Məhkəmə qərarları › İş №2-2(103)-288/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-288/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-288/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «icarə müqaviləsi üzrə əsas borcun və dəbbə pulunun tutulması» tələbinə dair ilk iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (82)-269/2019 saylı qətnaməsindən (hakim Rüstəm Kərimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və Cavabdeh İddiaçınə qarşı icarə müqaviləsindən irəli gələn pul və əmlak tələblərinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən xx xxxxxxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən 73.131,95 manat qalıq borc, 10.000 manat dəbbə pulu, cəmi 83.131,95 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxxxx 2016-cı il tarixində icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən "İddiaçı" MMC Bakı şəhəri, Mikayıl Müşfiq 1 C ünvanında yerləşən mehmanxananın 3 ədəd restoranı 26 ay müddətində icarəyə vermişdir. Müqavilənin 2.1-ci və 2.2-ci bəndinə əsasən müqavilə bağlandıqdan sonra ilk ayı icarəçi icarəyəverənə icarə haqqı ödəməkdən azaddır. Bundan sonrakı 2-ci ay aylıq icarə haqqı 5.244 manat və qalan 24 ay müddətində isə 5.000 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Hər ay yaranmış borcla bağlı icarəçi "Cavabdeh" MMC-yə rəsmi olaraq, hesab faktura təqdim edilmişdir. Lakin bir müddət keçdikdən sonra icarəçi "Cavabdeh" MMC öz vəzifələrini icra etməkdən yayınmış, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə xx xxxxxx 2018-ci il tarixə "Cavabdeh" MMC-nin "İddiaçı" MMC-yə xx.xx.2016-cı il tarixli müqavilə üzrə 73.151,95 manat əsas borcu və 10.000 manat dəbbə pulu, cəmi 83.151,95 manat borcu qalmışdır. xx xxxxxx 2018-ci il tarixində tərəflər arasında "Qarşılıqlı olaraq borcların üzləşdirmə aktı" imzalanmış və "Cavabdeh" MMC "İddiaçı" MMC-yə olan əsas borcunu etiraf etmişdir. xx xxxxxxxx 2016-cı il tarixli icarə müqaviləsinin 2.3-cü bəndinə əsasən, icarə haqqı üzrə borc yaranarsa aylıq icarə haqqının 0,1 %- i məbləğində icarəçi tərəfindən icarəyə verənə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. İcarəçi "Cavabdeh" MMC tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı MMC borcunu ödəməkdən boyun qaçırmışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 684.1-ci, 700-cü maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (82)- 269/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx xxxxxxxx 2016-cı il tarixli icarə müqaviləsi üzrə 73.131,95 manat əsas borc, 7.313 manat dəbbə pulu və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sonuncu məhkəmə iclasının vaxtı barədə cavabdehə məlumat verilməmiş, çəkişmə prinsipinə riayət edilməmişdir. Tərəflər arasında müqavilə bağlanarkən qarşılıqlı razılıq əsasında icarəçi restoranlarda təmir bərpa, yenidən quraşdırma işləri görmüş, yeni inventarlar almış, yeni tərtibat işləri aparmışdır. 2018-ci illərin əvvəllərindən isə cavabdeh icarəyə götürdüyü obyektdə fəaliyyətini dayandırmışdır. Dayandırmaya səbəb iddiaçının cavabdehi restoranlara buraxmaması olmuşdur. Nəticədə cavabdehin aldığı inventarlar restoranda qalmışdır. İddiaçı həmin əşyaları cavabdehə qaytarmaqdan imtina etmişdir. Bundan başqa cavabdeh MMC-nin təsisçisi Önal Varış Yaşar oğlu borcların qarşılıqlı üzləşmə aktının imzalanmasından xəbərsizdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçınə qarşı icarə predmeti olan obyektin təmirinə çəkilmiş 87.000 manat xərcin tutulması və alınmış inventarların naturada qaytarılması, naturada qaytarmaq mümkün olmadıqda dəyərinin tutulmasına dair qarşılıqlı iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən qarşılıqlı iddianın birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkün olmadığı müəyyən edilərək icraata qəbul edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilə bağlanarkən, qarşılıqlı razılıq əsasında icarəçi restoranlarda təmir-bərpa, yenidən qurma işləri görmüş, yeni invertarlar almış, yeni tərtibat işləri görmüşdür. 2018-ci ilin əvəllərindən isə faktiki və rəsmi olaraq Cavabdeh MMC icarə müqaviləsi əsasında icarəyə götürdüyü restoranda fəaliyyətini dayandırmağa məcbur edilmişdir. Belə ki, cavabdeh bir tərəfli qaydada müqaviləni pozmuş, icarəçini mehmanxanaya və restoranlara buraxmamış, restoranların kilidini dəyişmiş, nəticədə Cəmiyyətin razılığı əsasında aldığı invertarlar restoranlarda qalmışdır. MM-nin 152.1, 442-ci maddələrinə istinad edilərək iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin və qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə və qarşılıqlı iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və qarşılıqlı iddianı işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (82)-269/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən ilkin iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil. İşin sübutlara və tərəflərin izahatlarına əsasən məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdehnə arasında sonuncu dəfə xx xxxxxxxx 2016-cı il tarixdə icarə müqaviləsi bağlanmış, lakin tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər 2012-ci ildən yaranmışdır. xx xxxxxxxx 2016-cı il tarixli icarə müqavilənin şərtlərinə əsasən "İddiaçı" MMC tərəfindən Bakı şəhəri, Mikayıl Müşfiq 1 C ünvanında yerləşən mehmanxananın 3 ədəd restoranını Cavabdehnə 26 ay müddətinə (xx.xx.2018-ci il tarixədək) icarəyə verilmişdir. Müqavilənin 2.1-ci və 2.2-ci bəndinə əsasən müqavilə bağlandıqdan sonra ilk ayı icarəçi icarəyəverənə icarə haqqı ödəməkdən azad olmuş, icarəçinin xx.xx.2016-ci il tarixli akta əsasən 31622,44 manat qalıq borcu olduğu nəzərə alınaraq sonrakı ayın aylıq icarə haqqı 5.244 manat və qalan 24 ay müddətində isə 5000 manat müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, “icarəçi” icarə haqqını ödəməli tarixdən gecikdirmə baş verərsə, aylıq icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu hesablanacaqdır. Müqavilənin 2.4-cü bəndində icarə haqqının hesab-fakturanın təqdim edildiyi tarixdən 5 bank günü ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda tərəflər arasında bağlanmış daşınmaz əmlakla bağlı icarə müqaviləsi qanunla nəzərdə tutulmuş notarial qaydada təsdiq edilməmiş, Mülki Məcəllənin 139.1-ci, 144.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddələrində nəzərdə tutulmuş qaydada icarəçinin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin məhkəmə hesab edir ki, müqavilənin forması ilə bağlı qanunun tələbinə əməl edilməsə də tərəflər arasında həmin müqavilə əsasında yaranmış icarə hüquq münasibətlərinin mövcud olduğu işin mübahisəsiz halı olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mübahisəyə Mülki Məcəllənin əmlak icarə hüquq münasibətlərini tənzimləyən 684.1, 685.2, 700-cü maddələrinin, “İcarə haqqında qanun”un normaları tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli, hər iki tərəfin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş "Qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, Cavabdeh həmin tarixə ilkin iddia üzrə iddiaçıya ƏDV daxil 73.151,95 manat icarə haqqı borcu olduğunu təsdiq etmişdir. Cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinə xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktında qeyd edilmiş borcun ödənilməsi barədə sübutlar təqdim etməmiş, apellyasiya şikayətində xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktındakı imzanın hüquqi şəxsin qanuni təmsilçisinin imzası olmadığını göstərərək həmin sübutun borc məbləğini təsdiq edən sübut kimi nəzərə alınmasına etiraz etmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktı yalnız imza ilə deyil, eyni zamanda Cavabdeh möhürü ilə təsdiq edildiyindən həmin sənədin qanuni təmsilçi tərəfindən imzalanmaması və aktı imzalamış şəxsin ad və soyadının qeyd edilməməsi onun məhkəmə tərəfindən icarəçi tərəfindən ödənilməli olan icarə haqqının məbləğinin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul edilməsini istisna etmir. Belə ki, Cavabdeh nümayəndəsi aktdakı möhürün hüquqi şəxsə məxsus olduğunu mübahisələndirməmiş, qanuni təmsilçi tərəfindən aktın təsdiq edilməsi üçün hüquqi şəxsin möhürünün hansı səbəbdən sənədi imzalamış şəxsə təqdim edildiyini izah edə bilməmişdir. Cavabdeh nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən qeyd edilən aktın Cavabdeh işçisi olmuş və xx.xx.2018-ci il tarixli əmrlə işdən azad edilmiş X6 tərəfindən imzalandığını, akt imzalanarkən A.Musayeva Cavabdeh işçisi olmadığından aktın səlahiyyətsiz şəxs tərəfindən imzalandığını göstərmiş və buna sübut olaraq A.Musayeva ilə əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli əmrlə xitam verilməsinə dair bildirişin 12.03.208-ci il tarixdə dövlət qeydiyyatına alınması barədə sənədi məhkəməyə təqdim etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, akt onlar tərəfindən təsdiq edildikdən sonra kuryer vasitəsi ilə Cavabdeh MMC-yə göndərilmiş, 3 gün saxlanılmış, təsdiq olunduqdan sonra qaytarılmışdır. Cavabdeh MMC-nin adından aktın kim tərəfindən imzalandığı onlara məlum deyil. Məhkəmə xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktının Cavabdeh möhürü ilə təsdiq edildiyini və hüquqi şəxsin adından sənədlərin qanuni təmsilçinin tapşırığı əsasında hüquqi şəxsin işçisi olmayan şəxs tərəfindən imzalanmasının qanunvericiliyə zidd olmadığını nəzərə alaraq aktı imzalamış şəxsin səlahiyyətlərinin və akt tərtib edildiyi tarixdə Cavabdeh işçisi olub-olmamasının araşdırılmasını mübahisənin obyektiv həlli üçün zəruri hesab etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası xx xxxxxxxx 2016-cı il tarixli icarə müqaviləsi üzrə Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənildiyinə dair işdə sübutlar olmadığını və xx xxxxxx 2018-ci il tarixə borcun məbləğinin 73.151,95 manat olmasının üzləşmə aktı ilə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh icarəyə götürülmüş obyektin təmirinə çəkilmiş 87.000 manat xərcin qarşı tərəfdən tutulması barədə qarşılıqlı iddia tələbi məhkəmə tərəfindən əsassız hesab edilir. Cavabdeh nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında izahatında göstərmişdir ki, tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən icarəyə götürən obyekti təmir etməli, təmir xərci icarə haqqı ilə əvəzləşdirilməli idi. Sonuncu məhkəmə iclasında verdiyi izahatında isə nümayəndə bildirmişdir ki, icarə haqqı ödənişlərini təsdiq edən qəbzlər icarə götürülmüş obyektdə qaldığı üçün məhkəməyə təqdim etmək mümkün deyil. Məhkəmə Cavabdeh MMC-nin bu mövqeyini ziddiyyətli və əsassız hesab edir. İşin araşdırılan hallarından göründüyü kimi, tərəflər arasında icarə ilə bağlı hüquq münasibətləri 2012-ci ildən başlamışdır. Belə olan halda icarəyə götürülmüş obyektlər icarəyə götürən tərəfindən təmir edilmişsə belə həmin ildə təmir edilmiş olmalı və əgər təmir xərclərinin icarə haqqı ilə əvəzləşdirilməli olsaydı xx xxxxxxxx 2016-cı il tarixdə yeni icarə müqaviləsi imzalanarkən icarə götürənin qalıq borcunun mövcudluğu qeyd edilməməli idi. Cavabdeh tərəfindən məhkəməyə obyektlərin icarəyə götürülməmişdən əvvəl və sonra çəkilmiş şəkilləri təqdim edilmişdir. Fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, icarəyə verilmiş obyektlərdə əvvəl də restoran kimi fəaliyyət göstərməsi üçün zəruri olan müəyyən avadanlıqlar olmuş və obyektlərin döşəməsi və bəzi divarlar istisna olmaqla əsaslı təmirə ehtiyacı olmuşdur. Bundan əlavə Cavabdeh tərəfindən məhkəməyə icarəyə götürülmüş obyektlərin təmirinə 87.000 manat xərc çəkildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. İcarə müqaviləsinin 3.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəyə verənin qabaqcadan yazılı razılığı olmadan sahədə hər hansı dəyişiklik və ya düzəliş etmək olmaz. Qanunun tələblərinə əsasən məhkəmə hesab edir ki, icarə götürülmüş obyektlərin əsaslı təmir edilməsinə icarəyə verənin razılığının alındığı və icarə müddətinin sonunda təmir xərclərinin icarəyə verənə ödəniləcəyi razılaşdırıldığı halda bu xərclərin əvəzi icarə münasibətlərinə xitam verildikdən sonra amortizasiya faizi nəzərə alınmaqla tutula bilərdi. İddiaçı MMC-nin vəkili və nümayəndəsi tərəflər arasında obyektin təmirinin həyata keçirilməsi və icarə haqqı ilə təmir xərclərinin əvəzləşdirilməsi barədə şifahi razılaşma olduğunu qəbul etməmişdir. Belə olan halda icarəyə verənin obyektlərdə icarəçi tərəfindən həyata keçirilmiş təmir xərclərinin əvəzinin ödəmək öhdəliyinin yaranmadığı müəyyən edildiyindən məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq təmirə çəkilmiş xərclərin müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilməsini zəruri hesab etməmişdir. Qarşılıqlı iddia ərizəsində Cavabdeh vəsaiti hesabına alınmış və hazırda icarəyə götürülmüş obyektlərdə olan inventarların naturada qaytarılması, naturada qaytarmaq mümkün olmadıqda dəyərinin tutulması barədə tələb irəli sürülsə də bu avadanlıqların konkret nədən ibarət olduğu və dəyəri ərizədə qeyd edilməmişdir. Cavabdeh nümayəndəsi tərəfindən təqdim edilmiş “Öztiryakilər” mətbəx avadanlıqları şirkətinin möhürü olan fakturada dəyəri 13.793 manat olan mətbəx avadanlıqlarının xx.xx.2012-ci il tarixdə “Kempinski otel”inə Varis Onala təqdim edildiyi qeyd olunur. Qeyd edilən avadanlıqların hazırda icarəyə verilmiş obyektlərdə olması barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Həmin şirkət tərəfindən təsdiq edilmiş cədvəldə adları qeyd edilmiş 22080 manat dəyərində mətbəx əşyalarının hansı tarixdə kim tərəfindən satın alındığı qeyd edilmədiyindən həmin sənəd məhkəmə tərəfindən işin hər hansı halını müəyyən edən sübut kimi nəzərə alınmır. Qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə əsasən Cavabdeh 2018-ci ilin əvvəllərindən icarəyə götürdüyü obyektlərdə fəaliyyət göstərmir və icarə hüquq münasibətlərinə həmin dövrdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 97.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edilən normaların tələblərini və Cavabdeh xx.xx.2020-ci il tarixdə (icarə münasibətlərinə xitam verildikdən iki il sonra) qarşılıqlı iddia irəli sürdüyünü nəzərə alaraq hesab edirki, icarəyə götürülmüş obyektlərə çəkilmiş xərclərin və avadanlıqların qaytarılması üçün qanunla nəzərdə tutulmuş 6 aylıq müddət (kəsici müddət) başa çatdığı üçün Cavabdeh bu tələbləri qüvvədən düşmüşdür. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (82)-269/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (82)- 269/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh İddiaçı MMC-yə qarşı 87.000 manat məbləğində pulun tutulması, inventarların qaytarılması və ya dəyərinin tutulması barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar