Məhkəmə qərarları › İş №2-2(103)-286/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-286/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-286/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4827/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixli DC00215931-04 saylı maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək, illik faiz dərəcəsi 16,5% olmaqla 250.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında ayrı-ayrılıqda xx.xx.2021-ci il tarixli müvafiq olaraq DG**********68 saylı və DG**********68 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zaminlər borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh2 İsaq oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada DC00215931-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 90.240,26 (doxsan min iki yüz qırx manat iyirmi altı qəpik) manat əsas borc, 2.341,19 (iki min üç yüz qırx bir manat on doqquz qəpik) manat faiz borcu, 10.281,20 (on min iki yüz səksən bir manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 102.862,65 (bir yüz iki min səkkiz yüz altmış iki manat altmış beş qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4827/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 90.240 (doxsan min iki yüz qırx) manat, 26 (iyirmi altı) qəpik, faiz borcu üzrə 2.341 (iki min üç yüz qırx bir) manat, 19 (on doqquz) qəpik, cərimə borcu üzrə 4.500 (dörd min beş yüz) manat olmaqla, cəmi 97.081 (doxsan yeddi min səksən bir) manat, 45 (qırx beş) qəpik məbləğində pulun Cavabdeh3ndən, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh3ndən, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimənin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

11. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

14. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

15. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və kredit üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, habelə müəyyən olunmuş cərimə məbləğinin əsas borcun 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

16. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

17. Həmçinin, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

18. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4827/2023 saylı qətnaməsi cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar