Məhkəmə qərarları › İş №2-2(103)-285/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-285/2022

01.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-285/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5279/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 12.07.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 10230 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10230 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-5279/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi "xxxx" MMC-nin **********7 nömrəli icraat vərəqəsi üzrə dövlət büdcəsinə 10230 manatdan ödənilməmiş 100 manat borcu qalmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 12.07.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 12.07.2021-ci il tarixə yaranan 142177,68 manat borcuna görə 10230 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 26.07.2021-ci il tarixli, **********7 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 29.07.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 12 iyul 2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 10230 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Lakin hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı 12 iyul 2021-ci il tarixə yaranmış 10230 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə tələb irəli sürmüşdür. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, 12 iyul 2021-ci il tarixdən sonra – 19 noyabr 2021-ci il tarixdə 52653,12 manat, 116,45 manat, 2960,26 manat, 23 noyabr 2021-ci il tarixdə 2956,52 manat məbləğində pul vəsaiti ödənilmişdir. Yəni, ödənilən məbləğlərin cəmi 12 iyul 2021-ci il tarixə kimi yaranmış 10230 manat borcun məbləğindən dəfələrlə çoxdur. Göründüyü kimi cavabdeh borcu artıqlaması ilə ödəyib və onun həmin tarixə ödənilməli olan dövlət büdcəsinə borcu mövcud deyil. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh dövlət büdcəsinə olan 10230 manat vergi borcunu artıqlaması ilə ödəmişdir. İddiaçı isə cavabdehin 100 manat məbləğində borcu qaldığını bildirsə də, bunu təsdiq edən sübutları, o cümlədən cavabdehin hazırki tarixə olan şəxsi hesab vərəqəsini məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin dəlillərə istinad etməsi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5279/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar