Məhkəmə qərarları › İş №2-2(103)-290/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-290/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-290/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qərardadından iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş şikayəti və Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 25 sentyabr 2014-cü il tarixli kredit verilməsi haqqında 170/02/3365/14 saylı kredit Müqaviləsi üzrə 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində pulun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması; Cavabdeh1 MMC-dən tutulmalı olan məbləği girov predmetinin ilkin satış qiyməti 20.234.712 manat müəyyən edilməklə mülkiyyətində olan 26 yanvar 2015-ci il tarixli 170/02/3365/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş nominal dəyəri 24 manat olan "xxxx" ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə (Yüklü edilən səhmlərin Cıxarışın, qeydiyyat nömrəsi 06/2-3324; qeydiyyat tarixi: 17.02.2015) tutma yönəldilməsinə və yönəldikdən sonda açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC "xxxx" KB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC "xxxx" KB-nin 22 may 2014-cü il tarixli, KBU14-1592 nömrəli kredit müqaviləsi üzrə 9.250.000 manat məbləğində əsas, 231.780,88 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 9.481.780,88 manat, 25 sentyabr 2014-cu il tarixli KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5.194.444,45 manat məbləğində əsas, 633.395,64 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 manat olmaqla, cəmi 14.739.620,97 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh1 MMC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standart” KB-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.09.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC-yə və Cavabdeh1 MMC-yə qarşı (üçüncü şəxs ləğv prosesində olan QSC "xxxx" KB) kredit müqavilələrinə əsasən yaranmış borc üzrə tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi barədə e-2-2(113)- 2429/2020 saylı iş "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə e-2- 2(113)-2351/2020 saylı işlə bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC-yə və Cavabdeh1 MMC-yə qarşı (üçüncü şəxs ləğv prosesində olan QSC "xxxx" KB) kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tutmanın əmlaklara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən 25 sentyabr 2014-cü il tarixli 170/02/3365/14 saylı kredit müqaviləsi üzrə 3.943.698,7 manat (üç milyon doqquz yüz qırx üç min altı yüz doxsan səkkiz manat yetmiş qəpik) məbləğində əsas, 246.481,1 manat (iki yüz qırx altı min dörd yüz səksən bir manat on qəpik) məbləğində faiz borcu, 150.000 (bir yüz əlli min) manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 591.554,8 manat (beş yüz doxsan bir min beş yüz əlli dörd manat səksən qəpik) məbləğində faiz borcu, cəmi 4.931.734,6 (dörd milyon doqquz yüz otuz bir min yeddi yüz otuz dörd manat altmış qəpik) manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına ödənilməsi, tələb üzrə tutmanın 26.01.2015-ci il tarixli 170/02/3365/14 saylı sonrakı girov müqaviləsi üzrə bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin hər birinin nominal dəyəri 24 (iyirmi dörd) manat və ümumi dəyərləri 20.234.712 (iyirmi milyon iki yüz otuz dörd min yeddi yüz on iki) manat olan 843.113 (səkkiz yüz qırx üç min yüz on üç) ədəd sənədsiz adlı səhminə yönəldilməsi və həmin qiymətli kağızların açıq hərracda (fond birjasında) satılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaitinin 120 (yüz iyirmi) manat hissəsinin cavabdehdən, 30 (otuz) manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi və iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qərardadından şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmçinin Cavabdeh1 MMC Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən şikayətə, həm də Cavabdeh1 MMC tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin işin halları hissəsində apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Həmçinin apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Cavabdeh1 MMC də prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, apellyasiya şikayətini həmin formaya uyğun tərtib etməmiş, apellyasiya şikayətinin həmin formaya oxşar variantında isə işin halları hissəsində həm də maddi hüquq normalarına istinad etmişdir. Halbuki həmin hallar apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmalı və göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qərardadından iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş şikayətə və Bakı Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar