxdursa, faiz borcu haradan mövcud olmuşdur. Bundan əlavə məhkəmə işə baxılarkən onların iştirakını təmin etməmiş, çəkişmə prinsipini pozmuş, bu səbəbdən də müqavilədən 10 il keçməsindən sonra iddia qaldırılmış, iddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməkdən məhrum olmuşdur. Göründüyü kimi, məhkəmə işin qeyd olunan hallarını nəzərə almamış işin həqiqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Qətnamə əsaslandırlmamış, iddia tələbinin əsaslandığı dəlillərə cavab vermir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Ş.Rəfiyev əsas borc ödənildiyi təqdirdə ona hesablanmış faizlərin əsassız olduğunu, ümumiyyətlə, iddia müddətinin keçdiyini bildirərək iddia müddətinin tətbiqi barədə ərizəsini məhkəməyə təqdim etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Qədirova cavabdehin şikayəti ilə razılaşmamış, kredit müqaviləsinin müddətinin 2009-cu ilədək uzadıldığını, bundan əlavə 2013-cü ildə iddiaçı tərəfindən ödəniş edilərək borcunun etiraf edildiyini, 2014-cü ildə isə ona qarşı iddia qaldırıldığını, beləliklə də üç illik iddia iddia müddətinin keçmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, qismən, 300.221 manat faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətində ilk öncə cavabdeh kredit müqaviləsini imzalamadığını və ona kredit məbləği verilmədiyini mübahisələndirir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Baxmayaraq ki,şikayətin həmin dəlilləri hazırkı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən artıq mübahisələndirilməmiş, hər bir halda, cavabdehin sözügedən dəlillərinin iş materiallarına əsasən əsassız olduğu müəyyən olunur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında xx xxxx 2007-ci il tarixdə bağlanmış 176 №-li kredit müqaviləsi, eləcə də, həmin müqaviləyə 1 №-li Əlavəni, 2 №-li Əlavə (Kredit sifarişi), 1.000.000 manat ssudanın alınması barədə «müddətli öhdəçilik» memorial orderi borcalan Cavabdeh» MMC-nin direktrou adından eyni şəxs tərəfindən - hazırkı iş üzrə apellyasiya şikayətini imzalayan Y.Q.Vəliyev tərəfindən imzalanmış, bundan əlavə müəssisənin dairəvi möhürü ilə də təsdiq olunmuşdur. Adıçəkilən sübutlara əsasən müəyyən edilən hallar hallardan göründüyü kimi, cavabdehin qeyd olunan dəlillərinin tamamilə əsassız olduğu sübuta yetirilir. Cavabdehin apellyasiya şikayətindən görüdüyü kimi, ona hesablanmış faiz məbləğini də əsassız hesab edərək mübahisələndirir ki, əsas borcun ödənildiyi halda ona irəli sürülən faiz borcu əsassızdır və bunu belə əsaslandırır ki, əgər belə ödəniş olmuşdursa, ilk öncə cərimə və faiz borcu silinməli, daha sonra qalan məbləğ əsas borca aid edilməli idi. İş materiallarına əsasən cavabdehin şikayətinin, ondan ödənilməsi tələb edilən borcun əsassız olduğu müəyyən edilir. Mülki Məcəllənin 432.4-cü maddəsində həqiqətən nəzərdə tutulur ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materialları üzrə bankın borcalan ünvanladığı xx xxxxxx 2014-cü il tarixli 05/842 saylı bildiriş məktubunda sonuncu tərəfindən xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 1.000.000 manat kredit öhdəliyi üzrə müqavilənin 7.1 və 7.2-ci bəndlərinin şərtlərinin yerinə yetirilmədiyi, həmin müqavilə şərtlərinin pozulduğu bildirilərək xx xxxxxx 2013-cü il tarixinə müəssisənin 471.565 manat məbləğində faiz borcunun olması barədə ona xəbərdarlıq edilmişdir. Həmin faiz borcu məhkəməyə təqdim edilmiş xx xxxxxx 2014-cü il tarixli 345/14 saylı maliyyə arayışında da, xx xxxxxx 2014-cü il tarixinə olan ödənilməyən faiz borcu kimi təsbit edilmişdir. Lakin, həmin maliyyə arayışına, habelə, alınmış kredit üzrə bank hesab çıxarışlarına əsasən müəyyən olunur ki, 2007-2008-ci illərdə faiz borcundan cavabdeh tərəfindən banka ümumilikdə 218.657 manat ödəniş edilmişdir. Bundan dörd il keçdikdən sonra isə - xx.xx.2013-cü il tarixində cavabdehin 1.000.000 manat məbləğində ödənişi onun əsas borc hesabına silinmişdir. Maliyyə arayışından cavabdehin banka 218.657 manat faiz məbləği ödədiyi görünsə də, iddia ərizəsində buna əhəmiyyət verildiyi görünmür Eyni zamanda, həmin maliyyə arayışında, bankın borcalana ünvanlanmış bildirişində, həmçinin hazırkı mərhələdə iddiaçı tərəfin məhkəməyə verdiyi izahatında 471.565 manat faiz məbləğində borcun tərkibi açıqlanmamış, onun hansı komponotlərdən ibarət olduğu əsaslandırılmamışdır. İş materialları araşdırıldıqda isə müəyyən olunur ki, tərəflər arasında xx xxxx 2007-ci il tarixdə bağlanmış 176 №-li kredit müqaviləsinin: - 5.3-cü bəndi ilə müəyyən olunan 12 aylıq kredit müddəti - xx xxxx 2008-ci il tarixinddə 1 №-li Əlavə imzalanmaqla, 2009-cu ilin yanvarın 30-dək (yəni 6 ay) uzadılmış; -6.1-ci bəndindəki illik 17 faiz dərəcəsi 22 faiz dərəcəsi ilə əvəz edilmiş; -9.2-ci bəndi ilə borc öhdəliyinin pozulmasına görə ümumi məbləğin 34% miqdarında ödənilməsi nəzərdə tutulan cərimənin miqdarı 44 faizlə əvəz olunmuşdur. Belə olan halda isə kredit müddəti ərzində əsas (1.000.000 manat) borc öhdəliyini yerinə yetirməyən iddiaçıya birinci ilin sonuna hesablanmalı illik 17 faiz 170.000 manat, sonrakı uzadılan 6 aylıq dövr üçün isə illik 22 faizlə hesablanan məbləğ 110.000 manat (1 il üçün 220.000:2), ümumilikdə, 1 il 6 ay üçün illik hesablanmalı faiz məbləği 280.000 manat təşkil edir. Eyni zamanda, kredit müqavilənin 9.2-ci bəndinə (kredit müqaviləsinə Əlavə № 1-də edilən dəyişiklik nəzərə alınmaqla) əsasən öhdəliyin borcalan tərəfindən vaxtında icra edilməməsinə görə ona ümumi məbləğə 44 faiz miqdarında hesablanmalı cərimə məbləği isə 440.000 manat təşkil etmiş olur (Bu zaman Mülki Məcəllənin 445.7-ci maddəsinə(2-ci cümləsi) əsasən faizdən faiz hesablanması yolverilməz olduğundan ümumi məbləğə, illik faiz məbləği əlavə edilmədən, 100.000 manat əsas borc aid edilmişdir). Hər bir halda, məhkəmə kollegiyası hesab edir ki, əsas borcun 44 faiz miqdarında hesablanan 440.000 manat məbləğində cərimə məbləğinin cavabdehə tətbiq edilməsi həddindən artıq tənasübsüzdür. Mülki Məcəlllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məcəllənin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 44 faizlə müəyyən olunan 440.000 manat cərimə 4 dəfə azaldılaraq 110.000 manat həddində müəyyənləşdirilməsi hər iki tərəfin əsaslı mənafeyinə uyğun və ədalətli hesab edilməlidir. Beləliklə də müəyyən olunur ki, cavabdehin banka olan faktiki borcu onun illik və cərimə faizindən toplanan 390 (280.000+110.000) manat məbləğində ümumi borcunu təşkil edir. Qeyd edilən maliyyə arayışana əsasən cavabdeh tərəfindən həmin məbələğin 218.567 manat hissəsi artıq ödənildiyini nəzərə alsaq, onun iddiaçı banka cəmi - 171.343 (390.000 – 218657) manat məbləğində ödənilməyən borcu qalır. Mülki Məcəllənin 448.2-ci maddəsində isə nəzərdə tutulur ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Göründüyü kimi, iddiaçıinın 471.565, 21 manat məbləğində iddia tələbinin, qismən, yalnız 171.343 manat hissəsində əsaslı olduğu sübuta yetirilir. Yerdə qalan, 300.322,21 (471.565, 21 - 171.343) manat məbləğində hissəsin isə əsassızdır. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin şikayətinin, həmin hissədə borcun əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası hazırkı mərhələdə cavabdeh tərəfin Mülki Məcəllənin 375.2-ci maddəsinə istinadən iddia müddətinin təbiqi barədə ərizəsinin təmin ediliməsi üçün əsas görmür. Birincisi ona görə ki, birinci instansiya məhkəməsində işə baxılarkən verilməmiş, bu imkan qaçırılmışdır. Belə ki, ən azından cavabdeh 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsini əldə edərək və həmin qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyi zaman, hər bir halda onun iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət etmək imkanı olmuşdur. Bundan əlavə, bankın qeyd olunan maliyyə arayışına və bank hesablarından çıxarışlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən borcu etiraf edən hərəkət də edərək, xx.xx.2013-cü il tarixində banka 1.000.000 manat məbləğində ödəniş etmiş, xx.xx.2014-cü il tarixdə iddiaçı ona qarşı hazırkı iddianı məhkəmədə qaldırılmışdır. Mülki Məcəllənin 380.1-ci maddəsində də məhz nəzərdə tutulur ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, qanunun qeyd olunan tələbi baxımından, iddia müddəti buraxılmış hesab oluna bilməz. Beləliklə də qeyd edilənləri məcmu halında qiymətləndirərək, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin işin hallarına uyğun olmaıdığını, əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-956/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, 300.222,21 manat məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə 171.343 manat məbləğində faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh-nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-956/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi, qismən, 300.222 (üç yüz iki yüz iyirmi iki) manat 21 qəpik faiz borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddiaçı «xxxx» ASC-nin iddia tələbi rədd edilsin. Qətnamə Cavabdeh-dən 171.343 (yüz yetmiş bir min üç yüz qırx üç) manat borcun tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-283/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-283/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver