Məhkəmə qərarları › İş №2-2(103)-294/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-294/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-294/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2209/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdehə icarəyə verilən sahənin boşaldılması və iddiaçının xeyrinə cavabdehdən 2960 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2209/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və icarəyə verilən sahənin boşaldılması, Cavabdehndən 2064 manat məbləğində pulun iddiaçı X1 xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, icarəyə verən X2 ilə icarəçi Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən Cavadova İzzətxanım ona məxsus Bakı şəhəri, H.Əliyev prospekti 101 ünvanında yerləşən, ümumi sahəsi 164,65 kv.m olan sahəni icarəçi Cavabdeh MMCyə 1 il müddətinə icarəyə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulmuş 1032 manat icarə haqqını icarəyə verənə tam şəkildə və vaxtında ödəməyi öhdələrinə götürmüşdür. İddiaçı bildirir ki, müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən müvafiq ödənişlər edilsə də, 2020-ci ilin iyun-iyul ayları və bu günə qədər olan icarə haqqı hələ də ödənilməmişdir. Cavabdehin hazırkı tarixə ümumilikdə 2960 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh bu borc məbləğini ödəməməklə birlikdə müqaviləyə xitam verməyərək icarəyə verilən sahədən istifadəni davam etdirməkdədir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətində icarəçi icarə haqqının ödənilməsini müqavilə ilə müəyyənləşdirilmiş vaxtdan 15 gündən çox gecikdirdikdə müqaviləyə xitam verilə bilər. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, iddiaçının adından cavabdehə ünvanlanan xx xxxx 2020-ci il tarixli, 02/07 nömrəli məktubda icarə müqaviləsinin ləğv edilməsi təklifi göstərilməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə riayət etməmiş və beləliklə də, onun icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ olmamışdır. Cavabdehin borcu isə 2064 manatdır. xx xxxx 2020-ci il tarixindən başlayaraq cavabdehin əməkdaşlarına ofisdən istifadə etmələrinə məhdudiyyət qoyulduğundan 30 iyuldan sonrakı müddət üçün icarə haqqının tələb edilməsi əsassızdır. Bu fakt iş materiallarında olan və iddiaçının nümayəndələri tərəfindən tərtib olunan və imzalanan xx xxxx 2020-ci il tarixli aktda öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, 2020-ci ilin iyun-iyul aylarının icarə haqlarını (cəmi 2064 manat) iddiaçıya ödəməmişdir. Həmin faktı cavabdeh özü də etiraf edir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci bəndinə görə icarəçi icarə haqqının ödənilməsini müqavilə ilə müəyyənləşdirilmiş vaxtdan 15 gündən çox gecikdirdikdə müqaviləyə xitam verilə bilər. Mülki Məcəllənin 421-ci maddəsində isə təsbit olunmuşdur ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan 2064 manat məbləğində icarə haqqının ödənilməsini və müqaviləyə xitam verilməsini (mahiyyət etibarı ilə ləğv edilməsini) tələb etməkdə tam haqlıdır. İddiaçı tərəfindən irəli sürülmüş digər tələb isə icarəyə verilən sahənin boşaldılması ilə bağlıdır. Həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:

1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;

2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;

3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırkı işdə də hər üç şərt mövcuddur. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi hazırda mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmaqla o, sahiblik hüququnu həyata keçirdir. Eyni zamanda cavabdeh əşyalarını həmin qeyri-yaşayış sahəsində yerləşdirməklə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneə yaradır. Cavabdehin əşyalarının həmin qeyri-yaşayış sahəsində qalması isə qanunsuzdur. Çünki tərəflər arasında faktiki olaraq icarə münasibətlərinə xitam verilmiş və cavabdeh həmin obyektdən faktiki olaraq istifadə etmir. Eyni zamanda hazırki qətnamə ilə onlar arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Ona görə də, icarəyə verilən həmin sahə cavabdeh tərəfindən boşaldılmalıdır. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubunun sonunda qeyd olunmuşdur ki, 2880 manat borc 3 gün ərzində ödənilməli, əks halda həmin borcun ödənilməsi təmin edilən günə qədər əlavə məbləğ hesablanacaq və həmin məbləğin ödənilməsi, eləcə də müqaviləyə xitam verilərək icarəyə verilən sahədən çıxarılması tələbi ilə məhkəməyə müraciət olunacaqdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2209/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Cahangir Yusifov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar