Məhkəmə qərarları › İş №e-2-2(113)-3502/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3502/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Dəyişdirmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3502/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 206804 manat borc, 350 manat dövlət rüsumu, cəmi 207154 manat pulun alınaraq ”Proqres İTM” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC tikinti şirkəti arasında bağlanmış 25 avqust 2020-ci il tarixli Barter müqaviləsinə əsasən X2 məxsus "xxxx" MMC tərəfində gostərilən Tikinti şirkəti Razılaşdırma protokolunda göstərilən betonla təchiz edilmişdir. Qiymətlərin Razılaşma protokolunda göstərilmiş Beton B25, Beton B22.5, Beton B20, Beton B15, Beton B12.5 markalı beton xx.xx.2020 ci il tarixli,537765 saylı qaimə ilə ümümi dəyəri 78000 manat olan malın,xx.xx.2020-ci il tarixli, 457160 saylı qaimə ilə ümumi dəyəri 78000 manat olan malın və xx.xx.2020-ci il tarixli, 857761 saylı qaimə ilə ümumi dəyəri 84630 manat olan malın, cəmi 240 630 manat dəyərində beton Cavabdeh MMC Tikinti şirkətinə təhvil verilmişdir. Sifarişçinin betonla təmin edildiyi müddətdən iki ildən artıq vaxt keçməsinə baxmayaraq Sifarişçi Şirkət bu günə qədər öz öhdəliyini tam icra etməmişdir. "xxxx" MMC-nin direktoru bu barədə Sifarişçi Şirkətə müraciət edərək pulun ödənilməsini tələb etdikdə həmin MMC-nin direktoru müxtəlif bəhanələrlə hər dəfə ödənişin ediləcəyini bildirmişdir. MMC-nin direktoru Səməd-zadə Sərxan Azad oğludur. 25 avqust 2020-ci il il tarixli Barter müqaviləsinin 1.2-ci maddəsinə əsasən “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun “İcraçı”dan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən “Sifarişçi” həmin Müqaviləni imzaladıqdan sonra Müqavilənin 1.2ci maddəsinin icrası ilə əlaqədar alınmış betonun dəyərinin 20%-ni və ƏDV-ni “İcraçı”nın hesabına köçürür, betonun dəyərinin qalan 80% hissəsi isə “İcraçı” ilə bağlanmış əlavə müqaviləyə əsasən mənzillə barter olunur. 25 avqust 2020-ci il il tarixli Barter müqaviləsi üzrə "xxxx" MMC tərəfindən “ MMC Tikinti şirkətinə ümumi dəyəri 240630 manat dəyərində beton məhsulu verilmişdir. Cavabdeh MMC Tikinti şirkəti tərəfindən iddiaçıya cəmi 33826 manat ödəniş edilmişdir. Müqavilələrin icra olunmaması səbəbindən "xxxx" MMC-nə Cavabdeh MMC Tikinti şirkəti tərəfindən 206804 manat zərər vurulmuşdur. Qalıq borc internet Vergi sistemində aşkar olaraq göstərilir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması ilə bağlıdır. Hazırkı iş üzrə qeyd olunan xüsusatlar tamamilə təsdiq olunur. Bu isə mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranmasını göstərir. Bütün göstərilənlər nəzərə alınmaqla Cavabdeh MMC-dən 206804 manat borc, 350 manat dövlət rüsumu, cəmi 207154 manat pul alınaraq "xxxx" MMC-nə ödənilməlidir.

3. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinə etiraz edirlər. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilənin 3.1-3.3., 3.5 və 4.1-ci bəndlərinə əsasən iddiaçı olan hüquqi şəxs beton məhsulunu cavabdehə təhvil verməmişdir. Bu səbəbdən ödənişlə bağlı hər hansı iddia tələbindən söhbət gedə bilməz. Bununla əlaqədar iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmiş və təqdim edilməsi də mümkün deyildir. Bu hissədə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə hazırlıq iclaslarında və əvvəlki (xx.xx.2023-cü il tarixli) məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirdi ki, betonun cavabdehə təhvil verilməsinə dair iddiaçı tərəfin heç bir sübutu yoxdur, əksinə cavabdeh isə pulu tam şəkildə iddiaçıya ödəmişdir - bir hissəsini bank vasitəsilə, qalan məbləği isə nağd şəklində.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barter müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bənidnə əsasən tərəflər razılaşır ki, icraçı bu müqvilədə nəzədə tutulmuş şərtlər əsasında sifarişçini Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsindəki ünvanda yerləşən tikinti sahəsini müqavilənin ayrılmaz hissəsi sayılan razılaşma protokolunda göstərilən betonla təchiz etməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci maddəsinə əsasən sifarişçi bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun icraçıdan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməti öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həmin müqavilə imzalandıqdan sonra müqavilənin 1.2-ci maddəsinin icraçısı ilə əlaqədar alınmış betonun dəyərinin 20%-ni ƏDVni icraçının hesabına köçürür, betonun dəyərinin qalan 80% hissəsi isə icraçı ilə bağlanılmış əlavə müqaviləyə əsasən mənzillə barter olunur.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu icraçıdan müəyyənləşdirilmiş qaydada təhvil almağı öz öhdəsinə götürür.

12. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi müqavilə ilə aldığı betonun ödəmələrini (ƏDV) vaxtında aparılmasını öhdəsinə götürür.

13. xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olan qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə satılacaq beton B25, B 22.5, B 20, B 15 və B 12.5 adlı məhsulların qiymətləri müəyyən edilmişdir və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 537765 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 78000 manat dəyərində, xx.xx.2020-ci il tarixli EBAT seriyalı 457160 saylı e-qaiməyə əsasən 78000 manat dəyərində və xx.xx.2020-ci il tarixli EBAT seriyalı 857761 saylı e-qaimə əsasən isə 84630 manat dəyərində məhsul satışı həyata keçirilmişdir.

15. İddiaçı MMC-nin hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixində - 15600 manat, xx.xx.2020-ci il tarixində - 15600 manat, xx.xx.2020-ci il tarixində - 10530 manat, xx.xx.2020-ci il tarixdə - 6396 manat alınacaq betonun avans dəyəri və xx.xx.2020-ci il tarixində EBAR 537765 nömrəli elektron qaimə üzrə alınmış malların dəyərindən 16900 manat ödəniş edilmişdir.

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

17. Məhkəmə qeyd edir ki, tərəf arasında bağlanmış Barter adlı xx.xx.2020-ci il tarixli müqavilədə həm alqı-satqı, həm də dəyişdirmə müqavilələrinin ünsürlərini öz əksini tapır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 662.2-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

20. Həmin Məcəllənin 662.3-cü maddəsinə əsasən dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

21. Həmin Məcəllənin 664-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir.

22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barter müqaviləsinin 1.1-ci bənidnə əsasən tərəflər razılaşır ki, icraçı bu müqvilədə nəzədə tutulmuş şərtlər əsasında sifarişçini Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsindəki ünvanda yerləşən tikinti sahəsini müqavilənin ayrılmaz hissəsi sayılan razılaşma protokolunda göstərilən betonla təchiz etməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən sifarişçi bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun icraçıdan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməti öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həmin müqavilə imzalandıqdan sonra müqavilənin 1.2-ci maddəsinin icraçısı ilə əlaqədar alınmış betonun dəyərinin 20%-ni ƏDVni icraçının hesabına köçürür, betonun dəyərinin qalan 80% hissəsi isə icraçı ilə bağlanılmış əlavə müqaviləyə əsasən mənzillə barter olunur.

30. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

32. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

33. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

34. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

35. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

36. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

37. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödənişlər də edilmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

39. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə cəmi 240630 manat dəyərində sement məhsulu satılmış, satılan malların dəyərindən 65026 manat ödəniş edilmişdir. Qalan borc ödənilməmiş, nə də ki, müqavilənin 2.1-ci bəndinə əsasən alınmış betonun dəyərinin 80% hissəsinə münasibətdə əlavə müqavilə bağlanaraq mənzillə əvəzləşdirilməmişdir.

40. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, avans ödənişi, həmçinin təqdim olunmuş qaimə üzrə qismən ödəniş ilə təsdiqini tapdığı üçün iddia tələbinin 175604 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

41. Müqavilə üzrə yaranmış borc məbləği üzrə cavabdeh tərəfindən hissəvi ödənişlərin həyata keçirilməsi iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş malların ona təhvil verilməsinə əyani sübutdur.

42. İddiaçı tərəfindən iddia tələbinin azaldılması barədə ərizə təqdim edilməsə də, məhkəmə iclaslarında cavabdehin borcunun iddiada göstərilən 206804 manat deyil, 175604 manat ölduğunu bildirmişlər və bununla bağlı yazılı cədvəl/arayış məhkəməyə təqdim edilmişdir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (175604 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 465 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 25 avqust 2020-ci il tarixli müqavilə üzrə 175604 (yüz yetmiş beş min altı yüz dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 465 (dörd yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Proqress İTM” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar