Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-292/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3502/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcraçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh MMC arasında 25 avqust 2020-ci il tarixli barter müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı bu müqvilədə nəzədə tutulmuş şərtlər əsasında sifarişçini Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsindəki ünvanda yerləşən tikinti sahəsini müqavilənin ayrılmaz hissəsi sayılan razılaşma protokolunda göstərilən betonla təchiz etməyi öz öhdəsinə götürür.
3. Müqavilənin 1.2-ci maddəsinə əsasən sifarişçi bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun icraçıdan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməyi öhdəsinə götürür.
4. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həmin müqavilə imzalandıqdan sonra müqavilənin 1.2-ci maddəsinin icraçısı ilə əlaqədar alınmış betonun dəyərinin 20%-ni ƏDV-ni icraçının hesabına köçürür, betonun dəyərinin qalan 80% hissəsi isə icraçı ilə bağlanılmış əlavə müqaviləyə əsasən mənzillə barter olunur.
5. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu icraçıdan müəyyənləşdirilmiş qaydada təhvil almağı öz öhdəsinə götürür.
6. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi müqavilə ilə aldığı betonun ödəmələrini (ƏDV) vaxtında aparılmasını öhdəsinə götürür.
Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 206804 manat borc, 350 manat dövlət rüsumu, cəmi 207154 manat pulun alınaraq ”Proqres İTM” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3502/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 25 avqust 2020-ci il tarixli müqavilə üzrə 175604 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 465 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Proqress İTM” MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2-2(103)-292/2024 saylı qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3502/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Bundan sonra, Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, yəni məhkəmə xərcləri barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 229.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Prosessual Məcəllənin 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər.
14. Həmin Məcəllənin 108.1.7-ci maddəsinə əsasən mülki məhkəmə icraatında apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir.
15. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Qeyd olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, hazırda məhkəmə xərcləri ilə əlaqədar əlavə qətnamə çıxarılması məsələsinə baxılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə xərcləri haqqında məsələ həll edilməmişdir.
19. Mülki Prosessual Məcəllənin 229.1 və 229.1.3-cü maddələrində isə təsbit olunmuşdur ki, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər.
20. Qeyd olunanları, iddianın qismən təmin edildiyini və apellyasiya şikayətinin təmin edilmədiyini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş 233 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 229.3 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə görə ödənilmiş 233 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov