Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-293/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(103)-293/20 xx xxxx 2020-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1157/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib olunmuş “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” 003775 saylı xx xxx 2019-cu il tarixli aktın, 47076/0044555 saylı müvafiq rəyin etibarsız hesab olunmasını və həmin akt (rəy) əsasında hesablanmış 4.962,00 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya məxsus obyektdə tərtib olunan xx xxx 2019-cu il tarixli akta və xx xxx 2019-cu il tarixli 47076/004455 saylı rəyə əsasən Cavabdeh ASC MXD MİS bazası üzrə abonent haqqında məlumat kartının göstəriciləri ilə sayğacın elektron göstəricilərinin uyğunsuzluq təşkil etdiyi və elektron hissəsinin laboratoriyadan kənar şəraitdə xüsusi proqram vasitəsilə format olunduğu təmirə və istimara yararsız olduğu qeyd edilmiş və bu əsasla cəmiyətə 4962 manat borc hesablanmışdır. İddiaçı mübahisəlndirir ki, qeyd edilən rəyə görə sayğacın dövlət plombu və cavabdəhə məxsus “Azersu” loqolu plombu mövcud olmuşdur. Belə olan hvalda su sayğacına onun tərəfindən müdaxilə ola bilməzdi və bu fiziki cəhətdən mümkün deyil. Digər tərəfdən cavabdeh tərəfindən obyektdə aparılan yoxlama qanunsuzdır. Belə ki, Prezidentin fərmanına müvafiq olaraq vahid məlumat reyestrində qeydə alınmamış, reyestrdən çıxarış iddiaçıya təqdim edilməmişdir. Bu isə aktın etibarsızlığına əsasdır. Odur ki, hesablanmış borc əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətində cavabdeh mübahisələndirir ki, qətnamə qanuni və əsaslı olmamış, faktlara əsaslanmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, ad dəyişikliyi olmuş, xx xxxxx 2019-cu il tarixinə iddiaçı tərəfindən sayğac üzrə alınmış suyun həcmi 8.334 kub m olmuşdur. Abonentin hesabat cədvəlinə görə iddiaçı tərəfindən ad dəyişikliyindən sayğac dəyişdirilənədək 11 aprel- 23 may aralığında sayğaca hər hansı bir yükləmə olmadığı üçün sayğacın çıxarıldığı xx.xx.2019-cu il tarixinə suyun həcmi 8611 kub m olmuşdur. Göründüyü kimi sayğac format olunaraq dəyəri ödənilməmiş, əlavə 277 kub m sayğaca yüklənmişdir ki, bu da özlüyündə sayğacın iddiaçı tərəfindən format olunmasını sübut edir. Lakin məhkəmə bu sübutlara qiymət verməmiş əsassız qətnamə qəbul etmişdir. “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndinə əsasən suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 №-li əlavəsinə uyğun olaraq hesablanır. (“Su təchizatı və tullantı suları haqqında” Qanunun 72-ci, Mülki Məcəllənin 1097.1-ci və 1115-ci , MPM-in 385.1-ci maddələrinə istinad olunur) Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 şikayəti dəlillərinə uyğun müdəfiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.İsmayılov cavabdehin şikayəti ilə razılaşmamış, iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılan su sayğacına baxış keçirilmiş və həmin sayğac xx xxx 2019-cu il tarixli aktda 003775 saylı akt tərtib olunaraq çıxarılıb laborator müayinəyə götürülmüşdır. Cavabdehin Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X1 xx.xx.2019-cu il tarixli 47076/0044555 saylı rəyindən görünür ki, iddiaçıya məxsus obyektdən çıxarılan “Alfasu DN-50 markalı “Smart DN-xx xxxxx 50047076 №-li sayğacın dövlət plombu, həm də cavabdehə məxsus loqolu plomblar olmuş, qırılma və müdaxilə olmadığı qeyd olunmuşdur. Lakin rəyin nəticə hissəsində sayğacın elektron hissəsinin laboratoriyadan kənar şəraitdə xüsusi proqram vasitəsilə format olunması qeyd olunaraq bu sayğaca müdaxilə kimi qiymətləndirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası birincisi onu qeyd edir ki, iddiaçı tərəfindən plombları sərrast olan sayğacın, həmin plombların tamlığı pozulmadan yerindən çıxarılıb xüsusi proqram vasitəsilə format olunmasının ağlabatanlığı və mümkünlüyü istisna edilir. Cavabdehin sayğacın xüsusi proqram vasitəsilə “format olunması” məhz iddiaçı tərəfindən həyata keçirildiyinə dair sübutları da mövcud deyil. Belə olan halda, mübahisəlndirilən həmin formatlaşdırma iddiaçı tərəfindən sayğaca edilən müdaxilə kimi qiymətləndirilə bilməz. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçının təqsirli, hüquqazidd hərəkətlərinin mövcudluğu şərtləri sübuta yetirilmədiyi halda, onun su təchizatçısı olan cavabdehə maddi ziyan vurması ilə bağlı mülki məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 72-ci maddəsinin tələbində də məhz təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, ziyan vurmaqda təqsir sübuta yetirilmədən, mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndi nəzərədə tutur ki, sahibkalıq subyektində yoxlama, baxış və s. yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əks halda belə yoxlamanın, baxışın hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Su təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh ASC tərəfindən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı qürumda su sayğacı ətrafında keçirilən baxış, onun çıxarılması və laboarator müəyinəyə götürülməsi - Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, işə baxan məhkəmə tərəfindən iş materialları hərtərəfli araşdırılmış, sübutlara güzgün qiymət vermiş və məhkəmə iddianı təmin etməklə mahiyyti üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu, faktlara əsaslanmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri təkzib olunur. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(81)-1157/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1157/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-293/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-293/2020
02.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver