Məhkəmə qərarları › İş №2-2(103)-289/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-289/2024

23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-289/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3335/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 77.464,30 manat məbləğində pul vəsaitinin, həmin məbləğin 48.802 manat məbləğində faizlərinin, ümumilikdə 126.266 (bir yüz iyirmi altı min iki yüz altmış altı) manat məbləğin və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzində 416 manat məbləğinin iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 MMC-yə direktor vəzifəsinə təyin edilmişdir. Cavabdeh1 MMC-nin direktoru təyin edilərkən Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 ilə razılaşmışdılar ki, MMC mənfəətlə işləməyə başladıqdan sonra əldə olunan xalis mənfəətin 80/20 nisbətində, yəni 80 % Cavabdeh2, 20 % isə iddiaçının payı olaraq bölünəcək. Bu səbəbdən direktor işlədiyi müddətdə Cavabdeh1 MMC-yə 77.464,30 manat məbləğində investisiya yatırmışdır. Həmin məbləğ Cavabdeh1 MMC-də müxtəlif növ xərclərin ödənilməsinə sərf edilmişdir. 2019-cu ilin payız aylarında Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək "xxxx" MMC-nin müstəqil auditoru tərəfindən aparılmış audit yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə istinad edərək iddiaçının Cavabdeh1 MMC-nin direktoru işlədiyi müddətdə MMC-də 495.315,13 manat məbləğində mal və pul vəsaitini mənimsədiyini iddia etmişdir. Cavabdeh2 ərizəsi əsasında Bakı şəhər Prokurorluğunda araşdırma aparıldığı müddətdə iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən Cavabdeh1 MMC üzrə auditor yoxlaması aparılmış və yoxlamanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor aktı və rəyi tərtib edilmişdir. Həmin auditor aktı və rəyi iddiaçı tərəfindən Bakı şəhər Prokurorluğuna təqdim edilmişdir. Sözügedən auditor aktı və rəyi ilə təsdiq edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-də müxtəlif növ xərcləri ödəmək məqsədilə 77.464,30 manat vəsait xərclənmişdir. Bundan sonra sözügedən araşdırma üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin araşdırmaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli 9/1021 saylı ekspertiza rəyi ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor aktının və rəyinin düzgün tərtib edilmiş olduğu, bununla da həqiqətən də direktor işlədiyi müddətdə iddiaçı tərəfindən Cavabdeh1 MMC-də müxtəlif növ xərcləri ödəmək məqsədilə 77.464,30 manat məbləğində öz vəsaitini xərclənmiş olduğu təsdiq olunmuşdur. Sonradan toplanmış materiallar araşdırmanın aparılması üçün Bakı şəhər Yasamal rayon Prokurorluğuna göndərilmiş, material üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və təkrar məhkəmə-mühasibatlıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli 9/5295 nömrəli rəy ilə də Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor aktının və rəyinin düzgün tərtib edilmiş olduğu təsdiqini bir daha tapmışdır. Yasamal rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən X2 «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 fevral 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

3. Cavabdeh2 iddiaya etiraz edir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3335/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində təkrar-təkrar Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci iltarixli 20/04 saylı auditor rəyinə istiand etmiş, həmin auditor rəyi (mənfi auditor rəyi və auditor aktı) əsasında nəticələr çıxarmış, lakin həmin auditor rəyinin və aktının doğruluğunu təsdiq etmiş ilkin və təkrar eksperti rəylərinə bir dəfə də olsa, istinad etməmişdir. Halbuki, prokurorluq orqanlarında aparılmış araşdırmalar zamanı keçirilmiş ilkin və təkrar ekspertizalar nəticəsində verilmiş rəylərlə qeyd edilən mənfi auditor rəyinin və auditor aktının doğru olduğu, nəticədə "xxxx" MMC-nin iddiaçıya 77.464,30 manat məbləğində borcunun olduğu təsdiqi tapmışdır. Eyni zamanda məhkəməinin auditor rəyinin (aktının) 14-cü səhifəsində iddiaçının cəmiyyətə müxtəlif növ xərcləri ödəmək məqsədi ilə 77.464,30 manat məbləğində pul xərclədiyinin qeyd olunmuş olduğuna istinad edərək həmin pulun hansı dövrdə edilməsinin nə iş materialları, nə də auditor rəyində öz əksini tapmaması kimi çıxardığı nəticə əsassızdır. Belə ki, auditor aktının 5-11-ci səhifələrini əhatə edən «Kassanın auditi» üzrə auditor o nəticəyə gəlmişdir ki, kassada xx.xx.2017xx.xx.2019-cu illər üzrə olan dövrdə 77.464,30 manat məbləğində artıq gəlmə (krasnı) olmuşdur, 14-cü səhifəsində həmin məbləğin iddiaçı tərəfindən xərclənmiş olduğu, lakin bununla bağlı kassa mədaxil orderilərinin tərtib edilmədiyi, 54-cü səhifəsində isə MMC-nin iddiaçıya həmin məbləğdə borcunun qaldığına dair nəticə çıxarmış, prokurorluq orqanlarında keçirilmiş ilkin və təkrar ekspertizlar nəticəsində verilmiş rəylərlə də auditor aktında qeyd edilənlər təsdiqini bir daha və təkrar olaraq tapmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.

9. Digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

11. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

12. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

13. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

14. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

19. Belə ki, iddiaçının istinad etdiyi hallara görə onunla Cavabdeh2 arasında olan razılaşmaya əsasən Cavabdeh1 MMC-nin mənfəəti onlar arasında bölüşdürülməli idi və ona görə də, MMC-nin fəaliyyətinə 77.464,3 manat investisiya yatırmışdır.

20. Hazırda iddiaçı həmin vəsaitin geri qaytarılması tələbini irəli sürmüşdür.

21. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə birgə fəaliyyət və ya investisiya müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən hər hansı müddəa mövcud deyil.

22. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

23. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin borc müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

24. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.

25. Lakin hazırki işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcud deyildir.

26. Belə ki, iddiaçı onun tərəfindən cavabdeh hüquqi şəxsə 77.464,30 manat pulun verildiyini bildirir və bu halı təsdiq edən sübut kimi xx.xx.2020-ci il tarixli 20/04 saylı sərbəst auditor X4 tərəfindən verilmiş mənfi auditor rəyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1021 saylı ekspertiza rəyinə, habelə xx.xx.2021-ci il tarixli 9/5295 nömrəli təkrar ekseprtiza rəyinə istinad edir.

27. Cavabdeh2 isə iddiaçının istinad etdiyi halları və sübutları mübahisələndirir və bildirir ki, auditor rəyi direktorun izahatı və digər şəxslərin ifadəsi əsasında tərtib olunmuş, MMC-nin hesabına pul köçürülməsini təsdiq edən heç bir sənəd mövcüd deyil, iddiaçı tərəfindən ona və ya MMC-yə hər hansı bir pul vəsaiti verilməmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 739.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və cavabdehlərə 77.464,30 manat məbləğində pul vəsaitinin verilməsini sübut edə bilməmişdir.

29. İddiaçının istinad etdiyi sübutlar isə həmin halı təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz.

30. Belə ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 20/04 saylı mənfi auditor rəyinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2017-xx.xx.2019-cu il tarixədək olan dövrə debitor və kreditorlar əməliyyatlarının təqdim olunmuş sənədlər əsasında audit yoxlaması aparılmış və MMC-nin sabiq təsisçi Səidə Əliyevaya 22.889.21 manat məbləğində, direktor İddiaçı isə 77.464,30 manat məbləğində borcu qaldığı müəyyən edilmişdir.

31. Həmin auditor rəyinin 14-cü səhifəsində qeyd olunmuşdur ki, kassir vəzifəsini icra etmiş İddiaçı cəmiyyətdə müxtəlif növ xərcləri ödəmək məqsədilə 77464,3 manat məbləğində pul xərcləmişdir. Həmin xərclənilmiş 77464,3 manat məbləğində vəsaitə kassa mədaxil orderi tərtib edilməmişdir. Kassa mədaxil orderinin təyinat yerində 77464,3 manat məbləğ İddiaçı tərəfindən pulun qoyulduğu qeyd edilməli idi.

32. Auditor rəyinin 54-cü səhifəsində isə qeyd olunmuşdur ki, pulların kassadan təsisçiyə verilməsi, təsisçidən pulun kassaya mədaxil olmasına dair sənədləşdirmə aparılmamışdır. Bu səbəbdən də, tərəflər arasında ziddiyyət əmələ gəlmişdir. Ziddiyətləri aradan qaldırmaq məsədi ilə cəmiyyətin direktoru İddiaçı, mühasib X5, satış təmsilçisi X6, X3 və X1 izahatlar alınmışdır. Alınmış izahatlarda pulların kassadan götürülməsi, xərclənilməsi, malların və pulların təsisçiyə verilməsi və digər xərcləri faktiki olaraq xərcləndiyini təsdiq etmişlər.

33. Beləliklə, auditor rəyindən müəyyən edilir ki, auditorun iddiaçı ilə bağlı gəldiyi nəticə mühasibat və maliyyə sənədlərinə deyil, iddiaçının özünün və digər şəxslərin izahatlarına əsaslanır.

34. Belə olan halda isə həmin auditor rəyi hazırki məhkəmə üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki onun əsaslığının yoxlanılması qeyri-mümkündür.

35. İddiaçının istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5295 nömrəli rəyində isə qeyd edilmişdir ki, iş materiallarında öz əksini tapmış yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə, yəni aparılmış yoxlamaların müəssisənin daxili qaydalarına uyğun olaraq uçot məlumatlarına, təhvil təslim aktlarına, qaimələrə, orderlərə, əmək haqqı ödəniş cədvəllərinə, bank və kassa sənədlərinə, elektron sənədlərə və həmçinin xərclərlə bağlı izahatlar, “Whatsapp” proqramında yazışmalar və sair məlumatlar da əsas götürülməklə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor Adıgözəl Musayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli auditor aktı və rəyi düzgün tərtib edilmişdir.

36. Göründüyü kimi ekspert tərəfindən də mühasibat və maliyyə sənədləri əsasında tədqiqat aparılmamış, auditorun rəyinin verilməsinə əsas olmuş məlumatların, o cümlədən izahatların həqiqiliyinin qiymətləndirilməsi isə ekspertizanı təyin edən orqanın üzərinə buraxılmışdır.

37. Kollegiya qeyd edir ki, hazırki işə baxılan zaman auditorun əsaslandığı izahatları vermiş şəxslər şahid qismində dindirilsəydi, həmin auditor və ekspert rəylərinin əsaslı olub-olmaması və bundan asılı olaraq onların sübut kimi qiymətləndirilməsi mümkün ola bilərdi. Lakin iddiaçı tərəfindən bu barədə vəsatət verilməmişdir.

38. Eyni zamanda, işin apellyasiya baxışı zamanı Yasamal rayon prokurorluğunda İddiaçı barəsində aparılmış araşdırma ilə bağlı 378-C-20 nömrəli material məhkəməyə təqdim edilmiş və həmin materialın öyrənilməsi zamanı da müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-nin fəaliyyəti ilə bağlı 77.464,30 manat məbləğində pul vəsaitinin xərclənməsini təsdiq edən hər hansı sənəd mövcüd deyil.

39. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş 77.464,3 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozisiya şərtləri müəyyən edilmədiyinə görə təmin edilə bilməz.

40. Eyni zamanda, cavabdehlərin iddiaçı qarşısında pul öhdəliyinin olması, habelə cavabdehlər tərəfindən iddiaçıya məxsus pul vəsaitinin qanunsuz saxlamaları, onu qaytarmaqdan boyun qaçırmaları, onun ödənilməsini digər şəkildə gecikdirmələri halları, yəni Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinin dispozisiya şərtləri müəyyən edilmədiyinə görə iddiaçı tərəfindən irəli sürülmüş 48.802 manat məbləğində faizlərin tutulması barədə iddia da rədd edilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3335/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar