Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-293/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 kommersiya işi Açar söz: kredit borcu Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5199/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 14 oktyabr 2021-ci il tarixdə kredit müqaviləsi imzalanmışdır.
2. Müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bank tərəfindən illik 15 faizlə 36 ay müddətinə 100.000 manat kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixədək borclu tərəfindən hər ay 1250 manat, növbəti aylarda hər ay 4848,66 manat olmaqla xx.xx.2024-cü il tarixədək 31367,97 manat faiz ödənilməli idi.
3. 14 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə bankla Cavabdeh2 arasında 14 oktyabr 2021-ci il tarixli, Z/09877/21 nömrəli, bankla Cavabdeh3 arasında 14 oktyabr 2021-ci il tarixli Z/09876/21 saylı zaminlik müqavilələri imzalanmışdır.
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1nə əsas borc üzrə 85.260,86 manat, faiz borcu üzrə 4463,4 manat, cərimə borcu üzrə 714,73 manat hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCndan və Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14 oktyabr 2021-cü il tarixli kredit müqaviləsi üzrə 85260.86 manat əsas borc, 4463.4 manat faiz borcu və 178.68 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 89902.94 manat borcun və 400 manat ödənilmiş dövlət rüsumunun (mediasiya xərcinin ) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 14 oktyabr 2021-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15 faizlə 36 ay müddətinə 100000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 14 oktyabr 2021-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 iyul 2023-dək "xxxx" MMC-nin banka 14 oktyabr 2021-cü il tarixli kredit müqaviləsi üzrə 85260.86 manat əsas borc, 4463.4 manat faiz borcu və 714.73 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 90438.99 manat borcu vardır. "xxxx" MMC 14 oktyabr 2021 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 714.73 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-ı miqdarında olmaqla, yəni 178.68 manat məbləğində tələb olunur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5199/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia təmin edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
9. Məhkəmə iş materiallarında olan ödəniş cədvəli, maliyyə arayışı, hesabdan çıxarışı müqayisəli şəkildə tədqiq edərək hesab etmişdir ki, həqiqətən də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
10. Məhkəmə əsas və faiz borcu ilə bağlı qeyd etmişdir ki, iddia kredit müqaviləsi üzrə borcun tələb edilməsi hissəsində əsaslıdır və 14 oktyabr 2021-cü il tarixli kredit müqaviləsi üzrə 85.260,86 manat əsas borc, 4.463,4 manat faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
11. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin 85.260,86 manat məbləğində əsas borcuna münasibətdə 178,68 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
12. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5199/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməni qəbul etməsi üçün yeganə əsası iddiaçı tərəfindən tərtib və təqdim edilmiş ödəniş cədvəli, maliyyə arayışı, hesabdan çıxarış olmuşdur. İddiaçının tələbinin əsaslılığının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq, müvafiq ekspert rəyi alınmalıdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmış, müstəqil ekspert rəyi almadan səhv nəticəyə gəlmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
16. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
17. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən- (tərəflər arasında müqavilə bağlanan vaxt qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5199/2023 nömrəli qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2971,21 manat faiz borcu tutulmalıdır.
20. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 14 oktyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi və müqaviləyə 01 saylı Əlavəyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bank tərəfindən illik 15 faizlə 36 ay müddətinə 100.000 manat kredit verilmişdir. 14 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə bankla Cavabdeh2 arasında 14 oktyabr 2021-ci il tarixli, Z/09877/21 nömrəli, bankla Cavabdeh3 arasında 14 oktyabr 2021-ci il tarixli Z/09876/21 saylı zaminlik müqavilələri imzalanmışdır.
21. Cavabdehin vəsatətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin KK-nın xx.xx.2024-cü il tarixli, 2-2(103)-293/2024 nömrəli qərardadı ilə apellyasiya instansiyası mərhələsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/4116/2024 nömrəli ekspert rəyinə əsasən "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 14 oktyabr 2021-cü il tarixli, 6-BİZ-1-2229-21 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2023-cü il tarixə banka olan borcu 85.265,84 manat əsas borc, 2.971,21 manat faiz borcu olmaqla ümumilikdə 88.237,05 manat müəyyən edilmişdir.
22. Məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/4116/2024 nömrəli ekspert rəyini nəzərə alaraq müəyyən edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin xx.xx.2023-cü il tarixə banka olan əsas borcunun məbləğini düzgün müəyyən etdiyindən həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Cavabdehlərdən 4463,4 manat faiz borcu tutulsa da, ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə olan faiz borcunun 2.971,21 manat olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə faiz borcu ilə bağlı hissədə dəyişdirilməlidir. Məhkəmə tərəfindən müqavilə şərtlərinə əsasən tutulmuş 178 manat cərimə borcu əsas borca mütənasib olduğundan məhkəmə hesab edir ki, bu hissədə iddianın rədd edilməsi üçün qanuni əsas yoxdur.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5199/2023 nömrəli qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2971,21 manat faiz borcu tutulmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5199/2023 nömrəli qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2971,21 manat faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci Cavabdeh1 MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.