Məhkəmə qərarları › İş №2-2(103)-287/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-287/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-287/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi ilə, ilkin iddia üzrə İddiaçı ASC-nin nümayəndəsi X1, ilkin iddia üzrə Cavabdeh MMC-nin direktoru X2 və nümayəndəsi və vəkili X5 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-79/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 22.485.500 ABŞ dolları əsas borc, 2.791.951 ABŞ dolları faiz borcu, ümumilikdə 25.277.451 ABŞ dolları kredit borcunun, kredit müqaviləsinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 20 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 1008H nömrəli kredit müqaviləsinə əsasən sonuncuya kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün 12 ay müddətinə 22.485.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka xx.xx.2018-ci il tarixinə 22.485.500 ABŞ dolları əsas borc, 2.791.951 ABŞ dolları faiz borcu, ümumilikdə 25.277.451 ABŞ dolları kredit borcu mövcuddur. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan “kredit müqaviləsi” üzrə əsas və faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Cavabdeh MMC cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 1008H saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək kredit müqaviləsinin uydurma əqd olması əsası ilə əhəmiyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi uydurma əqddir və bu səbəbdən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə müvafiq olaraq əhəmiyyətsizdir. Bankın rəhbərliyinin, habelə onu himayə etmiş sabiq vergilər nazirinin cavabdehin direktoru Zahid Niftəliyevlə yaxın münasibəti olmuşdur. Bankın maliyyə vəziyyəti ağır olmuş, xeyli zərəri olmuşdur. Bu məqsədlə bank borcalanla uydurma kredit müqaviləsi bağlayaraq aktivlərini şişirtmək istəmişdir. Yəni, guya vəsaitinin bir hissəsi Cavabdeh MMC-dədir və buna görə də bankın zərəri yoxdur və ya daha azdır. Eyni zamanda, bank Cavabdeh MMC-nin direktoruna demişdir ki, yalnız müqaviləni imzalamaq lazımdır, reallıqda Cavabdeh MMC heç bir pul məbləği götürməmişdir. İş üzrə keçirilmiş xətşünaslıq ekspertizası kassa sənədlərindəki imzanın Cavabdeh MMC-nin direktoru Z. Niftəliyevə məxsus olmasını təsdiqləmişdir. Lakin nəzərə almaq lazımdır ki, banklarda müştərilərə sənədləri topa şəkildə imzalatdırırlar. Sadəcə hər bir sənədin müvafiq qrafasında işarə qoyaraq bir neçə dəqiqəyə onlarla səhifəlik sənədləri imzalatdırırlar. Müştərilər sənədləri oxumadan işarə edilmiş yerləri imzalayır. Müvafiq kassa sənədləri (məxaric sənədi və valyuta alışı sənədi) də məhz bu cür imzalanmışdır. Təsadüfi deyil ki, bankın bundan başqa heç bir sübutu yoxdur. Banklarda videoçəkiliş aparılır, xüsusilə kassa qovşağının, giriş qapısının və həyətin. Bank belə çəkilişləri təqdim etməmişdir. Nə pulun kassadan alınması, nə də həmin pulla Z.Niftəliyevin bankdan çıxıb maşına oturması anlarının çəkilişi yoxdur. Kredit müqaviləsinin uydurma əqd olmasının digər, dolayı sübutları da var. Cavabdeh MMC xx xxxxx 2015-ci il tarixdə təsis olunmuş, nizamnamə kapitalı da cəmi 10 manatdır. Yəni Bank iri kredit məbləğini heç bir təminat olmadan guya belə bir hüquqi şəxsə vermişdir. Bundan əlavə, MM-in 99.3-cü maddəsinin xx xxxxxx 2016-cı il tarixinə qüvvədə olan redaksiyasında deyilirdi ki, açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. 2016-cı il üzrə müstəqil auditor rəyi olan illik hesabatının 5-ci səhifəsindən görünür ki, həmin ilin sonunda Bankın xalis aktivlərinin dəyəri 54.445.446 manat olmuşdur. Həmin məbləğin 25%-i 13.611.361 manat təşkil edir. Deməli, 39.713.891 manat məbləğində kredit vermək üçün səhmdarların ümumi yığıncağının qərarı olmalı idi və məlumat açıqlanmalı idi. Belə qərar olmamış, məlumat da açıqlanmamışdır. Qeyd edilənlər kredit müqaviləsinin yalnız görüntü üçün bağlandığına dəlalət edir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə qarşılıqlı iddia üzrə tələbə iddia müddətinin tətbiq edilərək baxılması barədə ərizə təqdim etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-79/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilərək tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1008 H №-li kredit müqaviləsi uydurma əqd olması əsası ilə əhəmiyyətsiz hesab edilmişdir. İlkin iddia üzrə İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qarşılıqlı iddia tələbi dəyişdirilərkən həm iddianın predmeti, həm də əsası dəyişdirilmişdir. Məhkəmənin əqdin etibarsızlığı ilə gəldiyi nəticə düzgün deyil. Çünki, tərəflər arasında müqavilə bağlanarkən əqdin etibarlılığı ilə bağlı bütün şərtlərə riayət edilmiş, tərəflər azad və müstəqil şəkildə sərbəst iradə ifadələrini bildirərək müqaviləni imzalamışlar. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Halbuki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən və eyni tarixli 128302 №-li çek kitabçasından və həmin tarixli xarici valyutanın alınıb-satılması üçün sifariş məktubundan aydın olur ki, cavabdeh könüllü iradə ifadəsini qeyd edilən sənədlərə imza etməklə bildirmiş və müqavilə üzrə 22.485.500 ABŞ dolları məbləğində pulu şəxsən özü almışdır. Əgər müqavilə həqiqətən uydurma olsaydı, cavabdeh ekspertizanın təyin olunmasını, faiz borcların hesablanmasının dayandırılmasını xahiş etməzdi. Ən azından məhkəməyə qədər əqdin uydurma olması ilə əlaqədar banka müvafiq ərizə ilə müraciət edərək, götürülmüş kredit məbləğini konvertasiya etməz, çek kitabçasını imzalamaz, sifariş blankına imza etməz, təsis sənədlərini banka verməz və adına bankda hesab açmazdı. Müqavilə tərəflərin iştirakı ilə bağlanmış, həmin müqavilə üzrə məbləğin məxaric olunması çek kitabçası ilə müəyyən olunur. Bundan əlavə Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə həmin maddəni səhv təfsir edərək hesab etmişdir ki, qeyd olunan müddət əhəmiyyətsiz əqdlərə deyil, mübahisələndirilən əqdlərə şamil olunur. Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-430/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-79/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı ASC-nin ilkin iddia tələbinin təmin edilərək Cavabdeh MMC-dən 22.485.500 ABŞ dolları əsas borcun, 2.791.951 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə ödəniş gününə Azərbaycan manatı (AZN) məzənnəsi ilə 25.277.451 ABŞ dolları məbləğində kredit borcunun və iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 2-2 (102)-5/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-430/19 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru X4, nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-79/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia əsas borcun tutulması hissəsində tam, faiz qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə qarşılıqlı iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, həm ilkin, həm də dəyişdirilmiş qarşılıqlı iddia ərizəsində Cavabdeh MMC-nin iddiasının əsası bank tərəfindən kreditin əslində Cavabdeh MMC-yə verilmədiyi olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilən həqiqi hallarına uyğun olmadığından mübahisələndilən qətnamə ləğv edilməlidir. Hazırkı iş üzrə qarşılıqlı iddia tələbi təmin edildiyi halda ilkin iddia tələbinin təmin edilməsini aradan qaldırdıqdan məhkəmə hesab edir ki, ilk öncə qarşılıqlı iddia tələbinin əsaslı olub-olmadığına hüquqi qiymət verilməlidir. Qarşılıqlı iddia ərizəsində tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin görünüş üçün bağlanmış uydurma əqd olduğu bununla əsaslandırılır ki, Cavabdeh MMC-nin direktoru xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsini imzalayarkən onun MMC-nin dövriyyə vəsaitlərini artırmaq üçün bankdan kredit götürmək niyyəti olmamış, bu müqavilə bağlanarkən bankın maliyyə vəziyyəti ağır olduğu və xeyli zərəri olduğu üçün bank borcalanla uydurma kredit müqaviləsi bağlayaraq aktivlərini şişirtmək istəmiş, əslində cavabdehə heç bir kredit vəsaiti verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi hazırkı halda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətininxx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına istinad edərək İddiaçı ASC tərəfindən həmin Qaydaların 3-cü və 4.1.8-ci bəndlərinin tələblərinə riayət edilmədiyini göstərmiş və bu halın müqavilənin görünüş üçün bağlandığını sübut etdiyinə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmayaraq hesab edir ki, məhkəmənin istinad etdiyi “Banklarda kreditlərin verilməsi” Qaydaları kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarını müəyyən etdiyindən bankın bu Qaydaların tələblərinə riayət etmədən bağladığı kredit müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan məhkəmə qaydasında etibarsız hesab edilə bilməz. Əqdə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd kimi hüquqi qiymət verilməsi üçün əqdi bağlayarkən tərəflərin gələcəkdə həqiqətən ona uyğun hüquqi nəticələr yaratmaq niyyətləri olmadığı sübut olunmalı və bağlanmış əqd əsasında tərəflərin üzərinə qoyulmuş öhdəliklər formal xarakter daşımaqla icra edilməmiş olmalıdır. Əgər əqdin bir tərəfi uydurma olduğu iddia edilən əqdə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmişsə artıq digər tərəfin əqdi hansı niyyətlə bağlamasından asılı olmayaraq həmin əqd uydurma hesab edilə bilməz. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh MMC arasında bağlanan 1008H nömrəli, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə, illik 10 faizlə 12 ay müddətinə 22.485.500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İşdəki “Xarici valyutanın alınıb-satılması üçün” Sifarişdən və əsli iş materiallarının 1-ci cildinin 86-cı vərəqinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, ABŞ dolları ilə verilmiş kredit məbləği 1,7662 məzənnə ilə manata konvertasiya edilərək cavabdehin qanuni təmsilçisinə manatla 39.713.891 manat təqdim edilmiş, qanuni təmsilçi Zahid Niftəliyev qəbzi imzalamaqla pulu aldığını təsdiq etmişdir. İş materiallarında olan Bank tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx xxxxxx 2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 22.485.500 ABŞ dolları əsas borcun və bildirişlərin göndərildiyi tarixə yaranan faiz borcunun ödənilməsi cavabdehdən məhkəmədə iddia qaldırılanadək bir neçə dəfə tələb olunmuş, Cavabdeh MMC tərəfindən borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili bank tərəfindən məhkəməyə təqdim edilmiş pulun verilməsi barədə çekdəki imzanın Zahid Niftəliyevə aid olduğunu mübahisələndirərək işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatətlə müraciət etmiş, vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 15585 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş X2 adına olan xx xxxxxx 2016-cı il tarixli AB-1 seriyalı 128302 saylı çekin üz və arxa tərəflərində “İmzalar” qrafalarındakı imzaların və arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” qrafasındakı imzanın-X4 tərəfindən icra olunduğu müəyyən olunmuşdur. İlkin iddia üzrə Cavabdeh MMC-nin direktoru X4 işə təkrar apelyasiya qaydasında baxılarkən izahat verərək bildirmişdir ki, İddiaçı ASC-nin rəhbər vəzifəli şəxsləri ilə heç bir yaxın münasibəti və tanışlığı olmamış, bankdan kredit götürərkən niyyəti bankın maliyyə vəziyyətini yaxşılaşdırmaq olmamşdır. Onun Müdafiə Nazirliyində işləyən tanışı bildirmişdir ki, nazirliyə vertolyotlara qurğular alınması üçün firma lazımdır. O bildirmişdir ki, onun firması var. Həmin tanışı onu Vergilər Nazirliyində işləyən yönləndirmiş, firmanın sənədlərini, şəxsiyyət vəsiqəsini təqdim etmiş, əvvəlki firma uyğun olmadığından ona yeni firma təsis etməsi tövsiyyə edilmiş, bu məqsədlə Cavabdeh MMC-ni təsis etmiş, lisenziya almışdır. Dekabr ayının 29-da Vergilər Nazirliyindən ona zəng vuraraq bildirmişlər ki, kredit müqaviləsi bağlanması üçün banka getməlidir. Krediti nə üçün götürməli olduğunu, hansı məqsədlə istifadə ediləcəyini bilməmiş, bununla maraqlanmamışdır. Ona bankda verilən sənədləri imzalamışdır. Bankda bildirilmişdir ki, pul nağd verilməyəcək, nə vaxt istəsə vəsaitdən istifadə edə biləcək. Z.Niftəliyevin Cavabdeh MMC-ni kredit götürüldüyü ərəfədə təsis etdiyinə dair izahatında qeyd edilənlərin həqiqətə uyğunluğu işdəki sənədlərlə təkzib olunur. Cavabdeh MMC-nin iş materiallarına əlavə edilmiş nizamnaməsi və hüquqi şəxsin kommeriya hüquqi şəxslərinin dövlət reyestrinə daxil edilmiş məlumatlardan görünür ki, Cavabdeh MMC xx.xx.2015-ci il tarixdə təsis edilmişdir. İş materiallarında görünür ki, xx.xx.2015-ci ildə tərəflər arasında bank hesabı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh MMC-yə İddiaçı ASC-də bank hesabı açılmışdır. Bu müqavilə ilə təsdiq olunur ki, Cavabdeh MMC mübahisələndirilən kredit müqaviləsi bağlananadək İddiaçı ASC-nin müştərisi olmuşdur. Cavabdeh MMC-nin direktoru X2 izahatına əsasən müəyyən edilir ki, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin İddiaçı ASC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə bağlandığına dair qarşılıqlı iddia ərizəsində qeyd edilənlər işin həqiqi hallarına uyğun deyil. İzahatdan aydın olur ki, Z.Niftəliyevin bankın rəhbər şəxsləri ilə heç bir yaxın münasibəti olmamış və ümumiyyətlə kreditin götürülmə məqsədi bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olmamışdır. Z.Niftəliyevin bankdan kredit götürməkdə məqsədi yaxın tanışı olmuş şəxsə müəyyən avadanlıqların alınmasında kömək etmək olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin konkret hüquqi nəticə yaratmaq məqsədi olmadan, yalnız görünüş üçün bağlanıldığına dair qarşılıqlı iddia ərizəsinin dəlilləri əsassızdır. Kredit alan tərəfindən götürülmüş kredit vəsaitindən müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün deyil, digər məqsədlər və digər şəxs üçün istifadə edilməsi müqavilənin 4.4.2-ci bəndinə əsasən kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi əsaslarından biri kimi nəzərdə tutulsa da, bu hal müqavilənin etibarsız hesab edilməsi və kredit alanın öhdəliyin icrasına görə hüquqi məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, kredit müqaviləsi rəsmiləşdirildikdən və kreditin alınmasına dair qəbz imzalandıqdan sonra pul vəsaiti bank tərəfindən faktiki verilməmiş olsaydı kredit alan bankdan həmin vəsaitin verilməsini tələb etməli, əks halda müqavilənin ləğv edilməsi üçün banka, məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət etməli idi. Lakin hazırkı halda cavabdeh müqavilə rəsmiləşdirildikdən sonra kredit vəsaitinin təqdim edilməməsi ilə bağlı banka hər hansı pretenziya irəli sürməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bankın kredit kredit vəsaitinin verilməsi ilə bağlı öhdəliyin icra etməməsi müqavilənin etibarsız əqd hesab edilməsi üçün deyil, ləğv edilməsi üçün əsas ola bilərdi. «xxxxxxxx» MMC-nin nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də işə apellyasiya qaydasında baxılarkən vəsatətlər verərək kreditin cavabdehə həqiqətən təqdim edildiyinin iddiaçı tərəfindən sübut edilməsi üçün kredit müqaviləsi rəsmiləşdirildiyi gün bankın müşahidə kameraları vasitəsi ilə qeydə alınmış videogörüntülərin iddiaçı tərəfindən təqdim edilməsini və kreditin rəsmiləşdirilməsində iştirak edən bankın səlahiyyətli şəxslərinin şahid qismində dindirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış və həmin tarixdən qüvvədə olan “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 14.3-cü maddəsinə əsasən kassa sənədləri ilə pulların mədaxil və məxarici üzrə əməliyyatlar rəsmiləşdirilir və mədaxil və məxaric sənədlərinə bölünür. Məxaric kassa sənədlərinə nağd pulun alınması üçün çeklər və məxaric kassa orderləri aiddir. Məhkəmə hesab edir ki, istinad edilən normativ hüquqi akta əsasən bankdan pul vəsaitinin məxaric edilməsi çeklər və məxaric kassa orderləri ilə rəsmiləşdirilməli olduğundan və həmin sənədlər ciddi mühasibat uçotu sənədi hesab edildiyindən hazırkı halda bank tərəfindən kredit vəsaitinin bankın kassasından məxaric edildiyinin təsdiq edilməsi üçün videogörüntü təqdim edilməsi, bankın kreditin rəsmiləşdirilməsində iştirak etmiş əməkdaşlarının şahid qismində dindirilməsi və bu faktı təsdiq etmək üçün digər əlavə sübutlar təqdim edilməsinə zərurət olmasa da Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarındakı göstərişlər nəzərə alınaraq ilkin iddia üzrə cavabdehin vəsatəti məhkəmə tərəfindən təmin edilərək əlavə sübutların təqdim edilməsi iddiaçı tərəfə təklif edilmişdir. Məhkəməyə təqdim edilmiş İddiaçı ASC-nin Müşahidə Şurasının 41 saylı xx.xx.2016c il tarixli iclasının protokolundan və bankın İdarə Heyətinin sədrinin müavininin qərarından çıxarışlardan görünür ki, həmin tarixdə keçirilmiş iclasda «xxxxxxxx» MMC-nə bankın vəsaitləri hesabına 12 ay müddətinə 22.485.500 ABŞ dolları kreditin verilməsi barədə Kredit Komitəsinin qərarı təsdiq edilmiş, həmin qərar əsasında İdarə Heyətinin sədrinin müavini E.Babaşlı tərəfindən «xxxxxxxx» MMC-nə faizlərin aylıq, əsas borcun müddətin sonunda ödənilməsi şərtilə 22.485.500 ABŞ dolları kreditin verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş bank hesabından çıxarışlarda da kreditin verildiyi xx.xx.2016-cı il tarixdə bankın əməliyyat hesabında milli valyuta ekvivalentində 39.713.891 manat məbləğində pul vəsaiti mövcud olduğu və kreditin həmin gün əməliyyat aparılaraq hesabın “kredit” hissəsindən “debet” hissəsinə keçirilməklə «xxxxxxxx»MMC-nə ödənildiyi öz əksini tapmışdır. xx.xx.2016-cı il tarixli kredit müqaviləsi rəsmiləşdirildiyi dövrdə bankın əməkdaşları olmuş X6, X7 işə apellyasiya qaydasında baxılarkən şahid qismində dindirilmişlər. Şahid X6 ifadəsində bildirmişdir ki, İddiaçı ASC-də korporativ müştərilərə xidmət şöbəsinin rəisi olmuşdur. Cavabdeh MMC bankın müştərisi olmuş, MMC-yə verilmiş kreditin məxaricini o təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş çekdəki ikinci imza ona məxsusdur. Ümumi qaydalara görə əməliyyatçı çeki imzaladıqdan sonra o müştərinin imzasının imza nümunəsinə uyğunluğunu, möhürü, müştərinin bank hesabında pul qalığı olub-olmadığını yoxladıqdan sonra o çeki imzalayır. Bundan sonra müştəri pul vəsaitini almaq üçün kassaya yaxınlaşır. Müştərinin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi rəsmiləşdirildiyi gün cari hesabında pul qalığı olmuşdur, pul həmin gün verilmişdir, çünki bankın kassa qalığı həmin gün yoxlanılmışdır. 2016-cı il bankın ən işlək vaxtı olmuşdur. Şahid X7 ifadə verərək bildirmişdir ki, İddiaçı ASC-də xəzinədar vəzifəsində işləmişdir. Kredit vəsaitinin verilməsi barədə məxaric çeki ilə müştəri ona yaxınlaşır və o təsdiq edir. xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-yə 39.713.891 manat pul vəsaitinin verilib-verilmədiyini 4 il keçdiyi üçün xatırlamır. Çekin onun tərəfindən və müştəri tərəfindən imzalanması o deməkdir ki, pul verilmişdir. İşlədiyi dövrdə bu məbləğdən daha artıq məbləğlərdə də kreditin verildiyini xatırlayır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri belə qənaətə gəlməyə əsas verir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi digər kredit müqavilələri kimi, bankın daxili prosedurlarına uyğun rəsmiləşdirilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanarkən bankda müqavilədə qeyd edilən məbləğdə pul vəsaitinin olmaması barədə qarşılıqlı iddia ərizəsində qeyd edilənlər yalnız ehtimallardan və formal mülahizələrdən ibarət olmaqla heç bir əsaslı sübutla, o cümlədən şahid ifadələri ilə təsdiq edilməmişdir. Bankın xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlandığı ərəfədə maliyyə vəziyyətinin yaxşı olmadığını təsdiq etmək üçün Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Ə.Həsənov tərəfindən apellyasiya instansiyası məhkəməsinə xx.xx.2020-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş İddiaçı ASC-nin cavabdeh olduğu başqa bir mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları və digər məhkəmə sənədlərinin hazırkı kommersiya mübahisəsi üzrə sübut kimi qəbul edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü və 372.4-cü maddəsinin tələblərinə zidd olduğundan məhkəmə təqdim edilmiş sənədləri iş üzrə sübut kimi qəbul etmir. Məhkəmə həm birinci instansiya məhkəməsinə, həm də işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş və sübut kimi qəbul edilmiş yazılı sübutlara, izahatlara, şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, iş materiallarında xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarlı əqd olması və həmin müqavilə əsasında kredit vəsaitinin Cavabdeh MMC-yə verilməsi barədə kifayət qədər mötəbər sübutlar mövcud olduğundan, Cavabdeh MMC tərəfindən isə qarşılıqlı iddianın dəlilləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən mübahisələndirilən qətnamə ləğv edilməli, qarşılıqlı iddia rədd edilməli, ilkin iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-dən aldığı kredit vəsaitini qaytarması barədə işdə sübutlar olmadığından həmin müqavilə üzrə 22.485.500 ABŞ dolları əsas borcun və bu məbləğə bir il üçün 10 faizlə hesablanmış faiz borcunun cavabdehdən tutulması hissəsində ilkin iddia əsaslıdır. İddiaçı cavabdehdən iddia qaldırılan tarixədək (xx.xx.2018-ci il tarixə) yaranan 2.791.951 ABŞ dolları faiz borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur ...Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bankın iş materiallarındakı xx.xx.2019-cu il tarixli maliyyə arayışında müqavilə müddətinin bitdiyi tarixə ilkin iddia üzrə cavabdehin banka olan faiz borcunun 2.248.500 ABŞ dolları, işə təkrar apellyasiya qaydasında baxılarkən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışında isə, öhdəliyin icra müddətinin bitdiyi tarixə olan faiz borcunun 2.254.795,97 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 22.485.500 manatın 10%-i 2.248.550 manat etdiyi halda iddiaçı tərəfindən təqdim edilmiş hər iki maliyyə arayışında cavabdehin müqavilə üzrə ödəməli olduğu faiz məbləği düzgün qeyd edilmədiyindən bankın təqdim etdiyi maliyyə arayışları kredit borcunun məbləğinin müəyyənləşdirilməsi üçün sübut kimi nəzərə alına bilməz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, faiz borcu hissəsində ilkin iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə kredit öhdəliyinin icra müddətinin bitdiyi tarixədək 2.248.550 ABŞ dolları faiz borcu tutulmalı, faiz borcu tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsinin , Cavabdeh MMC-nin nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış məlumatlarının məhkəməyə notarial qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsinə zərurət olmadığından ilkin iddia üzrə iddiaçı tərəfindən həmin sənədlərin təsdiq edilməsi üçün notariat orqanına ödənilmiş 20 manat pulun cavabdehdən tutulması hissəsində iddiaçının tələbi təmin olunmamalıdır. Belə ki, həmin xərc iddianın qaldırılması üçün iddiaçının məcburi çəkməli olduğu xərclərə aid olmadığı üçün cavabdehin müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində iddiaçıya vurulmuş ziyan kimi qiymətləndirilə bilməz. İş üzrə ekspertiza keçirilməsi barədə vəsatət Cavabdeh MMC tərəfindən verildiyindən məhkəmə MPM-nin 117.1-ci, 119.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, 133 manat ekspertiza xərci Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-79/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 22.485.500 ABŞ dolları əsas, 2.248.550 ABŞ dolları faiz borcu, 30 manat dövlət rüsumu tutulmalı, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia rədd edilməli, Cavabdeh MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 133 manat ekspertiza xərci tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-79/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia qismən təmin edilərək Cavabdeh MMC-dən iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 22.485,500 ABŞ dolları əsas, 2.254.795,97 ABŞ dolları faiz borcu, cəmi 24734050 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulsun. İlkin iddia qalan hissədə rədd edilsin. Cavabdeh” MMC-nin İddiaçı ASC-yə qarşı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 133 manat ekspertiza xərci tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar