Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-283/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər:ərazi aidiyyati, müstəsna aidiyyat) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X3 və X1 ibarət tərkibdə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "xxxx" MMCyə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində bağlanılmış hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2024cü il tarixli qərardadından mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Həmidov Silahəddin Sadəddin oğlu tərəfindən ipoteka qoyulmuş Şəki şəhəri, Fətəli xan Xoyski küçəsində 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və X2 tərəfindən ipoteka qoyulmuş Şəki şəhəri, Yunuslar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv.m ümumi, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilməsi barədə protokolun cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunaraq işin məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, iddia ərizəsinin aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin olunmamışdır.
5. Məhkəmə hesab etmişdir ki, mübahisənin predmeti daşınmaz əmlaka mülkiyyət hüquqi ilə bağlı deyil, hərrac protokolunun imzalanması ilə bağlıdır, eyni zamanda mübahisənin məhkəmə və ərazi aidiyyatı yuxarı instansiya məhkəməsi tərəfindən həll edilmişdir.
6. Həmin qərardaddan adı çəkilən şəxsin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, məhkəmə öz qərardadında qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini daşınmaz əmlaka mülkiyyət hüquqi ilə bağlı deyil, hərrac protokolunun imzalanması ilə bağlıdır. Halbuki, "Atabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Şəki şəhərində yerləşən iki fərdi yaşayış evi barədə iddia qaldırılmışdır. Əgər həmin hərrac protokolu bağlanmış hesab edilərsə mülkiyyətində olan daşınmaz əmlak iddiaçının mülkiyyətinə keçəcəkdir. Göründüyü kimi iddia tələbi hərrac protokolunun bağlanmış hesab edilməsi olsa da, iddia tələbinin mahiyyəti mülkiyyətlə bağlıdır. Buna görə də mülki prosessual qanunvericilik daşınmaz əşyalarla bağlı müstəsna aidiyyat müəyyən etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasınıaradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hər iki daşınmaz əmlak Şəki şəhərində yerləşdiyindən həmin daşınmaz əşyalarla bağlı iddia müstəsna aidiyyat ilə Şəki Kommersiya Məhkəməsinə verilməli idi.
Apellyasiya baxışı
8. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
10. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
11. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
12. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
13. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir ("Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərar).
14. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2ci və 157.4-cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir – hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı deyil, hərrac protokolunun imzalanması ilə bağlıdır, həmçinin işin ərazi aidiyyatı artıq yuxarı instansiya məhkəməsi tərəfindən həll olunmuşdur.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-369/2025 saylı iş üzrə 26 dekabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva