Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-289/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin icarə haqqı borcunun ödənilməsi və obyektin boşaldılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3200/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin və qeyrilərinin onun ərasizində icarəyə verilmiş 350 kv.m. sahədən çıxarılmaqla, həmin obyektin boşaldılması, cavabdehdən ödənilməmiş 7.000 manat məbləğin, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında 01.10.2020-ci il tarixli 08 nömrəli icarə müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı 350 kv.m. sahəni mebel rənglənməsi üçün istifadə məqsədilə cavabdehin müvəqqəti istifadəsinə vermiş, cavabdeh sahəyə görə 1.000 manat ödəməklə icarəyə götürmüş, müqavilə 11 ay müddətinə bağlanmış, icarəçi icarə haqqını hər ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Lakin dekabr ayından hazıradək cavabdeh birgə işlədiyi X1 ilə bərabər həmin icarə obyektindən çıxmır, icarə haqqını ödəməkdən imtina edir, digər işçiləri hədələyir, kombinatın ərazisinə icazəsiz daxil olaraq orada xoşagəlməz hərəkətlər edir, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz əməllərindən əl çəkmir. Dəfələrlə edilən müraciətlərə baxmayaraq cavabdeh müqavilə ilə nəzərdə tutulmuş məbləğin ödənilməsindən imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçının ərazisində icarəyə verilmiş 350 kv.m. sahədən çıxarılması, cavabdehdən ödənilməmiş 7.000 manat icarə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “... iddiaçının tələbi borc hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tərəflər arasında imzalanmş müqavliə üzrə ödənişin aparılması təsdiqini tapmadığından 7.000 manat məbləğində icarə haqqı Cavabdeh tutularaq H.Z.Tağıyev adına "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbinin Cavabdeh "xxxx" ASC-nin ərazisində icarəyə verilmiş 350 kv.m sahədən çıxarılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinin müddəti bitdiyindən, eyni zamanda ödənişlər həyata keçirilmədiyindən iddia tələbi əsaslı olduğundan Cavabdeh qeyd olunan icarə obyektindən çıxarılmalıdır. Əlavə olaraq iddia ərizəsindən məlum olur ki, iddiaçı iddia ərizəsində həm də qeyrilərinin icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qeyri-dəqiq olduğundan təmin edilməməlidir.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə cavabdehi dinləmədən qətnamə qəbul edərək, hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi 01.10.2020-ci il tarixli 08 nömrəli icarə müqaviləsinə əsaslanmışdır ki,həmin müqavilədə tərəf kimi göstərilən hüquqi şəxsə həmin ərazinin məxsus olub-olmamasını araşdırmamış və cavabdehin yeni sübutlar təqdim etməklə bağlı şifahi formada verdiyi vəsatətlərə məhəl qoymamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, icarəyə verilmiş mübahisəli ərazinin qapıları cavabdeh tərəfindən qıfıllanmış və cavabdehin ərazidən istifadə hüququ həmin müddət ərzində tamamilə məhdudlaşmışdır ki, bu hala da birinci instansiya məhkəməsi diqqət yetirməmişdir. İcarəyə verilmiş ərazinin qapıları cavabdehlə 01.10.2020-ci il tarixdə müqavilə bağladıqdan sonra həmin ilin oktyabr ayının 20-də qıfıllanaraq bağlanması barədə cavabdeh tərəfindən təqdim olunmuş sübutlara məhkəmə öz qətnaməsində yer ayırmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh şikayətə uyğun izahat verib, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, onun mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Belə bir yoxlamadan hərəkətlə, icarədar iddiaçı ilə icarəçi cavabdeh arasında bağlanmış 01.10.2020-ci il tarixli 08 nömrəli icarə müqaviləsinə əsasən icarədar onun ərazisində Bakı şəhəri Xətai rayonu E.Əliyev küç 1 ünvanda yerləşən 350 kv.m. sahəni (mebelin rənglənməsi) icarəçinin müvəqqəti istifadəsinə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə götürülmüş sahəyə görə bir aylıq icarə haqqı 1.000 manat (ƏDV ilə) təşkil edir, 1.3-cü bəndinə görə icarə haqqı hər ayın 10-a qədər icarədarın xəzinəsinə ödənilir. İddiaçı hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, icarə müqaviləsi üzrə borclarını ödəməmişdir. Cavabdeh iddianı qəbul etməyərək, bildirir ki, oktyabr ayının 20-dən etibarən obyektə qıfıl vurulmuşdur. Fevral ayının 20-də obyekt Şahin Quliyev tərəfindən icarəyə götürülmüşdür, o da Ş.Quliyevin işçisidir. Obyekti icarəyə götürdükdən sonra karantin dövrü başlamış, bununla bağlı olaraq maddi vəziyyətləri ağırlaşmışdır. Problemlərinin həll edilməsi üçün Ş.Quliyev ona məxsus “Priora” markalı maşınını satmış, kreditə pul götürmüş, icarə haqqını ödəmiş, sənətkar olduqları üçün karantin tədbirləri yekunlaşdıqdan sonra vəziyyətlərinin düzələcəklərinə ümid etmişlər. Daha sonra oktyabr ayında Şahin ona icarə müqaviləsini imzalamaq üçün vermiş və o da imzalamışdır. Müqavilə bağlandıqdan 4 gün sonra obyekti tərk etmələri bildirilmişdir. Cavabdeh o, yox, Şahin olmalıdır, çünki icarəyə obyekti o, götürmüş, pulu o, ödəmişdir. Daha sonra aprel ayında Ş.Quliyev polis bölməsinə aparılmışdır. Obyekti götürdükləri zaman ora xarabalıq olmuş, onlar pul qoyaraq oranı təmir etmiş, avadanlıqlar almışlar. Hazırda orada əmlakları mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2-ci maddəyə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsinə əsasən icarəyə götürdüyü obyektdən istifadəyə görə müəyyənləşdirilmiş icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh həmin müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh icarə müqaviləsinin onun tərəfindən imzalandığını və icarə haqqının məbləğini mübahisə etmir, o, ümumi ifadələrlə borcun bir qismini ödədiklərini bildirsə də, bununla bağlı, o cümlədən iddiaçının ondan tələb etdiyi məbləğdə icarə haqqının ödənilməsi ilə bağlı heç bir sübut təqdim etmir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin cavabdehi dinləmədən qətnamə qəbul etməsi barədə dəlili də əsassızdır. Belə ki, işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmişdir. Şikayətin ərazinin iddiaçıya məxsus olub-olmamasının araşdırılmaması barədə dəlilinə gəldikdə isə, cavabdeh bu halı müqavilə bağlanan anda yoxlaya, onu qane etməyən faktiki yaxud qanuni hal mövcuddursa, əqdin imzalanmasından imtina edə bilərdi. Odur ki, müqaviləni imzaladıqdan, əmlakdan bir müddət istifadə etdikdən, lakin tərəflər arasında ödənilməmiş icarə haqları ilə bağı mübahisə çıxdıqdan sonra bu barədə etiraz irəli sürmək mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmalarına dair mülki qanunvericiliyin tələbinə ziddir (Mülki Məcəllə, maddə 5.3). MPM-in 47.1-ci maddəsinə əsasən də işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Əslində isə, işdə olan, iddiaçıya məxsus texniki pasportun baş plan, bina və qurğuların təsnifatı hissəsindən görünür ki, sonuncunun istifadəsində olan 185.817 kv.m. torpaq sahəsində 75.842 k.m. tikinti mövcuddur. İcarəyə verilmiş mübahisəli ərazinin qapılarının cavabdeh tərəfindən qıfıllanıbqıfıllanmaması, həqiqətən qıfıllanmışdırsa hansı tarixdə baş verməsi, bundan sonra cavabdehin obyektdən istifadə edib-edə bilməməsi barədə işdə hər hansı mötəbər sübut mövcud deyil, cavabdehin bununla bağlı sübut kimi təqdim etdiyi foto materiallardan isə fakt birmənalı qaydada müəyyən olunmur. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3200/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “İcarəyə verilmiş sahədən çıxarılmaqla obyektin boşaldılması” tələbinə dair hissədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-289/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-289/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver