Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-926/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iş üzrə Bakı Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, e-2- 2(113)-3502/2023 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 206.804 manat borc, 350 manat dövlət rüsumu, cəmi 207154 manat pulun alınaraq ”Proqres İTM” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-nin nümayəndəsi EMİS vasitəsi ilə qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, müqavilə öhdəlikləri üzrə təhvil verilməmiş beton məhsullarının cavabdehlərdən alınaraq iddiaçı Cavabdeh MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh MMC tərəfindən nağd şəkildə İddiaçı qanuni təmsilçisi X2 və X3 ödənilmiş külli miqdarda pul vəsaitlərinin İddiaçı MMC-nin hesabına mədaxil edilməməsi və mənimsənilməsi faktının prokurorluq orqanları tərəfindən araşdırılması məqsədilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-3502/2023 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı “pul” tələbinə dair iş üzrə Cavabdeh MMC tərəfindən verilmiş “müqavilə öhdəlikləri üzrə təhvil verilməmiş beton məhsullarının alınması” tələbi barədə qarşılıqlı iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər Cavabdeh MMC-yə geri geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilmsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia müddətlərə əməl edilməklə verilmiş və qarşılıqlı iddianın verilməsi əsasları onun təqdim edilməsindən bir gün əvvəl yaranmışdır. Bununla bağlı sübutlar, yazılı etiraflar məhkəməyə təqdim edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, qarşılıqlı iddia yalnız iddiaçıya qarşı verilə bilər və həmin iddia üzrə digər cavabdehlər işə cəlb edilə bilməz. Məhkəmənin bu yanlış məntiqinə əsasən belə nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı ümumiyyətlə işə başqa cavabdehlərin cəlb edilməsi yolverilməzdir. Aşkar görünür ki, hakim MPM-nin 51-ci maddəsinin tələblərini diqqətdən qaçırmışdır. Məhkəmə qanunu tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, MPM-nin 155.1-ci maddəsi iddiaçıya qarşılıqlı iddianın verilməsini nəzərdə tutmuşdur. Tərəflərindən də məhz iddiaçıya qarşı tələb irəli sürülmüşdür. Lakin iddiaçı ilə yanaşı işə iddiaçı ilə əlaqdar digər şəxslər, yəni fiziki şəxslər də cavabdeh kimi cəlb edilmişdir. Qanunvericiliklə qarşılıqlı iddia verilərkən, iddiaçı ilə yanaşı digər şəxslərin də işə cavabdeh kimi cəlb edilməsini qadağan edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinə cavabdehlər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Məhkəmə bilməlidir ki, qarşılıqlı iddia ərizəsi elektron məhkəmə sisteminə məhkəmə iclasından əvvəl yerləşdirilmiş və qarşılıqlı iddia üzrə cavabdeh də həmin elektron sistemdə elektron kabineti mövcud olduğu üçün, həmin qarşılıqlı iddia ərizəsini almış hesab edilməlidir, bu səbəbdən qarşılıqlı iddia ərizəsinin əlavə olaraq bir də cavabdehə göndərilməsinə ehtiyac yoxdur. Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübutlar təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hazırkı işdən görünür ki, ilkin İddiaçı MMC-nin iddiası xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilmiş, iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasının keçirilməsi ilə bağlı bildiriş cavabdehə göndərilmiş, bundan başqa Cavabdeh MMC-nin nümayəndəsi və vəkilinin xx.xx.2023-cü il tarixli müraciəti ilə hazırki işə vəkil kimi əlavə olunmuşdur. Bundan sonra iş üzrə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində məhkəmə hazırlıq iclasları keçirilmiş. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi iştirak etmiş. Cavabdehin nümayəndəsi və vəkili X6 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq irəli sürülmüş iddia tələbinə etiraz etdiyini, belə ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilənin 3.1-3.3., 3.5 və 4.1-ci bəndlərinə əsasən iddiaçı olan hüquqi şəxs beton məhsulunu təhvil verilmədiyini, bu səbəbdən ödənişlə bağlı hər hansı iddia tələbindən söhbət gedə bilməyəcəyini, bununla əlaqədar iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etmədiyini və təqdim edilməsi də mümkün olmadığını, bu hissədə sübutetmə yükünün də məhz iddiaçının üzərinə düşdüyünü, yuxarıda göstərilənlərin nəzərə alınmasını, beton məhsulunun təhvil verilməsinə dair sübutların məhkəməyə təqdim edilməsinin iddiaçıya təklif olunmasını, həmçinin, həmin günə təyin edilmiş məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixinə məhkəmə baxışı iclası təyin edilmişdir. Qarşılıqlı iddia ərizəsi də məhz xx.xx.2023-cü il tarixndə EMİS-ə yüklənmişdir. Göründüyü kimi, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsini qanunla müəyyən olunmuş 20 gün ərzində irəli sürməmişdir. Cavabdehin nümayəndəsinin iddiaçı tərəfin yeni sübutlar yükləməsi (elektron qaimələr) və cavabdeh tərəfin həmin sübutlarla 20 gün ərzində tanış olub münasibət bildirilməsi əsası ilə qarşılıqlı iddia ərizəsinin MPM-in 154.1-ci maddəsində nəzərdə tutulduğu müddətin keçməsindən sonra, həm də məhkəmə baxışı iclasında verildiyinə dair dəlilləri ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin sübutlar yeni sübut kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəməyə müraicət edilən zaman ilkin olaraq yüklənmiş elektron qaimələr və ödəniş sənədləri, növbəti dəfə iddiaçı tərəfindən sadəcə vergi orqanından əldə edilməklə, yəni əvvəlki elekron qaimələrin təkrarı yüklənilmişdir. Buna görə də cavabdehin təkrar yüklənmiş elektron qaimələri yeni sübut kimi qiymətləndirməsi və buna görə də qarşılıqlı iddia ərizəsini 20 günlük müddəti buraxmaqla (iddianın məhkəməyə daxil olduğu gündən 3 ay sonra), ələxsus da baxış mərhələsində verilməsi qanunauyğun hesab edilə bilməz. Bundan əlavə, qarşılıq iddia ərizəsinə sübut kimi əlavə edilmiş iltizam da xx.xx.2022-ci il tarixli olduğundan və cavabdehin özü tərəfindən ərizəyə qoşulduğundan, yeni əldə edilmiş sübut kimi və cavabdehin qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı kimi qiymətləndirilə bilməz. Eyni zamanda, qarşılıqlı iddia ərizəsinə cavabdehlər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, MPM-in 155-ci maddəsində nəzərdə tutulmuş normalardan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. Qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür. İş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsində İddiaçı MMC ilə yanaşı X4 və X5 da cavabdeh qismində qeyd edilmiş və onlara qarşı da iddia tələbi irəli sürülmüşdür. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, e-2- 2(113)- 3502/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2-2(103)-926/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-926/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Dəyişdirmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver