Məhkəmə qərarları › İş №2-2(103)-289/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-289/2025

21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-289/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X52 Əliyevanın sədrliyi və məruzəsi ilə, Zamin Vəliyəddin oğlu İbrahimovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7175/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli 2(027)-724 nömrəli qətnaməsi ilə iddiaçı X7 X6, X28 və digərlərinə qarşı "torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, reyestrdən çıxarışın verilməsi” tələbi təmin edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(105)-237/2023 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(027)-724/2009 nömrəli qətnaməsi qismən-X19, X16, X3, X43, X49, X8, X44 münasibətdə ləğv edilmiş, həmin şəxslərə münasibətdə iş üzrə icraata xitam verilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-237/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə, Quba rayon Məhkəməsinin qətnaməsindən maraqlarına toxunulan şəxs qismində İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilmiş, Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)-724/2009 nömrəli qətnaməsi qismən - X20, X9, X21, X41, X22, X23, X4, X24 və X32 münasibətdə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi X23, X10, X24, X33 məxsus 2,16 ha torpaq sahəsindən 10400 kv.metr əkin sahəsinin, X11, X5, X12, X29, X22 məxsus 2,7 ha torpaq sahəsindən 9400 kv.m. əkin sahəsinin alqı-satqısına dair 14 aprel 2005-ci il tarixli müqaviləni bağlamış hesab etsə də,qeyd edilən şəxslərin artıq həmin vaxt torpaq sahələrinə mülkiyyət hüquqlarının olmamasına, bundan 3 il əvvəl onların torpaq bütünlükdə İddiaçı satmalarına diqqət yetirilməmiş, nəticədə İddiaçı məxsus torpağı iddiaçı X7 adına keçirmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Cavabdeh seriya RX 0961268, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il, seriya RX ******* qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016cı il, seriya RX ******* qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2016-cı il olan çıxarışların, plan-ölçü sənədlərinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilmişdir.

5. 01.05.2024-cü il tarixli, 84 saylı mütəxəssis rəyinə əsasən Quba rayonu, Alpan kəndində yerləşən 1,98 ha sahəsi olan kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində buğda bitki növü ilə əkildiyi halda 2009-cu ildən 2023-cü ilə qədər əldə olunan gəlir 22411,29 manat, nəzəri baxımdan buğda bitki növü ilə əkildiyi halda 2009-cu ildən 2023-cü ilə əqədər dövlət tərəfindən verilən əkin subsidiyalarının məbləği 1960,2 manat olaraq müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı iddia və dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2009-cu ildən 2024-cü ilə qədər 15 il ərzində ona dəymiş maddi zərərin əvəzi olan 22411,29 manat və 2009-cu ildən 2024-cü ilə qədər dövlət tərəfindən verilən əkin subsidiyalarının məbləği 1960,20 manat pulun və eyni zamanda 178 manat məhkəmə rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon 2-ci Dövlət Notariat Kontorunda təsdiq edilmiş 24 may 2002-ci il tarixli, 4Ə-133 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Quba rayonu, Alpan kənd sakinləri X20, X9, X21, X41 və X13 JN-932 KOD 30306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan 27019,97 kv. metr torpaq sahəsini, 17 iyun 2002-ci il tarixli, 4Ə-156 nömrəli alqı-satqı müqaviləsi ilə X34, X14, X35 və X25 JN-933 KOD 30306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan 21616,0 kv. metr torpaq sahəsini almışdır. Cavabdehin atası X30 notarial qaydasında aldığı torpaq sahələrini 2009-cu ildə məhkəmə qaydasında öz adına sənədləşdirmişdir. X30 yuxarıda adları qeyd olunan şəxslərə qarşı “torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpağın mülkiyyətinə verilməklə adına dövlət qeydiyyatına alınıb reyestrdən çıxarış verilməsi” tələbinə dair iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edib. Həmin şəxslər məhkəmə iclasında izahat verərək onlara məxsus torpaq sahəsini X1 etiraf ediblər. Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)-724/2009 saylı qətnaməsi ilə iddiaçı X7 iddiası təmin edilmiş, cavabdehlərin iddianı etiraf etməsi təsdiq olunmuş, o cümlədən X23, X4, X24 və X33 JN- 933 KOD 30306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında məxsus 2,16 ha torpaq sahəsindən 10400 kv. metr əkin sahəsinin, X11, X5, X15, X29 və X22 JN-932 KOD 30306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən məxsus 2,70 ha torpaq sahəsindən 9400,00 kv.metr əkin sahəsinin X17 14 aprel 2005-ci il tarixli alqı-satqı qaydasında satmalarına dair aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi və torpaq sahələrinin iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir. Beləliklə məhkəmə 7 il əvvəl ona satılmış torpaq sahələrinin yenidən X2 barədə müqaviləni təsdiq edib. Həmin məhkəmə qətnaməsindən tərəfindən və digər şəxslər tərəfindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(105)-2243/2019 saylı qətnaməsi ilə Quba rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçının hüquqi varisi, Cavabdeh tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(105)- 2243/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi düzgün olmayaraq Quba rayon Məhkəməsinin qətnaməsini apellyasiya şikayəti verməyən şəxslərə münasibətdə də bütövlükdə ləğv etmişdir. İkinci dəfə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(105)-1911/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Quba rayon Məhkəməsinin qətnaməsi ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçının hüquqi varisi Cavabdeh tərəfindən yenidən verilən kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(105)-1911/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, işə yenidən baxılarkən əlavə apellyasiya şikayətləri daxil olsa da, bir sıra cavabdeh şikayət verməmişdir, lakin məhkəmə rayon məhkəməsinin qətnaməsini onlara aid hissədə də yoxlamışdır, həmçinin cavabdehlərdən bir neçəsi həmin iş üzrə iddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl vəfat etmişdir ki, bu hal həmin şəxslərə münasibətdə işə mahiyyəti üzrə baxılması üçün deyil, iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur. Beləliklə üçüncü dəfə apellyasiya şikayətinə baxılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-237/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə, Quba rayon Məhkəməsinin qətnaməsindən maraqlarına toxunulan şəxs qismində verdiyi apellyasiya şikayəti təmin edilmiş, Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)-724/2009 nömrəli qətnaməsi qismən - X20, X9, X21, X41, X22, X23, X4, X24 və X32 münasibətdə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin sonuncu qətnaməsindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-237/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilən kassasiya şikayəti təmin edilməmişdir, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 237/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. X20, X9, X21, X41 və X13, X36, X14, X37 və X26 2002-ci ildə alqı-satqı müqaviləsi əsasında torpaq sahələrini alsa da, 2009-cu ildən hal-hazıradək, ötən 14 il ərzində tam qanuni əsaslarla əldə etdiyi torpaq sahələrindən istifadə edə və faydalana bilməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində məhrum olduğuna görə ona 29264 manat məbləğində zərər dəymişdir. Belə ki, Quba rayonu, Alpan kəndində 1,98 ha buğda sahəsindən hər il orta hesabla 50,4 sentner hesabı ilə, 14 il ərzində 831,6 sentner məhsul alınır. Həmin məhsulun hər sentneri 40 manat olmaqla, 831,6 sentner buğdanın dəyəri 33264 manat edir. Çəkilən məsrəflər 4000 manat hesabı ilə əldən çıxmış fayda 29264 manat təşkil edir. Eyni zamanda 14 il ərzində 1,98 ha torpaq sahəsi üçün dövlət tərəfindən verilən subsidiyaları ala bilməmişdir, həmin pulları da tələb edir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 1096-cı maddələri göstərilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-785/2024 nömrəli, 3 iyun 2024- cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş mülki işin aidiyyəti üzrə göndərilməsinə dair yazılı vəsatətin təmin edilməməsi qərara alınmışdır.

9. AR Ali Məhkəməsinin 2(102)-2702/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-785/2024 nömrəli iş üzrə 3 iyun 2024-cü il tarixli qərardadı ləğv edilmiş və məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərilmişdir.

10. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-785/2024 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7175/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dəymiş ziyanın əvəzinin ödənilməsi tələbləri barədə işlər üzrə müəyyən edilməli olan əsas məqam cavabdehin təqsirli və hüquqazidd hərəkəti törətmələri və onun tələb edilən ziyanla səbəbli əlaqəsini müəyyən etməkdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı iddia etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər (əldən çıxmış fayda qismində) dəymişdir. Qanunsuz hərəkət qismində isə cavabdehin atasının vaxtı ilə məhkəmədə qaldırdığı iddia və məhkəmə qətnamələrindən verilən şikayətləri göstərmişdir. Lakin, məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 1096.1ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi məhkəməyə iddia ilə müraciət etmək qanunsuz hərəkət kimi deyil, bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının qorumaq və təmin etmək üsulu kimi tanınmışdır. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. İddiaçı tərəfindən yeganə təqdim olunan mütəxəsis rəyi isə məhkəmə tərəfindən iddiada qeyd edilənlərin təsdiqi kimi yetərli və mötəbər sübut qismində qiymətləndirilə bilməz. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmə yalnız ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Hazırki işdə, iddiaçı zərərin mövcud olmasını, zərərin (əldən çıxmış fayda formasında) cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını, cavabdehin təqsirli olmasını sübuta yetirə bilməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7175/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin bu iş üzrə qətnaməsinin 21-ci bəndində yazılır ki, “hazırki işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir”. Bunun əksinə olaraq o qeyd olunanlara dair sübutları məhkəməyə təqdim etmişdir, izahatında bildirmişdir. Ona məxsus torpaq sahəsini qanunsuz ələ keçirmiş, cavabdeh və atasından geri almaq üçün neçə il müraciətlər və şikayətlər etmiş, həqiqətə nail olmaq üçün vəsatət və təqdimatlarla çıxış etmiş, məhz bunun nəticəsində təyin edilmiş xəttşünaslıq ekspertizasının rəyi ilə cavabdehin atasının məhkəməyə saxta müqavilələr təqdim edərək qanunsuz qətnamə qəbul edilməsinə nail olması məlum olmuşdur. Ali Məhkəmənin yekun qərarı ilə göstərilənlər təsdiq edilir. Onun bu əməli nəticəsində o adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Həmin torpaq sahəsindən gəlir əldə edə biləcəyi - həmin torpaq sahəsinin yararlı, kənd təsərrüfatı təyinatlı, əkin sahəsi olması ilə, məbləği isə mütəxəssis rəyi ilə sübut olunur. Cavabdeh tərəfindən ələ keçirilmiş torpaq sahəsinin ona məxsus olması, həmin torpaq sahəsinin özgənin sahibliyində olması və bu sahibliyin qanunsuz olması məhkəmə araşdırması zamanı aydın olsa da, məhkəmə nəticədə səhv qənaətə gəlmiş və mülki qanunvericiliyin qeyd olunan maddəsinin tələbləri pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə mülki məcəllənin qeyd olunan maddəsinin tələbləri pozulmuşdur. O zərərin əvəzinin ödənilməsi hüququna malik olaraq zərərin əvəzinin ödənilməsini tələb etsə də, məhkəmənin düzgün olmayan qənaətinə görə zərərin əvəzini əldə etməkdən məhrum olmuşdur. Hansı ki, o cavabdehin ələ keçirdiyi torpaq sahəsindən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəliri götürə bilməmişdir. Aydındır ki, qeyd olunan torpaq sahəsini almaqda məqsədi də oradan gəlir əldə etmək olmuşdur. Məhkəmə prosesində əldə olunmuş sübutlar düzgün qiymətləndirilməmişdir. Sübutlara münasibətdə işə baxan hakimin qeyri-obyektiv yanaşması nəticəsində ziddiyyətli fikirlərə istinad olunmuşdur. Tərəfindən təqdim edilən sənədlər - notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri, Azər Məlikməmmədovun iddiası üzrə bütün məhkəmə instansiyalarının qətnamələri, saxta müqavilələr və digər sənədlərə aid ekspertiza rəyləri, mülkiyyət hüququna dair dövlət aktlarının surətləri, dəymiş zərər barədə müvafiq mütəxəssis rəyi kifayət idi ki, bu iş üzrə obyektiv qərar qəbul edilsin, iddia təmin edilsin. Məhkəməyə müraciət edərkən və məhkəmə prosesində iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları – sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə isə mümkün və mövcud olmayan sənədləri təqdim etməməyini qeyd edərək səhv nəticəyə gəlmişdir. Amma cavabdehlərin iddiaya qarşı etirazlarının əsası kimi istinad etdiyi hallara dair məhkəmədə heç bir sübut yoxdur. Əksinə cavabdeh məhkəmədə verdiyi izahatında iddianı dolayısı ilə qismən qəbul edərək əvvəlki dövr üçün zərər tələbini əsassız saymış, həmçinin həmin torpaq sahəsində əkin əkmədiyi üçün zərərin əvəzini ödəmədiyini bildirmişdir. Hansı ki, torpağını geri qaytarmaq üçün əvvəlki məhkəmə proseslərində cavabdeh tərəf dəfələrlə həmin torpaq sahələrindən istifadə etdiklərini, orada əkin-biçin və becərmə işlərini gördüklərini etiraf etmişdir. Bunlara baxmayaraq məhkəmənin gəldiyi nəticə düzgün deyildir, əsassızdır. Hazırki iş üzrə qətnamə qəbul edilərkən və iddianın təmin edilməməsi nəticəsinə gələrkən cavabdehin qanunsuz əməlinin olmaması və buna əsaslanaraq zərərin ödənilməsi üçün zəruri şərtlərin tamlığının mövcud olmamasına dair hallar sübut edilməmişdir. Məhkəmə qərar qəbul edərkən onların qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin bütün detallarından iddia tələbinin əsaslı olduğu məlum olur. İş materiallarında olan sənədlər ilə sübut olunur ki, ona məxsus torpaq sahəsi qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən istifadə olunub, bunun nəticəsində ona zərər vurulub. Buna baxmayaraq məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi.

17. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş və iddiaçı tərəfindən mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 24 may 2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə Quba rayonu, Alpan kənd sakinləri X20, X9, X21, X41 və X22 məxsus olan 27019,97 kv. metr torpaq sahəsini, 17 iyun 2002-ci il tarixli alqı-satqı müqaviləsi ilə X34, X14, X35 və X33 məxsus olan 21616,0 kv. metr torpaq sahəsini almışdır. 2009-cu ildə Cavabdeh mərhum atası (məhkəmə prosesi gedişində cavabdeh hüquqi varis qismində işə cəlb edilmişdir) tərəfindən həmin torpaq sahələrinə dar onunla əvvəlki mülkiyyətçilər arasında müqavilənin bağlanmış hesab edilməsi və həmin torpaq sahələrinin mülkiyyətinə verilməsi tələbinə dair iddia qaldırılmış və Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli 2(027)-724 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-237/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamə hazırkı iş üzrə İddiaçı verdiyi apellyasiya şikayəti əsasında qismən ləğv edilmiş və cavabdeh X20, X9, X21, X41, X22, X23, X4, X24 və X32 münasibətdə iddia rədd edilmişdir. Hazırda iddiaçı 2009-2024-cü illər arası dövrdə cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmədiyini, nəticədə ona əldən çıxmış fayda formasında maddi zərər dəydiyini bildirir və əldən çıxmış fayda olaraq cəmi 24.371,49 manat məbləğində pulun tutulmasını tələb edir.

47. Göründüyü kimi iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1, 1096.1 və 1097.1-ci maddələri təşkil edir.

48. Kollegiya ilk növbədə qeyd edir ki, deliktdən irəli gələn maddi zərərin ödənilməsi tələbinə dair işlərə baxılarkən məhkəmə cavabdeh tərəfindən təqsirli hüquqazidd əməl törədilməsini, hüquqazidd əməllə dəymiş zərər arasında səbəbli əlaqənin mövcud olmasını, eləcə də zərərin mövcud olması faktını və məbləğini müəyyən etməlidir.

49. Hazırkı halda isə iddiaçı ona zərər vurulmasına səbəb olan hüquqazidd əməl kimi cavabdehin mərhum atası (məhkəmə prosesi gedişində cavabdeh hüquqi varis qismində işə cəlb edilmişdir) tərəfindən mübahisəli topraq sahələri ilə bağlı məhkəmədə iddia qaldırılmasına istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstisusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

25. İnsan Hüquqları və X27 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

26. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Göstərilən normaların məzmunundan da göründüyü kimi şəxsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi hüququ dövlətlərin həyata keçirilməsinə təminat verdiyi insan hüquqlarından biridir. Bu baxımdan hüquqlarını qorumaq və təmin etmək məqsədilə iddia qaldırmaq hüququnun məhdudlaşdırılması, o cümlədən iddia qaldırmağa görə şəxsin üzərinə məsuliyyət qoyulması Azərbaycan Respublikası Konstisusiyasının 60cı maddəsinin və İnsan Hüquqları və X27 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə ziddir.

28. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehin atası tərəfindən pozulduğu hesab etdiyini hüquqlarını müdafiə etmək məqsədilə məhkəmədə iddia qaldırması və həmin iddianı məhkəmədə müdafiə etməsi iddiaçının hüquqlarını pozan hüquqazidd əməl kimi qiymətləndirilə bilməz və həmin əmələ görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz.

29. Odur ki, hazırkı halda cavabdehin hüquqazidd təqsirli əməl törətməsinin iş materialları ilə öz təsdiqini tapmadığını nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının delikt nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olmaqla rədd edilməlidir.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7175/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Zamin İbrahimov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar