Məhkəmə qərarları › İş №2-2(103)-290/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-290/2025

14.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-290/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X4 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(113)-757/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə və dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 326521 manat məbləğində pulun və 1000 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, məhkəmə qərarlarına əsasən Cavabdeh MMC-nin "xxxx" MMM-ə 3 265 206 manat borcu yaranmışdır. Hazırkı dövrə qədər ödənilməyən borc 1 790 117,55 manat təşkil etmişdir. xx.xx.2024-cü ildə tərəflər arasında borc öhdəliklərinə dair razılıq protokolu imzalanmışdır. Razılıq protokoluna əsasən borcun 1 040 975,94 manatı cavabdehə güzəşt edilmişdir. Bəhs olunan protokola əsasən 500 000 manat əsas borc, 249 141,61 manat əlavə dəyər vergisi ödənilmişdir. Yaranmış borcla əlaqədar Vəkil1la hüquqi xidmət göstərilməsi barədə xx.xx.2016-cı ildə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə udulmuş məbləğin 10 faizi olaraq vəkilə xidmət haqqı ödənilməli idi. Ödənilməli olan xidmət haqqı 326 521 manat təşkil edir. Hazırda hüquqi xidmət göstərilməsinə görə xidmət haqqı olaraq vəkilə 251 648,57 manat ödənilmişdır. Ödənilməmiş qalan məbləğ 74872 manatdır. xx.xx.2024-cü ildə razılaşma protokolu imzalanarkən şifahi razılaşma ilə xidmət haqqına görə vurulmuş zərəri cavabdeh bir ay ərzində ödəməli idi. Lakin bu günə qədər zərər ödənilməmiş qalmışdır. Cavabdehlə yaranmış məhkəmə mübahisələrə görə iddiaçıya əlavə olaraq 326 521 manat zərər dəymişdir. Borcun güzəşt edilməsinə baxmayaraq, cavabdeh etibarlı tərəfdaş statusu qazanmamışdır. Eyni zamanda hazırkı mübahisəyə görə vəkilə 1000 manat xidmət haqqı ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-757/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 617 manat pulun İddiaçınə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət ünvanlayaraq, şikayətə şifahi icraat qaydasında baxaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-757/2025 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın hüquqi əsaslarını nəzərə almadan verilən iddianı təhrif edərək iddianı vəkilə ödənilməli olan məhkəmə xərcinin tələb edilməsi kimi dəyərləndirmişdir. Verilmiş iddia ərizəsinin hüquqi tövsifindən də görünür ki, iddianın predmeti vurulmuş maddi zərərlə əlaqədardır. Vurulmuş ziyan tələbinə dair iddiaya iddia icraatı qaydasında baxılmalı olmaması barədə nəticəyə gəlinməsinə ad qoymaq mümkünsüzdür. Vurulmuş ziyan tələbinə dair tələblərə iddia icraatı qaydasında baxılmalı olmasının əlavə sübuta ehtiyacı yoxdur. Zərərə məruz qalmış fiziki və hüquqi şəxslər pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət edə bilərlər. Məhkəmənin iddiaçının məhkəməyə müraciət hüququnu məhdudlaşdırması ciddi qanun pozuntusudur. Məhkəmə işin icratına xitam verməklə iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 261.0.1 maddəsinə istinad etməklə belə qənaətə gəlib ki, hazırkı mübahisəyə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Vurulmuş zərərin tələb edilməsinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması qənatinə gəlinməsi kökündən yanlışdır. Qərardadın məzmunundan belə anlaşılır ki, belə mübahisələrə iddia icraatı qaydasında baxılmalı deyil. Sual yaranır bəs hansı qaydada baxılmalıdır. Nə üçün belə mübahisələrə hansı icraat qaydasında baxılmalı olması qərardadda göstərilməyib. Məhkəmə gəldiyi nəticəni qanuni hesab edirdisə, belə mübahisəyə Mülki Prosessual Məcəllədə müəyyən olunmuş icraat qaydalarının hansında baxılmalı olmasını əsaslandırmalı idi. Əsaslandırma mümkün deyil, ona görə ki, Mülki Prosessual Məcəllədə sadə və anlaşılan dildə göstərilib ki, belə mübahisələrə iddia icraatı qaydasında məhkəmələrdə baxılmalıdır. Yəni məhkəmə Mülki Prosessual Məcəllənin 260.0.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin məzmunundan görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa, işin icraatına xitam verilir. İlk növbədə tərəflərin eyni olub-olmamasına nəzər salınsa, 2016-cı ildən başlayaraq 2019-cu ildə yekunlaşmış məhkəmə mübahisələrinin tərəfləri müxtəlifdir. İddiaçı MMM olsa da, cavabdehlər Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC olmuşdur. Göründüyü kimi, tərəflər eyni olmamışdır. Cavabdehlərin hər hansı biri ilə 3 275 691 manat maddi zərər mübahisəsinə baxılmışdırmı? Cavabdehlərdən hər hansı biri ilə 3 275 691 manat maddi zərər mübahisəsinə baxılmayıb. 2016-2019-cü illərdə mübahisələrə məhkəmə qaydasında baxılarkən 3 275 691 manat maddi zərər var idimi? Xeyr, həmin vaxt 3 275 691 manat maddi zərər baş verməmişdir. Göstərilən zərər məhkəmə mübahisələrinin baş verməsindən sonra yaranıb. Sadalananlardan görünür ki, eyni tərəflər arasında eyni mübahisə olmamışdır və məhkəmənin eyni tərəflər arasında 3 275 691 manat maddi zərər tələbi ilə qüvvədə olan məhkəmə qətnaməsi yoxdur. Təbiidir ki, məhkəmə 3 275 691 manat maddi zərərə dair məhkəmə aktına istinad edə bilməmişdir. Nəticədə məhkəmə Mülki Prosessual Məcəllənin 260.0.2-ci maddəsini düzgün tətbiq etməyərək qanunsuz qərardad çıxaraq iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-757/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki: 1)İddiaçı MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 328 072,56 manat 2 aylıq abunə haqqının, 32807,25 manat məhkəmə xərcinin, cəmi 360 880,11 pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-138/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən müqavilə şərtlərini pozulmasına görə 328072,56 manat, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və nümayəndəyə çəkiləcək xərc kimi 500 manat, ümumilikdə 328 602,56 manat pul vəsait tutularaq iddiaçı "xxxx" MMM-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-854/2018 nömrəli 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 138/2018 nömrəli 12 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən cavabdeh tərəfindən verilən kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il 2-2(102)-281/2019 nömrəli qərarı ilə təmin edilməmişdir; 2) İddiaçı MMM-in Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən 1 899 945,33 (o cümlədən vəkil ödənilən 266 729) manat pulun alınıb İddiaçı MMM-ə ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-56/2018 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-dən 2391105,70 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat, cəmi 2391120,70 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli 2-2(103)-143/2019 nömrəli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 10 iyun 2018-ci il tarixli, 2-2(82)-56/2018 saylı qətnaməsinin qismən – 593 068 manat 92 qəpik hissəsində ləğv edilməsi, iddia tələbinin bu hissədə rədd edilməsi, qətnamənin iddia tələbinin Cavabdeh MMC-dən ******* manat 28 qəpik tutularaq İddiaçı MMM-ə ödənilməsi, ödənilmiş digər 15 manat dövlət rüsumunun İddiaçı MMM-ə aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilən kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il 2-2(102)-328/2019 nömrəli qərarı ilə təmin edilməmişdir; 3) İddiaçı MMM cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək, 535 056,07 manat əsas borcun, 71294,96 manat iki aylıq ödənişin, 39518,38 manat cərimənin, 30 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 64589,94 manatın – cəmi 710.489,35 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 mart tarixli 2-2(81)- 88/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 535.056,07 manat əsas borcun, 71.294,96 manat iki aylıq ödənişin, 5.000 manat cərimənin, 30 manat dövlət rüsumunun, cəmi 611.381,03 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 iyun tarixli 2- 2(103)-345/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2-2(102)- 461/2018 nömrəli qərarı ilə təmin edilməmişdir; 4) İddiaçı "xxxx" MMM cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 01 may 2014cü il tarixli 1569 saylı müqaviləyə əsasən 253 462,36 manat məbləğində pul vəsaitinin alınıb iddiaçının xeyrinə ödənilməsi barədə, sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcmini artıraraq ilkin olaraq 331 295 manat 52 qəpik məbləğində pul vəsaitinin, daha sonra isə 294 956,94 manat əsas borcun, 31270 manat 2 aylıq xidmət haqqı, 88487 manat cərimə, 41474,39 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 02 may 2018-ci il tarixli 2-2(85)- 17/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 294 956,94 manat əsas borc, 31270 manat iki aylıq xidmət haqqı, 5000 manat cərimə, cəmi 331.226,94 manat və 20 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMM-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli 2- 2(105)-03/2019 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2018-ci il tarixli 2- 2(85)-17/2018 nömrəli qətnaməsinin əsas borcun tutulması hissəsində qismən ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdeh "xxxx" MMCdən iddiaçı "xxxx" MMM-nin xeyrinə tutulması qət edilən 294 956,94 manat əsas borcun məbləği azaldılaraq 263 686,94 manat həddində müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 290 manat məbləğində ekspertiza xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesablaşma hesabına keçirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(102)-333/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi iddiaçı "xxxx" MMM əvvəllər hazırkı iş üzrə cavabdeh "xxxx" MMC və onun hüquqi sələflərinə qarşı müxtəlif müqavilələr üzrə borcların tutulması tələbinə dair iddialar qaldırmış, sözügedən iddia ərizələrdə müqavilələr üzrə borclarla yanaşı həmin məhkəmə mübahisələri ilə bağlı hüquqi yardıma görə vəkil xərclərinin (ümumilikdə 405.600,58 manat məbləğində) də cavabdehlərdən tutulmasını tələb etmiş və qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə həmin tələblərə hüquqi qiymət verilmişdir. Hazırda isə iddiaçı yuxarıda göstərilən məhkəmə mübahisələri ilə bağlı göstərilmiş hüquqi yardıma görə vəkilə ümumilikdə 326.521 manat məbləğində xidmət haqqı ödənilməli olduğunu əsas göstərərək həmin məbləğin iddiaçıya dəymiş maddi zərər kimi cavabdeh "xxxx" MMM-dən tutulmasını tələb edir. Məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan iş üzrə icraata xitam verilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə aşağıdakı əsaslara görə ilə razılaşır. Birincisi, hazırkı iş üzrə Cavabdeh MMC olduğu halda əvvəlki məhkəmə mübahisələrdə cavabdehlər qismində "xxxx" MMC və "xxxx" MMC-nin iştirak etməsi, yəni həmin işlərin eyni tərəflər arasında olmaması barədə şikayətdə istinad edilən dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan da göründüyü kimi hazırkı iş üzrə Cavabdeh MMC "xxxx" MMC və "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxslərin hüquqi varisidir. Odur ki, sözügedən məhkəmə mübahisələrinin eyni tərəflər arasında olması açıq-aşkardır. İkincisi, əvvəlki tələblərlə hazırkı iddia tələbinin əsaslarının eyni olub-olmaması məsələsinə münasibətdə kollegiya qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci tarixli qərarı). Hazırkı halda əvvəlki məhkəmə mübahisələrində olduğu kimi hazırkı işdə də vəkil xidmətinə görə ödənilməli olan məbləğin cavabdehdən tutulması tələbi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi və bunun nəticəsində hüquqlarının məhkəmədə müdafiəsi üçün hüquqi yardıma xərc çəkməsi və çəkməli olması ilə, yəni eyni faktiki tərkib ilə əsaslandırılmışdır. İddiaçı tərəfindən tələblərini əsaslandırmaq üçün istinad etdiyi hüquq normalarının dəyişdirilməsi isə iddianın əsasının dəyişdirilməsi demək deyildir. Belə ki, hüquq normaları məhkəmə tərəfindən müəyyən edilən hüquq münasibətlərinin hüquqi tənzimləmə vasitəsi olmaqla iddianın əsasını təşkil etmir. Üçüncüsü, həm vəkil xərclərinin tutulması hissəsində əvvəlki məhkəmə mübahisələri, həm də hazırkı mübahisə üzrə predmet qismində iddiaçının vəkilə çəkdiyi və ya çəkməli olduğu xərclərin ödənilməsinə dair subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir. Bundan əlavə o da qeyd edilməlidir ki, əvvəlki işlər üzrə vəkil xərclərinin tutulması tələblərinin obyektləri olmuş pul vəsaitinin ümumi məbləği hazırda tələb edilən məbləğdən də çox olmuş, yəni hazırkı iddianın obyekti əvvəlki tələblərin obyektləri ilə tam əhatə edilmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, MPM-də işə məhkəmədə baxılması ilə bağlı hüquqi yardım xərclərin məhkəmə xərcləri kimi tutulması imkanının nəzərdə tutulması, iddiaçının hüquqlarının müdafiəsinin digər üsulunu seçməklə həmin xərclərin maddi zərər kimi tutulması ilə bağlı ayrıca iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Odur ki, birinci instansiya məhkəməsi mübahisəyə MPM-in 261.0.1-ci maddəsini tətbiq etməklə prosessual normalarının tətbiqində səhvə yol vermişdir. Lakin hazırkı halda prosessual normanın düzgün tətbiq edilməməsi düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmədiyindən MPM-in 387.1-ci maddəsinin tələbləri baxımından qərardadın ləğvi üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(113)-757/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar